Məhkəmə qərarları › İş №1(124)-16/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-16/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-16/2022 27.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, 06 dekabr 1981-ci ildə Qazaxıstan Respublikasının, Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda yəni, 100.000 manat məbləğində pulunu əldə etmək məqsədi və tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda öz telefonuna çəkib “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 01 oktyabr 2020-ci il tarixdən Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək 50.000 manat məbləğində pul tələb edib 15 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında Zərərçəkmiş şəxs2 tələb etdiyi 50.000 manat məbləğində pulu alıb hədə-qorxu ilə ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda öz telefonuna çəkib “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 27 fevral 2021-ci il tarixdə telefon vasitəsi ilə Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 yenidən hədə-qorxu gələrək onlardan əlavə 50.000 manat məbləğində pulu, ümumilikdə külli miqdarda yəni, 100.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə tələb edib hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan ittiham üzrə özünü qismən CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxslərdən 50 min manat almış, 5 ay sonra yenidən əlaqə saxlayaraq pul istəmişdir. Özünü 50 min manata münasibətdə təqsirli bilir. Zərərçəkmiş şəxsi məktəbdən tanımış, Ülkərlə münasibəti olmuşdur. Gənc vaxtlarında Ülkərlə evlənməkdən ötrü evini satmışdır. O vaxt Ülkər ona demişdir ki, Bakıdan ev al yoxsa başqasına ərə verəcəklər. Bakı şəhərində ev ala bilmədiyi üçün pulu batmışdır. 2019-cu ildə Ülkərlə sosial şəbəkə vasitəsi ilə ünsiyyət qurmuş, onların münasibəti yaranmışdır. Onlar cinsi əlaqədə olmuşlar, Ülkər ona intim şəkillərini göndərmişdir. Daha sonra Ülkərə onun intim şəkillərini ərinə göstərəcəyini onu rüsvay edəcəyini bildirmiş, buna görə Ülkərin atası ilə görüşərək ondan 50000 manat pul istəmiş, Ülkərin atası Telman evini sataraq 50 min manat pulu ona vermişdir. Pulu verməsəydi hamı Ülkərlə bir yerdə olmalarını biləcəkdi. 50 min manatı aldıqdan sonra Telmanın onu sosial şəbəkədə izlədiyini görmüş, onu vhatsappda izlədiyinə görə yenidən Telmana zəng edərək, 2-ci dəfə 50 min manat pul istəmişdir. Telman pulu verməyəcəyini ona bildirmişdir. Telmana hamının qızı ilə birlikdə olduğunu biləcəyini, onları rüsvay edəcəyini demişdir. 2-ci dəfə zəng edərək, yenə 50 min manat istəmiş, Telmanla 1-ci dəfə görüşdükləri yerdə yenidən görüşmüşlər. 50 min manat pul istəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə orta məktəbdən tanış olmuş, Ülkər ondan bir sinif yuxarı oxusa da, sonuncu ilə sevgi münasibətlərində olmuşdur. Sonradan münasibətləri universitet dövründə də davam etmişdir. Həmin ərəfələrdə o, avtoxuliqanlıq etdiyinə görə iki günlük tutub saxlanılmış, lakin cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sonradan Ülkər və ailəsi bunu eşitmiş, ona görə də Ülkər ona demişdir ki, ailəsi onunla ailə həyatı qurmağına razı deyildir. Belə olan halda onlar ayrılmış və hər biri başqa başqa adamlarla ailə həyatı qurmuşlar. Təxminən 2019-cu ilin əvvəllərində dəqiq xatırlamadığı “Odnoklasniki” və ya “instaqram” sosial şəbəkəsində görmüşdür ki, Ülkər onun şəbəkə hesabına girib baxıb. Bundan sonra o, “Veliyev Rauf 808” adlı instaqram sosial şəbəkə hesabı vasitəsi ilə Ülkərin “Ulkar_Abdulrzayeva” adlı hesabını tapıb sonuncuya mesaj göndərmiş, Ülkər də cavab yazdıqdan sonra onlar danışmağa başlamışlar. Onların danışıqları təxminən 4-5 ay sonra görüşmələri ilə nəticələnmişdir. İlk görüşdə Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında yerləşən otelə gedib intim münasibətdə olmuşlar. Bundan sonra Xırdalan qəsəbəsində yerləşən oteldə də bir neçə dəfə görüşmüşlər. O yalandan Ülkərə kriminal aləmin üzvləri ilə yaxınlığından danışmış, belə danışmağa məqsədi Ülkərin belə adamlardan xoşu gəldiyini hiss etməsi olmuşdur. Lakin əslində o, qab-qacaq satan sıradan bir ticarətçidir. Onun xahişi ilə Ülkər bütün bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. O, Ülkərə şəkilləri sildiyini desə də, əslində silməmişdir. 2020-ci ilin əvvəllərində pandemiya dövründə Ülkərlə görüşə bilmədiyindən qərara almışlar ki, bir daha görüşməsinlər. 2020-ci ilin sentyabr ayının sonunda ona təcili pul lazım olduğuna görə qərara gəlmişdir ki, hədə-qorxu gəlməklə Ülkərin atası Telmandan pul alsın. Bundan başqa həmin hərəkətlə Telmandan onu Ülkərlə ayırdığına görə qisas da ala bilərdi. Bu məqsədlə Ülkərə demişdir ki, gəl sonuncu dəfə görüşək. Ülkərlə 01 oktyabr 2020-ci ildə sonuncunun işlədiyi məktəbin yaxınlığında özünə məxsus Renault markalı avtomobildə görüşmüş, bu zaman Ülkərə demişdir ki, gedib atasına, anasına desin ki, onların arasında intim münasibətləri olub və nömrəsini atasına versin ki, o, atası ilə danışıb bu işi tamamlasın, əks halda münasibətləi barədə hamının və Ülkərin ailə üzvlərinin məlumatı olacaq. O, bu işlər üçün Ülkərə oktyabr ayının 3-nə kimi vaxt vermişdir. 03 oktyabr 2020-ci il tarixdə Ülkərin atası Telman ona zəng etmiş və o, Telmanı həmişə yemək yediyi Novxanı qəsəbəsində yerləşən “Alfa” restoranına dəvət etmişdir. Telmanın oraya gəlməsi üçün tanış taksi sürcüsü Rüfətdən xahiş etmişdir ki, Telmanın qarşısına çıxıb restorana gətirsin. Telman gəlib çıxdıqdan sonra onlar restoranın həyətində oturmuşlar. O Telmana yalandan kriminal aləmlə sıx əlaqələrindən danışmış və qızı Ülkərin onda intim şəkillərinin, mesajlarının olduğunu demişdir. Telman ondan nə istədiyini soruşanda o, bu işin həlli, yəni materialları məhv edilməsi və heç kimə yaymaması üçün 50.000 manat pul istəmiş, Telman pulunun olmadığını dedikdə o, qızı ilə bağlı bütün materailların hamıya yayılacağını deyib hədə-qorxu gəlmişdir. Telmanın Xırdalan şəhərində evinin olduğunu bildiyindən demişdir ki, get evini sat gətir, mənə qızını o vaxtı verməmisən, mən əziyyət çəkmişəm sən də indi əziyyət çək. Telman da fikirləşərəm deyib getmişdir. O, Telmana 15 gün vaxt vermişdir. Sonradan Ülkərə pulla bağlı tələsmələrini və yaxud materailları yayacağımla bağlı hədə-qorxular gəlməyə telefonda Votsap proqramı vasitəsi ilə davam etmişdir. Telman da onunla gəlib görüşüb dediyi pulu verəcəyini, lakin bundan sonra bir daha bu söhbətlərin təkrarlanmasını istəmədiyi demiş, o da Telmana söz vermişdir ki, pulu versə bir daha bu söhbət təkrarlanmayacaq. Həmin ərəfə də Ülkər instaqram hesabınıı sildikdə Vatsap sosial tətbiqi vasitəsi ilə Ülkərin əvvəldən ona göndərmiş oduğu paltarsız şəkillərini təzədən özünə göndərərək bildirmişdir ki, “elə bilirsən hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam”. Bundan sonra Ülkərgil qorxmuşlar və 2020-ci ilin oktyabr ayının 15-də Telman ona zəng edib bildirmişdir ki, pulu hazır edib. Həmin gün Telmanla Novxanı qəsəbəsində yerləşən “Alfa” restoranında ikilikdə görüşmüşlər. Telman orada ona 50.000 manat pul vermiş, o da pulu götürüb materialları məhv edəcəyinə və bir daha Telmangili narahat etməyəcəyinə söz vermişdir. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin fevral ayında ona yenidən pul lazım olmuşi, başqa çarə tapa bilmədikdə qərara gəlmişdir ki, yenidən Ülkərə və atasına hədə-qorxu gəlib onlardan pul tələb etsin. Bu məqsədlə 27 fevral 2021-ci ildə Telmana zəng etmiş, daha sonra taksi sürücüsü olan tanışı Rüfətə yalandan demişdir ki, Telman ona pul borcludur, zəng edib Alfa restoranına görüş təyin etsin, o da gələcək. 01 mart 2021-ci il tarixdə saat 14 radələrində Rüfət ona zəng edib demişdir ki, Telman yanındadır. Onlar telefonla Telmanla danışanda demişdir ki, ona yenidən 50.000 manat pul verməlidir, yoxsa qızı Ülkərə aid məlumatları və materialları yayacaq. Telman da ona söz verdiyini xatırlatmış, lakin o, yenə sözündən dönməyib pul tələb etməyə davam etmişdir. Ondan bir-iki gün sonra eyni restoranda oturub Telmana zəng etmiş, sonuncu zəngə cavab vermədikdə o, Rüfətə Telmanın yaşadığı evin yerini izah edib oraya göndərmişdir ki, Telmanı evlərindən götürüb restorana gətirsin. Rüfət də gedib Telmanla danışanda sonuncu gəlməkdən imtina etmiş, o da Telmana telefonla danışdıqda hədə-qorxu ilə pulu tələb etməyə davam etmişdir. Təxminən bir gün sonra Telmana demişdir ki, 50.000 manat pulu yoxdursa, 10.000-15.000 manat versin məsələni həll etsin. Lakin Telman verməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla orta məktəbdə birlikdə oxumuş, yaşca eyni yaşda olsalar da Rauf ondan bir sinif aşağı oxumuşdur. Məktəbi bitirdikdən sonra universitet dövründə də onların sevgi münasibətləri mövcud olmuş, ailə həyatı qurmaq istəmişlər. Təxminən 2002-ci ilin yay aylarında Rauf avtomobildən oğurluq etdiyinə və polisə müqavimət göstərdiyinə görə tutulmuşdur. Raufun avaraçılığa meyilli həyat tərzi sürməsi səbəbindən ondan ayrılmaq qərarına gəlmiş, sonuncu görüşdə valideynlərinin onların ailə qurmağına razı olmadıqlarını bildirmişdir. Rauf da əsəbiləşib demişdir ki, bir neçə il sonra qarşına çıxıb bunların əvəzin ondan çıxacaqdır. 2019-cu ilin əvvəllərində onun İnstaqram sosial şəbəkə hesabına “Veliyev Rauf 808” hesabından yazılı mesaj gəldikdə Rauf tərəfindən yazıldığını bilmiş, Raufa cavab yazmasından sonra onunla yenidən danışmağa başlamışdır. Onların danışıqları təxminən 4-5 ay sonra görüşmələri ilə nəticələnmişdir. Belə ki, ərindən xəbərsiz 2019-cu ilin yaz aylarında Raufla ilk görüşdə otelə gedib intim münasibətdə olmuşdur. Raufun təkidli xahişlərindən sonra o, bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. Lakin şəkilləri göndərəndən və Rauf baxandan sonra silirdi ki, şəbəkənin yaddaşında onun şəkilləri qalmasın. Rauf da şəkilləri sildiyini demişdir. 2020-ci ilin əvvəllərində pandemiya dövründə Raufla görüşə bilmədiyindən qərar almışlar ki, bir daha görüşməsinlər. 2020-ci ilin sentyabr ayının sonunda Rauf ona demişdir ki, gəl sonuncu dəfə görüşək. Onlar işlədiyi orta məktəbin yaxınlığında Raufla 01 oktyabr 2020-ci ildə sonuncuya məxsus avtomobildə görüşmüş, bu zaman Rauf ona demişdir ki, gedib atasına və anasına desin ki, onların arasında intim münasibətləri olub, nömrəsini də atası Telmana verməlidir ki, onlar danışıb bu işi tamamlasınlar. Əks halda onların münasibətləri barədə hamının və ailə üzvlərinin məlumatı olacaq. O, buna etiraz edəndə Rauf ona daha artıq hədə-qorxular gəlməyə başlamışdır ki, o Raufun bu sözləri ciddiliklə dediyini anlamışdır. Rauf 03 oktyabr 2020-ci il tarixədək vaxt verdiyindən o, atasa məlumat vermişdir. 03 oktyabr 2020-ci ildə atası X12 qəsəbəsində restoranda görüşmüş və Rauf atasına onun barəsində çoxlu rüsvayedici şəkillərin və videoların olduğunu, həmçinin keçmişdəki söhbətlərə görə əvəz çıxdığını, həmçinin 50.000 manat pul verilməsə bütün baş verənləri və materialları yayacağı ilə hədə-qorxu gəlmişdir. O, bu barədə atasından eşitdikdən sonra instaqram hesabını silmişdir. Rauf oktyabr ayının 15-dək atasına vaxt qoymuşdur. Rauf həmin intim şəkillərinin onda olmasında əmin etmək üçün Vatsapp sosial tətbiqi vasitəsi ilə onun əvvəldən ona göndərmiş olduğu paltarsız şəkillərini yenidən özünə göndərmişdir. Rauf bildirmişdir ki, “elə bilirsən hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam”. O, yenə də Vatsapla gələn şəkilləri və Raufun mesajını silmişdir. Atası Telman məcbur olub Xırdalan şəhərində yerləşən yeni tikilmiş binada iki otağa düzəlmiş təmirli evi 50.000 manata yaxın məbləğə satıb pulun üstünü düzəldib Raufla Novxanıda restoranda görüşüb vermişdir. Rauf pulu aldıqdan sonra bir daha bu söhbətlərin təkrar olunmayacağı barədə vəd vermişdir. Bundan sonra həqiqətən də Rauf bir müddət onları narahat etməmişdir. 27 fevral 2021-ci ildə Raufdan ona Vatsap proqramına mesaj gəlmiş, orada Rauf yazmışdır ki, “məni necə tanıyırsan?!”. O, bu barədə anasına dedikdə ona demişlər ki, Rauf atasına zəng edib ki, yenidən ondan 50.000 manat tələb etmiş, əks halda onun barəsində onda olan bütün şəkilləri videoları yayacağıni bildirmişdir. Rauf ona və atasına ardı kəsilmədən zənglər etməyə başlamışdır. Atası da məcbur olub polisə şikayət etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Ülkər universitetdə oxuyan zaman eşitmişdir ki, Təqsirləndirilən şəxs adında keçmiş sinif yoldaşı bir istəyən oğlan var. Sonradan qızından həmin Raufun polis tərəfindən tutulmasını da eşitmiş, bundan sonra qızına Raufdan uzaq dayanmasını tapşırmışdır. Bundan sonra onların arasında münasibət kəsilmişdir. 2003-cü ildə qızı X2 ilə rəsmi nigaha girib ailə həyatı qurmuşdur. Həmin nigahdan iki övladları vardır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Ülkər ona demişdir ki, narahatçılığı var, Rauf onu şantaj edir, yəni əlində Ülkərin barəsində rüsvayedici materiallar olmasını əsas gətirərək onunla görüşməsini tələb edir. Qızı ona etiraf etmişdir ki, ərindən xəbərsiz Raufla 2020-ci ilin əvvəllərindən yaxınlıq münasibətləri olmuş və hazırda Rauf həmin məlumatları yaymaqla hədələyir. Əks halda həmin materialları yayacağı və bununla da qızının ailəsini dağıdacağını bildirmişdir. Qızı Raufun telefon nömrəsini ona vermiş və 03 oktyabr 2020-ci ildə Raufun telefonuna zəng edib Ülkərin atası olduğunu demişdir. O, da Novxanı qəsəbəsində yerləşən “Alfa” restoranında görüş təyin etmişdir. Sonradan adını bildiyi Rüfət adlı taksi sürücüsü onu Abu petrolun yanından qarşılayıb Raufun olduğu “Alfa” restoranına aparmışdır. O, Raufun adını eşitsə də əvvələr onu görməmiş və heç bir münasibəti, o cümlədən ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Rüfət onu restoranın qarşısından yola salıb çıxb getmişdir. Raufla restoranının həyətində qoyulmuş stol arxasında oturub söhbət etdikdə sonuncu demişdir ki, onların ailəsini çox yaxşı tanıyır, ona keçmişdə Ülkəri istədiyini və onların evliliyinə olan etirazından sonra əzab-əziyyət çəkdiyini, bu səbəbdən onlardan heyfini çıxmaq istədiyini bildirmişdir. O, Raufa sakit oturub qulaq asarkən sonuncu demişdirdi ki, Ülkərlə bir necə ay ərzində cinsi əlaqədə olmuş, bunu təsdiq edən foto və video yazılar var, əgər ona 50.000 manat pul verməsə həmin materialları Ülkərin ərinə və ailəsinə yayacaqdır. O, Raufa bu qədər pulunun olmadığını desə də deyilən pulun 15 gün ərzində ona verilməli olduğunu, əks halda rüsvayedici materialları qızının əri Yalçıngilin ailəsinə ötürəcəyinə and içmişdir. Həmçinin hədələmişdir ki, əgər bu barədə hüquq mühafizə orqanlarına və yaxud başqa şəxsə məlumat versə, həmin dəqiqə qızının intim şəkillərini və başqa məlumatları lazımi yerə ötürəcək, tutulsa belə çıxandan sonra və yaxud içəridə olduğu zaman ailəsinin və onun başına oyun gətirəcək. O da Raufun bu hədələrindən qorxub, qızının ailəsinin dağılmaması və rüsvay olmaması üçün Raufun tələbini yerinə yetirmək qərarına gəlmişdir. Lakin Raufa demişdir ki, onun o qədər pulu yoxdur, bu zaman Rauf onun Xırdalan şəhərində mənzilinin olduğu barədə məlumatlı olduğunu deyərək həmin evi satıb pulunu ona verməsini tələb etmişdir. O da fikirləşib cavab deyəcəyini bildirmişdir X14 yazıb pulu tələb etməyə başlamışdır. Ona da zəng edib tez-tez narahat etmişdir. Bu səbəbdən onun təşəbbüsü əsasında ikinci dəfə eyni restoranda Raufla görüşüb bir az möhlət verməsini xahiş etmiş, pulu tapıb verəcəyini söz verərək əvəzində bu məsələnin birdəfəlik həll olunmasını xahiş etmiş. Rauf da ona kişi kimi söz vermişdir ki, pul ona çatandan sonra bütün bu söhbətlər tamamlanacaqdır. O da məcbur olub Xırdalan şəhərində yerləşən və oğlu Tural Paşazadənin adına olan təmirli mənzilini 50.000 manata satıb 15 oktyabr 2020-ci ildə X9 restoranında görüşüb ikilikdə 50.000 manat pulu ona vermişdir. Pulu verərkən onların yanında heç kim olamamışdır. Lakin bu məsələdən qızı Ülkər və oğlu Tural xəbərdar olmuşlar. Rauf pulu alandan sonra bu məsələlərin təkrarlanmayacağına dair söz verərək rüsvayedici məlumatları yaymayacağını əmin etmişdir. Bundan sonra hər şey qaydasında getmişdir, qızı Ülkərin ərigil bu barədə heç nə bilməmişdir. Lakin 27 fevral 2021-ci ildə bir tanımadığı nömrədən ona zəng olunmuş və özünü Raufun tanışı olan Rüfət kimi təqdim edən şəxs demişdir ki, Rauf onunla görüşmək istəyir. Həmin gün saat 14 radələrində tək olaraq Novxanı qəsəbəsindəki “Alfa” restoranına getmiş, orada Rüfət ona demişdir ki, Rauf həkimdədir, gələ bilməyib, ancaq ona xəbər göndərib ki, 50.000 manat pul Raufa verməlidir. O, artıq özündən çıxıb əsəbləşəndə Rüfət telefonla Raufa zəng edib onları danışdırdıqda Rauf Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini, ona yenə də 50.000 manat pul lazım olduğunu deyərək əks halda özündə olan materialları yayacağı ilə bağlı ilkin hədəqorxuları yenidən etməyə başlamışdır. O, etiraz edib oradan çıxıb getdikdən sonra Rauf ona müxtəlif nömrələrdən zənglər etməyə başlamış, lakin o, Raufun zənglərinə cavab verməmişdir. 01 mart 2021-ci ildə Rüfət adlı taksi sürücüsü onun yaşadığı ünvana gəlib demişdir ki, Rauf onu restoranda gözləyir. O, Rüfətin telefonu ilə Raufla danışmış, sonuncu yenə də ona hədə-qorxular gəlib müddətinin az olduğunu və pulu tapmalı olduğunu, əks halda onda olan rüsvayedici məlumatlar yayacağını demişdir. O, artıq vəziyyətin dözülməz olduğunu görüb Raufun hədələrindən qorxaraq polisə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki “Renault Dacia” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında taksi kimi idarə edir. Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, müştəri kimi tanımış və sonradan münasibətləri yaranmışdır. Təxminən 3-4 ay əvvəl Rauf “Alfa” restoranında olarkən ona demişdir ki, bir nəfər Telman adlı şəxs “Daevoo Nexia” markalı avtomobillə Novxanıda yerləşən “ABU petrol”un yanına gələcək, həmin şəxsi oradan qarşılayıb restorana gətirmək lazımdır. O da Raufun dediyi kimi əvvələr tanımadığı Telman adlı yaşlı kişini gəldiyi avtomobillə qarşılayıb restorana aparmışdır. Telman öz maşınından düşüb Raufun yanına getmişdir. Bundan sonra həmin vaxt onlar arasında baş verən məsələlərdən məlumatı olmamışdır. 2021-ci ilin fevral ayının axırlarında Rauf “Alfa” restoranına gəldikdə o həmin vaxt kabinetdə oturub çay içmişdir. Rauf nəsə əsəbi halda telefonunda kiməsə zəng edərək yazmışdır. O, Raufdan nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, bir neçə ay əvvəl qarşılayıb gətirdiyi Telman ona pul verməlidir, lakin telefonu götürmür. Bundan sonra Rauf onun telefonunu götürüb Telmana zəng etmiş, cavab verilmədikdə onun nömrəsindən “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə kiməsə smslər yazmağa başlamışdır. Onun telefonu təxminən 1 saat Raufda qalmışdır. Ona məxsus ***-***-**-** nömrəsindən isə bildiyinə görə Telmana zəng etmişdir. Orada oturduqları zaman Rauf ona demişdir ki, Telmanın yaşadığı evi gedib onu çağırıb bura gətirmək lazımdır. O, öz maşını ilə Raufun dediyi ünvana, Fatmayı bağlar massivində yerləşən Telmanın yaşadığı evə getmiş, fərdi yaşayış evinin qarşısına çatdıqda qapını döyüb Telmanı çağırmış və ona demişdir ki, Rauf onu restoranda gözləyir. Telman işinin olduğunu və gedə biləməyəcəyini dedikdə həmin vaxt zəng edən Raufla kişini telefonla danışdırmışdır. Onlar hansısa pulla bağlı danışarkən Telman pulunun olmadığını demişdir. Bundan sonra o avtomobilinə əyləşib restorana qayıtmışdır. Sonradan baş verən proseslərdən məlumatı olmamışdır. Bircə onu deyə bilr ki, Rauf Telmandan pul tələb edirdi və deyirdi ki, Telman ona borclu olduğundan pul verməlidir. O da Raufun tapşırıqlarını bir taksi sürücüsü kimi icra etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 22 sentyabr 2020-ci il tarixdən Abşeron rayonu, Novxanı qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “Alfa” restoranında gündəlik 15 manata ofisiant vəsifəsində işləmişdir. Restoranda işlədiyi müddət ərzində o, restorana müştəri kimi gələn Təqsirləndirilən şəxslə tanış olmuşdur. Rauf həftədə 3-4 dəfə əsasən tək restorana gəlib nahar etmişdir. Bəzi vaxtlarda onun yanına tanımadığı şəxslər olmuş, və ya sonradan gəlmişlər. Rauf harada işləməsindən və nə işlə məşğul olmasından xəbəri olmamışdır. Restoranda Raufun hər hansı şəxsə hədəqorxu gəlməsində, restoranda hər hansı bir şəxsdən pulun almasından xəbəri və məlumatı olmamışdır. Şahid2 adlı şəxsi tanımış, həmin şəxs restoranın qarşsında taksi fəaliyyəti ilə məşğul olmuşdur . Şahid X4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2019-cu ilin mart ayınadək o, anası Rəfiqə və atası Telmanla birlikdə ünvan 2 ünvanında yaşamışlar. 2019-cu ilin mart ayında valideyinləri ayrı yaşamaq qərarına gəlib ünvan 3 ünvanında yerləşən 49.3 kv.m. sahəsi olan mənzili onun adına 52.000 manata alıb həmin mənzilə köçmüşlər. Təxminən 2020-ci ilin oktyabr ayında atası onu evə dəvət edib bildirmişdir ki, Cavadxan küçəsində onlarla qonşu olan Rauf adlı şəxs onu və bacısı Ülkəri sonuncunu barəsində rusvayedici məlumatların yayması ilə hədələyərək onlardan 50.000 manat pul tərəb etmiş, Raufun əlində bacısı barədə materiallar olmuş və Raufun tələb etdiyi pulu ona vermədiyi halda Rauf həmin məlumatları Ülkərin yoldaşına və ailəsinə yayacaqdır, bu səbəbdən Raufa pul vermək lazımdır və o, belə qərara gəlmişdir ki, yaşadığı onun adına sənədləşdirilən mənzili satıb pulu Raufa versin. Raufun əlində konkret olaraq hansı materialların (məlumatların) olmasını atası ona deməmiş və o, bununla bağlı konkretliyə getməmişdir. O, sadəcə atasına bildirmişdir ki, mənzil onun adıma olsa da, valideyinlərinə məxsusdur və istədiyini edə bilərlər. Beləliklə 15.10.2020-ci il tarixdə onlar alqı-satqı müqaviləsinə əsasən mənzili 50.000 manata satmış, pulu atası götürüb Raufa verəcəyini demişdir. Həmin gün atası ilə əlaqə saxlayıb vəziyyəti soruşduqda atası ona dedimişdir ki, 50.000 manat pulu Raufa vermiş və Rauf bunu müqabildə söz vermişdir ki, Ülkər barədə məlumatları məhv edib bir daha onları narahat etməyəcəkdir. Lakin təxminən 01.03.2020-ci il tarixdə axşam saatlarında atası ilə görüşdükdə, atası ona bildirmişdir ki, Rauf yenidən ona həqə-qorxu gələrək 50.000 manat pul tələb etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15.10.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid1 həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 50.000 manata ünvan 3 ünvanında yerləşən 49.3 kv.m. sahəsi olan mənzili X1.( cild 1, iş vərəqə 80-81) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “"xxxx" MMC-dən daxil olmuş 19 mart 2021-ci il tarixli 5780 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Həmin mobil telefon nömrəsinin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 04.11.2019-cu il tarixdən 09.12.2019-cu il tarixədək olan müddət ərzində 6, 23.09.2020-ci il tarixdən 101.10.2020-ci il tarixədək olan müddət ərzində isə 3 telefon danışı qeydə alınmışdır. Bundan baqşa Təqsirləndirilən şəxs istifadəsində və adına olan ***-***-**-** mobil telefon nömrəsinin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 02.10.2020-ci il tarixdən 15.10.2020-ci il tarixədək olan müddət ərzində 6, 02.03.2021-ci il tarixdə 2 telefon danışı qeydə alınmışdır. (Cild 1, iş vərəqə 138-141) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ilkin izahatına əlavə edilmiş A4 formatlı 10 ədəd vərəqdə olan məlumatlara baxış keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +994 50 553 53 35 və Şahid2 istifadəsində olan +994 70 854 01 20 saylı mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsi ilə daxil olmuş və həmin telefon nömrəsinə göndərilən mətn mesajları əks olunur. Mətn yazışmaları aşağıda göstərilən məzmunda olması müəyyən edilmişdir: “WhatsApp” proqramı vasitəsi ilə +994 50 553 53 35 nömrəsindən daxil olmuş və həmin telefon nömrəsinə göndərilən mətn mesajları : Salam; Salam; Neynediz; Gözləyirik satılsın tez bir zamanda; Kimi gozleyirsiz; Satılsın; Kime demisiz; Nəyi ?; Makleri gozdeyirsiniz ,?; Elana qoymuşuq belə deyirik öz aramızda da; Axir uzatmayin; Yaxşı; Atin 15:20 gutarin bu sohpeti, Ayin; Yaxşı çalışırıq qutarsın o vaxta kimi; Salam; Salam; Sabax ayin 15 di; Hə, Papa əlaqə saxlayacaq səninlə yəqin, Necə danışmısınızsa; Ulker atan ne duwunur bilmirem, Men oturub size aylarnan gozdeyiyecem; Papa sənə nə deyibsə, Elə edəcək; Ay bala atan mene xecne deemeyib, Men dedim ki 15 zadina qurtar bu soxbeti oda cixti getti; O da deyib yaxşı; Sen bilmirsen; Bitəcək 15 20 si dedin; Veziyyet nedi?; O vaxtacan bitəcək; Mennen elage saxlasin: Verəcək sənə istədiyini; Sabax vaxtidi; Əlaqə saxlayacaq sənlə; 15 di; Həll edib artıq; Siz deyesen cox rahatsiz; Papa oulu bu gün almalıdır, Sənəd işləri ətməlidi bu gün, Zəng edəcək sənə; Almayib hele; Behləşmişdi, O da bu bir neçə gün ərzində oldu, Alan demişdir bu həftə sonuna amma deyəsən bu gün; Satılacaq, Ok, Maraglan anonnan degig bir soz de mene; Yaxşı; Behləşmişdi; O da bu bir neçə gün ərzində oldu, Alan demişdir bu həftə sonuna amma deyəsən bu gün satılacaq; Ok, Maraglan anonnan degig bir soz de mene; Yaxşı, Soruşdum, Papa özü də zəng edəcək sənə, Amma dedi ki pulu alıb, Amma üstündən əksikdi biraz, Sən 50 min istəmisən deyəsən?, Biraz tez satıldı deyə ucuz oldu, Yəni pulu sənə 20nə qədər çatdırsın deyə tələsik oldu, Üstün düzəldib verəcək papa pulu. Bundan başqa “WhatsApp” proqramı vasitəsi ilə +994 70 854 01 20 nömrəsindən və həmin telefon nömrəsinə aşağıdaki məzmunda məlumatlar qeydə alınmışdır: - Andolsun Allaha bu size baha bawa oturacag, Sabax erinnen goruwecem galada, Agwam zeng edecem ona ewidessen, Atava denen mene zeng elesin, Yaxwi, Gorek kim itirir, Denen meni cornidan cixartsin, Bawim conecey, Sonra gec olacag; Birinci dəfə nömrəsin istədin atamın verdim danışdın. 50 min istədin verdi atam, Biz də səni tanıdıq; Ay qizzx, Denen tel acslnn; Sən artıq şantaja keçmisən; Ewidirsen; Onda səninlə də polis məşğul olacaq; Vermiyenin, Polise, Meni, Gorhuzursan?; Polisss; Meni, Ulkerrrr, Menem ее Rauf; Səni qalada polis qarşılayar, Sən axşam Yalçına zəng eləsən, Biz də polisə zəng edəcik; Elemiyenin, Sene tanitiracam, Darihma, Denen tel acsin, Gelsin, Goruwek; Pul vermiyəcik sənə daha; Denen tel acsin, Gelsin, Goruwe, Seni butun dunyaya tanitiracam, Webnemide, Polis menim oglumun dawwagin yeyer, Gelsin, Polis, Atava de, Menim tel acsin; Mən də sözümü dedim. Atamgil sənə görə evsiz qaldılar. Day bu qədər də olmaz da, Vsyo yazma day bloka atıram seni; Meni hedeliyirsen ?, Agwam video, Atacam, Erive, Debeb menim, Tel cixartsin, Cornidan, Ogluvun gabagin, Kesib, Wekilleri, Video, Gosterecem; Mənim daha itirəcəyim heçnə yoxdur əgər Yalçına zəng eləsun bir də polisə zəng edəcik; Sizi mef edecem, Bu hormetsizliye gore, Men uc balamin cani, Edecem, Zeng, Sizle, Polise vermesez, Werefsizsiz, Denen, Menim, Tel acsin. ( cild 1, iş vərəqə 72-75) Cinayət işi üzrə 19 aprel 2021-ci il tarixli qərara əsasən zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd yaddaş kartı maddi sübut hesab edilmişdir. (cild 1, iş vərəqə 154-161) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda hədə-qorxu gələrək 50.000 manat pul tələb etməsi və xeyli miqdarda əmlakını ələ keçirməsi faktı təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14.11.2010-cu il təvəllüdlü X8 və 19.11.2014-cü il təvəllüdlü X10 adında iki uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin 100000 (yüz min) manat pulunu ələ keçirmək məqsədinin olmaması, 50000 manatı pulu tələb etdikdən bir neçə ay keçdikdən sonra yenidən ona pul lazım olduğundan zərərçəkmiş şəxslərə yenidən hədəqorxu gələrək 50000 (əlli min) manat pul istəməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti vahid qəsdlə əhatə olunaraq ilk öncədən zərərçəkmiş şəxslərin külli miqdarda 100000 (yüz min) manat pulunu bir neçə dəfəyə hədə-qorxu yolu ilə ələ keçirməyə yönəlmiş, ilkin ona verilmiş 50000 (əlli min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərclədikdən sonra öz məqsədinə çatmaq üçün zərər çəkmiş şəxslərdən qalan 50000 (əlli min) manat pulu istəmişdir. Təqsirləndirilən şəxs birinci dəfə 50000 (əlli min) manat pulu hədə-qorxu yolu ilə ələ keçirdikdən sonra zərər çəkmiş Zərərçəkmiş şəxs1 intim şəkillərini pozmayaraq özündə saxlaması, həmin şəkillərlə zərərçəkmiş şəxslərə hədə-qorxu gəlməsi onun zərər çəkmiş şəxslərin külli miqdarda pulunu hədə-qorxu yolu ilə ələ keçirmək istəməsinin bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. ( iş vərəqə 61, 105-107) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04.03.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd yaddaş kartı cinayət iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 il 6 ay (on bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd yaddaş kartı cinayət iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün sürətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi Hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar