Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-148/2022 16.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X1, xx.xx.1959-cu ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsi, ev 79, mənzil 236-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında Xızı rayonu, “Yaşma yolu” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, içərisində çəkisi 50-56 qram dağıdıcı qüvvəyə malik partlayıcı maddə olan, partlayış zamanı ətrafa çəkisi 0,1-1q, 700-800 m/sn surəti ilə ixtiyari formada 3000-ə yaxın qəlpələr səpələyən, səpələmə zamanı qəlpələrin uçma radiusu 200 m və zədələmə qüvvəsinin radiusu 50-60 m olan döyüş sursatı hesab edilən, müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasını əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq saxlamış və üzərində gəzdirmiş, 30 iyul 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron RPİ-yə gətirilmiş və orada xidməti otaqda üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı qara selofanun içərisində həmin 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarası aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 29 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 30 manat müqabilində 01 ədəd şəffaf selofan bükümdə ümumi təmiz çəkisi 3,595 qram olan kustar üsulla hazırlanmış 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan psixotrop maddə metamfetamini qanunsuz əldə edərək Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 30 iyul 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron RPİ-yə gətirilmiş və orada xidməti otaqda üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən həmin 01 ədəd şəffaf selofana bükülmüş ümümi təmiz çəkisi 3,595 qram olan psixotrop maddə metamfetamin aşkar olunub götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 1 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. Metamfetamindən istifadə etmişdir. Hadisə günü polis əməkdaşları gecə saat 11 radələrində evinə gəlib işıqları söndürmüşlər. O, qapını açanda görmüşdür ki, polis əməkdaşları qapıdadırlar. Evinə baxış keçirmiş və qumbaranı tapmışlar. Qumbaranı saxlanılmamışdan 2 ay əvvəl tapmışdır. Onun üzərində 1 qram narkotik vasitə olmuş, həmin narkotik vasitəni 30 manata almışdır. Polislər 1 qram narkotik vasitəni 3.5 qram yazmışlar. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə gecə saat 23:00 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu yaxınlıqda yerləşən Abşeron RPİ-nə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd özünə məxsus “Jinga” markalı mobil telefonu, 1 ədəd sellofan bükümü və əlində saxladığı qara rəngli sellofan torbasını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi “Jinga” markalı mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində metamfetamin olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı içərisindən 1 ədəd əl qumbarası aşkar edilmişdir. Həmin əl qumbarasını o, təxminən 2 ay öncə Xızı rayonu ərazisində yolun kənarından tapmışdır. Həmin döyüş sursatını bir müddət evində saxladıqdan sonra kimsənin görməməsi üçün aparıb bir yerdə gizlədərək basdırmaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı yerdən çıxıb bir qədər getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükümdə aşkar edilmiş maddənin adını “Patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddəni 29 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, “Şamaxinka” deyilən yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını qeyd etmişdir. Saxlanılan zaman və polis idarəsində olarkən ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin psixotrop maddə metamfetamin istifadə etdiyini, bu işlə məşğul olmağından heç kimin xəbəri olmadığını qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, əl qumbarasını yük avtomobildən deyil, Xızı rayonu ərazisində yolun kənarından tapmışdır. (cild 1, iş vərəqə 71-73) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla baş idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, və BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili polis polkovniki Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı baş idarə rəhbərliyi tərəfindən qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. 30 iyul 2021-ci il tarixdə axşam saatlarında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində Təqsirləndirilən şəxs yaxınlşaıb özlərini təqdim etmişlər və narkotik vasitələrin satışı və üstündə gəzdirməsində şübhəli olduğunu bilidirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətini qəbul edərək onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd «Jinga» markalı telefonu 1 ədəd şəffaf selofana bükülünü və əlində saxladığı qara rəngli sellofanı təqdim edərək bildirmişdir ki, ağ rəngli şəffaf selofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, qara sellofanda isə 1 ədəd qumbaradır. Həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffaf rəngli sellofan büküm içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Digər qara rəngli sellofana baxdıqda 1 ədəd qumbara olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd şəffaf selofanda olan maddə psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” deyilən yerdə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır. Sellofanda olan 1 ədəd əl qumbarasını isə 2 ay öncə Xızı rayonu ərazisində “Yaşma yolu” deyilən yerdən yolun kənarında saxlanılmış “Kamaz” markalı avtomobilin saxlanc yerindən götürdüyünü bildirmişdir. Həmin 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd əl qumbarasına oxşar əşya təhqiqatçı tərəfindən götürülərək ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və üzərinə DİN-in 7 saylı möhürü vurulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 ifadəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 5-6, 99-100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd «Jinga» markalı telefonu 1 ədəd şəffaf selofana bükülünü və əlində saxladığı qara rəngli sellofanı təqdim edərək bildirmişdir ki, ağ rəngli şəffaf selofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, qara sellofanda isə 1 ədəd qumbaradır. Həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffaf rəngli sellofan büküm içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Elektron tərəzi ilə çəkilmiş təxmini çəkisi 5 qram olmuşdur. Digər qara rəngli sellofana baxdıqda 1 ədəd qumbara olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd şəffaf selofanda olan maddə psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” deyilən yerdə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır. Sellofanda olan 1 ədəd əl qumbarasını isə 2 ay öncə Xızı rayonu ərazisində “Yaşma yolu” deyilən yerdən yolun kənarında saxlanılmış “Kamaz” markalı avtomobilin saxlanc yerindən götürdüyünü bildirmişdir. Həmin 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd əl qumbarasına oxşar əşya təhqiqatçı tərəfindən götürülərək ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və üzərinə DİN-in 7 saylı möhürü vurulmuşdur. (cild 1, iş vərəq 33-35) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3210 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …” sözləri, soyd və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,595 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 3,595 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 3,545 qram təşkil edir. (cild 1 iş vərəqə 48-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd predmet zavod üsulu ilə ilə istehsal edilmiş, içərisində çəkisi 50-56 qram dağıdıcı qüvvəyə malik partlayıcı maddə, partlayış zamanı ətrafa çəkisi 0,1-1 q, 700-800 m/sn sürəti ilə ixtiyari formada 3000-ə yaxın qəlpələr səpələyən, səpələnmə zamanı qəlpələrin uçma radiusu 200m və zədələnmə qüvvəsinin radiusu 50-60 m olan döyüş sursatı hesab edilən, müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarasıdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 1, 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3848 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 155-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3195 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 152-154) Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 3,595 qram olan psixotrop maddə metamfetamin, bir ədəd müdafiə təyinatlı qəlpəli “F-1” əl qumbarası, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 3,545 qram psixotrop maddə metamfetamin və 01 ədəd “F-1” əl qumbarası saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, bir ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə138-140, 182) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 228.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə təyin olunmaqla 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xızı rayonu Sitalçay İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimai işlərdə fəallıq göstərməmiş, uzun müddət məhkumluq həyatı yaşamışdır. ( cild 1, iş vərəqə 149) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, həmin psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetmain» psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 24, 84-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan –3,545 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd müdafiə təyinatlı qəlpəli «F-1» əl qumbarası məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan –3,545 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd müdafiə təyinatlı qəlpəli «F-1» əl qumbarası məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-148/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-148/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver