Məhkəmə qərarları › İş №1(124)-160/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-160/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-160/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, X2 ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1989-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin, tiryəkin, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin qoyulduğu ərazidən götürüb deyilən yerə çatdırması və əvəzində həmin narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini özünə qazanc kimi götürməsi müqabilində İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmişdir. Bu məqsədlə 05 avqust 2021-ci il tarixdə saat 11 radələrində Rza adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirdiyi psixotrop maddə və narkotik vasitələrin əldə edilməsinə köməklik etməklə, bunları Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetinin yaxınlığında yolun kənarında qoyulduğu yerdən selofan bağlamada götürməklə, 1 ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 352,525 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 62,256 qram, 65,594 qram, 263,849 qram və 19,056 qram, ümumi təmiz çəkisi 410,755 qram ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə 2 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkisi 172,908 qram və 180, 675 qram, ümumi təmiz çəkisi 353,583 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki və təmiz çəkisi 660 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, həmin psixotrop maddə metafetaminin 62,256 qram çəkidə bir bükümünü əynindəki qara rəngli şalvarın sağ yan cibində, qalan narkotik vasitələri və psixotrop maddələri isə yaşadığı ünvan 2 ünvanında mətbəxin girişindəki dolabda idman çantasının içərisində saxlamışdır. Daha sonra həmin tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksinin ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 62,256 qram çəkidə psixotrop maddə metamfetamin, bundan sonra əməliyyat tədbirlərinin davamı kimi onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksi, 1-ci küçə, ev 5, mənzil 1-ə baxış keçirilən zaman evin mətbəxinin girişindəki dolabda idman çantasında saxladığı bir ədəd bükümdə külli miqdarda 352,525 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd bükümdə 2 hissədən ibarət ayrı-ayrılıqda təmiz çəkisi 172,098 qram və 180,675 qram, ümumi təmiz çəkisi 353,583 qram tünd qəhvəyi rəngli qətranabənzər, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, üç ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 365 qram, 195 qram və 100 qram , cəmi 660 qram çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 65,59 qram, 263,89 qram və 19,056 qram ümumi təmiz çəkisi 348,499 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 05 avqust 2021-ci il tarixdə günorta saatlarında Xırdalan şəhərində evdən çıxıb marketə çörək almağa getmiş, marketin içərisində mülki geyimdə polis əməkdaşları onu saxlayıb maşına mindirib aparmışlar. Yolda ona Badamdara gedəcəklərini desələr də, sonradan qaldığı evi soruşmuş və onun evinə getmişlər. Evdə yoxlanış aparılmış, həmin vaxt evdə arvadı və uşağı da olmuşdur. Daha sonra, DİN-in BNMİ-ə gedərkən “Ekologiya postu”na çatanda geri qayıdıb yenidən evə getmişlər. Evə qayıdanda orada başqa polislər də olmuşdur. Onlar evdən çıxdıqdan sonra başqa polislər gəlib evdə axtarış aparmışlar. Evə ikinci dəfə qayıdanda çəkiliş olmuş, çəkilişdə təzyiq altında narkotikin onun olduğunu demişdir. Birinci dəfə evə baxış olanda isə çəkiliş olmamışdır. Saxlanılarkən ona təzyiq olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, narkotik vasitə olan heroin (kakos) istifadə edir. İran vətəndaşını 1 ildir ki tanıyır, istifadəsində olan “Bakcell” mobil operatoruna məxsus telefon nömrəsi ilə İranlı şəxslə əlaqə saxlamış, ondan narkotik maddə istəmiş, o, da az miqdarda 3-5 qram göndərmişdir. İranlı ilə aralarında “sms” yazışmaları olmuş, ancaq şəxsi istifadəsi üçün heroin istəmişdir. Metamfetamin istəməmişdir. Tutularkən üzərində və evində narkotik vasitələr və psixotrop maddələr olmamış, bunlar onun üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) bükümdə, ağ rəngli, spesifik iyə malik, psixtrop maddə metamfetamini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, yaşadığı evin 4(dörd) ədəd açarı aşkar olunmuşdur. Ondan aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 66 qram (altmış altı qram) olduğu müəyyən edilmiş, həmin kütlə qablaşdırımış, onun, müdafiəçisinin və təhqiqatçının tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonu götürülmüş, 4(dörd) ədəd açar ona geri qaytarılmışdır. Sorğu zamanı aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Rza” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində narkotik maddə əldə etdiyini, narkotik maddələrdən istifadə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 3 ünvanına gedilərək həmin evin mətbəxinin giriş qapısının üstündə dolabda gizlətdiyi 1(bir) ədəd idman çantasını təqdim etmiş, həmin çantanın içindən 1(bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 3(üç) bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik maddə tiryək, 1 sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana və 2(iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Yaşadığı evindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 352 qram olduğu, narkotik maddə heroin elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 356 qram olduğu, narkotik maddə tiryək elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 359 qram olduğu, sonra isə narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 356 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Onun yaşadığı evdən aşkar olunmuş qeyd olunan narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsdən əldə etmiş, psixotrop maddə metafetaminin bir hissəsini üzərində saxlamaqla digər hissəsini və əldə etdiyi narkotik vasitələri isə yaşadığı evində saxlamışdır. Narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı «Rza» kimi özünü təqdim edən şəxslə instaqram sosial şəbəkədə tanış olmuş, həmin şəxsi üzdən görməsə də, sosial şəbəkədə danışıb razılığa gəlmiş və onun deyəcəyi yerlərdən narkotik vasitələri götürüb digər deyiləcək ünvanlara çatdırılması ilə bağlı aralarında razılığa gəlmişlər. Narkotik vasitə və psixotrop maddələri satrmağı müqabilində Rza adlı şəxs ona narkotik vasitə verəcəyini bildirmişdir. Həmin şəxslə yalnız instaqram sosial şəbəkədə danışmış, onu üzdən görməmiş, dəqiq anket məlumatlarını və yaşadığı ünvanı bilmir. 05 avqust 2021-ci il tarixdə, səhər vaxtı İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxslə instaqram sosial şəbəkədə danışmış, Rza ona Abşeron rayonu, Xırdalan şəhəri, «Mühəndislər» Universitetinin girişinə yaxın yerləşən plakatın olduğu əraziyə getməyi və həmin ərazidə, yolun kənarında, ağacın yanında paketin içərisində atılmış narkotik vasitələr heroini, tiryəki, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini götürməyi bildirmiş, o da həmin tarixdə saat təxminən 11 radələrində qeyd olunan yerə getmiş və orada selofon paketin içərisində həmin narkotik vasitə və psixotrop maddələri götürüb oradan yaşadığı ünvana gəlmişdir. Psixotrop maddənin bir hissəsini üzərində saxlamış, qalan hissəsini və narkotik vasitələri isə yaşadığı ünvanda saxlamışdır. (Cild 1, iş vərəqləri 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Şahid2 və Şahid3la birlikdə 2021-ci il avqustun 5-də saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksində saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən bir ədəd ağ rəngli kristallik şəkilli psixotrop maddə metamfetamin və mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə əldə etdiyini və əvvəlcədən aralarında olan razılıq əsasında həmin şəxsin ona deyəcəyi ünvanlara çatdıracağını, bu məqsədlə də digər narkotik vasitələri yaşadığı ünvanda saxladığını demişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksində yerləşən evinə gedərək evinə baxış keçirmişlər. Baxış zamanı evdə idman çantasında saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir bükümdə 2 hissədən ibarət narkotik vasitə tiryək, üç ədəd sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri də İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini, həmin kütlələri aralarında olan razılığa əsasən həmin şəxsin ona deyəcəyi ünvanlara aparacağını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və polis serjantı Şahid3 ifadələrindən görünür ki, onlar da Şahid1la oxşar məzmunlu ifadə vermişlər. (Cild 1, iş vərəqləri 134-137, 138-141) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə ağ rəngli, kristallik şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlə prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında evin mətbəxinin giriş qapısının üzərində yerləşən dolabdan 01 ədəd idman çantasını təqdim etmiş, həmin çantanın içindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, 01 ədəd selofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin 02 ədəd elektron tərəzi aşkar olunmuş və həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-37) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, həmçinin “Evə baxış keçirilməsi və götürmə haqqında” 05 avqust 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD" formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 06 avqust 2021-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 61-63) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “İfadənin yerində yoxlanması” haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “Qafqaz” universitetinin girişinə yaxın ərazidə narkotik vasitə və psixotrop maddələri götürdüyü yeri göstərməklə istintaq dövründə verdiyi ifadəsində göstərdiyi xüsusatlar üzrə dəqiqləşdirmələr aparmaqla onları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 163-166) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3330 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..» yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 62,256 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «….şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş…..» yazısı olan çantasındakı, 01 ədəd bükümdə təmiz çəkisi 352,525 qram qəhvəyi rənjli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 65,594 qram, 263,849 qram və 19,056 qram ümumi təmiz çəkisi 348,499 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. 01 ədəd bükümdə 2 hissədən ibarət, ayrı-ayrılıqda təmiz çəkisi 172,908 qram və 180,675 qram, ümumi təmiz çəkisi 353,583 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində «5k x 1q» yazısı olan ağ rəngli və arxasında «500g x 0,1g» yazısı olan qara rəngli elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərə və metamfetaminlərlə eyni kimyavi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metafetanin ümumi təmiz çəkisi 410,755 qramdır və həmin metamfetamin kimyavi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 44-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-biloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/747 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı…..» yazısı və imzalar olan açıq qəhvəyi rəngli çantadakı poletilen bağlamanın içərisində 03 ədəd selofon torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 365 qram, 195 qram, 100 qram olan bitki mənşəli kütlələr eyni növə aid olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.- ümumi çəkisi -660,0 qramdır. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 51-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli 3849 №li ekspert rəyidən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 146- 147) İş materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik vasitələrin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 352,325 qram heroin, 410,555 qram psixotrop maddə metamfetamin, 363,583 qram tiryək, 659,7 qram qurudulmuş marixuana 01 ədəd Samsung markalı telefon maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. 03 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 170-177) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından ancaq şəxsi istifadəsi üçün alması, polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadələr verməsi, onun üzərinə və evinə polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəq 156) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqləri 154- 155) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 07 avqust 2021-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 85-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 352,325 qram olan narkotik vasitə heroin, 410,555 qram olan psixotrop maddə metamfetamin, 363,583 qram olan narkotik vasitə tiryək və 659,7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılmalıdır. İş materiallarında olan 03 ədəd disk cinayət işi materiallarında saxlanmalıdır. 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 192 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan: narkotik vasitələr - 353,325 qram heroin, 363,583 qram tiryək və 659,7 qram qurudulmuş marixuana, psixotrop maddə - 410,555 qram metamfetamin məhv edilsin, bir ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə edilmiş 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə götürülmüş 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar