Məhkəmə qərarları › İş №1(124)-152/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-152/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-152/2022 26.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda, yəni 57,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 4,445 qram çəkidə psixotrop maddə metamfetamini və 3,156 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşımaqla yaşadığı evdə saxlamış və bu fakt 07 fevral 2021-ci il tarixdə saat 17:16-17:30 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən eyvandan iki ədəd bükümlərdə olmaqla 2,041 qram və 0,809 qram çəkilərdə psixotrop maddə metamfetamin, bir ədəd kağız bükümdə olmaqla 0,381 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yataq otağında olan masanın üzərindən dörd ədəd sellofan bükümlərdə olmaqla 5,637 qram, 9,855 qram, 15,381 qram, 26,974 qram çəkilərdə və bir ədəd kağız bükümdə olmaqla 0,027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd ağ rəngli plasmas qabın içərisində olmaqla 1,595 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd kibrit qutusunda olmaqla 2,775 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, içərilərində narkotik vasitə heroin izləri olan 01 ədəd 2 ml-lik, 02 ədəd 1 ml-lik şpris və 01 ədəd butulka, habelə üzərlərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd şüşə borucuq aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Öz istifadəsi üçün əvvəldən tanıdığı şəxsdən narkotik vasitə əldə etmişdir. Həmin şəxsin onun yaşadığı ünvana 07 fevral 2021-ci il tarixdə səhər saatlarında gətirdiyi içərisində narkotik vasitə olan torbadan 1,5 qram çəkidə narkotik vasitəni götürərək şəxsi istifadəsi üçün ayırmışdır. Bu zaman qapı döyülmüş və polis əməkdaşları içəri daxil olaraq hər ikisini saxlamışlar. İttihama əsasən onun üzərindən aşkar edildiyi qeyd edilən narkotik vasitələr və psixotrop maddə ona aid deyildir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 15-20 gün əvvəl adını xatırlamadığı tanışlarından biri ilə söhbət edərkən ona xatırlamadığı mobil telefon nömrəsi verib «Whatsapp» vasitəsilə həmin mobil telenfonla əlaqə saxlayıb narkotik vasitə ala biləcəyini bildirmişdir. O, həmin mobil telefonla “Whatsapp” vasitəsilə mesaj yazıb öz istifadəsi üçün narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metafetamin istəmişdir. Həmin şəxsdə cavabında ona hesab nömrəsi vermiş və verdiyi hesaba pul köçürsə həmin narkotik vasitələri əldə edə biləcəyini demişdir. O, mesaj yazıb pulu hansı hesaba köçürəcəyimi soruşmuş və həmin şəxs ona xatırlamadığı hesab nömrəsi vermişdir. O, həmin hesab nömrəsinə 300 manat pul köçürmüş, mobil telefonunun «Whatsapp» səhifəsinə gələn mesaja baxanda Bakı şəhəri, Nizami rayonu ərazisində xatırlamadığı yerin fotoşəkili və alt hissəsində narotik vasitəni həmin yerin yıxınlığına qoyulacağı yer göstərilmişdir. O, Bakı şəhərinə getmiş, maraqlanıb həmin yeri tapmış və deyilən yerdə bir ədəd sellofan torba olduğunu görmüşdür. O, sellofan torbanı götürüb oradan uzaqlaşdıqdan sonra açıb içərisinə baxdıqda torbanın içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. O, aldığı narkotik vasitə olan heroini, qurudulmuş marixuanı və psixotrop maddə olan metamfetamini götürüb Xaçmaz şəhərinə yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə aldığı heroindən bir qədər istifadə etmiş, qalanını isə yaşadığım evin eyvanında və yataq otağında saxlamışdır ki, sonrada istifadə edər. 07 fevral 2021-ci il tarixdə təxminən saat 17:10 radələrində evdə olarkən yaşadığı evin həyət qapısı döyülmüşdür. O, bayıra çıxıb qapını açanda mülki və xidməti geyimdə olan polis əməkdaşlarının dayandıqlarını görmüşdür. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra yaşadığı evdə narkotik vasitə saxladığı barədə onlarda məlumat olduğunu bildirərək video çəkilişlə yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O, polislərin yaşadığı evə baxış keçirmələrinə etiraz etməyərək onları evə dəvət etmişdir. Polis əməkdaşları onun iştirakı ilə əvvəlcə eyvana daxil olmuş, onun eyvanda olan sobanın yaxınlığında yerə qoyduğu iki ədəd bükümdə olan metafetamini, bir ədəd gümüşü rəngli kağız bükümdə olan qurudulmuş marixuananı, bir ədəd elektron tərəzini, istifadə olunmuş iki ədəd bir qramlıq və bir ədəd iki qramlıq şprisləri götürmüşlər. Sonra polis əməkdaşları onun yataq otağına daxil olub otaqdakı masanın üstündə olan dəmir qutunun içərisində saxladığı dörd ədəd sellofan bükümdə və bir ədəd kağız bükümdə olan heroini, bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı, bir ədəd ağ rəngli plastik qabda olan metamfetamini, bir ədəd sınmış şüşə ampulanı, bir ədəd plasmas su butulkasını və bir ədəd şüşə borucuğu polis əməkdaşlarına təqdim etmiş və yaşadığı evdə aşkar olunmuş bütün narkotik vasitələrin özünə məxsus olduğunu və internet vasitəsi ilə tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evində aşkar olunmuş narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini, bir qramlıq şprisləri, elektron tərəzini, sınmış şüşə ampulanı, plasmas su butulkasını, şüşə borucuğu bir ədəd paketdə qablaşdıraraq götürmüş və bu barədə protokol tərtib etmişlər. O, yaşadığı evdə aşkar olunmuş narkotik vasitələrin qablaşdırıldığı paketin üzərinə yapışdırılmış kağızın üstünə və bununla bağlı yazılmış protokolu oxunduqdan sonra imza etmiş və etdiyi hərəkətlərdən peşiman olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 254-259) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 fevral 2021-ci il tarixdə Xaçmaz şəhəri Şirvanşahlar küçəsi ev 11 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs özü onları qarşılamış və onun razılığı əsasında evə baxış keçirmişlər. İlkin olaraq evin şüşəbəndində, qaz sobasının yanında yerdə elektron tərəzi, narkotik vasitə metamfetaminə bənzər maddə, bir ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüşdür. Daha sonra, yataq otağındakı dolabın üzərindən 3 ədəd ayrı-ayrı bükümlərdə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd plastik qabda psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və baxış əvvəldən axıradək videoçəkilişlə aparılmışdır. Bundan başqa, məhkəmədə verilən suallara cavab olaraq o, göstərdi ki, evə baxış keçirən zaman Təqsirləndirilən şəxs evdə tək olmuş, o, aşkar olunmuş narkotik vasitələrin özünə aid olmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 və CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1lə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onunla bir evdə yaşamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilmiş, lakin oğlunun tutulmasını istəmədiyi üçün bununla bağlı heç bir tədbir görə bilməmişdir. Son zamanlar oğlu Təqsirləndirilən şəxs vəziyyətinin yaxşı olmadığını, evlərinə tanımadığı şəxslərin gəlib getməsinin şahidi olmuşdur. 07 fevral 2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb işlədiyi gözəllik salonuna getmiş, bundan bir neçə saat sonra telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs ona polis əməkdaşı olduğunu və yaşadığı evdən oğlu Ramilə məxsus narkotik vasitələrin aşkar olunması barədə məlumat vermişdir. O, məlumatı alan kimi dərhal evə gəlmiş və bundan sonra ona evdən gedəndən sonra polis əməkdaşlarının evlərinə gəldiklərini, evdən Ramilə məxsus narkotik vasitələri aşkar edərək götürdükləri və bununla bağlı Ramili də götürüb özləri ilə Xaçmaz RPŞ-nə apardıqlarını bilmişdir. (Cild 1, iş vərəqləri 86-87) Məhkəmədə elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində görünür ki, o, Təqsirləndirilən şəxs 2 ilə yaxındır ki, tanıyır, aralarında münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr satmasını bilmiş və öz istifadəsi üçün 2021-ci ilin əvvəllərində ondan bir neçə dəfə narkotik vasitə heroin almışdır. Belə ki, əvvəllər özü də arada narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etmişdir. Təxminən 5-6 ay olar ki, özünü müalicə etdirmiş, hazırda narkotik vasitələrdən istifadə etmir. Ona təqdim olunan SMS yazışmalarının ona məxsus olduğunu və hazırda da ***-***-**-** mobil nömrədən istifadə etdiyini bildirmişdir. Ramillə telefon əlaqəsi saxlayandan sonra özü Ramilin yaşadığı məhləyə gəlib bir istifadəlik narkotik vasitə heroini 10 manata olmaqla almışdır. Ramildən narkotik vasitə almağa gedərkən tək olmuşdur. 2021-ci ilin fevral ayında Ramilin polislər tərəfindən narkotik vasitə satdığına görə tutulduğunu bilmiş və bundan sonra özü də narkomaniyadan müalicə almışdır. Artıq narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 218-219) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında 07 fevral 2021-ci il tarixli protokoldan görünür ki, evin eyvanından 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd elektron tərəzi, 03 ədəd istifadə edilmiş şpris, yataq otağındakı stolun üzərindən 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd plastik qabda ağ rəngli maddə, 01 ədəd butulka, 01 ədəd ampula və 01 ədəd silindr (şüşə borucuq) aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-14) “Baxış keçirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 02 iyun 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 119-120) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 08 fevral 2021-ci tarixli, 6/563-7/172 nömrəli rəyindən görünr ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər Üçün № 58» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs imaza, Şahid1 imza, Kərimov Nemət imza, Nemət Xasayev imza» yazılan paketdə ümumi çəkisi 3,156 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanalar xarici görünüşünə və kimyəvi kompenentlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər Üçün № 58» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs imaza, Şahid1 imza, Kərimov Nemət imza, Nemət Xasayev imza» yazılan paketdə ümumi çəkisi 4.445 qram olan ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin olub xarici görünüşünə və kimyəvi kompenentlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər Üçün № 58» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs imaza, Şahid1 imza, Kərimov Nemət imza, Nemət Xasayev imza» yazılan paketdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 5,637 qram və 9,855 qram olan qara rəngli yapışqana bənzər kütlələr (öz aralarında) və təmiz çəkisi 15,361 qram, 26,974 qram və 0,027 qram olmaqla ümumilikdə 57,854 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr (öz aralarında) xarici görünüşünə və kimyəvi kompenentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 ədəd 2 m-lik, 2 ədəd 1 m-lik şprislərin və 1 ədəd butulkanın içərisində heroin izləri vardır. Bir ədəd tərəzinin və şüşə borucuğun üzərində metamfetamin izləri vardır. (Cild 1, iş vərəqləri 32-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 06 may 2021-ci il tarixli, 1393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 185-186) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 2184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlıdır, onu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 221-222) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs istifadəsində olan telefon məlumatlarının qeydə alındığı və Azərfon MMC”-dən götürülmüş bir ədəd CD diskə onun özünün və müdafiəçisi X4 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə 15 yanvar 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona daxil olan və çıxan SMS yazışmaları oxunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil telefon nömrələrinə müxtəlif vaxtlarda ayrı-ayrı nömrələrdən çoxlu sayda zənglərin daxil olduğu və SMS-lərin göndərildiyi məlum olmuş, ona göndərilən və onun göndərdiyi SMS müraciətlərin əksəriyyətinin məzmununda söhbətin əsasən narkotik vasitələrdən getdiyi və pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə istənilməsi müəyyən edilmişdir. Cild 1, iş vərəqləri 216-217) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 19 may 2021ci il tarixli qərara ekspertizadan sonra qalıq çəkisi 3,106 qram olan narkotik vasitə qurudulmuş marixuana, 4,295 qram çəkidə olan psixotrop maddə metamfetamin və 57,674 qram çəkidə olan narkotik vasitə heroin, habelə içərilərində narkotik vasitə heroin izləri olan 01 ədəd 2 ml-lik, 02 ədəd 1 ml-lik şprislər, 01 ədəd butulka və üzərlərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd şüşə borucuq 01 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 63-64) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə və narkotik vasitələrin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 240-241) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində az miqdarda narkotik vasitənin olması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması və polis əməkdaşları tərəfindən artıq çəkidə narkotik vasitənin onun boynuna qoyulması bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə arayışdan görünür ki, onun 2018-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. (Cild 1, iş vərəqi 88) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmü və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 01 il 06 ay müddətə endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (Cild 1, iş vərəqləri 139-142, 147-150, 155-163) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədiyindən və həmin Məcəllənin 18-ci maddəsinə əsasən onun qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyindən, hazırki cinayət əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Bundan əlavə, iş materiallarından görünür ki, hazırki ittiham üzrə nəzərdə tutulmuş ağır cinayətlər kateqoriyasına aid edilmiş cinayət əməlini təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə, yəni şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 01 (bir) il 06 (altı) ay müddətə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 17 (on yeddi) gün hissəsindən, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və çəkilməmiş qalan cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin 04 iyun 2021-ci il tarixli və 02 avqust 2021-ci il tarixli qərarları ilə həbsdə saxlanılma müddəti 07 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqləri 58- 61, 124-126, 180-183) 07 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti bitdiyindən ibtidai istintaq orqanının həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 201- 202) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin 05 aprel 2022-ci il tarixli qərarı ilə məhkəmədən gizlənməklə qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 15 may 2022-ci il tarixli, 17/40-2235 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə tutularaq 13 may 2022-ci il tarixdə istintaq təcridxanasına verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 07 fevral 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 7 (yeddi) ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 3,106 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4,295 qram çəkidə psixotrop maddə metamfetamin və 57,674 qram çəkidə narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitələr və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 03 ədəd şpris, 01 ədəd butulka və 01 ədəd şüşə borucuq məhv edilsin, iş materiallarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə maddi sübut olan 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 01 (bir) il 06 (altı) ay müddətə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 17 (on yeddi) gün hissəsindən, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və çəkilməmiş qalan 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaxmaz RPŞ-də saxlanılan 3,106 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4,295 qram çəkidə psixotrop maddə metamfetamin və 57,674 qram çəkidə narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitələr və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış cinayət işinə əlavə edilsin, 03 ədəd şpris, 01 ədəd butulka və 01 ədəd şüşə borucuq məhv edilsin, iş materiallarında olan 01 ədəd DVD və 01 ədəd CD formatlı olmaqla 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə maddi sübut olan 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 88,70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar