Məhkəmə qərarları › İş №1(124)-16/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-16/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-16/2023 05.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədilə 1 (bir) ədəd bükümdə 0,336 qram açıq qəhvəyi rəngli həb qırıntısından ibarət narkotik vasitə olan metadon və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,403 qram və 6,552 qram, ümumi çəkisi 9,955 qram olan tünd qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək əldə edib daşıyaraq saxlamış, 25 mart 2021-cı il tarixdə saat 13:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Qala” restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə 0,336 qram açıq qəhvəyi rəngli həb qırıntısından ibarət narkotik vasitə olan metadon və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,403 qram və 6,552 qram, ümumi çəkisi 9,955 qram olan tünd qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 25 mart 2021-ci il tarixdə saat 14:22 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 450 saylı evinə baxış keçirilərkən mənzildə mətbəxdəki televizor altında olan şkafın siyirtməsindən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı 1 ədəd bükümdə satış məqsədi ilə külli miqdarda 2,704 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 7 ədəd üzərlərində “Methadone40” göstəriciləri olan blister kəsiklərində açıq-qəhvəyi rəngli üzərlərində F/M40 göstəriciləri olan, eyni tərkibli dərman həbləri tərkiblərində 0,280 qram narkotik vasitə olan metadon, qonaq otağının pəncərə qarşısında isə qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib əkib becərərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan 5 (beş) ədəd plastik qabda külli miqdarda, 61 ədəd yaş vəziyyətdə ümumi çəkisi-5,201 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun “Niva” markalı, avtomobili olmuşdur. 25 mart 2021-ci il tarixdə səhər saatlarında həmin avtomobillə Sumqayıt şəhəri, “Sahil” küçəsi ilə hərəkət edən zaman “Amore” restoranının yanında yol polisi əməkdaşları tərfindən saxlanılmış, sonra sənədləri tələb olunaraq komandirin yanına dəvət edilmişdirlər. Onu yol polisi avtomobilində qabaq oturacaqda əyləşdirmişdirlər. Bu zaman arxadan mülki geyimdə, adının sonradan Rüfət olduğunu bildiyi polis əməkdaşı, qoluna qandal taxıb onlarla getməli olduğunu demişdir. Yol polisinin avtomobilindən düşmüş, həmin vaxt ağ rəngli avtomobil saxlamış, avtomobildən 3 nəfər mülki geyimdə polis əməkdaşı düşmüş və onu öz avtomobilində əyləşdirmişdirlər, polislərdən biri onun avtomobilini idarə etmişdir. Avtomobillə “Nəsimi” parkına, “Lalə” restoranının yanına gəlmiş, orada polislər avtomobilini axtarmış, lakin heç nə tapa bilməmişdirlər. Sonra onun üstünü yoxlamış, lakin heç nə tapa bilməmişdirlər. Onu öz avtomobilinə mindirib, avtomobildən evinin açarlarını götürmüşdürlər. Yaşadığı evə gəlib qaraja baxış keçirtmiş, heç nə tapa bilməmişdirlər. Daha sonra evini axtarmışdırlar. Pəncərənin qarşısında 5 ədəd gül qabında gül kolları tapsalar da, kolların narkotik maddəyə aidiyyatı olmamışdır. Sonra polis əməkdaşlarından biri “Vaz-2107” markalı avtomobillə harasa gedib yarım saat sonra qayıtmış, evdə olan uşağı da onu görmüşdür. Selofana bükülmüş duza oxşar nəsə gətirmiş, başqa bir selofana bükülü qara rəngli maddəni isə televizorun altına qoymuşdurlar. Sonra kameranı yandırıb çəkiliş etməyə başlamış, çəkiliş zamanı polislər əvvəlcədən özləri qoyduqları əşyaları guya taparaq çəkmişdirlər. O isə etiraz edib bunları özlərinin qoyduğunu demişdir. Sonra onu 1-ci polis bölməsinə aparmışdırlar. 1-ci polis bölməsində protokol yazılmışdır. İlkin sənədlərə Şahin adlı polis əməkdaşına görə imza etmişdir. Belə ki, Şahini tanımışdır. Şahin ona buraxılacağını, əks halda işdən çıxarılacağını demişdir. Şahinə görə törətmədiyi cinayəti boynuna almışdır. 2017-ci ildən narkotik vasitə istifadə etməmişdir. O, 20 Yanvar metrosunun yaxınlığında ümumiyyətlə olmamışdır. O həyətdə dibçək əkmişdir. 5 ildir narkotik vasitələrdən istifadə etməmişdir. Əvvəllər heroin istifadə etmişdir. Tumları bazardan almışdır. Gül tumları almışdır. 5 ədəd dibçək əkmişdir. Çəkiliş zamanı qanunsuz hərəkətlər barədə demişdir. Çəkiliş zamanı müdafiəçinin yanında narkotik vasitələrin onun olmadığını demişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Niva” markalı, 99-372 qeydiyyat nişanlı avtomobili vardır. 25 mart 2021-ci il tarixdə səhər saat 08 radələrində həmin avtomobili idarə edərək Sumqayıt şəhəri, “Sahil” küçəsi ilə hərəkət edən zaman “Amore” restoranının yanında yol polisi əməkdaşları tərfindən saxlanılmış, sənədləri istənilmiş və komandirin yanına dəvət edilmişdir. Onu yol polisi avtomobilində qabaq oturacaqda əyləşdirmişlər. Bu zaman arxadan mülki geyinən sonradan adının Rüfət olduğunu bildiyi polis əməkdaşı, onun qoluna qandal taxıb onlarla getməli olduğunu demişdir. Yol polisinin avtomobilindən düşmüş, həmin vaxt vaxt ağ rəngli, xarici markalı avtomobil saxlamış, avtomobildən 3 nəfər mülki geyimdə polis əməkdaşı düşmüş, onların adlarını bilmir, lakin birinin Corat qəsəbəsində yaşadığını bilir. Onu öz avtomobilinə əyləşdirmiş, polislərdən biri onun avtomobilini idarə etmiş, avtomobillə “Nəsimi “parkına, “Lalə” restoranının yanına gəlmiş, orada polislər avtomobilini axtarmış, lakin heç nə tapa bilməmişlər. Sonra onun üstünü yoxlamış lakin heçnə tapa bilməmişlər. Sonra onu öz avtomobilinə mindirmiş, avtomobildən evinin açarlarını götürmüşlər. Sonra yaşadığı evə gəlib qaraja baxış keçirmiş, heç nə tapa bilməmişlər. Daha sonra evini axtarmışlar. Pəncərənin qarşısında 5 ədəd gül qabında gül kolları tapsalar da, kolların narkotik maddəyə aidiyyatı olmamışdır. Sonra polis əməkdaşlarından biri “Vaz-2107” markalı avtomobillə harasa gedib yarım saat sonra qayıtmış, evdə olan uşağı da onu görmüşdür. Selofana bükülmüş duza oxşar nəsə gətirmiş, başqa bir selofana bükülü qara rəngli maddəni isə televizorun altına qoymuşdur. Sonra kameranı yandırıb çəkiliş etməyə başlamışlar, çəkiliş zamanı polislər əvvəlcədən özləri qoyduqları əşyaları guya taparaq çəkmişlər, o isə etiraz edib bunları özlərinin qoyduğunu demiş, sonra onu 1-ci polis bölməsinə aparmışlar. 1-ci polis bölməsində protokol yazılmışdır. İlkin sənədlərə Şahin adlı polis əməkdaşına görə imza etmiş, belə ki, Şahini tanımış, Şahin ona buraxılacağını, əks halda işdən çıxarılacağını demişdir. Şahinə görə törətmədiyi cinayəti boynuna almışdır. Əvvəllər narkotik vasitədən istifadə etsə də, müalicə olunub sağalmışdır. 2017-ci ildən narkotik vasitə istifadə etmir. 8-9 aydan sonra ona məlum olmuşdur ki, Şahin adlı polis əməkdaşı qanunsuz olaraq heç bir əsas olmadan bütün sənədləri qaydasında olan “Toz-34” markalı ov tüfəngini tutulduğu günün səhəri evdən götürüb aparmışdır, halbuki bu hadisəyə heç bir aidiyyatı yoxdur. (cild 2, iş vərəqə 108-110) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. O, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 iştirakı ilə 25 mart 2021-ci il tarixdə təxminən saat 13:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, “Qala” restoranının yaxınlığında ünvan 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə, saxlamasına, daşımasına və satmasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib buna etirazının olubolmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfinən videoçəkiliş davam etdirilməklə Sumqayıt ŞPİ-nin 1ci PB-nə aparılmışdır. Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsində xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs icazəsilə ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyəndən sonra Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu bir bükümdə metadon qırıntısını və preslənmiş halda olan tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları qırıntı halında olan kütləni və tünd-qəhvəyi rəngli, qətranabənzər kütləni gördükdə bildirmişdir ki, qırıntı halında olan kütlə narkotik vasitə metadon, tünd-qəhvəyi rəngli, qətranabənzər kütlə isə tiryəkdir və həmin narkotik vasitələri Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərindən aşkar olunmuş metadon kütləsi və tiryək elektron tərəziyə qoyularaq çəkilmiş, metadon kütləsi çəkisinin 0,44 qram, tiryəkin çəksinin isə 10,04 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə və ya başqa digər yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşanda o, yaşadığı evdə də narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs icazəsi ilə müdafiəçi ilə birlikdə videoçəkilişlə yaşadığı mənzilə də baxış keçirilmişdir. Yaşadığı evin mətbəxində televizor altında olan siyirtmədəki bir bükümdə olan metamfetamini və 7 ədəd metadon həblərini təqdim edib həmin narkotik vasitələri də Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün üzərindən aşkar olunmuş narkotik vasitələrlə birlikdə aldığını demişdir. Daha sonra qonaq otağına keçmiş və orada Təqsirləndirilən şəxs dediyinə görə pəncərə qarşısındakı plastik qablarda gül bitkisi kimi bilib əkib becərdiyi şitillərə baxan zaman həmin şitillərin narkotik vasitə sayılan çətənə bitkisinə oxşadığını bildirib həmin şitilləri sayıb götürmüş və 61 ədəd şitilin olması müəyyən olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2021-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatının yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 07). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1-ci polis bölməsinə gətirilmiş, 8 saylı xidməti otaqda X2 üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində olan əşyaları təqdim etməsi bildirilərkən X5 öz əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm ağ kağıza bükülmüş toz formasında kütlə və iki ədəd qara rəngli preslənmiş kütləni təqdim etmişdir. Ondan təqdim etdiyi bükülüdəkinin və iki ədəd qara rəngli preslənmiş kütlənin nə olduğu soruşulmuş, o həmin bükülüdəki toz formasında olan kütlənin ağrıkəsici həbb olduğunu, digər iki ədəd preslənmiş qara rəngli kütlənin isə narkotik vasitə olan “tiryək” olduğunu bildirmişdir. Həmin kütlələrə baxarkən spesifik iyə malik maddənin narkotik vasitə olan “tiryəkə” bənzər kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı X5 üzərindən aşkar olunmuş kütlənin nə olduğunu və haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq üzərindən aşkar olunmuş bir büküm ağ kağıza bükülmüş toz formasında olan kütlənin metdaone ağrıkəsici həbb olduğunu uzun müddətə əvvəl haradan aldığını haızrda unutduğunu, ağrısı olan zaman istifadə etmək üçün evdə saxladığını, iki ədəd qara rəngli preslənmiş kütlənin narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin narkotik vasitələri isə bir neçə gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığındakı ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi bir nəfər şəxsdən 50 (əlli) manata özünün istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin və ağrı kəsici həbbin çəkisini müəyyən etmək üçün tərəflərindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə “Constant” markalı elektron tərəzi vasitəsilə çəkildikdə həmin kütlələrin “10,04” qram olması, toz formasında olan kütlə metadone ağrıkəsici həbbin isə 0,44 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələr və toz formasında olan kütlə ağrıkəsici həbb ayrıayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı, sorğu zamanı Təqsirləndirilən şəxs, yaşadığı ünvan 2 ünvanındakı evində televizoraltı şkafın siyirməsində ağrı kəsici həbb və eyni zamanda narkotik vasitə olan metafetamin olduğunu bildirdiyi üçün yaşadığı evin ünvanına baxış keçirilməsi zəzurəti yarandığından sonuncudan Sumqayıt Regional Vəkil Bürosundan təyin edilmiş vəkil Ruslan Mustafazadənin iştirakı ilə videoçəkilişlə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş, lakin o heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs yaşadığı ev ünvanına baxış keçirilməsi üçün getmişlər. (cild 1, vərəqə 28-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 25 mart 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindəki televizoraltı şkafın siyirməsində ağrı kəsici yeddi ədəd həbb və eyni zamanda kağıza bükülü narkotik vasitəyə bənzər olan metafetamin, həmçinin qonaq otağının pəncərəsinin qarşısında beş ədəd plastik qabda çətənə koluna bənzər bitki aşkar olunmuşdur. Baxışda iştirak edən Sumqayıt şəhəri, Yaşıllaşdırma İdarəsinin aqronomu X4 həmin kolların aqrotexniki qaydaya uyğun olaraq qulluq edilmiş, köküstə yaş halda narkotik tərkibli çətənə koluna bənzər bitkilər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan çətənə koluna bənzər bitkinin nə olduğu və hansı məqsədlə əkib yetişdirildiyi soruşulmuş, o həmin aşkar olunan bitkinin gül bitkisinin toxumları olduğunu bilib əkib yetişdirdiyini bilddirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli çətənə koluna bənzər bitki və marixuanaya bənzər kütlə “Made in China” buraxılışlı, markası dəqiq olaraq göstərilməyən elektron tərəzi vasitəsilə çəkildikdə narkotik tərkibli çətənə koluna bənzər bitkinin 9,75 qram narkotik vasitəyə bənzər olan metafetamin isə 2,89 qram olması müəyyən olunaraq “İPHONE-7 S” markalı mobil telefonunun kamerasından istifadə edilməklə fotoşəkillər çəkilmiş, baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş narkotik tərkibli çətənə koluna bənzər bitkilər narkotik vasitəyə bənzər olan metafetamin qablaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün əl çantasına qoyularaq qablaşdırılmış və DİN-nin 125 sylı möhürü ilə möhürlənmişdir. (cild 1, vərəqə 33-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 28 mart 2021-ci il tarixli protokoldan görünür ki, videogörüntü açılarkən orada əynində qara rəngli cins şalvar, qırmızı rəngli qolsuz gödəkçə və idman geyimi olan bir nəfər şəxsin Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “Qala” restoranının yaxınlığında hərəkət etməsi müəyyən edilir. Həmin şəxin viddeoçəkiliş aparan şəxsə çatmasına az almış arxa və ön tərəflərdən üç nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq tutub saxlayır və kameranın önünə gətirirlər, bu vaxtı polis forması geyimində olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, Polis mayoru Şahin Abbassov həmin şəxsə əvvəl özünü təqdim edir, sonra polis əməkdaşlarını təqdim edir. Daha sonra isə həmin şəxsə özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı X7 Ağayevə narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında, daşınmasında və satılmasında şübhəli bilindiyi üçün saxlanılıdığını, video çəkilişlə onun üzərinddə şəxsi axtarış keçiriləcəyini bildirir, Təqsirləndirilən şəxs isə buna etiraz etmir. Daha sonra Təqsirləndirilən şəxs çəkiliş dayandırılmadan sənədləşmə işləri və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılır. Təqsirləndirilən şəxs buna etiraz etmir. Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsində xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunur. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs icazəsilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyəndən sonra Təqsirləndirilən şəxs buna etiraz etmədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs polis əməkdaşlarına əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir bükümdə metadon qırıntısını və preslənmiş halda olan tiryəki polis əməkdaşlarına təqdim etdi. Polis əməkdaşları qırıntı halında olan kütləni və tünd qəhvəyi rəngli, qətranabənzər kütlə isə tiryəkdir və həmin narkotik vasitələri Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilməiyi şəxsdən 500 (əlli) manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərindən aşkar olunmuş metadon kütləsi və tiryək elektron tərəziyə qoyularaq çəkildi, metadon kütləsi çəkisinin 0,44 qram, tiryəkin çəkisinin isə 10,04 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs yaşadığı mənzildə və ya başqa digər yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşanda, yaşadığı evdə də narkotik vasitə olduğunu demişdir. “Şəxsi axtarış və götürmə haqqında”, “Baxış keçirilməsi haqqında”, “Diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 mart 2021-ci il tarixli 6/1190 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərlərində “... Təqsirləndirilən şəxs...” sözləri yazılmış 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan açıq-qəhvəyi rəngli həb qırıntısından ibarət kütlənin əsas təsiredici maddəsi metadondur və həmin kütlənin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,030 qram təşkil edir, 2 nömrəli zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmizçəkiləri 3,403 qr, 6,552 qr, ümumi təmiz çəkisi 9,955 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, 3 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,704 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, üzərlərində “Methadone 40” göstəriciləri olan blister kəsiklərində açıq-qəhvəyi rəngli üzərlərinə F/M40 göstəriciləri olan dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir. Təqdim olunmuş dərman həbləri üzərlərindəki göstəricilərə əsasən-rənginə, formasına, əsas təsiredici maddənin miqdarına və növünə görə eyni tərkiblidirlər. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in (Siyahı İİ) siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1, vərəqə 51-59) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 mart 2021-ci il tarixli 7/293 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə sayı 61 (altmış bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,201 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. (cild 1, vərəqə 60-63) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 2612 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan çətənə asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, vərəqə 217-218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra yerdə qalan 9,855 qram narkotik vasitə olan tiryək, 2,654 qram psixotrop maddə olan metamfetamin, 6 ədəd narkotik vasitə olan metadon həbi, 0,236 qram həb qırıntısından ibarət kütlə və 5,051 qram narkotik vasitə olan çətənə (kannabis) şitilləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, vərəqə 104-106) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı və yaşadığı evə baxışın keçirildiyi video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22 aprel 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Sumqayıtt şəhəri, Corat qəsəbəsi, ev 450-də qeydiyyatdadır. Qəsəbədə qeydiyyatda olduğu və yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələrinin olmadığı, gül toxumları alması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metadon» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram, «metamfetamin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «tiryək» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,05 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram, Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan “Çətənə” növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə)külli miqdarı 16 ədəd (31 hissə) müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 6 ilə endirilmiş, xx.xx.2014-cü il Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhər Nizamı rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər Pİ-də saxlanılan – 9,855 qram narkotik vasitə olan tiryək, 2,654 qram psixotrop maddə olan metamfetamin, 6 ədəd narkotik vasitə olan metadon həbi, 0,236 qram həb qırıntısından ibarət kütlə və 5,051 qram narkotik vasitə olan çətənə (kannabis) şitilləri məhv edilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 160,64 (yüz altmış manat altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər Pİ-də saxlanılan – 9,855 qram narkotik vasitə olan tiryək, 2,654 qram psixotrop maddə olan metamfetamin, 6 ədəd narkotik vasitə olan metadon həbi, 0,236 qram həb qırıntısından ibarət kütlə və 5,051 qram narkotik vasitə olan 61 ədəd çətənə (kannabis) şitilləri məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 160,64 (yüz altmış manat altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar