Məhkəmə qərarları › İş №1(124)-146/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-146/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-146/2023 26.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1984-cü ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Müşkür kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə, saat 20 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Xaçmaz şəhəri, Bakı prospektində, “Şimal Mall” ticarət mərkəzinin yaxınlığında piyada hərəkət edən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs hücum edib qarşısını kəsərək üzərində olan istintaqa məlum olmayan bıçağı silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək sonuncudan üzərində olan pulları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona pul verməkdən imtina etməsi səbəbindən yerdən götürdüyü daş parçasını silah qismində tədbiq etməklə sonuncunun baş nahiyəsinə qəsdən vurmaqla, daha sonra yumruqla Zərərçəkmiş şəxs sifətinə zərbə vurub yerə yıxaraq yerdə sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirməklə Zərərçəkmiş şəxs “sol təpə ənsə nahiyəsinin şişkinliyi və üst dodağın selikli qişasına qansızma” ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək sonuncunun əynində olan şalvarın cibindən 20 manat nağd pul vəsaitini qanunsuz götürüb hadisə yerindən uzaqlaşmaqla quldurluq etmiş, yəni silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə Zərərçəkmiş şəxs ona söyüş söyməsi səbəbindən baş vermişdir. Onunla aralarında borc münasibətləri olmuşdur. O, Xaçmaz rayonunda avtoyuma məntəqəsi işlədirdi. Zərərçəkmiş şəxs isə avtoservis məntəqəsində işləyirdi. Hadisə baş verdiyi gün yuyulmaq üçün gətirdiyi əşyanı su borusunun partlaması səbəbindən yuya bilməmişdi. Zərərçəkmiş şəxs də ona türk dilində söyüş söymüşdür. Bunun cavabında o da ona yumruq zərbəsi endirmişdir. Məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən ona təzyiq olmuş və bu təzyiqlərə görə ifadə verərkən törətmədiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxsə daş parçası ilə zərbə vurmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Xaçmaz rayonu, Kənd-Xudat kəndində yaşayan, türk vətəndaşı Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavəti olmayıb. 11 mart 2022-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, “Xəzər” otelin yaxınlığında yerləşən adını bilmədiyi kafedə spirtli içki olan pivə qəbul etmişdi. O, pivə içdikdən sonra pulu olmadığından kafeni işlədən şəxsə pulunu sabah verəcəyini demişdir. Həmin yerdə bir neçə dəfə oturub pivə içdiyindən kafeni işlədən şəxs onunla razılaşmışdır. Sərxoş halda kafedən çıxıb saat 20 radələrində Bakı prospektində yerləşən “Nabran” marketin yanına gəlmişdir. O, marketin yanında adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb ona siqaret verməsini xahiş etmişdir. Alper də ona bir ədəd siqaret vermiş və üzü “Şimal Mail” ticarət mərkəzi istiqamətində hərəkət etmişdir. O da həmin istiqamətdə getmişdir ki, taksi duracağından taksilərdən birinə minib yaşadığı Müşkür kəndinə getsin. Lakin sonra fikrini dəyişmiş və Alperin arxasınca getmişdir ki, ondan özünə siqaret və taksi üçün pul alsın. Həmin şəxs “Şimal Mail” ticarət mərkəzinin arxasına keçmiş, o da təxminən 1-2 dəqiqəlik ara ilə onun arxasınca həmin yerə getmişdir. Alper geri qayıdan zaman onun qarşısın kəsmiş və pul verməsini tələb etmişdir. Alper isə ona pul verməmiş və ona türk dilində nəsə demiş, lakin başa düşməmişdir. Sonra israrla Alperdən ona pul verməsini tələb etmiş, lakin Alper pul vermədiyindən mübahisələri olmuş və o, badalaq verib Alperi yerə yıxmışdır. Sonra da yerdə üstünə çıxıb Alperin sifətinə bir neçə dəfə yumruqla vurmuşdur ki, müqaviməti tam qırılsın, üzərində nə pul varsa götürsün. Alper isə ona müqavimət göstərib altından çıxmaq istəmiş, onu fırladıb yerə yıxmış, sonra da öz altına salan anda o, yerdə olan daşlardan birinə əl atıb götürmüş və Alperin baş nahiyəsinə vurub huşsuz hala salmışdır. Sonra da daşı kənara atmış, Alperin müqavimətinin qırıldığını görüb onun şalvarının cibinə baxmış, Alperin şalvarının sağ cibində olan bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq pul əskinazlarını götürmüşdür. Həmçinin Alperin əynindəki tünd rəngi olan qış gödəkcəsini çıxarıb ciblərinə baxmışdır. Lakin gödəkcənin ciblərində pul tapmamış və gödəkcəni elə orada yerə atıb aşkar etdiyi 20 manatı götürüb yenidən “Nabran” marketə gəlmişdir. O, həmin marketdən siqaret və çörək alıb taksi duracağına qayıtmış, oradan da tanımadığı taksilərdən birinə minib yaşadığı Müşkür kəndinə gəlmiş, taksiyə isə 2 manat pul vermişdir. Cibində qalan təxminən 10 manat pulu isə ertəsi gün yenidən siqaretə xərcləmişdir. O, 14 mart 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhərində yerləşən “Zapı” avtoservisinin yanında həmin türk vətəndaşı olan Alper və Pərviz ilə rastlaşmışdır. Alper onu göstərib demişdir ki, məni vuran adam budur. Pərviz də ona yaxınlaşıb demişdir ki, Alperin cibindən götürdüyün pulu və gödəkcəsini qaytar, üzrxahlıq et, yoxsa səndən şikayət edəcəyik. O da, Şahid2 tanıdığından ondan utanmış və törətdiyi əməli etiraf etməmişdir. Sonra da Alper ondan şikayət etmiş, onu şöbəyə dəvət etmişlər. O da könüllü olaraq rayon polis şöbəsinə gəlmiş və şöbədə törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Zərərçəkmiş şəxs vurduğu daşı atdığı yeri bilir, daşı təqdim edə bilər. Hadisə zamanı əlində bıçaq olmamışdır. (Cild 1, iş vərəqləri 63-65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11 mart 2022-ci il tarixdə axşam saat 23:00 radələrində işdən çıxıb evə gedirdi. Həmin vaxt yağış yağmış və o, taksi avtomobili gözləyirdi. Təqsirləndirilən şəxs ona yaxınlaşıb siqaret istəmişdir. O, ona siqaret vermişdir. Siqareti verdikdən sonra ondan pul istəmişdir. Pul istədikdə ona söyüş söymüşdür. Bundan sonra o, daş parçası ilə baş nahiyəsinə zərbə endirmişdir. O, yerə yıxılmış, həmin anda Fikrət onun gödəkçəsini və cibində olan təxminən 20-30 manat məbləğində pulu götürmüşdür. Təqsirləndirilən şəxsi başğışlayaraq onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə hazırda Türkiyə Respublikasında birlikdə işləyirlər. Hadisənin birbaşa şahidi olmamışdır. Lakin, Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda onun dişi qırılmış, üz nahiyəsində və başının arxa hissəsində xəsarət izləri var idi. Bir gün Xaçmaz rayonu ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, Zərərçəkmiş şəxs ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb bu barədə danışmışdır. Hətta birlikdə əyləşib yemək yemişlər. Lakin, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmişdir. Polis orqanına şikayət etdikdən sonra əməlini etiraf etmişdir. Hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gödəkçəsindən təxminən 20-30 manat məbləğində pul da götürmüşdür. Zərərçəkmiş şəxs bildirdiyinə görə hadisə 11 mart 2022-ci il tarixdə, işdən çıxıb yaşadığı evə getmək üçün taksi avtomobili gözləyərkən Təqsirləndirilən şəxs ondan siqaret və pul tələb etməsi səbəbindən baş vermişdir. Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən pul da götürülmüşdür. O, Zərərçəkmiş şəxs görəndə əynində sözügedən gödəkçə olmamışdır. Həmin gödəkçə hadisə baş verdiyi gün onun əynindən çıxarılmışdır. Gödəkçəni hadisə yerindən tapmamışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs çoxdan tanıyır, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmayıb. Zərərçəkmiş şəxs 3 ildən çoxdur ki, onun işlədiyi avtomobil təmiri sexində usta işləyir, avtomobillərin mühərrikinin təmiri ilə məşğul olur. O, avtomobil ehtiyyat hissələrini çox vaxt özü alıra, lakin işi çox olanda Alperə də pul verir, Alper gedib ehtiyyat hissələri alıb gəlir. xx.xx.2022-ci il tarixdə Alperə 800 manat pul vermişdir ki, sabahsı gün gedib ehtiyyat hissələri alsın. Fləmin gün saat 18 radələrində Alper, Natiq və o, oturub kafedə yemək yemişlər. Saat 20 radələrində isə Natiq Alperi Bakı prospektindən yola salmışdır ki, evinə getsin. Sonra da Natiq geri qayıtmışdır. Onlar təxminən 1 saat da kafedə oturmuşlar. Bir qədər sonra Natiqə zəng gəlmiş və Natiq çölə çıxıb danışıb geri qayıdanda demişdir ki, zəng edən Alper idi, kimsə onu daşla vurub, üstünə bıçaq çıxardıb, 20 manatını və cibində 800 manat olan gödəkcəsini götürüb aparıb. Sonradan o, özü də Alperlə danışmış və şikayət etməsini demişlər. Lakin Alper demişdir ki, həmin adamı tapım, dərhal şikayət edəcəyəm. xx.xx.2022-ci il tarixdə isə Alper "Zapı" adlı avtoservisin yanında ona bir nəfər şəxsi göstərib demişdir ki, məni vurub pulumu alan adam budur. O da həmin şəxsi görən kimi tanımış, "Yapon" adı ilə tanınan Təqsirləndirilən şəxs olmasını demişdir. Sonra da Fikrət ilə danışmışlar, pulları və gödəkcəni qaytarmasını, ya da yeni gödəkcə almasını, Alperdən üzr istəməsini demişlər. Fikrət isə onların sözlərinə məhəl qoymamış və Natiqlə özünün təklifiylə Alper polis şöbəsinə şikayət etmişdir. Şikayət etdikdən bir gün sonra isə Alper işə gələndə ona demişdir ki, şöbədən çıxıb hadisə yerinə gedib, oranı xeyli axtarıb və gödəkcəsini cırılmış vəziyyətdə tapıb. Gödəkcənin cibinə qoyduğu 800 manatı da tapmışdır, Alper həmin pulu ona vermişdir. Hadisə barəsində özünün şikayət etməməsinin səbəbi isə o olmuşdur ki, Alper həmin şəxsi tapıb şikayət edəcəyini demişdir, əgər Alper həmin şəxsi tapa bilməsəydi Natiqlə o, məlumat verəcəkmiş. Bundan başqa Alper ona söz vermişdir ki, əgər adamı tapa bilməsə də hadisə barəsində özü şikayət edəcək. (Cild 1, iş vərəqləri 104-106) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha göstərmiş, Zərərçəkmiş şəxs vurduğu daşı təqdim etmişdir. Həmçinin Zərərçəkmiş şəxs götürdüyü 20 manat pul vəsaitini götürdüyünü, həmin vəsaitlə “Nabran” marketdən siqaret, çörək aldığını bildirmişdir. (Cild 1, iş vərəqləri 81-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 15 mart 2022-ci il tarixli 137 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərsol təpə-ənsə nahiyəsinin şişkinliyi və üst dodağın selikli qişasına qansızma bərk küt əşya(əşyalar) təsirindən, yəni küt əşya qismində daş və ya yumruq zərbələrindən törənməklə yetirilə bilərdi, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. (Cild 1, iş vərəq 38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 aprel 2022-ci il tarixli 942 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, özünü psixoloji müdafiə etməyə meyillilik, situasiyanı öz xeyrinə yönəltmək, eqosentrizm, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs intellektual imkanları nzərə alınmaqla törətdiyi əməlin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosianal vəziyyətində emosional oyanıqlıq yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi-emosional vəziyyətində hər-hansı dəyişiklik aşkar olunmur, anlaqlı hesab olunur. (Cild 1, iş vərəqləri 112-114) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd daş parçası maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 147-153) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 95-96) Məhkəmə, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi bəzi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən ona təzyiq olunması nəticəsində törətmədiyi əməli etiraf etməsi, zərərçəkmiş şəxsə daş parçası ilə zərbə vurmaması ilə bağlı iddialarına tənqidi yanaşaraq, bunları təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirməyə çalışdığı və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri hesab edərək, Samir Mehrəliyevin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, sözü gedən Plenum Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Plenum Qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına və elektron məhkəmə-informasiya sistemində olan məlumatlara əsasən Təqsirləndirilən şəxs evlidir, himayəsində 3 uşağı olmaqla onlardan ikisi azyaşlıdır. (Cild 1, iş vərəqi 139) Bundan başqa, məhkəmə çıxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışığının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-80, 127-128) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında 01 ədəd daş parçası məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında 01 ədəd daş parçası məhv edilsin. İş materiallarına əlavə edilmiş 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar