Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-150/2022 30.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakı ilə xx xxxx 1987-ci il ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda 9,265 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20.50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3hər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol cibindən satış məqsədi olmadan əldə edib üzərində gəzdirdiyi iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,870 qram və 4,395 qram olmaqla ümumilikdə külli miqdarda – 9,265 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları onu Çerkassi küçəsində deyil, Sumqayıt şəhərinin girəcəyində tutmuşdurlar. Dostu Yunis onu ora benzin aparmaq üçün çağırmışdır. Dostu Yunisin yanında onlar səkkiz nəfər, yəni tanışları Yunis, Aydın Rəşad, Tərlan, Sədi və Arif tutulmuşdur. Saxlanılan 8 nəfərin hamısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi tutulmuş, sonradan DİN-nin MCMBİ-də 3 nəfərin əməli Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə sənədləşdirilmişdir. Onunla birlikdə saxlanılan hər bir şəxsin üzərində 2 bükümdə 7-10 qram narkotik vasitələrin olduğu yazılmışdı Həmin şəxslər ona və Yunisə kömək məqsədi ilə oraya gəlmişlər. Həmin vaxt üzərlərində narkotik vasitə olmamışdır. Onlara göstərilən işgəncə nəticəsində narkotik vasitənin onlara məxsus olmasını boyunlarına zorla almışdırlar. O, özü maşın ustasıdır və heç vaxt narkotik vasitə istifadə etməmişdir. İlk öncə onları Sumqayıt ŞPİ-nə daha sonra isə DİN-nin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Şəxsi axtarış isə 5-ci polis bölməsində keçirilmişdir. Qətiman tədbiri seçilən zaman təqsirsiz olduğunu bildirmişdir. Ona işgəncə verən şəxslərin üzlərini görməmiş və hadisə vaxtı üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, tutulmamışdan təxminən 1 ay olardı ki, narkotik vasitə heroini iynəmək yolu ilə qəbul edirdi. 18 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 150 manat müqabilində öz şəxsi istifadəsi üçün iki büküm “kakos” adlandırdığı narkotik vasitə heroin alıb göy rəngli cins şalvarının sol cibində gəzdirmişdir. Həmin gün axşam saat 20:50 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində gəzdiyi zaman mülki geyimdə üç nəfər yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etdikdə o, özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” adlandırdığı narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin bölməyə getmişdir. Orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının cibində “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan iki ədəd bükümü, şalvarının sağ cibində olan 01 ədəd İPHONE 5S və 01 ədəd İPHONE 6 markalı mobil telefonlar, 600 manat 70 qəpik pulu çıxardıb təqdim etmişdir. O, təqdim etdiyi iki ədəd bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi iki ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, o və başqa iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 600 manat 70 qəpik pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd İPHONE 5S və 01 ədəd İPHONE 6 markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. O, üzərindən narkotik vasitə heroinin aşkar edilməsini səmimi olaraq etiraf edir və törətdiyi cinayət əməlindən peşmançılıq çəkir. (Cild 1, iş vərəqləri169-171) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək mötəbərliyi üzrə qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhər Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi, gəzdirməsi, saxlanılması və satmasında şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində Sumqayıt şəhər Polis İdarəsini əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü vəkil təqdim edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli maddəni və digər 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli maddəni təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan hər iki bükümdəki maddələr “kokos” adlandırdığı narkotik vasitə heroindir, həmin narkotik vasitələri Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 01 ədəd İPHONE 5S və 01 ədəd İPHONE 6 markalı mobil telefonlar, eləcə də 600 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər maddələr tərəziyə qoyulub çəkilmişdir. Bundan sonra 01 ədəd İPHONE 5S və 01 ədəd İPHONE 6 markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, 600 manat pul əskinasları isə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr hər ikisi ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmayaraq protokol düzgün tərtib edildiyi imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları Şahid2 və Əlizadə X4 Orxan Aydın oğlu oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 20:50-də Sumqayıt şəhəri, 76-cı Məhəllə, Çerkassi küçəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə dəvət edilmiş və orada xidməti otaqların birində saat 21:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarınınsol cibindən iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 29-31) Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 avqust 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə tərəflərin iştirakı ilə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli 6/3602 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,870 qram və 4,395 qram, ümumi təmiz çəkisi 9,265 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq: heroin – 9,165 qram. (Cild 1, iş vərəqlər 39-44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 4126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərindən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 151-152) Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 avqust 2021-ci il tarixli əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 125-129) İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 bükümdə və tədqiqatdan sonra qalıq çəkisi 9,165 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 153-162) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – ümumi təmiz məkisi 9,165 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək həmin heroini iki ədəd bükümə bölüb üzərində saxlamaqla qanunsuz daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs üzərində iki bükümdə ümumi təmiz çəkisi 9,165 qram çəkidə aşkar edilmiş narkotik vasitə heroin mövcud olmasından başqa onun narkotik vasitəni qanunsuz əldə etməsi, satışı ilə məşğul olması, bu məqsədlə hər hansı bir şəxslə sövdələşməsi, danışıqlar aparması və ya narkotik vasitənin satışına cəhd etməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut və dəlil əməliyat və ya istintaq yolu ilə müəyyən edilməmişdir. Başqa sözlə, həm təhqiqat, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsini, daşımasını və saxlamasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. (Cild 1, iş vərəqləri 153-162) İstintaq orqanı həmin qərarda qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstintaq orqanı hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, istintaq zamanı toplanmış mötəbər sübutlarla Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroin satış mqsədi ilə əldə etdiyi tam sübuta yetirilmişdir.” Qərarda göstərdiyi bu bəndlə istintaq orqanı faktiki olaraq olmayan sübutlara istinad etməklə, hansı mötəbər sübutlarla təsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini belə açıqlaya bilməmişdir. Bundan başqa, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan heroini satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi vərərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində, eləcə də iştirak etdiyi istintaq hərəkətlərində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmişdir. Məhkəmə bu hala diqqət yetirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və ən əsası bir neçə növ narkotik vasitə və psixotrop maddə aşkar oluna bilərdi. Lakin təqsirləndirilən şəxsdə cəmi iki bükümdə yalnız özünün istifadə etdiyi narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan başqa, ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığının cavabında Təqsirləndirilən şəxs nə vaxt, kimdən, harada və hansı şəraitdə narkotik vasitə olan heroin əldə edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması ilə bağlı hər hansı bir müsbət nəticənin əldə edilmədiyi göstərilmişdir. ( Cild 1, iş vərəqə 130) Həmçinin müstəntiqin vəsatəti və bununla bağlı olan prokurorun təqdimatına əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinin tam anket məlumatları, 19 iyul 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində gələn və gedən zənglərin, “SMS”-lərin siyahısı, mətni, vaxtı, müddəti və anten üzrə əhatə dairəsi ilə bağlı məlumatların “Azercell” və “Azefon” mobil rabitə operatorlarından götürülməsi və həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin sahibinin tam anket məlumatları, 01 avqust 2021-ci il tarixdən 19 avqust 2021ci il tarixədək olan müddət ərzində gələn və gedən zənglərin, “SMS”-lərin siyahısı, mətni, vaxtı, müddəti və anten üzrə əhatə dairəsi ilə bağlı məlumatların “Bakcell” mobil rabitə operatorundan götürülməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə bağlı əldə edilmiş məlumatların əks olunduğu “CD” formatlı diskə, eləcə də, Təqsirləndirilən şəxs məxsus olan “İphone 5s” və “İphone 6” markalı mobil telefonlara bilavasitə baxış keçirilməsi ilə bağlı 18 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən ümumiyyətlə heç bir məlumat həmin cihaz və elektron daşıyıcıda mövcud olmamışdır. (Cild1, iş vərəqləri 149) İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkotik vasitə olan heroinin istifadəçisi olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, həmçinin polis əməkdaşları tərəfindən onun döyülməsi və işgəncəyə məruz qalması, ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş 12 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması ilə bağlı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanlı verdiyi ifadəsi işin faktiki hallarına və müəyyən edilmiş dəlillərə uyğun olan mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, müdafiə tərəfi məhkəməyə X8 2 bükümdə 6,950 qr. çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünü, X3 2 bükümdə 8,038 qr. çəkidə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmünü, X5 2 bükümdə 6,754 qr. çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 07 yanvar 2022-ci il tarixli hökmünü, eləcə də X2 2 bükümdə 8,337 qr. çəkidə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasına görə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə hökmlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə ilə bağlı deyil, polis əməkdaşlarının başqa əsasla keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulmasının təsdiq etməyə çalışaraq, həmin şəxslərin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi onunla eyni yerdə və eyni tarixdə, yəni 18 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulan şəxslər olduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, həmin hökmlər üzrə məhkum olunmuş şəxslərin Təqsirləndirilən şəxs və ona verilmiş ittihamla bağlılığının olması, eləcə də bu hökmlərin hazırki işə münasibətdə preyudisial qüvvəyə malik olmasını təsdiq edən heç bir dəlil və sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən 2 azyaşlı uşağının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 128) Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Nərimanov rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 92-96) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNnin BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 9.165 qram olan narkotik maddə olan heroin məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin saxlanılan 9.165 qram olan narkotik maddə olan heroin məhv edilsin, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-150/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-150/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver