Məhkəmə qərarları › İş №1(124)-151/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-151/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-151/2025 22.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Resopublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası təxirə salınmış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli, 961-İİ-Q № li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısına” (siyahı 1) daxil edilmiş beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,381 qram, 1,158 qram, 0,821 qram, 0,763 qram, 0,220 qram, ümumi çəkisi 5,343 qram olan külli miqdarda kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,091 qram, 1,106 qram, ümumi çəkisi 2,197 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və özünə məxsus qara rəngli pul kisəsinə qoyaraq saxlamış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 01:25-dən saat 01:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul kisəsinin içərisindən kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən həmin beş ədəd sellofan bükümlərdə ayrıayrılıqda çəkiləri 2,381 qram, 1,158 qram, 0,821 qram, 0,763 qram, 0,220 qram, ümumi çəkisi 5,343 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,091 qram, 1,106 qram, ümumi çəkisi 2,197 qram külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etmişdir. 05 iyul 2024-cü il tarixdə saat 19:00-20:00 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün Ayna Sultanova heykəlinin yanında olmuşdur. Linza sifariş edilmiş, o da onu satmağa aparmışdır. Daha sonra Xırdalan massivinə marketə getmişdir. Marketdən çıxandan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra yaşayış yerinə getməyi təklif etmişlər. Öz evində 2 uşağı olduğu üçün anasıgilin ünvanını vermişdir. Polislər ilk öncə anasıgilə, daha sonra öz evlərinə getmişlər. Evində uşaqlar və dayə Nərgiz Abbasova olmuşdur. Evinə baxış keçirilən zaman 0.5 qram narkotik vasitənin yarısı aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona 2-3 saat fiziki təzyiq göstərilmişdir ki, narkotikləri boynuna alsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli hesab etməyərək göstərmişdir ki, gözəllik salonlarından insanların gözlərinə qoyduqları “linza” şüşələri götürüb onlayn qaydada internet üzərindən müştəri tapıb ünvanına çatdırmaqla sataraq fərdi əməklə məşğul olmuşdur. Həyat yoldaşımdan 2015-ci ildə ayrılmışdır. xx.xx.2014-cü il təvəllüdlü X3 adlı və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki azyaşlı uşaqları vardır. Əvvəllər, azyaşlı oğlu X3 qaynananasının himayəsində yaşamışdır. 05 iyul 2024-cü il tarixdə tutlanadək azyaşlı övladı X4 onunla birlikdə yaşamışdır. O, 05 iyul 2024-cü il tarixdə tutulduqdan sonra Nur Qarazadə anasının himayəsində yaşayır. Tutulana qədər iki ildən artıqdır ki, nakotik vasitələr və psixotrop maddələr qəbul etmişdir. Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Resopublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə 03 il 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin azyaşlı uşağı X4 14 yaşma çatanadak hökmün icrası təxirə salınmışdır. 04 iyul 2024-cü il tarixdə linza almaq istəyən müştəriyə linza satmaq üçün Bakı şəhəri, Binə qəsəbəsinə, “sovxoz Binə” deyilən yaşayış massivinə getmişdir. Günorta vaxtı, saat təxminən 19 radələrində linzanı müştəriyə verib avtobus dayanacağına gedərkən yolda təsadüfən rastlaşdığı və üzünə baxarkan narkoman olduğu biruzə verilən bir nəfər təxminən 35 yaşlı, arıq, uzun, sifəti azca tüklü olan kişi ilə rastlaşmışdır. Onun narkoman olmasından şübhələndiyi üçün narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almaq istədiyini ona demişdir. Həmin şəxs üzərində iki bükümdə narkotik vasitə heroin və beş bükümdə psixotrop maddə metamfetamin olduğunu və sata biləcəyini demiş, bildirmişdir ki, hər bükümdə təxminən bir qram olmaqla narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmaqla hamısı birlikdə 7 qramdan artıqdır. Demişdir ki, bir bükümünü 25 manatdan sata bilər. Həmin şəxsə narkotik vasitə və psixotrop maddənin hamısını 160 manata almaq istədiyini bildirmişdir. Tanımadığı şəxs razılaşmış və 160 manat pul verərək ondan bir ədəd sarı və bir ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə heroin və beş ədəd- bir ədəd sarı, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetamin almışdır. Həmin bükümləri əlində olan qara rəngli pul kisəsinə qoyub avtobusa minərək Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində bir qədər vaxt keçirdikdən sonra Xırdalan şəhərinə gəlmişdir. Narkotik vasitə və psixotrop maddə bükümlərini birdəfəlik almışdır ki, tez-tez narkotik vasitə və ya psixotrop maddə axtarmasın. Həmin gün əldə etdiyi narkotik vasitə və psixotrop maddələrdən qəbul etməmişdir. 05 iyul 2024-cü il tarixə keçən gecə, saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi ilə yaşadığı evə gələrkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmişlər. Ona üzərində narkotik maddələr və ya psixotrop maddələr saxlanmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlıikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron rayon polis idarəsində xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmişdir, nədə şübhələnildiyi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərimdə saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını, lakin əlində olan pul kisəsinin (kaşlokun) içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir və içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan pul kisəsini stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi pul kisəsində olan sellofan bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddələri özü qəbul etmək üçün 160 manata Bakı şəhəri Binə qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. İçərisində narkotik vasitə heroin olan iki ədəd sellofan bükümlər və içərisində psixotrop maddə metamfetamin olan beş ədəd sellofan bükümlər polis əməkdaşları tərəfindən açılaraq baxılmışdır. Bundan sonra axtarış və götürmədə iştirak edən qadın tərəfindən üzəri yoxlanılmış və üzərindən hər hansı cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə heroin və içərisində psixotrop maddə metamfetamin olan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə möhür əksi olan kağız yapıdırılmış, üzərində şəxsi axtarış və götürmədə işrtirtak edən şəxslər imza etmişlər. Bundan başqa, əlində saxladığı bir ədəd “Samsunq” markalı mobil telefon da götürülərək qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı formada fiziki və psixi təsir olub-olunmaması barədə təhqiqatçı tərəfindən ondan sorğu edildikdə, polis əməkdaşları tərəfindən ona hər hansı formada fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılması barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, narkotik vasitə heroin də , psixotrop maddə metamfetamin də qəbul etdiyi üçün eyni vaxtda həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, belə niyyəti olmamışdır. (Cild 1, iş vərəqləri 189-193) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zaman verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibova Zeynalova küçəsində təzə bazarın yanında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə və psixotrop maddə olması ilə əlaqədar onu polis idarəsinə aparmağı təklif etmişlər. Şübhəli şəxs qismində idarəyə gətirildikdə hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi üzrə kiçik inspektor, polis baş serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibova Zeynalova küçəsində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə və psixotrop maddə olması ilə əlaqədar onu polis idarəsinə aparmağı təklif etmişlər. O etiraz etməmişdir. Şübhəli şəxs qismində idarəyə gətirildikdə hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Satışı ilə məğul idi, başqa şəxslə görüşmüşdü. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dost olmuşlar. Öz evi olmadığı üçün Şövkətxanımın evində qalırdı. Onunla birlikdə yaşayırdılar. Saat gecə 03:00-04:00 radələrində qapı döyülmüş, evə polis əməkdaşları girmişdir. İçəri girən zaman dərhal otaqlara baxış keçirib, əşyaları dağıtmışlar. Qonaq otağında stolun üzərində olan qabın içinə baxmışlar, daha sonra Şövkətxanımı götürüb getmişlər. Polis əməkdaşları onları qorxutmuş, psixi təzyiq göstərmişlər. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsidir. O, isə, Bakı şəhərində, “Nərimanov” metrostansiyasının yaxınlığında kirayədə yaşamış, həmin evdə yaşlı qadına xidmət edib pulsuz olaraq yaşamışdır. 2024-cü ilin iyun ayının sonunda onun xidmət etdiyi yaşlı qadın müalicəyə getmiş, ona görə də o, Bakı şəhərində, “Nərimanov” metrostansiyasının yaxınlığında yaşadığı evdən çıxmış və rəfiqəsi Şövkətxanımın kirayədə qaldığı Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsindəki evə köçüb onunla birlikdə yaşamışdır. O, Şövkətxanımın kirayədə qaldığı evdə öz azyaşlı uşağına və Şövkətxanımın azyaşlı uşağına baxmış, Şövkətxanım isə, linza satıb pul qazanmış və onunla birlikdə yaşamışdır. Şövkətxanımın narkotik maddələr qəbul etməsindən məlumatı olmuşdur. Lakin Şövkətxanım heç vaxt onun yanında narkotik maddələr və ya psixotrop maddələr qəbul etməmişdir. 04 iyul 2024-cü il tarixdə Şövkətxanım linza satmaq üçün axşamüstü evdən çıxmış və müştəri ilə görüşməyə getmişdir. Lakin Şövkətxanım sonradan kirayə qaldıqları evə qayıtmamışdır. Sonradan maraqlanmış və məlum olmuşdur ki, gecə saatlarında evə qayıdarkan Şövkətxanımı polis əməkdaşları kirayə qaldıqları evin yaxınlığındakı Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində saxlayıb Abşeron rayon polis idarəsinə aparmışlar və polis idarəsində üzərindən nartkotik və psixotrop maddələr aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 137-138) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun təqdim etdiyi qara rəngli dəridən olan “kaşlok” (portmonat) açılıb baxıldıqda içərisindən yeddi ədəd iki ədəd sarı rəngli, beş ədəd şəffar rəngli sellofan bükümlər aşkar olunmuşdur. Dörd ədəd şəffaf və bir ədəd sarı rəngli sellofan bükümlərdə ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, bir ədəd şəffaf və bir ədəd sarı rəngli sellofan bükümlərdə isə, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə-heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telefon da bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 34-35) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 iyul 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefonun yaddaşına baxış keçirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun yaddaşına baxış keçirilən zaman telefonun “məlumat” bölməsində iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar aşkar edilmişdir: - ********** mobil nömrəsi ilə yazışmalarda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:54-də qarşı tərəfə yazır: “Hə, ürəyim, əla, nə qədər vaxta çatarsan? Bir də evdə səndə qəlyan yağı varsa mənə bir az gətirdə”. - ********** mobil nömrəsindən istifadə edən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:57də qarşı tərəfə yazır: “Ay ürəyim, neynirsən?Danışa bilirsən? Pul olsa normal nəsə eləmək olar, ay ürək. Tyez bazar”; - Həmin nömrədən xx.xx.2024-cü il tarixdə, saat 19:12-də yazılır: “ Ay ürəyim, Allaha and olsun, məndə pul yoxdu da. Sinif yoldaşımın puludu, o da deyir alver edək. İnan məndə narahatam, elə onun puluynan mən də vəziyyətimi düzəldərdim deyə fikirləşirdim. Mənim olsa, düşünmədən sənə can qurban. Nə olar, alsan mənə də de də, qurban sənə”. - Həmin nömrədən xx.xx.2024-cü il tarixdə, saat 16:39-da yazılır: “ Ay ürəyim, sənin işin alınsa mənim payımı saxla, nə olar, əl-ayağa düşməyim birdə”.5-lik də olsa, saxla, sən mənim canım”. - Həmin nömrədən xx.xx.2024-cü il tarixdə, saat 16:55-də yazılır: “ Bir polnu kisə düyü daş nə təhər sifariş edək İranlı biznesmenlərə? Bir dəqiq e mənimlə əlaqə saxla, mümkünsə.” - Həmin nömrədən xx.xx.2024-cü il tarixdə, saat 15:52-də yazılır: “ Ay ürəyim, ********** linzaların səndəki bu nömrəyə atarsan da. Şəklini, həm karobkasın, həm özün. Bir də at fso, indi yığacağam. Bir də iş var”. “********** Maqsuddu. Prosdo bax da, elə danış. İnadırıcı olsun. Bir də pulu gərək əlbəəl alasan. Belə verər-verməz?” Mobil telefonun “Qalareya” bölməsinə baxış keçirtdikdə bir ədəd üzərində göy qələmlə yazılmış “2 K 1 P” yazısı olan sellofan bükümün fotoşəkli, bir ədəd üzərində şəffaf sellofan büküm qoyulmuş, ekranında 0,97 qram çəki göstəricisi olan, çap hərfləri ilə “PCS”, “MODE”, “TARE” yazıları olan elektron tərəzinin fortoşəkli, ödəniş qəbzlərinin fotoşəkli, narkotik vasitələrin və psixotrop maddələrin alıcılara çatdırlması üçün qoyulduğu yerlərin “konumunu” əks etdirməyə xarakterik olan fotoşəkillər aşkar olunmuşdur.(Cild 1, iş vərəqləri 163-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 3-16-16/2-6 / 3478 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs götürülmüş maddi sübut” yazısı və s. soyadlar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,381 qram; 1,158 qram; 0,821 qram; 0, 763 qram; 0, 220 qram; ümumi təmiz çəkiləri 5,343 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 05 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilrəi 1,091 qram; 1,106 qram; ümumi təmiz çəkiləri 2,197 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilk təşkil edirlər. (Cild 1, iş vərəqləri 43-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi ambulator məcburi-narkaloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5338 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Ciıd 1, iş vərəqləri 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə pataloji affek vəziyyəti qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükləliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs nümayişkaranəlik, emosianallıq, eqosentizm kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman və ondan sonra hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkətlərini idarə etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman hərəkətlərinə mühüm təsir göstərə bilən psixi-emosianal vəziyyətdə (fizioloji affekt, güclü ruhi həyəcan, psixi-emosianal gərginlik və s.) olmamışdır. (Cild 1, iş vərəqləri 151-153) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 5,243 qram psixotrop maddə metamfetamin və 2,097 qram narkotik vasitə heroin, “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanv anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 168- 175) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etməsi və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən təqsirləndirilən şəxsin rəfiqəsi Şahid3 məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının evə daxil olub onlara təzyiq göstərməsi və onun mənafeyinə uyğun göstərdikləri digər xüsusatlara tənqidi yanaşıraq bunları təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən kənarda qalmasına yönələn bir cəhd kimi qiymətləndirməklə hesab edir ki, bu ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şahid3 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirliyi və əməlinin düzgün tövsif edilməsi ilə bağlı nəticəyə gələrkən həmçinin narkotik vasitənin həcminin külli miqdarda olmasını da əsas götürür. Bundan başqa, işinin halları da təqsirləndirilən şəxsin məqsədinin satışla bağlı olmasından işarə edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.2, 69.3, 79.1-ci maddələri ilə 03 il 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, hökmün icrası azyaşlı uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin cinayət kollegiyasının qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 110-111) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə sasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə tətbiq edilmiş cəzanın çəkilməsinin təxirə salınması ləğv edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlə qəti olaraq təyin edilmiş 03 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 06 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 31, 71-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 5,243 qram psixotrop maddə metamfetamin və 2,097 qram narkotik vasitə heroin məhv edilməli, “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən Şamaxı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə tətbiq edilmiş cəzanın çəkilməsinin təxirə salınması ləğv edilsin, CM-in 67.1-ci maddəsinə əsasən hökmlə qəti olaraq təyin edilmiş 03 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 5,243 qram psixotrop maddə metamfetamin və 2,097 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar