Məhkəmə qərarları › İş №1(124)-162/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-162/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-162/2023 23.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonu Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi, ev 53-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, M.Hüseynzadə küçəsi, yeni tikililərdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 13 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində qonşusu Şahid1 ilə ona qarşı nalayiq ifadə işlətməsi ilə bağlı mübahisə etmiş, daha sonradan cüzi səbəb olan sonuncunun ona nalayiq ifadə işlətməsini bəhanə edərək evdə olan mətbəx bıçağını götürüb belinə bağladığı şarfının altına bərkidərək mübahisəyə heç bir aidiyyəti olmayan Şahid1 əri Zərərçəkmiş şəxs işlədiyi Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində, Xudat-Qusar yolunun eyni istiqamət üzrə sağında yerləşən "xxxx" MMCnin soyuducu anbarının həyət qapısının önünə gəlib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq niyyətilə sonuncu ilə münaqişə yaratmış, münaqişə zamanı üzərində olan, yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən ümumi uzunluğu 235 mm olan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə zərbə vurub sonuncuya sağ əlin İİ-İİİ barmaqlarının kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş qəfəsinə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da, o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü səhər saatlarında xalası qızı Şahid1 ilə mübahisəsi olmuş, belə ki, Şahid1 onun mərhum qardaşına qarşı söyüş söymüşdür. Bundan sonra o, xalası qızının əri Zərərçəkmiş şəxs yanına şikayət etmək üçün getmiş və ona “arvadını yığışdır, rəhmətə gedən qardaşımı söyür” demişdir. O, Şahid1 yanına getdiyi zaman bıçaq üzərində olmuş, belə ki, mübahisə olarkən mətbəxdə yemək bişirdiyi üçün bıçaq da əlində olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Zübeydə ilə qonşu olduqlarını, onunla eyni həyətdə yaşadıqlarını, Zübeydə ilə aralarında mübahisə baş verərkən Zübeydənin qayınanasının da yanlarında olduğunu bildirmişdir. Mübahisə olarkən Şahid3 də baş verənləri eşitmiş, Zübeydə təkcə qardaşını deyil, eyni zamanda atasını da söymüşdür. Həmçinin Zübeydə onu təhqir edərək “Sən qısırsan, uşağın olmur” deyə onu təhqir etmişdir. Daha sonra o Zübeydəyə “gedib yoldaşına deyəcəm, gəlib səni yığsın” demiş, bıçağı Rasimi yaralamaq məqsədilə götürməmişdir. O, həmin bıçağı cibinə qoyaraq Rasimin iş yerinə getdiyi zaman orada mühafizəçi olmuş, mühafizəçiyə Rasimi çağırmasını bildirmişdir. Rasimə Zübeydənin ona dediklərini söyləmiş, o da “Get, özüm gəlib Zübeydə ilə danışacam” demişdir. Rasim ona qarşı zor tətbiq etməmiş, o, Rasimə bir bıçaq xəsarəti yetirmiş və orada olan tanımadığı şəxslər onları ayırmışdır. Mübahisə zamanı Rasim də ona söyüş söymüş və daş atmışdır. Əvvəllər mübahisələri olmamış, zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki Rasimin atdığı daş ona dəyməmişdir. Zübeydə arabir onu təhqir edərək “Qısırsan, uşağın olmur” demiş, o da həmin sözlərə fikir verməməyə çalışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mərziyyə onun arvadının xalası qızıdır. Hadisə günü təxminən səhər saat 08 radələrində evdən çıxıb işə getmiş, işdə olarkən mühafizəçi ona yaxınlaşaraq “Yoldaşın gəlib” demiş, çölə çıxdıqda isə gələnin arvadı deyil, Mərziyyə olduğunu görmüşdür. Mərziyyə ona Zübeydə ilə aralarında mübahisə olduğunu, “Gəl, yoldaşını sakitləşdir” deyərək məsələni həll etməyini bildirmişdir. O, Mərziyyəyə “Get, mən gələrəm” deyə söyləmiş, oradan getmək istədikdə Mərziyyə cibində olan bıçaqla istəmədən ona xəsarət yetirmişdir. Mübahisə anbarın çölündə baş vermiş, hadisə zamanı o, Mərziyyə və mühafizəçi orada olmuşdur. O, Mərziyyənin oradan qaçması üçün ona daş atmış, hadisə zamanı Mərziyyəni təhqir etməmişdir. Təqsirləndirilən şəxslə barışdığını, şikayət və ya tələbinin olmadığını bildirmişdir. Bıçaqlandıqdan sonra taksiyə minmiş, lakin həmin vaxt orada başqa şəxsləri görməmişdir. İstintaq zamanı da təqsirləndirilən şəxslə barışmağı ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü o, Mərziyyə ilə Zübeydənin mübahisə etdiyini görüb küçəyə çıxmış, onlara “Siz xalaqızısız, qonşusuz, dava etməyin” demişdir. Daha sonra onların hər biri öz evlərinə getmiş, mübahisənin sonuna yaxın gəldiyi üçün həmin mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Mübahisə zamanı Mərziyyə ilə Zübeydənin bir-birilərinə xəsarət yetirməsini görməmiş, onlar bir-birilərini qarşılıqlı söymüş, mübahisə əsnasında Zübeydə Mərziyyəyə qısır olduğunu söyləmişdir. Zübeydə Mərziyyəni çox zaman incitmiş, ona ağır sözlər demiş, Mərziyyə də onun sözlərini götürə bilməmiş, onlar arasında olan mübahisələr yalnız sözlə olmuşdur. O, 31 ildir ki onlarla qonşu olduğunu, Mərziyyə ilə Zübeydə arasında olan mübahisənin səbəbini bilmədiyini, mübahisə zamanı Mərziyyə Zübeydəyə “Gedib sənin ərinə deyəcəm ki, səni yığışdırsın” dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü Mərziyyə ilə Zübeydənin mübahisə etdiyini görmüş, mübahisə baş verərkən o öz evində olmuşdur. Belə ki, Zübeydənin Məziyyənin mərhum qardaşını söydüyünü, ona qısır olduğunu dediyini, bu sözlərdən sonra Mərziyyənin ağlayaraq “Gedib ərinə deyəcəm, səni yığışdırsın” dediyini bildirmişdir. Onlara mübahisə etməmələrini, öz evlərinə keçmələrini söyləmiş və öz işinin arxasınca getmişdir. Mübahisə əsnasında Mərziyyə ilə Zübeydə qaraçı dilində danışmış, daha sonradan isə Mərziyyənin Zübeydənin əri Rasimi bıçaqladığını eşitmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, evdar qadındır. Zərərçəkmiş şəxs onun qeyri rəsmi əridir. Təqsirləndirilən şəxs isə onun doğma xalası qızıdır. Mərziyyə ilə onun arasında əvvəllər şəxsi münasibətlərə görə mübahisələr olmuşdur. Lakin düşmənçilikləri olmamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 08 radələrində evin həyətində olduğu zaman Mərziyyə onların evinin qarşısına çıxmış onu səsləyərək “sən mənim ünvanıma nalayiq ifadələr işlətmisən” demişdir. O isə Mərziyyəyə cavabında belə bir söz işlətmədiyini bildirmişdir. Həmin zaman yaxınlıqda Şahid3 olmuşdur. Onlar bir qədər sözlü mübahisə etmişlər. Lakin bir birlərini vurmamışlar. Həmçinin kənardan heç bir şəxs onları ayırmamışdır. Lakin mübahisə zamanı Mərziyyə əsəbləşmişdir. Onların mübahisələri təxminən 10 dəqiqə davam etmişdir. Onlar sadəcə sözlü mübahisə etmişlər. Mübahisə etdikdən sonra Mərziyyə öz yaşadığı ünvana getmişdir. O isə öz yaşadığı evə getmişdir. Bunun üzərindən təxminən 1 saat keçdikdən sonra ona indi kim olduğunu xatırlamadığı şəxs xəbər vermişdir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs bıçaqlamışdır. Bundan sonra o ərinin işlədiyi yerə getmiş, Rasimin artıq xəstəxanaya aparıldığını görmüşdür. Bundan sonra o da xəstəxanaya getmişdir. Onlar Mərziyyə ilə sadəcə sözlü mübahisə etmişlər. Nə Mərziyyə onu, nə də o Mərziyyəni vurmamışdır. Onun bədənində hər hansı bir xəsarət olmamışdır. Onların mübahisələri zamanı orada Şahid3 olmuş, lakin onlar birbirlərini vurmamış və hücüm çəkməmişlər. Onları heç bir şəxs ayırmamış, həmçinin mübahisələri zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Şahid4 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdən etibarən Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində Xudat Qusar yolunun sağ tərəfində yerləşən "xxxx" MMCnin baş direktoru vəzifəsində işləyir və həmçinin "xxxx" MMC-nin təsisçisidir. Zərərçəkmiş şəxs onların soyuducusunda fəhlə işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə o Bakı şəhərində olmuşdur. Həmin gün ona məlumat vermişlər ki, Mərziyyə adlı qadın Rasim adlı işçilərini "xxxx" MMC-nin soyuducu anbarının qarşısında bıçaqla vurmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC eyni binada yerləşir. Qeyd olunan hadisə isə "xxxx" MMC-nin soyuducu anbarının giriş qapısında baş vermişdir. O həmin zaman Bakı şəhərində olduğundan hadisənin şahidi olmamışdır. Lakin sonradan soyuducu anbarın mühafizə otağının təhlükəsizlik kameralarından həmin hadisəni görmüşdür. Hadisə zamanı onların soyuducu anbara, ümumiyyətlə "xxxx" MMC-yə heç bir maddi ziyan dəyməmiş, soyuducu anbarın normal fəaliyyəti pozulmamışdır. Baş vermiş hadisə ilə bağlı hər hansı bir şəxsdən şikayət və tələbləri yoxdur. Hadisənin görüntülərini polis əməkdaşlarına təqdim etmişlər. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o 2019-cu ildən etibarən "xxxx" MMC-nin mühafizəçisi işləyir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin soyuducusunda fəhlə işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. O növbəli şəkildə "xxxx" MMC-nin soyuducu anbarının qapısında mühafizəçi olur. xx.xx.2021 -ci il tarixdə saat 09 radələrində onun növbəsi olduğundan giriş qapısında xidmətdə olmuşdur. Həmin zaman adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi qadın soyuducu məntəqənin qapısının qarşısına gəlmişdir. Mərziyyə ondan Rasimi soruşmuşdur. Mərziyyə əsəbi olduğundan bir qədər yüksək səslə danışmışdır. O Mərziyyəyə gözləməsini bildirərək Rasimi çağırmağa getmişdir. Bir müddət sonra Rasim Mərziyyənin yanına gəlmək üçün qapıya yaxınlaşmışdır. Mərziyyə və Rasim bir birləri ilə danışmışlar. Rasim qapıdan çıxaraq Mərziyyəyə yaxınlaşdığı zaman bir anlıq Mərziyyə Rasim üzərinə gəlmişdir. Mərziyyə Rasimi vurmuşdur. O sonradan bilmişdir ki, Mərziyyənin əlində bıçaq var. O və kənarda, yoldan keçən tanımadığı bir neçə nəfər şəxs onları ayırmışlar. Rasim xəsarət aldığından oradan uzaqlaşmışdır. Mərziyyə də oradan uzaqlaşmışdır. Onların arasında münaqişə başa düşdüyü qədərilə şəxsi münasibətləri ilə bağlı olmuşdur. İlkin olaraq Mərziyyə Rasimə zərbə endirmişdir. Lakin onları ayırdıqdan sonra Rasim oradan uzaqlaşanda Mərziyyə Rasimə hücum çəkməmişdir. Hadisə zamanı nə ona, nə də başqa şəxslərə hər hansı bir xəsarət dəyməmişdir. Mərziyyə sadəcə Rasimlə münaqişə etmişdir. Hadisə qısa müddət ərzində baş verdiyindən soyuducu anbarın, yəni ümumiyyətlə "xxxx" MMC-nin normal fəaliyyəti pozulmamışdır. Həmçinin səs küyə kənar şəxslər toplaşmamış, sadəcə yaxınlıqda olan şəxslər onları ayırmışlar. Onların aralarında olan münaqişə zamanı kənar şəxslərə hörmətsizlik olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:21-də Xaçmaz RMX-nın tibb bacısı Xaçmaz RPŞ-nın növbətçi hissəsinə zəng edərək Xudat şəhəri, Heydər Əliyev küçəsində yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “Qarının ön divarını, kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, cinayət hadisəsinin baş verdiyi yer Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində, Xudat-Qusar yolunun eyni istiqamət üzrə sağında yerləşən "xxxx" MMC-nin soyuducu anbarının həyət qapısının önüdür. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqladığı yeri, bıçağı atdığı yeri və həmçinin bıçağı təqdim edir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 763 saylı rəyinə əsasən 1990cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş qəfəsinə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, sağ əlin İİ-İİİ barmaqlarının kəsilmiş yaraları kəsici alət təsirindən törənməklə, dərəcəsinə görə sol tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş qəfəsinə nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ əlin İİ-İİİ barmaqlarının kəsilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 746 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilıən şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək, onları qiymətləndirmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-tibbi kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli 820/2021-MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin, jiletin, uzunqol jaketin və uzunqol alt köynəyin hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, jilet, uzunqol jaket və uzunqol alt köynəyi) üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, onun bədəni üzərində olan sol tərəfli hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs bədən səthində olan digər xəsarət bədənin paltarla örtülü olmayan sağ əl barmaqlarının üzərindədir. Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, jilet, uzunqol jaket və uzunqol alt köynəyi) üzərində olan deşilmiş-kəsilmiş zədənin və bədən səthində olan xəsarətlərin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Qeyd edilən zədədən başqa, Zərərçəkmiş şəxs məxsus gödəkcənin sağ yarısının aşağı hissəsində bir ədəd cırılmış zədə, arxa səthinin aşağı hissəsində bir ədəd cırılmış zədə, sol yan tikişin və sol qolun dairəvi tikişinin üzərində bir ədəd sökülmüş zədə, jiletin arxa səthinin sağ yarısında bir ədədə cırılmış zədə var. Bu zədələr küt mexanizmdən, paltarların həmin nahiyələrinin kəskin dartılması nəticəsində törənmişlər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 958/2021- MTBŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən İİİ-dür. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd qara rəngli uzunqol köynəyin, jiletin, gödəkçənin və 1 ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda B(İİİ) qrupunu əsas xarakterizə edən B antigeni alındı. Beləliklə, bu qan B (İİİ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, eləcə də şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ailə üzvləri ilə birgə Xaçmaz rayonu, Xudat şəhəri, M.Hüseynzadə küçəsində yaşayır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barədə nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 15 dekabr 2021-ci il tarixdə o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Xaçmaz rayon Məhkəməsinin qərarı ilə iki ay, yəni 13 dekabr 2021-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 06 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti həbs qətimkan tədbirinin müddətinin sonu ilə, yəni, 13 fevral 2022-ci il tarixlə məhdudlaşdırılmışdır. 13 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək həbsdə saxlandığı 25 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 50 günü müddətinə bərabər tutulmaqla, 06 yanvar 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 ay 07 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması müddətinə hesablanmaqla cəzadan çıxılaraq qəti cəza təyin edilməli və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Xaçmaz rayonu Xudat şəhər ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerinə verilmiş bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd uzunqol jaket, bir ədəd uzunqol alt köynəyi sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 ( bir) ədəd bıçaq isə məhv edilməlidir. 01 ( bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 25 gün azadlığın məhdudlaşdırılması cəzasının 50 gününə bərabər tutulmaqla və 06 yanvar 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 ay 07 gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 03 (üç) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Xaçmaz rayonu Xudat şəhər ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerinə verilmiş bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd uzunqol jaket, bir ədəd uzunqol alt köynəyi sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 (bir) ədəd bıçaq məhv edilsin. 01 (bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar