Məhkəmə qərarları › İş №1(124)-155/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-155/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-155/2022 07.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1982-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri, XX Partiya Qurultayı küçəsi, ev 8-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 30-da yaşayan, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Möhsüm» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 10,153 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 21:00-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, 20 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə gətirilmiş və orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qısa şalvarın sağ yan cibindən «Prima» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,153 qram kustar üsulla külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu polis əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomaşında olarkən saxlamışlar. Həmin vaxt əməliyyat olunmuş, yeriyə bilməmişdir. Polis əməkdaşları onu götürüb, evinə baxış keçirmişlər. Daha sonra isə onu 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə nakotik vasitənin ona məxsus olmasını deməsini məcbur etməmişlər. Bunda sonra video çəkiliş olmuş və o, məcbur olub etiraf etmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamış, narkotik vasitələri heç kimə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə axşam saat 21:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, 20 saylı evin yaxınlığında piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu söyləyərək onu Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O isə heç bir etiraz etmədən onların təklifini qəbul edərək deyilən yerə onlarla birlikdə getmişdir. Orada xidməti otaqların birində ona həmin gün növbətçi olan vəkillərin siyahısını təqdim etmişlər. Həmin siyahıdan o hüquqlarını müdafiə etmək üçün X1, bir neçə dəqiqədən sonra onun seçdiyi müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmaqla yanaşı həmin hüquq və vəzifələrin yazılı olduğu bildirişi də təqdim etmişlər. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o əynində olan şalvarın sağ yan cibindən 01(bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, şəffaf sellofana bükülmüş narkotik vasitə heroini və 01 (bir) bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzərində əşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən elektron tərəzi, həmin şalvarın sol yan cibindən bir ədəd “Red Mİ” markalı mobil telefon, ona məxsus olan şəxsiyyət vəsiqəsi və otuz manat pul aşkar olunaraq götürülmüşdür. Sonra narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə narkotik vasitə olan heroinin çəkisi 40,83 qram və psixotrop maddə olan metamfetaminin çəkisi 11,54 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etməsi ona izah olunduqdan sonra mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra isə içərisi boş olan siqaret qutusu və otuz manat pul ona geri qaytarılmışdır. O sorğu zamanı aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Möhsüm” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul qazandığını, narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. O saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 63-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Təhqiqatçı tərəfindən dəvət ediliş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində 01 ədəd şəffaf bükümdə narkotik vasitə heroini, digər 01 ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirildi və əynində olan qısa şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən 01 ədəd “RedMe” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 30 manat məbləğində pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra heroin və metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları 1 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Neftçilər prospekti yaxınlığından götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini həmin “Möhsüm” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrdən istifadə etməsinə icazə verdiyini, həmin “Möhsüm” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını əvvəllər Azərbaycan Respublikası CMin 234.4.1-ci maddəsi ilə məhkum olunduğunu, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qarşı təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satış məqsədilə əldə edərək Sumqayıt şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-inBaş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası DİN-in BNMİ-in baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 5, 86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında və Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2021-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PByə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPi-nin 3-cü PB-nin inzibati binasında xidməti iş otağında video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamana ona izah edilir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində 01 ədəd şəffaf bükümdə narkotik vasitə heroini, digər 01 ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini təqdim edir. Sonra onun üzərinə şəxsi axtarış keçirilir və əynində olan qısa şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən 01 ədəd “RedMe” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 30 manat məbləğində pul aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Sonra heroin və metamfetamin elektron tərəzidə çəkilir və qablaşdırılır. Şübhəli şəxs, müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır və götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülür, 01 ədəd boş olan siqaret qutusu və 30 manat pul isə Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları 1 gün əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Möhsüm” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Neftçilər prospekti yaxınlığından götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini həmin “Möhsüm” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrdən istifadə etməsinə icazə verdiyini, həmin “Möhsüm” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını əvvəllər Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə məhkum olunduğunu, başqa yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Daha sonra videçəkiliş dayandırılır. (cild 1, iş vərəqə 25-28, 102- 104) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3620 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-yi zərflər üçün №7» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs təqdim etdiyi …» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,153 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 39,245 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (cild 1, iş vərəqə 39-44) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3386 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 127-128) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən, tədqiqatdan sonra qalıq qalmış 39,195 qram çəkidə narkotik vasitə heroin, 10,103 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, 95-96, 102-104, 135-141) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2018-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. (cild 1, iş vərəqə 122-124, 135-141) Sumqayıt şəhər probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 143211/18 saylı məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 27 gün Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyi üçün barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vərəqə 134) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil- Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 saylı MKS-yə şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il təvəllüdlü Yavər Məmmədzadə və 2020-ci il təvəllüdlü Yağmur Məmmədzadə adlı iki uşağı vardır. (cild 1, iş vərəqə 132) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması, həmçinin Binəqədi rayonu ərazisində saxlanması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 19-20, 52-74) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 39,195 qram çəkidə narkotik vasitə heroin, 10,103 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, maddi sübut kimi tanınmış bir ədəd disk isə iş materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,195 qram çəkidə narkotik vasitə heroin, 10,103 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, bir ədəd disk isə iş materiallarında saxlanılsın Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar