Məhkəmə qərarları › İş №1(124)-149/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-149/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-149/2022 19.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Dəvəçi rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 5/6, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, sərxoş halda 16.08.2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 5/6, 2 saylı mənzilin mətbəxində oğlu Zərərçəkmiş şəxs ona narkotik vasitə alıb istifadə etməsi üçün tikiş maşınının mühərrikini satmasını irad bildirməsinə görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı mətbəxdə olan gümüşü rəngli tiyəsi və dəstəyi olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun sol kürək nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq, daha sonra isə Zərərçəkmiş şəxs özünü qorumaq məqsədi ilə bıçağı onun əlindən almağa çalışarkən sonuncunun hər iki əlininin içəri hissəsini bıçaqla qəsdən kəsərək sağ əlin bir ədəd, sol əlin iki ədəd kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və döş qəfəsinin sol arxa səthinin döş boşluğuna keçən hemotoraks və qanitirmə ilə nəticələnən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirib dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, oğlu ilə münasibəti yaxşı olub, onu qəsdən vurmaq niyyəti olmayıb. Oğlu ilə mübahisəsi evdə olan tikiş motorunu təmir üçün ustaya aparması ilə bağlı olub. Belə ki, o son zamanlar narkotik vasitədən istifadə etdiyini, lakin narkotik vasitə almaq üçün evdəki əşyaları satmadığını bildirmişdir. O, hadisənin 2021-ci ilin avqust ayının 16-da saat 12 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 5/6 mənzil 2-də, evin mətbəxində baş verdiyini söyləmişdir. Təqsirləndirilən şəxs oğlunun belindən bir dəfə bıçaqla vurmuşdur. Hadisə baş verdikdən sonra Emini maşınla xəstəxanaya göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, atası narkoman olduğundan heç bir yerdə işləməmiş, daim ev əşyalarını satıb onlardan pul tələb etmişdir. O, atası ilə münasibətinin yaxşı olduğunu, son zamanlar spirli içkilərdən çox istifadə etdiyinə və evdə olan əşyaları aparıb satdığına görə aralarında narazılıqlar yarandığını bildirmişdir.13 avqust 2021-ci il tarixdə evdə olarkən təsadüfən evlərində olan tikiş maşının matorunun üzərindən olmadığını görmuş və sonra bilmişdir ki, motoru atası Səbuhi götürərək aparıb satmışdır. O, bu haqda atasından soruşduqda sonuncu motoru satmadığını, təmir üçün apardığını demişdir. Atasının yalan dediyindən şübhələndiyi üçün ona matoru qaytarıb evə gətirməsini demişdir. Lakin atası motorun xarab olduğunu və zibilə atdığını demişdir. 16 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə olduğu zaman bu zəmində atası ilə aralarında yenidən mübahisə yaranmışdır. Təxminən saat 12 radələrindən yaşadığı evdə tək olduğu zaman atası Səbuhi evə gəlib mətbəxə keçmişdir. O, atasının sərxoş olduğunu hiss etmişdir. O, atası ilə söhbət edərək ondan xahiş etmişdir ki, daha evdən əşyaları aparıb satmasın, narkotik vasitə istifadə etməsin. Atası Səbuhi isə onunla sözlü mübahisə etməyə başlamışdır. Həmin vaxt atası Səbuhi mətbəxdən götürdüyü əlində olan bıçaqla onun kürək nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. O, üzünü atasına tərəf çevirəndən sonra bıçağı onun əlindən almağa çalışaraq bıçağın tiyəsindən sol əli ilə tutmuş, atası isə bıçağı ona verməmək üçün özünə tərəf çəkməyə başlamışdır. O, sağ əli ilə də bıçağın tiyəsindən tutub atasından almağa çalışanda bıçaq hər iki əlinin iç tərəfini kəsmişdir. O, bıçağı atasının əlindən ala bilmədiyini görüb atasının sağ qolunu dişləmişdir ki, bıçağı buraxsın. Nəhayət atası Səbuhi bıçağı buraxmış və o bıçağı atasının əlindən alıb kənara tullamışdır. Sonra isə evdən küçəyə çıxaraq taksi ilə xəstəxanaya getmişdir. Vurulan bıçaq zərbəsi nəticəsində ciyərinin pərdəsi yırtılmışdır. Hadisə zamanı anası və qardaşı evdə olmamışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxsla münasibəti yaxşı olub. O, dərzi işlədiyi üçün tikiş maşını ilə pul qazandığını bildirmişdir. Evdə olan tikiş maşının motorunu sökdüyünə görə əri Səbuhi ilə oğlu Emin arasında mübahisə baş vermiş və mübahisə nəticəsində əri Səbuhi oğlu Emini bıçaqla vurmuşdur. Lakin o, həmin vaxt evdə olmamış və bu hadisəni sonradan bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, anası ilə oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 16.08.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, qeyd olunan cinayət hadisəsinin baş verdiyi yer Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 5/6 mənzil 2-dir. Həmin protokola əlavə edilən fotocədvəllərdə Təqsirləndirilən şəxs yaşadığı və hadisə baş verdiyi yeri, o cümlədən Zərərçəkmiş şəxs bıçaqladığı yeri göstərmiş, bıçağı təqdim etmişdir. Fotocədvəllərə mənzilin dəhlizində Zərərçəkmiş şəxs məxsus qan izləri olduğunu göstərən şəkli, həmçinin təqdim olunan bıçağın, onun ölçülərinin, bıçağın hər iki tərəfində olan qan izinin ümumi fotogörüntüləri əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 10-18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 1422 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol arxa səthinin döş boşluğuna keçən hemotoraks və qanitirmə ilə nəticələnən deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əlin 1 ədəd, sol əlin 2 ədəd kəsilmiş yaraları - dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilirlər. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 16.08.2021-ci il tarixə uyğun gəlir. (Cild 1, iş vərəqləri 124-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 2115 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 121-122) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-krimilastik ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 442/MTKŞ-2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə haqırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 117-119) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 615/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “AB0” sistemi üzrə qrup göstəricisi: O (İ). Ekspertizaya təqdim olunmuş bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri “AB0” sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Həmin qan ləkələri “0” alfa beta (İ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 127-130) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş gümüşü rəngli dəstəyi və tiyəsi olan bir ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 165-178) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış sorğudan və Sumqayıt şəhər məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 22.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 24.05.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 22.08.2007-ci il tarixli, 1-302 saylı hökmünün surəti cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğun ödənildiyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. (Cild 1, iş vərəqləri 98-100, 130-131) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən, həmçinin bilavasitə məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, onun hər hansı tələbi, şikayəti və iddiası yoxdur. (Cild 1, iş vərəqi 159) Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 71-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İadrəsində saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar