Məhkəmə qərarları › İş №1(124)-162/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-162/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-162/2022 21.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin 03 mart 2022-ci il tarixli qərarı ilə amnistiya aktının tətbiq edilməsi ilə üzərində 01 il 02 ay 21 gün çəkilməmiş cəzasının qalması müəyyən edilən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə qeydiyyatda olan və həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Şahvəddin” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə hər bir qramı 20 manata, cəmi 1.620 manat müqabilində 500 manatı əvvəlcə, 1.120 manatı isə satıldıqdan sonra ödənilməklə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmişdir. Daha sonra, 21 iyun 2021-ci il tarixdə saat 20 radələrində “Şahvəddin“ adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirdiyi 81,470 qram külli miqdarda ağ rəngli kristal formalı kustar üsulla hazırlanmış psixatrop maddənin metamfetaminin götürülməsinə vəd verib keçirilməsinə köməklik etməklə, həmin psixotrop maddəni bir ədəd qara rəngli selofan bağlamada qoyulduğu Bakı şəhəri, Xətai rayonu, Zığ yolunun kənarında olan avtobus dayanacağının arxasından götürüb qanunsuz əldə edərək Abşeron rayonu, Məmmədli kəndinə daşıyıb, bu psixotrop maddə metamfetamini 2 hissəyə bölərək 5,580 qramını özündə olan bir ədəd qara rəngli elektron tərəzi ilə bir yerdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş, 81,830 qramını isə bir ədəd şəffaf rəngli selofan torbanın içərisində göy rəngli plastik qaba qoyaraq həmin qabı isə bir ədəd qara rəngli sellofana bükərək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evinin həyətinin çöl tərəfdən giriş hissəsinin sağ tərəfində yerləşən hasarın yanında torpağın altında gizlədərək saxlamışdır. 22 iyun 2021-ci il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndində saxlanılıb DİN-nin Baş Narkotiklə Mübariz İdarəsinin inzibati binasına gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cinbindən 1 ədəd qara rəngli selofan bükümdə 5,580 qram psixotrop maddə metamfetamin, bir ədəd qara rəngli elektron tərəzi, həmin gün saat 12:40-da yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evinə baxış keçirilən zaman isə evin həyətinin çöl tərəfdən giriş hissəsinin sağ tərəfində yerləşən hasarın yanında torpağın altından bir ədəd qara rəngli selofana bükülmüş bükümün içərisində olan göy rəngli plastik qabın içərisindən bir ədəd şəffaf rəngli selofan bükümdə 81,830 qram çəkidə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 22 iyun 2021-ci ildə səhər saat 09 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açarkən polislər evə girib onu tutmuşlar. Tutduqdan sonra onu Abşeron RPİ-ə aparmışlar. Onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Sonra polislər 2-ci dəfə onu evə qaytarmışlar. Boynuna almasa ailə üzvlərini də bu işə cəlb edəcəklərini demişlər. O, da təzyiq altında onlarla razılaşmışdır ki, aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, heroin, tiryək və nəşə istifdəçisidir. Heroini “Kubinka” adlanan yerdən alır. Daha sonra, o, göstərmişdir ki, mobil telefonda İran vətəndaşının nömrəsi olmamış, onunla əlaqəsi olmamış, ondan narkotik psixotrop maddə götürməmiş, üzərində də olmamışdır. Polis Bölməsindən evə ikinci dəfə gələn zaman ona narkotiklərin çıxarılmasını demişlər, o, da polsilərin tapşırığı ilə videoçəkiliş aparılarkən torpaqdan psixop maddəni çıxartmışdır. Polislər narkotiki onun “boynuna qoymuşlar”, üzərində və evində psixotrop maddə və elektron tərəzi olmamış, İran vətəndaşı ilə əlaqə saxlayaraq dayanacaqdan psixotrop maddə götürməmişdir. İstintaq dövründə verdiyi ifadəni oxumadan döyülmə və təzyiq nəticəsində imzalamışdır. Məhkəmədə tədqiq edilərək elan olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə tək yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxminən 1 il əvvəl telefon vasitəsi ilə İran İslam Respublikası vətəndaşı “Şahvəddin” adlı şəxslə tanış olub Şahvəddinlə birgə narkotik vasitələrin satışı ilə bağlı aralarında razılıqları olmuşdur. Şahvəddin ona narkotik vasitə və psixotrop maddə göndərmiş, o da satıb Şahvəddinə pulunu göndərmişdir. xx.xx.2021-ci il tarixdə Şahvəddin adlı şəxslə telefonla danışıb hər bir qramını 20 manat olmaqla ümumilikdə 1620 manata, ilkin olaraq 500 manat ödəməyə, qalan pulu isə psixotrop maddəni satdıqda ödəməsinə razılaşdıqdan sonra Şahvəddin ona psixotrop maddə olan metamfetamin göndərərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolunun kənarında olan avtobus dayanacağının arxasından götürməsini bildirmiş və həmin yerin şəklini ona çəkib göndərmişdir. O, həmin yerdən psixotrop maddəni götürərək bir qismini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qalan hissəsini isə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evinin çöldən giriş hissəsinin sağ tərəfində yerləşən hasarın yanında torpağın altında gizlədərək saxlamışdır. 22 iyun 2021ci il tarixdə saat təxminən 09 radələrində yaşadığı ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli selofan bükümdə psixotrop maddə olan metamfetamini və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 5 manat pul, 1 ədəd açar və 2 ədəd mobil telefonları, həmin şalvarın arxa sol cibidən özünə məxsus olan azadlığın məhdudlaşdırılması aparatı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və sonra həmin kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefonu bu barədə ona izah verildikdən sonra götürülmüşdür, 1 ədəd açarı, 5 manat pulu və azadlığın məhdudlaşdırılması aparatı özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş elektron tərəzinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni 1 il bundan əvvəl telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şahvəddin” adlı şəxsin vasitəsi ilə bir gün bundan əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda yolun kənarından öz şəxsi istifadəsi və satış məqsədi ilə götürdüyünü, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə müvafiq ərizə vermişdir. Bundan sonra polis əməkdaşları ilə bir yerdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evə yollanmışlar. Bundan sonra o, evin çöldən girişdən sağ tərəfdə yerəşən hasarın yanında torpağın altından üzəri qara rəngli sellofan torba olan içərisində 1 büküm, metamfetamin kütləsi olan plastik qabı təqdim etmişdir. Daha sonra aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 83,60 qram olmuşdur. Sonra həmin kütlə plastik qabın içərisində qoyulmaqla içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməmişdir. (Cild 1, iş vərəqləri 72-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-in baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra onun və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci ilin iyun ayının 22-də saat 09 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirməklə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən içərisində psixatrop maddə metamfetamin olan bir ədəd qara rəngli selofan büküm və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Pəncəli qara rəngli selofan bükümün içərisində olan psixiatrop maddə metamfetamini təxminən 1 il bundan əvvəl telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Şahvəddin” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu istiqamətindən əldə etdiyini, həmin psixatrop maddənin bir qismini yaşadığı evdə saxladığını bildirmişdir. Sonra, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində hasarın yanında torpağın altından içərisində psixiatrop maddə metamfetamin olan bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm də qablaşdırılaraq götürülmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 109-113) Məhkəmədə ərinə qarşı ifadə verməkdən imtina edən şahid X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs arvadıdır. Pəncəli ilə birlikdə Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən nömrəsiz fərdi həyət evində yaşamışlar. 2021-ci ilin iyun ayının 19-da Sumqayıt şəhərində yaşayan bacısının evinə qonaq getmiş, bacısıgildə olan zaman 22 iyun 2021-ci il tarixdə mobil telefonuna polisdən zəng gəlmişdir. Bildirmişlər ki, “əriniz Təqsirləndirilən şəxs üzərində və yaşadığınız evdə narkotik vasitə saxladığı üçün polis əməkdaşları tərəfindən tutulmuşdur”. Bu xəbəri eşitdikdən sonra o, səhəri günü, yəni 23 iyun 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndinə qayıtmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satmasından və yaşadığı evinin həyətində saxlamasından xəbəri olmamışdır. Ona polis əməkdaşları zəng etdikdən sonra bilmişdir ki, əri Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxladığı üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. (Cild 1, iş vərəqləri 94-96) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlə və elektron tərəzi prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Evə baxış keçirilməsi və götürmə haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin girişindən sağ tərəfində yerləşən hasarın yanında torpağın altından üzəri qara rəngli sellofan torba olan içərisində 1 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan plastik qabı təqdim etmiş və həmin kütlə qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqləri 37-38) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, həmçinin “Evə baxış keçirilməsi və götürmə haqqında” 22 iyun 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD" formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 18 oktyabr 2021-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 39, 143-146) Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonda “Whatsapp” sosial şəbəkəsində müxtəlif şəxslərlə səsli yazışması disk şəklində cinayət işi materiallarına əlavə edilmişdir. Həmin diskə baxış keçirilməsinə dair 18 oktyabr 2021-ci il tarixli protokolla, həmçinin məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə diskdə olan səs yazıları dinlənilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə digər şəxslər arasında narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı, eləcə də qoyulduğu yerlərdən götürülməsi ilə bağlı danışıqlar aparılmışdır. (Cild 1, iş vərəqləri 149-151) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2021-ci il tarixli 6/2541 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdə olan kütlə təmiz çəkisi 5,580 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Zərfdə olan bir ədəd 13*9 sm ölçüdə qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, digər zərfdə olan kütlə təmiz çəkisi 81,830 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Hər iki zərfdə təqdim edilən metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Cild 1, iş vərəqləri 45-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 18 sentyabr 2021-ci il tarixli 3523 saylı rəyindən görünür ki, X4 opioidlərın və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 179-182) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni satan İran İslam Respublikasının vətındaşı “Şahvəddin” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 203-204) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 87,310 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. “REDMİ” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqləri 187-198) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və qaçaqmalçılıqda köməkçi qismində iştirak etməməsi, eləcə də polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəq 163) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, təqsirləndirilən şəxs X1 rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. X5 cəzasının çəkib-çəkməməsini müəyyən etmək məqsədi ilə Abşeron rayonu, İcra və Probasiya şöbəsinə sorğu edilmiş və alınmış 10 noyabr 2021-ci il tarixli 66126 saylı məktubdan görünür ki, X6 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 05 gününü çəkmiş, 02 il 02 ay 21 günü isə çəkilməmiş olaraq qalmışdır. Abşeron rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilmiş və onun üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs tutulduğu günə çəkilməmiş cəzasının 01 il 02 ay 21 gün müddət olması nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 174-175, 177) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü təyin edilmiş və amnistiya aktının tətbiqi nəticəsində çəkilməmiş qalan 01 il 02 ay 21 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 7 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 81-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 87,310 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs tutularkən üzərindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 02 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının həmin məhkəmənin 03 mart 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 01 (il) ay 02 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 07 (yeddi) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 87,310 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Redmi”markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun ailə üzvlərinə qaytarılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəz olaraq dövlət nəfinə alınsın. 02 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar