Məhkəmə qərarları › İş №1(124)-152/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-152/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-152/2023 06.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, İctimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, İctimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, hal hazırda 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 228.4 və 315-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, əziyyət çəkdiyi “disforik hal və davranış pozuntusu ilə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan, 28 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı- Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən qatlanan tipli ov bıçağı ilə 28 dekabr 2021-ci il tarixli əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən iki hakimiyyət nümayandəsi - Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemopnevmotoraks, travmatik hemmoraggik şok İ-İİ dərəcə yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd, ümumilikdə isə 02 xəsarət, Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası sol tərəfli hemopnevmotoraks, travmatik hemmoraggik şok İ-İİ dərəcə yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd ağır xəsarət yetirərək zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmə iclasında ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs göstərdi ki, hadisə barədə tək xatırladığı otluqda uzanmağı və əlində bıçağın olmasıdır. O, xeyli müddət orada oturmuş, tam olmasa da epizod-epizod nə etdiyini bilmişdir. Daha sonradan bıçaqla polisi vurduğunu xatırlamışdır. Münaqişənin necə olduğu isə yadında olmamış, sadəcə olaraq qaranlıq vaxtı otluqda oyandığını xatırlamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, psixoloji yardım aldığı üçün hərbi xidmətdə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, o səhər yox, günorta-axşam saatlarında evdən çıxmışdır. Hadisə baş verərkən qış fəsli, dekabr ayı olmuşdur. Ancaq tam tarixi xatırlamamışdır. Deyəsən “Azpetrol”a taksi ilə getmişdir. O, oraya niyə getdiyini xatırlamamışdır. Hadisə zamanı yanında həmişə onu aparıb-gətirən taksi sürücüsü olmuşdur. Yəqin ki, istintaq zamanı həmin ifadəni özü vermiş, hazırda isə hadisənin üzərindən çox vaxt keçdiyindən xatırlamamışdır. İctimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, Ağanın doğulduğu vaxtdan sağlamlıq problemləri olmuşdur. O, 11 aylıq olarkən keysəriyyə əməliyyatı ilə dünyaya gəlmişdir. Ağa uşaqlığından bu vaxta qədər gecələr oyaq qalmış, gündüzlər isə yatmışdır. Onlar hal-hazırda Kürdəxanıda yaşayır. Ağa 1 saylı poliknikada müalicə almış, 2 Nömrəli X1 3 gün qalmış, sonra isə onu buraxmışlar. Ağanın “tiki” olmuşdur, o, bəzən insanın üzünə baxmış, amma heç bir reaksiya verməmişdir. Gözləri ilə qarşısındakı insana baxır, lakin fikri başqa yerdə olurmuş. Onun xəstəliyinin müalicəsi olmamışdır. Ağa 11 illik təhsil almış, 18 saylı tam orta məktəbi bitirmişdir. Daha sonra bərbərlik təhsili almışdır. Ağanın sürücülük vəsiqəsi olmuş, iki dəfə onun avtomobilini qaçırdaraq vurmuşdur. Həmçinin onlarda genetik psixoloji xəstəlik olmamışdır. Qanuni nümayəndə məhkəmə tərkibinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, bir dəfə o, Ağaya kofe ilə bağlı əsəbləşib söyüş söymüşdür. Ağa bu hadisədən sonra öz damarlarını kəsmişdir. Başqa bir dəfə isə o, ona eyvanda saxladığı quşlara baxmasını söyləmiş, lakin gəldiyi zaman onun quşlara qulluq etmədiyini görmüşdür. Buna görə də onun üzərinə qışqırmışdır. Ağa ona “Bunun üstündəmi mənə qışqırdın” deyib tövləyə getmiş, daha sonra o, da tövləyə getdiyi zaman özünü asdığını görüb, onun ayaqlarından tutmuşdur. Ardınca ip kəsildikdən sonra Ağa yerə salınmışdır. Həmçinin zərər çəkmiş tərəfin zərərini qarşılamaq üçün cəhdlər etmiş, lakin onu yaxına buraxmamışlar. Qanuni nümayəndə dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, Ağanın özünü asması ilə bağlı təcili tibbi yardım gəlməmişdir. O, onu yerə uzadıb, onun üzərinə su vurmuş, ayıltmağa çalışmışdır. Orada olan quyu suyu ilə onu özünə gətirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə birlikdə istintaqın verdiyi məlumata əsasən hadisə günü təxminən saat 16-17 radələrində Bakı şəhərinə getmişdirlər. Kömək etməsi üçün onlar XTB-nin əməkdaşı Rüfətə zəng etmiş, o da onlara kömək edəcəyini söyləmişdir. Onlar həmin yerə Ağa adlı şəxsin məcburi gətirilməsi ilə bağlı getmiş, belə ki, onlarda narkotik vasitə ilə bağlı məlumat olmuşdur. Lakin məlumat Zərərçəkmiş şəxs1 aid olduğu üçün onun bu barədə ətraflı məlumatı olmamışdır. Ağa və onun yanında olan iki nəfəri təhlükəli hesab etmədikləri üçün onlar yanlarında silah götürməmişdirlər. Ağagilin onlara belə bir problem yaradacağını düşünməmişdirlər. Onlar Ağanı “28 May” metrosunun ətrafında yerləşən məscidin yaxınlığında saxlamış, özlərini təqdim etmiş və Sumqayıt şəhər polis idarəsinə gələrək ifadə verməli olduğunu bildirmişdirlər. Xəqani Ağa ilə telefonla danışaraq onu həmin yerə gətirmiş, Ağa oraya avtomobil ilə gəlmişdir. Onlar Ağaya onunla gəlməsini söylədikləri zaman o, etiraz etməmiş, sadəcə olaraq avtomobilin dostuna aid olduğunu, buna görə də avtomobilin açarını ona verməsi gərəkdiyini demişdir. Ağanın həmin dostu Murad da Sumqayıt şəhər polis idarəsinə gəlməli olduğu üçün onu gözləmişlər. Murad açarı götürmək üçün gəldiyi zaman onlar özlərini ona təqdim etmişdirlər. Ağa digərləri ilə müqayisədə daha sakit olmuşdur. Ağa evli olduğunu, uşaqları olmasını demişdir. Onlar xidməti avtomobil ilə polis idarəsinə getmək üçün yola düşmüşdürlər. O, avtomobili sürmüş, Xəqani onun yanında oturmuş, Rüfət isə Ağa və digər iki şəxslə birlikdə arxada oturmuşdur. Onlar arıq olduğu üçün arxada oturacağa əyləşə bilmişdir. Mirəbülfəz Ağadan və Muraddan fərqli olaraq problem yaratmağa meyilli olduğu üçün onlar onun əlinə qandal vurmuşdurlar. Polis idarəsinə gələrkən Sumqayıt-Bakı yolu tıxaclı olmuşdur. Mirəbülfəz yol boyu ərzində ayaqyoluna getmək istədiyini söyləmişdir. Onlar da “Azpetrol”a çatdıqları zaman məcbur qalaraq orada durmuş və Rüfət Mirəbülfəzi ayaqyoluna aparmışdır. O, digər ikisinin yanında olmaq üçün arxa oturacağa keçmiş, onların yanında yarı oturmuş vəziyyətdə, yəni bir hissəsi avtomobildə, bir hissəsi də avtomobildən kənarda avtomobilin qapısı açıq olmaqla oturmuşdur. Həmin vaxt Murad narazalıq etməyə başlamış, ona sakit olmasını söyləmişdir. Daha sonra o, səs-küy salmağa başlamış, Murada tərəf döndükdə Murad onun gözünə yumruqla vurmuşdur. Ardınca isə Ağa və Murad birlikdə onu vurmuşdurlar. O, onları dayandırmaq üçün özünü çölə atmış və Muradın qolundan tutmuşdur. O, Muradla dalaşan zaman Ağa ilə Xəqaninin dava etdiklərini görmüşdür. Bir anda onun kürəyindən soyuqluq gəlmiş, bu zaman Ağa arxasında olmuşdur, o, yumruq dəydiyini düşünmüşdür. Lakin həmin zərbə bıçaq zərbəsi olmuşdur. Ağa ona ikinci dəfə də vurma istəyəndə Xəqani onun qarşısını almışdır. Xəqani Muradı saxlamış və o, da onun biləklərindən tutmuş, Murad artıq təpik ata bilməmişdir. Bu zaman isə Ağa oradan qaçmışdır. O, artıq özünü pis hiss etməyə başlamış, əlini kürəyinə atdığı zaman isə qan görmüş, həmçinin Xəqaninin üzərində də iki deşik görüb ona bıçaqlandıqlarını söyləmişdir. Daha sonra isə o, artıq huşunu itirdmış, bu zaman “Azpetrol”da çalışan şəxslər onlara kömək etmişdirlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, istintaq təmin etməsi ilə əlaqədar olaraq hadisə günü təxminən saat 16-17 radələrində Orxan ilə birlikdə Bakı şəhərinə getmişdir. O, Rüfəti də onlara kömək etməsi üçün çağırmışdır. Onlar Ağanı saxladıqdan sonra onda olan avtomobilin kimə məxsus olduğunu soruşmuş, o isə dostunun olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs dostunun kim olduğunu soruşduğunda Şahid2 olduğunu bildirmişdir. Təmin etmədə Muradın da adı olduğu üçün onlar Muradı, Ağanı və Mirəbülfəzi götürmüşdürlər. Yol tıxaclı olduğu üçün onların yolu uzanmışdı. Avtomobil ilə gedərkən Mirəbülfəz ayaqyoluna getməli olduğunu söyləmişdir. O, da məcbur qalaraq avtomobili saxlamış, Rüfət Mirəbülfəzi ayaqyoluna aparmışdır, Orxan isə digər iki nəfərin yanına arxa oturacağa keçmiş, o isə elə qabaq oturacaqda qalmışdır. Həmçinin qeyd etmişdir ki, Mirəbülfəz onlara problem yaratdığı üçün onlar onun qolunu qandallamış, Ağa isə həmin vaxt özünü sakit aparmışdı. Avtomobildə olarkən bir anda səsküy gəldiyi üçün o, arxa tərəfə çevrildiyində Orxana yumruq atıldığını görmüş, daha sonra isə onu vurmuşdurlar. Həmin vaxt Orxan onların qaçmasının qarşısını almağa çalışmışdır. Lakin Ağa və Murad avtomobildən çıxmış, o, isə arxa tərəfdən gələrək onlardan birini tutmuşdur. Ağa Orxanı vurduqdan sonra qaçmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, ona iki bıçaq xəsarəti yetirilmişdir. Onların üzərinə ciddi yoxlanış keçirilməmişdir. Hadisədən əvvəl heç bir münaqişə olmamışdır. Təqsirləndirilən şəxsla arasında barışıq olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə tərkibinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, sonradan bildiyi qədərilə bıçaq Ağanın corabının içərisində olmuşdur. Məhkəmə iclasında Şahid4 göstərdi ki, hadisə günü Zərərçəkmiş şəxs1 ona zəng edərək Bakı şəhərinə getdiklərini və kömək lazım olduğunu söyləmişdir. O, da Bakı şəhərində olduğu üçün onlara kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Təbriz küçəsində yerləşən məscidin arxa tərəfində olmuşdur. O, Xəqani müəllimlə onlara yaxınlaşaraq özlərini təqdim etmiş və Ağaya şahid qismində ifadə verməsi üçün polis idarəsinə dəvət olunduğunu bildirmişdir. Ağa onlara etiraz etməmiş, lakin avtomobilin açarını dostuna verməsi gərəkdiyini söyləmişdir. Xəqani müəllim ondan dostunun adını soruşmuş, Ağa dostunun adını dediyi zaman isə Xəqani müəllim həmin şəxsin də onlara lazım olduğunu bildirmişdir. Ağanın həmin dostu gəldikdən sonra onlar özlərini ona təqdim etmiş və şahid qismində ifadə verməli olduğunu söyləmişdirlər. İki nəfər onlarla getməyə etiraz etməmiş, lakin Şahid1 onlara çətinlik yaratmış, buna görə də onlar onun qolunu qandallamışdırlar. Həmin üç nəfər yol getdikləri müddətdə danışmamış, sadəcə olaraq Ağa taksi şirkətində sürücü olduğunu demişdir. Yol ərzində onlar özlərini sakit aparmışdırlar. Lakin Mirəbülfəz ayaqyoluna getməsini gərəkdiyini dəfələrlə dediyinə görə onlar məcbur qalaraq “Azpetrol” yanacaq doldurma məntəqəsində avtomobili saxlamış və o, Mirəbülfəzi ayaqyoluna aparmışdır. İçərisinin boş olmasına baxamayaraq Mirəbülfəz içəri girməmiş, o, ona içərisinin boş olmasını, keçə biləcəyini demişdir. Mirəbülfəz ona “Özümə gəlib içəri keçəcəm” deyə söyləmişdir. Mirəbülfəz içəri girdikdən 1 dəqiqə sonra səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt Orxanın digər iki nəfəri tutmağa çalışdığını, birinin isə qaçdığını görmüşdür. Ardınca Mirəbülfəzi aparıb avtomobilə mindirmiş və qapıları bağlamışdır. Bu zaman Xəqani və Orxanın bir nəfəri avtomobilə oturtmağa çalışdığını görərək onlara kömək etmişdir. Daha sonra Orxan əlini belinə ataraq “Məni vurdular” demişdir. Onlar həmin üç nəfərin üzərini yoxlamış, lakin corabın içərisinə baxmamış, bıçağın orada gizlədilməsi onların ağlına gəlməmişdir. Orxan və Xəqaninin kürəyindən qan gəldiyini görmüşdür, Xəqani avtomobilin qabaq oturacağında oturmüş, Orxan isə bir dəfə özündən getmişdir. Yanacaq doldurma məntəqəsində işləyən işçilərin köməkliyi ilə Xəqani və Orxanı avtomobilə mindirmiş və xəstəxanaya göndərmişdir. Daha sonra isə həmin iki nəfər polis idarəsinə təhvil verilmişdir. Şahid4 məhkəmə tərkibinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, bıçaq Ağada olmuş, çünki o, Ağanı əlində bıçaqla qaçarkən görmüş, daha doğrusu bıçağın parıltısını görmüşdür. Polis idarəsində olarkən Ağa bıçağın əvvəldən özündə olduğunu demiş, hətta bütün baş verənləri etiraf etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 göstərdi ki, o, Ağa ilə birlikdə işlədiyi üçün onun “notebook”u onda qalmışdır. O, Ağaya onlara gəldiyi vaxt “notebook”unu da gətirməsini söyləmişdir. Dekabr ayının 28-i Ağa onlara gəldiyi vaxt Ağaya avtomobilin açarını verib “Sən maşını işə sal, mən də yeməyimi yeyib, düşürəm” demişdir. O, aşağıya düşdüyü zaman nə Ağanın, nə də ki avtomobilinin orada olmadığını görmüşdür. Bundan təxminən 20 dəqiqə sonra onlara ağ rəngdə avtomobil yaxınlaşmış və onlara onlarla birlikdə gəlməyi söylənmişdir. Ağa, Mirəbülfəz və o, onların avtomobilinə minmişdirlər. O, arxa oturacaqda ortada , sağında Ağa, solunda Mirəbülfəz, onun solunda isə polis əməkdaşı, sürücü oturacağında Orxan müəllim, onun yanında isə Xəqani müəllim oturmuşdur. Onun polis idarəsinə nə üçün aparıldığından xəbəri olmamışdır. Polis idarəsinə çatmaqlarına az müddət qalmış avtomobildə anlaşılmazlıq yaranmışdır. Belə ki, o, polis əməkdaşlarından onları nə üçün polis idarəsinə apardıqlarını soruşduğunda onlar cavab verməmişdirlər. O, da alergiya olduğu üçün boğulan kimi olmuşdur. Mübahisə Mirəbülfəzin sanitar qovşağa getməsindən sonra yaranmışdır. Onlar getdikdən sonra avtomobildə o, Ağa, Orxan və Xəqani müəllim qalmışdır. Polis əməkdaşları onun suallarına cavab verməməklə bərabər əl-qol ilə rəftar etməyə başlamışdırlar. Orxan müəllim sual verdiyinə görə onun başından bir-iki dəfə vurmuş və o, da onu itələmişdir. Daha sonra Xəqani müəllim tutuşaraq onu avtomobildən çıxartmışdır. Mirəbülfəz gəldiyi zaman isə o, artıq avtomobilin arxa təkərinin yanında olmuşdur. O, Orxan müəllimin yıxıldığını gördükdən sonra Rüfət müəllim gələrək onu avtomobilə oturtmuşdur. O, bıçaqlanma hadisəsini polis idarəsində olarkən öyrənmişdir. Onun Ağanın üzərində bıçaq olmasından, yaxud da kimisə bıçaqlamaq istəməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid3 göstərdi ki, baş verənlərlə bağlı deyə bilmişdir ki, o, hadisənin birbaşa şahidi olmamış, sadəcə olaraq Ağa onun qapısının girişində saxlanılmışdır. O, işləri ilə əlaqədar olaraq 3-4 il idi ki Ağanı görməmişdir. O, taksi sürücüsü işləmiş, uşaqlıqdan Ağa ilə birlikdə böyümüş, həmçinin birlikdə bərbərlik təhsili almışdırlar. Ağanın problemləri olduğu üçün onlar çox dalaşmışdırlar. Ağanın əsəb problemi olmuşdur. O, əl ilə edilən zarafatları, söyüş söyülməsini xoşlamamışdır. Həmçinin Ağa əsgərliyə də getməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Balıq Əkmək" restoranında ofisiant kimi işləmişdir. 28 dekabr 2021-ci il tarixdə təxminən saat 19 radələrində iş yerində olan zaman restorana əvvələr tanımadığı 2 nəfər mülki geyimdə olan şəxs daxil olub Miri adlı şəxsin kim olduğunu soruşduqda o, sonunculara Miri mənəm demişdir. Həmin şəxslər ona LEO Bank kart hesabına külli miqdarda pul vəsaitinin köçürüldüyünü və həmin vəsaitin narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan gəlir olduğunu bildirirək Sumqayıt şəhər polis idarəsinə getməyi təklif etmişdirlər. Razılığı üzrə həmin şəxslərin idarə etdikləri Kia Sportage markalı dövlət qeydiyyat nömrə nişanına fikir vermədiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Ağa adlı şəxs polis işçilərinin xidməti avtomobilində olmuşdur. Sözügedən kart hesabını təxminən 10 gün əvvəl açdırmış, belə ki, xarici ölkədə yaşayan tanışı Vüqar adlı şəxs bitcoin alış verişindən əldə olunan gəliri onun kart hesab nömrəsinə köçürməyi təklif etmişir. Vüqarın deməsinə görə hər karta bitcoin gəlirindən 10.000 manat artıq məbləğ köçürmək mümkün deyildir. Əgər o, kart hesabı açdırıb həmin kartı hesabın Vüqara versə sonuncu ona 50 manat pul verəcəkdir. O, Vüqarın dedikləri ilə razı olub 10 gün bundan öncə kart hesabı açdırmış və bu barədə 2-3 il öncə Bakı şəhəri, Nizami küçəsində yerləşən Old City adlı klubda tanış olduğu Ağa adlı şəxslə telefonla danışan zaman məlumat vermişdir. Ağa ona xəstəxanada olduğunu və pula ehtiyacı olduğunu bildirəndə o, sonuncuya kart hesab açmağı təklif etmişdir. Ağa ona Leo kart hesabı olduğunu bildirmiş iş yerində olduğu vaxt sonuncu tanışı vasitəsilə Leo hesab kartını ona göndərmişdir. O, həmin kart barədə Vüqara məlumat vermiş, sonuncu tanışını göndərəcəyini və həmin kartı ondan götüzdürəcəyini dedikdə razılaşmışdır. Telefon danışığından təxminən 2-3 saat sonra tanımadığı bir nəfər şəxs iş yerinə gəlib kartı ondan götürmüşdür. Razılığa görə Vüqar həmin karta görə onun şəxsi kart hesabıma 50 manat pul göndərməli olmuş, kart ondan götürüldükdən təxminən yarım saat sonra hesabına 50 manat pul köçürülmüşdür. O, həmin pulu Ağanın şəxsi kart hesabına göndərmişdir. O, polis əməkdaşları ilə avtomobilə əyləşdikdən sonra sonuncular Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində Murad adlı şəxsi avtomobilə əyləşdirmişdirlər. Yol boyu polis işçiləri kart hesabları barədə maraqlanmışdırlar. Avtomobili sonradan adının Orxan olduğunu bildiyi polis işçisi idarə etmiş, sonradan adının Xəqani olduğunu bildiyi polis işçisi ön sağ sərnişin oturacağında, sonradan adının Rüfət olduğunu bildiyim polis işçisi arxa sol sərnişin oturacağında, sonuncunun yanında o, onun sağında Murad, sonuncudan sonra isə Ağa əyləşmişdir. O, Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinə çatanda sanitar qovşağa getmək istdəyini bildirdiyi üçün Orxan avtomobili saxlamışdır. Rüfətin müşayəti ilə sanitar qovşağa daxil olmuş, təxminən 2 dəqiqə sonra, qışqırtı səsləri eşitmişdir. Rüfət ondan dərhal sanitar qovşağından çıxmağı tələb etmiş, o, çölə çıxdıqdan sonra Muradın polis əməkdaşlarının yanında olduğunu Ağanın isə orada olmadığını görmüşdür. Rüfət dərhal onu və Muradı avtomobilə mindirmişdir. Polis əməkdaşları Orxan və Xəqanini qan içində yerdə uzanmış vəziyyətdə görmüşdür. Sonradan ona məlum olmuşdur ki, sanitar qovşaqda olarkən Ağa üzərində olan bıçaqla polis əməkdaşları Xəqani və Orxana xəsarət yetirmişdir. Daha sonra hadisə yerinə gələn adlarını bilmədiyim iki nəfər polis əməkdaşı Murad və onu avtomobillə Sumqayıt şəhər polis idarəsinə aparmışdırlar. Hadisədən öncə Ağanın üzərində bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli protokolda göstərilmişdir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27-ci km-də yolun ortasında yerləşən “Azpetrol” yanacaq doldurma məqntəqəsidir. Hadisə yanacaqdoldurma məntəqəsinə məxsus sanitar qovşağaın qarşısında baş vermişdir. Sanitar qovşağın çöl divarında qanabənzər ləklər müşahidə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “götürmənin aparılması haqqında” 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs onun təqdim etdiyi 01 ədəd qatlanan gümüşü rəngli, metal dəstəkli bıçaq götürülmüşdür. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 59 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Xudayıl oğlunun bədəni üzərində döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemopnevmotoraks, travmatik hemorragik şok İ-İİ dərəcə kimi şok xəsarətləri vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemopnevmotoraks travmatik hemorragik şok İ-İİİ dərəcə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 Xudayıl oğlunun adına açılmış Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi xəstəlik tarixində zərərçəkmiş Sumqayıt şəhər TTYX-na qəbul edilərkən yaraların ilkin İ-cili cərrahi işlənməsi zamanı yara kanalının istiqaməti haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerinə nəzərə alıb demək olar ki, o xəsarətləri eyni vaxtda almış və onun bədəninin arxa səthi xəsarət yetirinənə tərəf olmuşdur. Zərərçəkmiş şəxs2 Xudayıl oğlunun bədəni üzərində olan xəsarətlərlə ekspertizaya təqdim olunmuş paltarlardakı zədələr nisbi olaraq üst-üstdə düşür. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 58 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa stəhinin boşluğa keçməyən bir ədəd deşilmiş-kəsilmiş, sol tərəfli hemopnevmotoraks, travmatik hemoraggik şok İ-İİ dərəcə xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemopnevmotoraks travmatik hemoraggik şok İ-İİ dərəcə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, digər xəsarət yəni, döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 adına açılmış Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi xəstəlik tarixində zərərçəkmiş Sumqayıt şəhər TTYX-na qəbul edilərkən yaraların ilkin İ-cili cərrahi işlənməsi zamanı yara kanalının istiqaməti haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerinə nəzərə alıb demək olar ki, o xəsarətləri eyni vaxtda almış və onun bədəninin arxa səthi xəsarət yetirənə tərəf olmuşdur. Zərərçəkmiş şəxs1 Voroşol oğlunun bədəni üzərində olan xəsarətlərə ekspertizaya təqdim olunmuş paltarlardakı zədələr nisbi olaraq üst-üstə düşür. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 24-2022-MTKŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus maykanın və sviterin arxa səthinin orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ucu, iti ülgücü və körpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus maykanın və sviterin arxa səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd deşilmiş kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində əlbəyaxa olma, dartılma, cırılma və ya süzülmə xarakterik heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 məxsus maykanın sviterin, həmçinin Zərərçəkmiş şəxs2 məxsus maykanın və sviterin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) geniş staik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthinin üzərində olan qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Bıçağın dəstəyi üzərinə qana şübhəli ləkə aşkar edilməmişdir. Bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli, ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki Təqsirləndirilən şəxs övladı X5 xx.xx.2020-ci il təvəllüdlü olmaqla azyaşlıdır. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 33/2022-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən; Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "A" antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, 02 ədəd pambıq topası, Zərərçəkmiş şəxs2 məxsus mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "B" antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, qanın canlı insanın və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün olmamışdır. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 yanvar 2022-ci il tarixli rəyi ilə hadisəni törədən zaman və hal-hazırda Təqsirləndirilən şəxs psixi vəziyyəti, anlaqlı olub-olmaması barədə ambulator şəraitdə ekspert rəyi vermək mümkün olmamış, bununla əlaqədar olaraq kliniki diaqnozun və psixi vəziyyətin dəqiqləşdirilməsi, həmçinin qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi məsləhət görülmüşdür. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın xx.xx.2022-ci il tarixli 36 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuş, onda disforik hal və davranış pozuntusu qeydə alınmışdır. Buna görə də Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktitki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası”nın xx.xx.2022-ci il tarixli 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusu disforik hal və davranış pozuntusu ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi bu psixi pozuntu cinayət törətdikdən sonra da davam etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuş, onda disforik hal və davranış pozuntusu qeydə alınmışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədərkənəziyyət çəkdiyi psixi potologiya dekompensasiya mərhələsində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən anlaqsız hesab edilməlidir. Onun əməli əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Sumqayıt şəhər məhkəməsinin 18 iyun 2022-ci il tarixli, 4(068)-281-2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 148 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl "Üzvi mənşəli şəxsiyyət pozuntusundan" əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman düçar olduğu üzvi mənşəli şəxsiyyət pozuntusu disforik hal və davranış pozuntusu ilə təzahür etdiyindən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Həmin psixi patologiya hal-hazırda dekompensasiya mərhələsində olduğu üçün Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsi şəraitində saxlanılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs kiçik yaşlarında (doğuş travması ilə vaxtından gec doğulması, uşaq yaşlarında birinci mərtəbədən yıxılaraq huşunu itirməsi, bundan sonra kəskin baş ağrılarının, qıcolma tutmalarının olması) kəlləbeyin travması almışdır. Həmçinin instrumental müayinələrlə (xx.xx.2005-ci il, xx.xx.2006cı il və xx.xx.2021-ci il tarixlərində aparılmış elektroensefaloqrafiya müayinələri) Təqsirləndirilən şəxs baş-beynində üzvi dəyişikliklərin olması aşkarlanmışdır. Anamnestik məlumatlara əsasən natamam ailədə böyüməsi, tez-tez məktəb dəyişməsi və s. kimi neqativ psixoloji amillər şəxsiyyətinin formalaşması zamanı kəllə-beyin travmalarının uzaq nəticələrindən biri olan şəxsiyyət pozuntusunun yaranması üçün zəmin yaratmışdır. Tibbi sənədlərə görə ilk dəfe 2014-cü il tarixdə 2 saylı X1 müayinə əsnasında Təqsirləndirilən şəxs üzvi mənşəli psixi xəstəlik aşkara çıxarılmışdır. Üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində kompensasiya və dekompensasiya mərhələləri bir-birini əvəzləyir. Beləliklə, müxtəlif vaxtlarda da Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, həmin psixi pozuntunun gedişində kompensasiya və dekompensasiya mərhələləri olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “ Üzvi mənşəli şəxsiyyət pozuntusu, disforik hal və davranış pozuntusu ilə” psixi pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndiririldiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu uzvi mənşəli şəxsiyyət pozuntusu elmi ədəbiyyatda olan məlumatlara əsasən isteroid, psixopatik davranış, disforiya əlamətlərinin yenidən təzahür etməsi istisna edilmir. Buna görə də ehtiyac duyulan müalicənin mütəmadi qəbul edilmədiyi zaman xəstəliyin kəskinləşməsi və buna görə də Təqsirləndirilən şəxs gələcəkdə bu qəbildən olan cinayət törədə bilməsini ehtimal etmək mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində hal-hazırda dekompensasiya mərhələsi davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması nəticəsinə gəlinir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən «Üzvi mənşəli şəxsiyyət pozuntusu, disforik hal və davranış pozuntusu ilə» psixi patologiyası müxtəlif simptomlanın birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla apanlan müayinə əsasında düçar olduğu səxsiyyət pozuntusu müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 228.4 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri seçilməli və hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli üzərində bənövşəyi rəngli naxışlar olan Zilli yazılı uzunqol köynək, Zərərçəkmiş şəxs2 üzərində olan 01 ədəd ağ rəngli Berrak yazılı mayka və 01 ədəd tünd-göy rəngli uzunqol köynək onlara qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman istifadə etdiyi qatlanan tipli 01 ədəd bıçaq, habelə hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 228.4 və 315-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında müalicə edilsin. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri seçilsin və hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcraat materialları üzrə maddi sübutlar – Sumqayıt şəhər prokurorluğunun maddi saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli üzərində bənövşəyi rəngli naxışlar olan Zilli yazılı uzunqol köynək, Zərərçəkmiş şəxs2 üzərində olan 01 ədəd ağ rəngli Berrak yazılı mayka və 01 ədəd tündgöy rəngli uzunqol köynək zərər çəkmiş şəxslərə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman istifadə etdiyi qatlanan tipli 01 ədəd bıçaq, habelə hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar