Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-158/2022 26.08.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X11 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, о, 23 iyun 2021-ci il tarixdə saat 19 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 26 nömrəli evin qapısının qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbləşərək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 27 nömrəli evin həyətində yerləşən sanitar qovşağın yaxınlığından götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs mərhum anasının ünvanına söyüşlər söyməsini bəhanə gətirərək sonuncuya qarşı müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib çox sayda xəsarətlər yetirməklə xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla 42 bıçaq zərbəsi vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid edilən boynun 15 ədəd, sol bazu oynağının 01 ədəd, sağ körpücükaltı nahiyənin 01 ədəd, sağ döş giləsinin sol kənarında 01 ədəd, döş vəzisinin iç aşağı kvadratında 01 ədəd, sol döş vəzisində 01 ədəd, döş sümüyü üzərində 01 ədəd, sol qoltuqaltı nahiyədə 04 ədəd, sol bazunun aşağı 1/3-də 02 ədəd, bayır səthinin orta 1/3-də 02 ədəd, sol saiddə 02 ədəd, sol dirsəkdə 02 ədəd, sol əlin üstündə 04 ədəd, sağ saidin arxa səthinin orta 1/3də 01 ədəd deşilmiş-kəsilmiş yarası, eləcə də qanitirmədən ölümünə səbəb olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən boynun vena və arteriyanı zədələyən 01 ədəd yarası, döş qəfəsinin 02 ədəd ürəyi və ağciyəri zədələyən yaraları, qarnın ön səthinin qarın boşluğuna keçərək nazik bağırsağı və bağırsaq müsariqəsini zədələyən 01 ədəd yarası xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməklə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qardaşları Şahid1 və Şahid2 ilə birlikdə yaşamışdır. X2 2009-cu ildə, anası X5 da atasından təxminən 6 ay sonra ölmüşdür. Zərərçəkmiş şəxs qapı qonşularıdır, sonuncu ünvan 2 ünvanında qızı Solmaz və oğlu Yunusla birlikdə yaşamış, onların evlərini daş hasar ayırmışdır. Sevilin əri Ruslan öldükdən sonra, o, Sevil və ailəsi ilə münasibətlərini kəsmiş, daha onların evinə getməmiş, buna isə Sevilin onun böhtan atmağa meyl etməsi, düzgün həyat tərzi aparmaması olmuşdur. Təxminən 2021-ci ilin may ayında Sevil evlərinin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağlamış, it isə onun evə gedib-gəlməyinə və həyətində işlərini görməyinə mane olmuş, o da Sevillə əlaqə qurmamaq üçün təxminən may ayında qardaşı Rüfətlə həyətdə söhbət edən zaman sonuncuya Sevilə itini çəpərə bağlamamasını deməsini bildirmiş, bu vaxt əmisi oğlu Təbriz də onlarla birlikdə olmuş, həmin vaxt Sevil onları eşitdiyi üçün yaşadığı evin pəncərəsindən ona qarşı nalayiq ifadələr işlədərək həyətinin istənilən yerində itini bağlayacağını demişdir. Daha sonra onların yaşadıqları evin həyətinə gələrək sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman çox əsəbləşmiş, Sevili döymək istəmiş, lakin qardaşı Rüfətlə əmisi oğlu Təbriz Sevili tutub həyətdən çıxarıb evinə aparmışlar. O da əsəbindən “Xiomi” markalı mobil telefonunu yerə çırparaq sındırmışdır. Sevillə sonuncunun qızı Solmaz arasında da münasibətlər yaxşı olmamış, belə ki, onlar mütəmadi olaraq mübahisə etmiş və bu zaman Sevil Rüfəti çağıraraq Solmazın mübahisə yaratdığını demiş, onların mübahisələri mütəmadi hal almış və demək olar ki, nə vaxt aralarında mübahisə olsa Sevil Rüfəti çağırmışdır. Rüfətlə Solmazın münasibətləri olmuşdur. Rüfətin onların arasında olan mübahisələrə daxil olması onu çox narahat etmiş, bu səbəbdən sonuncuya Sevilin evinə getməməsini və onların arasında olan mübahisələrə qarışmamasını demiş, Sevillə Solmaz arasında olan mübahisələr onunla qardaşı Rüfətin arasında da mübahisə yaranmasına səbəb olmuş, bu söz-söhbətlərə görə qardaşı Azər yaşadıqları evdən çıxaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən məsciddə yaşamağa başlamış, sonuncu hər səhər işə getmiş, axşamlar isə məsciddə qalmışdır. O, daimi bibisi Fəridənin evinə getdiyi üçün baş verənlər barədə sonuncuya məlumat vermiş, təxminən iki həftə qabaq bibisi Fəridə onların yaşadıqları evə gələrək ondan nə baş verdiyini soruşmuş, o da baş verənləri yenidən sonuncuya danışmış və Sevilin qızı Solmazla arasında olan bütün mübahisələrdə Rüfəti çağırdığını, bu səbəbdən sonuncu ilə onun arasında da mübahisələr yarandığını demişdir. Fəridə də onunla birlikdə Sevilin baldızlarının yanına gedərək bu məsələ barədə məlumat verməklərini və onlardan kömək istəməklərini demişdir. O da bibisi ilə razılaşmış, onlar birlikdə Sevilin baldızları Sona və Sevdanın Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 6 nömrəli orta məktəbin yaxınlığında yerləşən evlərinə getmişlər. Söhbət edən zaman bibisi baş verənlər barədə Sona və Sevdaya məlumat verərək onlardan kömək istəmiş, lakin Sona Sevilin abırsız qadın olduğunu, sonuncu ilə münasibətlərinin olmadığını deyərək kömək etməkdən imtina etmiş, onlar da bu səbəbdən geri qayıtmışlar. Onlar Sona və Sevdanın evinə getdikləri üçün Sevillə qardaşı Rüfət arasında mübahisə yaranmış, sonuncu da ondan nəyə görə onların evinə getdiyini soruşduqda Rüfətə məcbur qaldığını və bu mübahisələrin sona çatması üçün bibisi ilə birlikdə onların evinə getdiyini demişdir. Daha sonra, o, evdə olan zaman Sevil yaşadığı evin pəncərəsindən baldızlarına məlumat verdiyi üçün onu nalayiq ifadələrlər təhqir etmiş, bütün bu söhbətlərdən bezdiyi üçün yaşadığı evdən çıxmış, məsciddə və bibisi Fəridənin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsində yerləşən evində qalmağa başlamışdır. 23 iyun 2021-ci il tarixdə təxminən saat 13 radələrində məsciddə olan zaman qardaşı Azər yanına gələrək Rüfətin baş verənlər barədə danışdığını deyib nəyə görə evə getmədiyini soruşmuş, o da bu söz-söhbətlərdən bezdiyi üçün evdə qalmaq istəmədiyini demiş, bu məsələlərə son qoymaq üçün Azərlə birlikdə məsciddən çıxaraq Sevilin yaşadığı evə getmişlər. Darvazadan içəri daxil olaraq qapını döymüşlər, qapını Solmaz açmış, sonuncudan anasını çağırmasını istədikdə Solmaz anası ilə danışmadığını demiş, o, sonuncudan anasını çağırmasını xahiş etmiş və daha sonra Solmaz anası Sevili çağırmış, Azər Solmaz, Sevil və o evin həyətində oturub söhbət etmişlər, lakin söhbət əsnasında Sevil Sona və Sevdanın Solmazla mobil telefon vasitəsilə əlaqə saxlayaraq sonuncuya qarşı nalayiq ifadələr işlətdiklərini deyərək onunla kobud danışmışdır. Bu səbəbdən onlar evdən çıxmışlar. Həmin vaxt Solmaz da onlarla birlikdə evdən çıxmış, lakin, o, sonuncunun hara getməsini bilməmişdir. Yolda olan zaman Azərə kiməsə görə evindən ayrı düşmək istəmədiyini demiş, daha sonra sonuncu ilə ayrılmışlar. O, bibisi Fəridənin evinə getmiş, bibisi evdə olmamış, həmin vaxt bibisinin əri Məhərrəm evdə olmuş, evdə olan zaman çox əsəbləşmiş və bu məsələyə tamamilə son qoymaq üçün təxminən 19 radələrində yenidən Sevilin evinə getmişdir. Həmin vaxt Sevil evdə tək olmuş, onların ikisindən başqa orada heç kim olmamış, Sevillə sonuncunun evinin qapısının qarşısında danışmışlar, lakin Sevil yenidən onunla kobud danışmış, bu zaman sonuncu mobil telefonla danışmaq üçün içəri keçmiş, o, əsəbindən çəpərdən öz yaşadığı evə gedərək dəqiq xatırlamır səhv etmirsə evin həyətində sanitar qovşağın yaxınlığından qəhvəyi dəstəkli bıçağı götürərək yenidən geri qayıtmışdır. Sevilin evinin qapısı açıq olmuş, onlar üzbəüz dayanmışlar. Yenidən Sevilə ailəsində söz-söhbət yaratdığını, bu söhbətlərə görə evində yaşaya bilmədiyini demiş, lakin sonuncu nalayiq ifadələrlə təhqir edərək onu evdən qovmaq istəmiş, bu zaman sağ əlində tutduğu bıçaqla Sevilin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurmuşdur. Bıçaq zərbəsi vuran zaman əli kəsilmiş, bıçağı sol əlinə götürmüş, Sevil onu evdən çölə çıxarmaq üçün həm nalayiq ifadələrlə təhqir etmiş, həm də bıçağı tutaraq müqavimət göstərmiş, Sevil həmçinin vəfat etmiş anasını da nalayiq ifadələrlə təhqir etdiyi üçün sonuncuya çoxsaylı bıçaq zərbələri vurmuşdur. Sevilə bıçaq zərbələri vura-vura evə daxil olmuş, sonuncu otaqdakı çarpayının üzərinə yıxılmış, Sevilin yıxıldığını görüb əlindəki bıçağı yerə atıb evdən çıxaraq öz evinə gəlmişdir. Əlindən qan axdığı üçün sanitar qovşaqda yarısına qədər su ilə dolu olan dəmir vedrə ilə əlini yumuş, həyətdəki əski parçası ilə əlini sarımış və evdən çıxaraq bibisi Fəridənin evinə getmişdir. Yolda olan zaman əski parçasını atmış, lakin hara atdığını xatırlamamışdır. Bibisinin evinə çatdıqda evdən şəxsiyyət vəsiqəsini götürərək çıxmış, həmin vaxt evdə olan bibisinin əri Məhərrəm ondan nə baş verdiyini soruşsa da, sonuncuya hər hansı məlumat verməmişdir. Daha sonra taksi ilə dayısı oğlu Rövşənin Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən ünvanını dəqiq xatırlamadığı evinə gəlmiş, lakin yolda olanda şəxsiyyət vəsiqəsini də itirmişdir. Rövşənlə binanın həyətində qarşılaşmışdır. Rövşən ondan nə baş verdiyini soruşduqda sonuncuya adam öldürdüyünü demiş və Rövşənlə birlikdə Sumqayıt şəhər polis idarəsinə gələrək təslim olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 göstərdi ki, Təqsirləndirilən şəxs qapı qonşuları olmuş, Ağabəyin kiçik qardaşı Rüfətlə anasının ölümündən sonra evlənmişdir. Rüfət hadisədən əvvəl mütəmadi olaraq onların evinə gedib-gəlmişdir. Atası öldükdən sonra Ağabəyin onlarla münasibətləri soyumuşdur. Təxminən 2021-ci ilin may ayında anası Sevil yaşadıqları evin çəpərinə it bağlamış, sonuncunun çəpərə it bağlaması Ağabəyi çox narahat etmiş, bir dəfə Ağabəylə Rüfət yaşadıqları evin həyətində bu barədə söhbət edən zaman anası onları eşitmiş və pəncərədən qışqıraraq Ağabəyə iti həyətin hansı hissəsinə istəyirsə oraya bağlayacağını bildirmişdir. Daha sonra anası onların evinə gedərək Ağabəyi nalayiq ifadələrlə təhqir edərək həyətlərində olan dəmir vedrəni əzmişdir. Bu hadisədən sonra anası ilə Ağabəyin münasibətləri daha da pisləşmiş, təxminən 2 həftə qabaq Ağabəy bibisi Fəridə ilə birlikdə onun bibiləri Sona və Sevdanın yaşadığı evə gedərək orada anasının Ağabəyi təhqir etdiyini və sonuncunun evində söz-söhbət yaratdığını demiş, bu səbəbdən bibiləri əsəbləşib onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Ağabəy və qardaşlarının nəyə görə evlərinə gəlib-getdiklərini soruşmuşdur. Anasının bibilərilə münasibətləri yaxşı olmadığı üçün Ağabəyin onların evinə gedərək ailə söhbətləri barədə məlumat verməsi anasını əsəbləşdirmiş, bu səbəbdən anası ilə Rüfət arasında Ağabəyin bibilərinin evinə getməsi üstündə mübahisə yaranmış, hətta tarixi dəqiq xatırlamır bir dəfə anası yaşadıqları evin pəncərəsindən Ağabəyə nəyə görə bibilərinin yanına getdiyini deyərək sonuncunu təhqir etmişdir. 23 iyun 2021-ci il tarixdə təxminən saat 18 radələrində evdən çıxmış, evdən çıxan zaman Ağabəy və sonuncunun ortancıl qardaşı Azərlə qapıda qarşılaşmışdır. Ağabəy ona anası ilə danışmaq istədiyini demiş, ona anası Sevili çağırmağını bildirmiş, o, anası ilə Ağabəyin danışmasını istəmədiyi üçün sonuncuya anası ilə küsülü olduğunu demiş, lakin Ağabəy təkidlə anası ilə danışmaq istədiyini dediyi üçün məcbur qalaraq anasını çağırmış və dördü onların yaşadıqları evin həyətində söhbət etməyə başlamışlar. Söhbət əsnasında Ağabəy aralarında olan söz-söhbətlərə son qoymaq istədiyini demiş və anasına birlikdə bibilərinin yanına gedərək danışmaqlarını bildirmişdir. Lakin anası Ağabəyə bu söhbəti bağlamasını və çıxıb getməsini demiş, sonuncu və Azərlə birlikdə o da evdən çıxmışdır. Lakin evin qarşısında Ağabəylə Azər tam uzaqlaşana qədər gözləmiş, çünki Ağabəyin geri qayıdaraq yenidən anası ilə mübahisə etməsindən qorxmuş, onların getməsindən əmin olduqdan sonra Sumqayıt şəhərinə getmiş, təxminən saat 19 radələrində evə qayıtmış, evin qapısının açıq olduğunu görüb evə daxil olduqda anasının qanlar içərisində otaqda olan yatağın üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Qorxduğu üçün qışqırmağa başlamış, səsinə ətrafdakı qonşular gələrək “DİN” 102 xidmətinə məlumat vermişlər və daha sonra anasının Ağabəy tərəfindən öldürüldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onların qapı qonşuları olmuşdur. Sevilin qızı Solmazla hadisədən sonra o, evlənmişdir. X14 ilə münasibəti olmamışdır. 2021-ci ilin may ayında Sevilin kiçik oğlu Yunus evləri arasında olan dəmir çəpərin onların həyətinə düşən hissəsinə it bağlamış, həmin çəpərin hündürlüyü təxminən bir metr olmuş, itin ora bağlanmağı Ağabəyi narahat etmiş, tarixi dəqiq xatırlamır bir dəfə Ağabəy ondan Sevilin həmin iti çəpərdən açmasını deməyini istəmiş, bu vaxt əmisi oğlu Təbriz də onlarla birlikdə olmuş, həmin vaxt Sevil onları eşitdiyi üçün yaşadığı evin pəncərəsindən Ağabəyə qarşı nalayiq ifadələr işlədərək həyətinin istənilən yerində itini bağlayacağını demiş, daha sonra onların yaşadıqları evin həyətinə gələrək sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və Ağabəyə qarşı nalayiq ifadələr işlətməyə başlamış, bu zaman Ağabəy də çox əsəbləşmiş, buna görə də, o, əmisi oğlu Təbriz ilə birlikdə Sevili tutub həyətdən çıxararaq öz evinə aparmışlar. Ağabəy həmin gün əsəbindən “Xiaomi” markalı mobil telefonunu yerə çırparaq sındırmışdır. Həm Azərin, həm də Ağabəyin Sevillə münasibətləri yaxşı olmadığından onlar sonuncu ilə münasibətini kəsməyini və evinə getməməyini tələb etmişlər, o isə uşaqlıqdan münasibətdə olduğunu deyərək qardaşlarının tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən bir neçə ay qabaq Azərlə onun arasında mübahisə yaranmış və sonuncu yaşadıqları evdən çıxıb getmişdir. Azər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən məsciddə qalmağa başlamış, onun həmçinin Ağabəylə də münasibətləri soyuq qalmış, bu səbəbdən təxminən iki həftə qabaq Ağabəy bibisi Fəridə ilə birlikdə Solmazın bibiləri Sona və Sevdanın yanına gedərək bu məsələ barədə onlara məlumat vermiş, bu səbəbdən Solmazla bibiləri arasında da münasibətlər pozulmuş, onlar Solmazla onun münasibətinin olması səbəbindən mübahisə etmişlər, bibiləri Solmazın onunla münasibətinin olmasını pozğunluq kimi qiymətləndirmişlər. Sevilin ümumiyyətdə baldızları ilə münasibəti olmamış, o da bütün bunları öyrəndikdən sonra Ağabəydən nəyə görə Solmazın bibiləri ilə danışdığını soruşduqda qardaşı ona Sevilin təhqir etdiyi və onların arasında mübahisələrə səbəb olduqları üçün belə hərəkət etdiyini demişdir. Onların Ağabəylə aralarında yaranan mübahisə nəticəsində sonuncu yaşadıqları evdən çıxıb getmiş, Ağabəyin harada qalmasından məlumatsız olmuş, bu məsələdən sonra bir dəfə sonuncu ilə yenidən söhbət etdikdə Ağabəyə bu məsələlərə son qoymayana kimi sonuncunu bağışlamayacağını demiş və Ağabəy yenidən evdən çıxıb getmiş, həmin gündən sonra Ağabəyi görməmişdir. 23 iyun 2021-ci il tarixdə təxminən saat 18 radələrində işdə olan zaman Sevil zəng edərək Ağabəyin sonuncunun evinə gələrək söhbət etdiyini deyərək ondan qardaşı ilə barışmağını tələb etmiş, daha sonra aralarında hər hansı danışıq olmamışdır. Təxminən saat 20 radələrində işdən çıxan zaman Solmaz ona zəng etmiş, sonuncu telefonda qışqıraraq anası Sevilin özünü öldürdüyünü demiş, o, dərhal taksi ilə onların yaşadığı evə getdikdə Sevilin qanlar içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu, hüquq mühafizə orqanı əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları onu bölməyə aparmış və orada Sevilin qardaşı Ağabəy tərəfindən öldürüldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1la oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğludur. 23 iyun 2021-ci il tarixdə təxminən saat 21 radələrində idmandan qayıdan zaman Ağabəylə yaşadığı evin həyətində qarşılaşmış, sonuncu ilə görüşdükdən sonra əhvalının yaxşı olmadığını, paltarlarının toz olduğunu görmüş, Ağabəyin gözləri dolmuş və ağlamağa başlamış, sonuncudan nə baş verdiyini soruşduqda Ağabəy ona adam vurduğunu demiş, o, sonuncuya necə adam vurduğunu dedikdə Ağabəy qonşusunu bıçaqladığını və təslim olmaq istədiyini bildirmişdir. Lakin Ağabəy ona bıçaqladığı şəxsin qohumlarından qorxduğunu deyərək ondan sonuncu ilə birlikdə polis idarəsinə getməyini xahiş etmiş, o da Ağabəyi tək qoymamaq üçün sonuncu ilə birlikdə markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Sumqayıt şəhər polis idarəsinə getmiş və Ağabəy polis əməkdaşlarına törətdiyi əməli deyərək təslim olmuşdur. Məhkəmədə elan olunaraq tədqiqi edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Zərərçəkmiş şəxs tanıyır. Onlarla qapı qonşu olmuşlar, belə ki, o, ailə həyatı qurana qədər ünvan 1 ünvanında yaşamış, ailə həyatı qurduqdan sonra həmin ünvandan köçmüş, lakin mütəmadi olaraq ata evinə gedib gəldiyindən Sevil və ailəsi ilə münasibətləri olmuşdur. Lakin daha sonra Ağabəylə Sevilin münasibətləri pozulmuş, lakin onların münasibətlərinin hansı səbəbə pozulduğunu əvvəl bilməmişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında qardaşı oğlanlarına baş çəkmək üçün onların evinə getmiş, evə çatdıqda Ağabəyin divanda uzandığını və vəziyyətinin yaxşı olmadığını görmüş, sonuncudan nə baş verdiyini soruşduqda əli ilə Sevilin yaşadığı evi göstərərək sonuncuya görə evlərində rahat yaşaya bilmədiklərini demiş, belə ki, Ağabəy ona Sevilin yaşadığı evdə çəpərə it bağladığını, çəpər qısa olduğu üçün itdən qorxduğunu, sonuncudan iti oradan açmağı tələb etdikdə isə Ağabəyi nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Bundan başqa X6 arasında mübahisələr yarandığını, həmin mübahisələr baş verən zaman həm gündüz, həm də gecə vaxtı Rüfəti çağırdıqlarını, onları narahat etdiklərini, Rüfətə Sevilin evinə getməməsini dediyi üçün qardaşı ilə də arasında mübahisələr yarandığını demişdir. O, Sevilin baldızları Sona və Sevdanı tanıdığı üçün Ağabəyi də götürüb onların Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbin yanındakı evlərinə getmiş, orada Ağabəy Sevda və Sonaya da ona dediklərini deyərək Sevilin yaşadığı evdə çəpərə it bağladığını, çəpər qısa olduğu üçün itdən qorxduğunu, sonuncudan iti oradan açmağı tələb etdikdə Ağabəyi nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Bundan başqa X6 da münasibətlərinin pis olduğunu, mütəmadi olaraq mübahisə etdiklərini, hər dəfə mübahisə etdikdə isə Ağabəyin qardaşı Rüfəti çağırdığını deyərək bu məsələdən çox narahat olduğunu bildirmiş, Ağabəy Sevilin nə vaxt Solmazla mübahisə etsələr Rüfəti həm gündüz vaxtı, həm də gecə vaxtı evlərinə çağırdığını, bu səbəbdən qardaşı ilə aralarında problemlər yarandığını demiş, lakin Sona və Sevda onların Sevillə münasibətlərinin olmadığını deyərək bu məsələdə köməklik edə bilməyəcəklərini bildirmişlər. Onlar geri qayıtmışlar. Yolda olan zaman Ağabəyə evdən paltarlarını götürüb onun yanında qalmasını demiş, sonuncu da onun dediyi kimi etmiş və bəzi vaxtlar gəlib onun evində qalmışdır. 22 iyun 2021-ci il tarixdə Sevil ona zəng etmiş və kobud danışaraq nəyə görə baldızları ilə danışdıqlarını demiş, o da sonuncunu sakitləşdirərək xətrinə dəyəcək hər hansı hərəkət etmişsə üzr istədiyini bildirmişdir. Daha sonra heç nə danışmamışlar. 23 iyun 2021-ci il saat 21 radələrində işlədiyi N saylı hərbi hissədə olan zaman oğlu Elvin ona zəng edərək Ağabəyin Sevili öldürdüyünü bildirmişdir. (Cild 1, iş vərəqləri 140-143) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 26 nömrəli fərdi yaşayış evidir. Yaşayış evi bir mərtəbəli fərdi tikilidir. Ev daş hasarla əhatələnmişdir. Giriş qapısı dəmir materialdandır. Qapı çölə doğru açıq vəziyyətdədir. Yaşayış evinin iki girişi vardır. Həyətə daxil olduqda qarşıda evin əsas girişidir. Giriş qapısı ağ rəngli taxta materialdandır. Qapının hündürlüyü 2,30 m, eni isə 60 sm-dir. Qapının qarşısında 3 pilləli pilləkan vardır. Qapı içəri doğru açılmış vəziyyətdədir. Qapı evin qonaq otağına açılır. Otağın eni 6 m, uzunluğu 5 m, hündürlüyü isə 2,70 m-dir. Otağın döşəməsi qəhvəyi rəngli taxta materialdandır. Qonaq otağında sol küncdə bir ədəd yataq vardır. Yatağın üzərində Zərərçəkmiş şəxs meyiti aşkar edildi. Qonaq otağında 01 ədəd qəhvəyi rəngli dəstəyi olan bıçaq aşkar edildi. Bıçaq müvafiq qaydada götürülərək qablaşdırıldı. Qonaq otağında həmçinin qanabənzər ləkələr aşkar edildi. Qanabənzər ləkələr müvafiq qaydada pambıq tampona hopdurulmaqla götürülərək qablaşdırıldı. Evin digər girişində giriş qapısı tünd çəhrayı rəngli dəmir materialdandır. Qapının eni 90 sm, hündürlüyü 1,90 m-dir. Qapı çölə doğru açılmış vəziyyətdədir. Qapının qarşısında beş pilləli pilləkan vardır. Qapı evin qonaq otağına açılır. Otağın uzunluğu 10 m, eni isə 3 m-dir. Otağa daxil olduqda sol tərəfdə 02 ədəd kreslo və kresloların ortasında 01 ədəd divan vardır. Otağa daxil olduqda qarşıda divara televizor bərkidilmişdir. Otaqda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilmədi. Evin mətbəxinə daxil olduqda sol tərəfdə 01 ədəd stul, sağ tərəfdə isə boz rəngli paltaryuyan maşın vardır. Stulun üzərində 01 ədəd elektrik pilitəsi, pilitənin üzərində isə çayniklər var. Mətbəxdə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilmədi. Yataq otağının eni 5 m, uzunluğu 4 m-dir. Otaqda iki ədəd yataq var. Yataq otağında iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilmədi. Baxış keçirilən zaman hadisə yerindən götürülmüş cinayətin törədilməsi ehtimal olunan qəhvəyi rəngli dəstəyi olan bıçaq 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və sonuncu bıçağı tanıyaraq cinayəti həmin bıçaqla törətdiyini etiraf etmişdir. (Cild 1, iş vərəqləri 3-4, 66-68) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 iyun 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih stolu üzərində qadın meyiti olub, əynində aşağıdakı paltarlar vardır: qolsuz xalat- sarı, qırmızı, yaşıl güllüdür, öndən seplə bağlanıb-açılandır, sol çiyin, döş nahiyəsinə uyğun 12 ədəd parça deffekti vardır, sepdən 5 sm solda 4 ədəd, sağda 2 sm sepdən sağa parça deffekti, sağ cib nahiyəsində, qarındakı yaraya uyğun 1 ədəd parça deffekti vardır, ölçüləri 1,3 smdən 2,5 sm-ə qədərdir, kənarları qanlıdır. Saplar eyni səviyyədə kəsilmişdir. Ağ, tünd- göy, sarı zolaqlı trusik-zədəsizdir. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 157 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi zəif olub, bədənin arxa və yan səthini əhatə etməklə göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 10 saniyədən sonra əvvəlki rəngi bərpa olunur. Baş tükləri qara rəngdədir, uzunluğu 32 sm-ə qədərdir. Başında xəsarət yoxdur. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Ağzı bağlıdır, dişləri özünündür. Ağız və burun dəliklərinin ətrafı təmizdir. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Boynun ön səthinin sol yarısında orta hissədə 13 ədəd, boynun sol arxa yuxarı hissəsində 3 ədəd yara vardır, kənarları hamardır, bir bucağı iti, digəri isə kütdür. Yaralar bir-birinə paralel və kəsəndir. Boynun sol yan orta hissədəki yara kanalı boyunca dəri, dərialtı toxuma, dərialtı əzələ, ön vidaçi vena, döş dilaltı əzələ, yuxarı qırtlaq arteriyası zədələnmişdir. Sol bazu oynağının ön səthində 1 ədəd, sağ körpücükaltı nahiyədə 1 ədəd, sağ döş giləsinin sol kənarında 1 ədəd, döş vəzisinin iç aşağı kvadratında 2 ədəd, döş sümüyü üzərində 1 ədəd, sol döş vəzisində 2 ədəd, sol qoltuqaltı nahiyədə 4 ədəd, qarnın ön səthində 1 ədəd, sol bazunun aşağı 1/3-də 2 ədəd, bayır səthinin orta 1/3-də 2 ədəd, sol saiddə 2 ədəd, sol dirsəkdə 2 ədəd, sol əlin üstündə 4 ədəd, sağ saidin arxa səthinin orta 1/3-də 1 ədəd (cəmi 42 ədəd) deşilmiş-kəsilmiş yara vardır, kənarları hamardır, bir bucağı iti, digəri isə kütdür, tünd qırmızı qansızmalıdır. Döş qəfəsinin sol ön səthindəki yaralardan 2-si döş boşluğuna keçir. Qarnın ön səthindəki yaradan nazik bağırsaq və müsariqəsi bayıra çıxmışdır. Yaraların ölçüsü 1,3x0,5 sm-dən 3,8x0,6 sm-ə qədərdir. Qarnındakı yara kanalı boyunca qarnın düz qəfəsi silindrikdir, simmetrikdir. Qabırğalarda patoloji hərəkətlilik yoxdur. Qarnı döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir, doğmuş qadına məxsusdur. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri tamdır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. (Cild 1, iş vərəqləri 14-18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən meyitin məhkəmə-tibb ekspertizasına dair 02 avqust 2021-ci il tarixli, 72 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: boynun sol yan orta hissəsinin vidaci vena və qırtlaq arteriyasını zədələyən yarası, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd döş boşluğuna keçərək sol ağciyəri və ürəyi zədələyən deşilmiş-kəsilmiş yarası, qarnın ön səthinin qarın boşluğuna keçərək nazik bağırsağı və müsariqəsini zədələyən yarası, boynun 15 ədəd, sol bazu oynağının 1 ədəd, sağ körpücükaltı nahiyənin 1 ədəd, sağ döş giləsinin sol kənarında 1 ədəd, döş vəzisinin iç aşağı kvadratında 1 ədəd, sol döş vəzisində 1 ədəd, döş sümüyü üzərində 1 ədəd, sol qoltuqaltı nahiyədə 4 ədəd, sol bazunun aşağı 1/3-də 2 ədəd, bayır səthinin orta 1/3-də 2 ədəd, sol saiddə 2 ədəd, sol dirsəkdə 2 ədəd, sol əlin üstündə 4 ədəd, sağ saidin arxa səthinin orta 1/3-də 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 42 ədəd). Qeyd olunan xəsarətlər həyatidirlər, iti ucu, iti ülgücü və qabırğaları özlərini zəif biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla qərarda göstərilən tarixə, yəni, xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə boynun vena və arteriyanı zədələyən 1 ədəd yarası, döş qəfəsinin 2 ədəd ürəyi və ağciyəri zədələyən yaraları, qarnın ön səthinin qarın boşluğuna keçərək nazik bağırsağı və bağırsaq müsariqəsini zədələyən yarası həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Meyitin bədəni üzərində olan digər yaralar (38 ədəd) yara canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən zərər yetirənlə üzbəüz, yan-yana və s. qarşılıqlı vəziyyətdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu yuxarıda göstərilən xəsarətlər nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 176-184) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əlavə məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair 24 noyabr 2021-ci il tarixli, 02/72 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb boynun vena və arteriyanı zədələyən 01 ədəd yarası, döş qəfəsinin 02 ədəd ürəyi və ağciyəri zədələyən yaraları, qarnın ön səthinin qarın boşluğuna keçərək nazik bağırsağı və bağırsaq müsariqəsini zədələyən 01 ədəd yarası nəticəsində baş vermiş qanitirmə olmuşdur. (Cild 2, iş vərəqləri 63-68) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 25 iyun 2021-ci il tarixli, 759 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ əlin ovuc səthində İ-İİ barmaqarası nahiyədə 1 ədəd, sol əlin ovuc səthinin 2 ədəd yarası, sağ saidin aşağı 1/3-nin 2 ədəd sıyrığı. Qeyd olunan xəsarətlərdən sağ əlin ovuc səthində İ-İİ barmaqarası nahiyədə 1 ədəd, sol əlin ovuc səthinin 2 ədəd yarası kəsici kənarlı alətlə, ola bilsin ki, özü tərəfindən qərarın təsviri hissəsində göstərilən şəraitdə mərhum Zərərçəkmiş şəxs bıçaq zərbələri vurarkən əmələ gəlmişdirlər. Sağ saidin aşağı 1/3-nin 2 ədəd sıyrığı küt əşya təsirindən törənmişdir, ola bilsin ki, mərhum tərəfindən özünü müdafiə zamanı yetirilmişdir. Xəsarətlərin müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcələrinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. (Cild 1, iş vərəqləri 161-163) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən materialların məhkəmə ekspertizasının 23 iyul 2021-ci il tarixli 6/2707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin; Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd xalatın, 01 ədəd alt tumanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd xalatın səthi üzərində aşkar edilmiş tünd göy rəngli təbii pampıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 164-171) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının 30 avqust 2021-ci il tarixli 328/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalatın ön hissəsinin sol-yuxarı nahiyəsində on beş ədəd, xalatın ön hissəsinin sağ nahiyəsində beş ədəd və xalatın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. Bu zədələri yaradan alətin daxil olma səviyyəsində eni 3,8 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: xalatın demək olar ki, bütün səthi boyu, tumanın ön hissəsində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: şalvarın sağ ayağının ön hissəsində, köynəyin ön hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: bıçağın demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 207-212) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizasının 19 avqust 2021-ci il tarixli 492/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus xalat, tuman, hadisə yerindən götürülmüş bir ədəd bıçaq və 04 ədəd pambıq çubuq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 213-217) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 2793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman və ondan əvvəl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 73-75) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmə prosesində təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni çoxlu sayda xəsarətlər yetirməklə ona qarşı son dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirməsi onun əməlində onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləndirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqi 11) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmuş, 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 25 iyun 2021ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmış və o, fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 11, 117-118) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 23 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd xalat və 01 ədəd alt tumanı, eləcə də hadisə yerindən götürülmüş hadisənin törədildiyi 01 ədəd qəhvəyi dəstəkli bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd xalat və 01 ədəd alt tumanı, eləcə də hadisə yerindən götürülmüş hadisənin törədildiyi 01 ədəd qəhvəyi dəstəkli bıçaq məhv edilsin. X8 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-158/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-158/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver