Məhkəmə qərarları › İş №1(124)-15/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-15/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-15/2025 03.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, yəni 6.017 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 may 2023-cü il tarixdə saat 19 radələrində Quba şəhəri, Sahil küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli əl (bel) çantasının içərisindən 02 ədəd sellofan torbalara bükülmüş kütlələr hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3.325 qram və 2.692 qram olmaqla ümumi təmiz çəkisi 6.017 qram ( 06 kq. 17 q.) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 5-6 ildir ki, narkotik vasitə istifadə edir. “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran vətəndaşı onunla əlaqə saxlamış və bildirmişdir ki, narkotik vasitələr satır. Təxminən əlaqə saxladığı gündən 1 gün sonra onunla danışmışdır. 20 qram narkotik vasitə olan marixuananı əldə olunması ilə bağlı razılaşmışlar. Ona bildirmişdir ki, narkotik vasitəni götürdükdən sonra 150 manat pul göndərərsən. Onlar da Şahid2 və Şahid3 ilə birlikdə Qubaya getmişlər. Lakin gedib götürə bilməmişlər. Gəlib çantanı açanda içərisində çoxlu miqdarda narkotik vasitə olduğunu görmüşdür. Bunu gördükdən sonra dəyməmişdir. Oradan çıxanda artıq polis əməkdaşları içəri daxil olmuş və onu tutmuşlar. Polis əməkdaşları saxlayarkən çantanı onun götürdüyünü demişlər. Ona fiziki təzyiq olunduğu üçün çantanı götürmüşdür. Polis əməkdaşları sökülmüş binanın qabağında ona təzyiq göstərmişlər. Xəsarət almamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, təxminən 5 ildir ki, marixuana kimi tanınan narkotik vasitədən siqaretə doldurub kəçmək üsulu ilə qəbul edir. Tutulmamışdan təxminən 2-3 ay əvvəl “instaqram” sosial şəbəkəsində adının Vahid olduğunu bildirməklə özünü İran vətəndaşı kimi təqdim etmiş şəxs səhifə üzərindən ona yazaraq narkotik vasitə təklif etmişdir. O da narkotik vasitə istifadəçisi olduğumdan təxminən 06 may 2023-cü il tarixdə orada qeyd olunmuş telefon nömrəsini götürərək həmin şəxslə vhatsap vasitəsi ilə əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı Vahid adlı şəxs 15-20 qram narkotik vasitəni 150 manata satdığını bildirmişdir. Bunun üçün o alacağı narkotik vasitənin pulunu Vahidin göndərdiyi kart hesabına yükləyərək ödəniş etməli olub. Daha sonra isə Vahid adlı şəxsin Azərbaycanda olan kuryeri satacağı narkotik vasitəni müəyyən bir yerə qoyaraq bu yerin şəklini çəkib Vahidə göndərməli, Vahiddə öz növbəsində vatsap vasitəsi ilə həmin yerin “məkanını” və şəklini ona göndərməli, o da şəkildə göstərilən yerə gedərək qoyulmuş narkotik vasitəni götürməli olub. Vahidin kuryerə narkotik vasitəni necə və hansı üsulla verməsi barədə məlumatım yoxdur. Tutulmamışdan vatsap vasitəsi ilə əlaqə yaradıb ondan 15 qram narkotik vasitə olan marixuana sifariş etmişdir. Vahid göndərdiyi kart hesabına alacağı marixunaya görə 15 qramı üçün 150 manat pulu yükləyərək ödəniş etməli olduğunu bildirmişdir Bu sövdələşmə olduqdan sonra o Vahidlə razılığa gəlib ki, narkotik vasitəni götürdükdən sonra pul ödənişini edəcək. 08 may 2023-cü il tarixdə təxminən saat 16 radələrində Vahid sifariş etdiyi narkotik vasitənin Quba şəhəri ərazisində yerləşən köhnə tikiliyə qoyduğunu bildirərək həmin yerin “məkan”-ını və şəklini ona göndərmişdir O həmin vaxt Bakı şəhərində olub. O həmin gün dostu Şahid3 zəng etsədə Həsən, onun zəngi açmayıb daha sonra Həsən ona zəng edib və o Həsənə Şamaxinka adlanan əraziyə gəlməsini bildirmişdir Həsənlə Şamaxinkada göşdükdən sonra onlar olduqları yerə münasibətdə olduğu, təxminən 3-4 ay əvvəl Samir adlı tanışının vasitəsi ilə tanıdığı Şahid2 gəlmişdir O Həsən və Nərminə Qusar rayonuna keçmiş əsgər yoldaşı Simranı görməyə getdəcəyini və onunla gəlməsini təklif etmişdir. Həsən və Nərmin onun təklifini qəbul edərək onunla birlikdə getməyə razılaşmışlar. Sonra onlar tanımadıqları taki ilə Quba şəhərinə gəlmişlər. Onlar Quba şəhərinə köhnə avtovağzal adlanan əraziyə çatdıqdan sonra taksidən düşmüşlər. Həsən və Nərmin onun narkotik vasitə götürmək üçün gəldiyini bilməmişlər. Gedəcəkləri yerə digər taksi ilə getmək üçün ətrafda dayanmış qara rəngli Vaz 2107 markalı avtomobilin sürücüsünə yaxınlaşmışlar. Taksi sürücüsünə Qusara getməli olduqlarını və onları aparmasını xahiş etmişlər. Taksi sürücüsü onları aparmağa razılaşmışdır. Onun telefonu söndüyündən taksi sürücüsündə olan cərəyan qidalandırıcıya telefonunu qoşmaq üçün icazə almışdır. Telefonu açıldıqdan sonra “mekana" baxaraq kuryerin qoyduğu ünvana taksi sürücüsünə istiqaməti göstərərək sürməsini xahiş etmişdir. Ünvan isə Quba şəhəri ərazisində adını bilmədiyi küçədə olan köhnə tikiliyə qoyulduğunu işarə edirmiş. Taksi sürücüsünü həmin köhnə tikili olan küçədən 2-3 dəfə həmin istiqamətdən digər istiqamətə ərazinin təhlükəsizliyini yolmaq və girişi tapmaq üçün sürdürmüşdür. Ünvanı dəqiqləşdirdikdə sonra taksi sürücüsünə kənarda dayanmasını xahiş etmiş və avtomobildən düşərək işarələnmiş yerə yaxınlaşmışdır. Daha sonra onun ardınca Nərmin gedmişdir. Yaxınlaşan zaman orada qara rəngli əl (bel) çantası olduğunu görüb, çantanı götürərək açıb içinə baxmış və çantanı götürərək oradan çıxmışdır. Uzaqlaşmaq istədikdə Quba RPŞ- nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar çağırdıqları polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə video çəklişindən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış aparılmazadan əvvəl ona təklif olunub ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etsin. O, əynindəki şalvarın cibindən “Redmi-Not 5" markalı mobil telefonu və 14 manat pulu çıxararaq təqdim etmişdir. Pulu sayılaraq özünə geri qaytarılmışdır. Bu vaxt üzərində olan qara rəngli çantaya baxış keçirilən zaman içərisində iki ədəd sellofan torbalar olduğu məlum olmuşdur. Sellofan torbalar açılan zaman orada yaşıl rəngli, spesifik iyə malik marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına məlum olmuşdur. Sorğu zamanı o həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Aşkar edilmiş iki ədəd sellofan torbalarda olan bükümlər birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və 6,210 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülülər bir sellofan torbaya qoyularaq qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. (Cild 1, iş vərəqləri 53-56, 146-150, 32-235) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Növbətçi hissəsinin məsul növbətçisi Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində onun Quba şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Quba şəhəri, Sahil küçəsi ərazisində saat 19:00 radələrində saxlanılmışdır. Həmin küçədə axtarış tədbirləri həyata keçirilən zaman orada yerləşən yarımtikilinin qarşısında “VAZ-2107” markalı avtomobil dayandığını görmüşlər. Xatırladığı qədərilə, “VAZ-2107” markalı avtomobildə Təqsirləndirilən şəxs başqa sürücü və bir nəfər də qız olmuşdur. Taksi sürücüsü və qız da polis şöbəsinə aparılmış, sonradan buraxılmışlar. Həmin yarımtikilidən Təqsirləndirilən şəxs çıxmış və avtomobilə yaxınlaşmışdı. Onun çiynində çanta da olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşmış, şəxsiyyəti barədə soruşmuşlar. Ona barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Yarımtikilinin qarşısında dayanmış avtomobilin sürücüsünün isə taksi sürücüsü olduğunu və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etmək üçün oraya gəlməsindən məlumatı olmadığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs təxminən 6 kiloqrama yaxın marixuana növündə narkotik vasitə aşkar olunmuşdu. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrdən istifadə etməsi və daşınmasını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun üzvü idi. Məlumata görə Təqsirləndirilən şəxs Quba şəhərinə gəlib-gedən şəxsdir. Təqsirləndirilən şəxs Quba şəhəri, Sahil küçəsi ərazisində saxlanılmışdır. Həmin küçədə axtarış tədbirləri həyata keçirilən zaman orada yerləşən yarımtikilinin qarşısında “VAZ-2107” markalı avtomobil dayandığını görmüşlər. Həmin yarımtikilidən Təqsirləndirilən şəxs çıxmış və avtomobilə yaxınlaşmışdır. Onun çiynində çanta da olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşmış, şəxsiyyəti barədə soruşmuşlar. Ona barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs başqa həmin avtomobildə taksi sürücüsü, dostu və qız da olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri üzərində gəzdirməsi və dövriyyəsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Quba şəhəri, Sahil küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, üzərində narkotik vasitə olduğunu və onun dövriyyəsini həyata keçirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs başqa avtomobildə onun dostu, bir nəfər qadın və bir də taksi sürücüsü var idi. Avtomobildə olan qız Qusar şəhərinə gəzməyə gəldiklərini bildirmişdi. Təqsirləndirilən şəxs Quba şəhərində qısa müddətli işi olduğunu bildirdiyi üçün oraya gəldiklərini demişdi. Avtomobildə olan qadın ilə Təqsirləndirilən şəxs arasında sevgi münasibətləri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, taksi sürücüsü olmuşdur. Təqribən may ayı saat 18:00 radələrində Şahin dostu və bir xanımla maşına əyləşmiş və tanışı ilə görüşməli olduğunu bildirmişdir. Qubada “şəhidlər” tərəfə gedərkən bir az yol qət etdikdən sonra qarşıda bir məhləyə sürməyini istəmişdir. Daha sonra maşından düşmüşlər. Gəldikləri yer köhnə tikililər olan yer olduğundan o, qorxmağa başlamışdır. Onlar da qəribə təşviş və həyəcan içində olmuşlar. Birdə başını qaldırıb baxanda görmüşdür ki, artıq polis əməkdaşları gəlmiş və onları tutub polis bölməsinə aparmışlar. Saxlanılan zaman narkotik vasitəni İran vətəndaşından aldığını qeyd etmişlər. Həmçinin içərisi narkotik vasitələrlə dolu çanta aşkar olunmuşdur. Daha sonra polis bölməsinə aparıb, onları dindirmişlər. 48 saat müddət ərzində polis bölməsində saxlanılmış, sonra narkoloji dispanserə aparılmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində yaşayır. Hazırda işsizdir. Bakı şəhəri Mədəniyyət və İncəsənət Universitetində Kinorejissorluğu fakültəsində 4-cü kursunda oxuyur. Əvvəllər, yəni təxminən 15-20 gün öncə narkotik vasitə olan kakosdan istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 3 ay müddətdir ki, Samir adlı ortaq tanışı vasitəsi ilə tanımışdır. Şahinlə dost kimi normal münasibəti var. 08 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Şamaxinka adlanan ərazidə olduğu zaman orada Şahinlə Həsəni görmüşdür. Şahin ona Qusar rayonuna hərbi hissəye keçmiş əsgər yoldaşı Simran adlı şəxslə görüşməyə və orada gəzməyə getdiklərini bildirərək, ona da getməyi təklif etmiş və o da Şahinin təklifini qəbul edərək birlikdə Qusar rayonuna gütməyə razılaşmışdır. Daha sonra o, Şahin və Həsən tanımadığı taksiyə əyləşərək Quba rayonuna gəlmişlər. Quba şəhərinə gələrək köhnə avtovağzal adlanan ərazidə taksidən düşmüşlər və gedəcəkləri yerə digər taksi ilə getmək üçün ətrafda dayanmış qara rəngli Vaz 2107 markalı avtomobilin sürücüsünə yaxınlaşmışlar. Şahin taksi sürücüsünə yaxınlaşaraq Qusar rayonuna getməli olduqlarını və onları aparmasını xahiş etmişdir. Taksi sürücüsü onları Qusar rayonuna aparmağa razılaşmışdır. Onlar avtomobiliə əyləşdikdən sonra Şahinin mobil telefonu söndüyündən taksi sürücüsündən avtomobildə olan cərəyan qidalandırıcıya telefonunu qoşmaq üçün icazə almış və telefonunu qoşmuş və telefon açılandan sonra telefonunda olan məkan vasitəsi ilə taksini həmin ünvana sürməsini xahiş etmişdir. Onlar Quba şəhəri ərazisində adını bilmədiyi küçədə olan köhnə tikiliyə yaxınlaşmışlar. Şahin taksi sürücüsünü 2-3 dəfə həmin istiqamətdən digər istiqamətə sürdürmüşdür. Daha sonra Şahin həmin ərazidə olan köhnə tikilinin yaxınlığında taksini dayandırmışdır. Şahin taksi dayandıqdan sonra düşərək köhnə tikiliyə daxil olmuş, uzun yol gəldiyindən onun təbii ehtiyacı olmuş buna görədə Şahin avtomobildən düşdükdən sonra o da təbii ehtiyacını ödəmək üçün Şahinin ardıycan köhnə tikiliyə getmiş, bu zaman Həsən taksi sürücüsü ilə birlikdə avtomobildə onları gözləmişdir. O, Şahinin ardıycan köhnə tikiliyə daxil olanda Şahinin orada olan qara rəngli əl çantasını alaraq baxdığını görüb, Şahin həmin çantanın içinə baxdıqdan sonra çanta ilə birlikdə oradan qaçaraq çıxmış, bu zaman o da Şahinin ardınca köhnə tikilidən çölə çıxmış, Quba RPŞ-nin əməkdaşları Şahinə yaxınlaşaraq özlərini təqdim edib onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları Şahinin üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə Şahin saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu vaxt əlində olan qara rəngli çantaya baxış keçirilən zaman içərisində iki ədəd sellofan torbalar olması, həmin sellofan torbalar açılan zaman orada marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına məlum olmuşdur. Sorğu zamanı Şahin həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar edilmiş iki ədəd sellofan torbalarda olan bükümlər birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və 6.210 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülülər bir sellofan torbaya qoyularaq qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. O, Şahinin Qubaya narkotik vasitə götürmək üçün gəldiyini bilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 94-98) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsi, ev 71-də yaşayır. Hazırda fərdi əməklə məşğul olur. Əvvəllər narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. Sonuncu dəfə təxminən 10-15 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Günəmuzd işlər olanda bəzən Bakı şəhərinə gedərək orada işləyir. Təqsirləndirilən şəxs təxminən 5-6 il olar həmyerlisi kimi tanımışdır. Onun Şahinlə yaxşı münasibətləri var. 05 may 2023-cü il tarixdə o, Bakı şəhərinə işləmək üçün getmişdir. Bakı şəhərində elmlər adlanan ərazidə tikintidə fəhlə kimi işləmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri, Yasamal rayonunda bibisigildə qalmışdır. 08 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində işlədiyi iş yerindən yorulduğuna görə tez çıxmışdır. İş yerindən çıxdıqdan sonra Şahin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etməsini görmüşdür, daha sonra o, mobil nömrəsində balan olmadığından yaxınlıqda olan taksafondan Şahinə zəng etmişdir. Şahinlə telefonda danışdıqda ona görüşmək istədiyini bildirmiş və onlar Yasamal rayonun ərazisində Şamaxinka adlanan ərazidə görüşmək qərarı almışlar. Elə həmin gün təxminən saat 02 radələrində dedikləri ərazidə görüşmüşlər. Görüşəndən bir qədər sonra əvvəllər tanıdığı Nərmin adlı şəxs də onların olduqları yerə gəlmişdir. Şahin ona Qusar rayonunda yerləşən N saylı hərbi hissəyə keçmiş əsgər yoldaşı Simran ilə görüşməyə getdiyini və onunda gəlməsini təklif etmişdir. O, Şahinin təklifini qəbul edərək, o, Şahin və Nərmin tanımadığı taksi ilə Quba rayonuna gəlmişlər. Quba şəhərinə çatdıqdan sonra köhnə avtovağzal adlanan ərazidə taksidən düşmüşlər və daha sonra Qusar rayonuna getmək üçün orada dayanan digər taksiyə yaxınlaşmışlar. Şahin orada olan qara rəngli Vaz 2107 markalı avtomobilin sürücüsünə yaxınlaşaraq Qusar rayonuna getməli olduqlarını və onları aparmasını xahiş etmişdir. Daha sonra onlar həmin taksiyə əyləşmişlər bu vaxt Şahin telofonunu cərəyan qəbulediciyə qoşmuşdur və telefon açılandan sonra telefonunda olan məkan vasitəsi ilə taksini telefonunda göstərilən məkana sürməsini xahiş etmişdir. Onlar Quba şəhəri ərazisində adını bilmədiyi küçədə olan köhnə tikiliyə yaxınlaşmışlar. Şahin taksi sürücüsünü 2-3 dəfə həmin istiqamətdən digər istiqamətə sürdürmüşdür. Daha sonra Şahin yenidən köhnə tikilinin yanından keçəndə taksi sürücüsünü saxladaraq həmin yerə yaxınlaşmışdır. Şahin taksidən düşdükdən sonra Nərmində təbii ehtiyacının olduğunu deyərək taksidən düşüb Şahinin yanına getmişdir, o isə taksidə onların gəlməsini gözləmişdir. Bir müddət sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib saxlamışlar. Şahinə barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları Şahinin üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəylərini bildirmişlər. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə Şahin saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu vaxt əlində olan qara rəngli çantaya baxış keçirilən zaman içərisində iki ədəd sellofan torbalar olması, həmin sellofan torbalar açılan zaman orada marixuanaya bənzər kütlələr olduğu polis əməkdaşlarına və ona məlum olmuşdur. O, həmin vaxta qədər Şahinin hansı məqsədlə Quba rayonuna gəldiyini və həmin çantada nə olduğunu bilməmişdir. Sorğu zamanı Şahin həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını, internetdə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar edilmiş iki ədəd sellofan torbalarda olan bükümlər birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və 6,210 kiloqram olduğu məlum olmuşdur. Daha sonra həmin bükülülər bir sellofan torbaya qoyularaq qablaşdırılmış və üzərinə zərf vurularaq götürülmüşdür. X3 narkotik vasitə əldə etmə üçün gəldiyindən xəbəri olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 113-117) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli əl (bel) çantasının içərisindən 02 ədəd sellofan torbalara bükülmüş kütlələr hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3325 qram və 2692 qram olmaqla ümumi təmiz çəkisi 6,017 kiloqram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarışın keçirilməsi barədə” 08 may 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasına dair 09 may 2023-cü il tarixli, 7/671 nömrəli ekspert rəyi rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş sellofan bağlamada skoçla bağlanmış 02 ədəd qara rəngi sellofan bağlamada ayrı-ayrılqda təmiz çəkiləri 3325 və 2692 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 44-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 iyul 2023-cü il tarixli, 4434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. (Cild 1, iş vərəqləri 200-201) Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6016,8 qram marixuana maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 210-220) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 160-161) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etməsi, az miqdarda narkotik vasitə götürməyə getsə də içində narkotik vasitə olan çantanı götürməməsi və həmin çantanın polis əməkdaşları tərəfindən ona verilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirliyi və əməlinin düzgün tövsif edilməsi ilə bağlı nəticəyə gələrkən həmçinin narkotik vasitənin həcminin külli miqdarda olmasını da əsas götürür. Bundan başqa, işinin halları da təqsirləndirilən şəxsin məqsədinin satışla bağlı olmasından işarə edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 may 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 6.016,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 6.016,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar