Məhkəmə qərarları › İş №1(124)-162/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-162/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-162/2024 14.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yabanı halda bitən çətənə (kannabis) bitkilərini dərib yaşadığı ünvan 3 ünvanında yerləşən evinə daşımaqla orada satış məqsədi olmadan həmin bitkiləri qurudub qanunsuz olaraq kustar üsulla külli miqdarda, yəni ümumi təmiz çəkisi 4075,0 qram olan narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq 45,0 qramını üzərində, 4030,0 qramını da yaşadığı evin qonaq otağında saxlamış, bu fakt 14 noyabr 2022-ci il tarixdə o, Xaçmaz şəhəri Ülvi Bünyadzadə küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinə gətirildikdən sonra Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 18:00-dan 18:09-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində təmiz çəkisi 45,0 qram narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan büküm, habelə həmin tarixdə onun yaşadığı ünvan 3 nömrəli evində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saat 19:30-dan 19:44-dək olan müddət ərzində keçirilmiş baxış zamanı evin girişi ilə üzbəüz yerləşən qonaq otağındakı divanın altından 5 ədəd içərilərində ayrı-ayrılıqda çəkiləri 990,0 qram, 850,0 qram, 630,0 qram, 750,0 qram və 810,0 qram narkotik vasitə qurudulmuş marixuana olan polietilen bükümlər, ümumilikdə 4075,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayıb, saxlamaqla daşımışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə bir il bundan qabaq baş vermişdir. İkimərtəbəli evində oturmuşdur. Oğlu yuxarı mərtəbədə, arvadı ilə gəlini isə mətbəxtə olmuşdur. Həyət qapıları taxta materialdan olmuşdur. Həyət qapının səsini eşitmiş, həyətə mülki formalı şəxslər içəriyə daxil olmağa başlamışdır. Üç ədəd plastik pəncərəni qırıb və içəri girmişdirlər. On nəfər olmuşdurlar. Əllərinə qandal taxıb onu yerə uzatmışdırlar. Oğlu səsə ikinci mərtəbədən aşağı düşmüşdür. Oğlunun da əl-qolunu bağlayıb, onu da yerə uzatmışdırlar. Arvadı ilə gəlinini də mətbəxə salıb, oradan çıxmağa qoymamışdırlar. Evi axtarmağa başlamış, onda narkotik vasitə olub-olmadığını soruşmuş, o da narkotik vasitə olmadığını demişdir. Evi axtararaq bir neçə saat evin içərisində dayanıb, ancaq heç bir şey tapa bilməmişdirlər. Çox sorğu-sual edib, çox təkliflər etmişdirlər. Həmin vaxt özü də çox qorxmuşdur deyə heç danışmağa halı olmamışdır. Axırda demişdirlər ki, kimsə Bakıdan gəlməlidir, sonrasında onu şöbəyə aparacaqlar. Onu daha sonra polis şöbəsinə aparmışdırlar. Onun üzərindən və ya evindən hansısa qanunsuz maddə aşkar olunmamışdır. İttihamda qeyd olunanlar hamısı yalandır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 20 ildən yuxarıdır ki, narkotik vasitə istifadə etmir. O, işlədiyi köhnə yerdə “AzərSu”-da vaxtı-vaxtında yoxlanış aparılmışdır. Orada işə götürəndə tibbi yoxlanışdan keçirmişdirlər. Hazırda saxlanmağı ilə bağlı bildirdiyi xüsusatları qətimkan tədbiri seçilən zaman məhkəməyə bildirmişdir. Üzərində, o cümlədən evində narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarından nəsə soruşduqda, ona demişdirlər ki, onda narkotik vasitə olması ilə bağlı onlarda məlumat vardır. Onda narkotik vasitənin olmadığını qeyd etmişdir. Narkotik vasitəni evə polis əməkdaşlarının gətirdiyini görməmişdir. Çəkilişsiz evdə aşkar olunanın ona məxsus olmadığını bildirmişdir. Çəkiliş olanda da ona demişdirlər ki, bu video çəkiliş istintaqa getmir, televizorda göstərəcəklər. Barəsində edilən qanunsuz hərəkətlərlə bağlı olaraq heç dövlət orqanına ərizə ilə müraciə etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, axırıncı dəfə ancaq toyda bir dəfə narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları evə gələndə saat ikini keçmişdir. Bölməyə onu hava qaralanda, altıdan sonra aparmışdırlar. Bölmədə ona tapşırmışdırlar ki, çəkilişdə üzərində nə çıxacaqsa, ona məxsus olduğunu bildirsin. Bir az etiraz etdikdə isə onu qorxutmuşdurlar. Düzdür, döymək olmamışdır. Amma həqiqətən onu ailəsi ilə qorxutmuşdurlar. Özü nə oxuya, nə də yaza bilir. Cinayət işi materiallarında onun adına yazılmış ifadələr ona məxsus deyil. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır. İbtidai istintaqda ona heç nə oxumayıblar. Bölmə ilə onun evinin arasındakı məsafə təxmini 1 kilometrdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə səhər saat 16:00 radələrində Xaçmaz rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Xaçmaz rayon polis şöbəsinə dəvət etmişlər. Xaçmaz RPŞ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən, 1 (bir) ədəd “FLY” markalı" mobil telefon, içində siqaret dənələri olan siqaret qutusu, əynində olan göy rəngli şalvarın sol yan cibindəki pul qabının içindən 18 (on səkkiz) AZN pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 49 qram (qırx doqquz qram) olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, digər İştirakçılar, həmçinin onun tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “FLY” markalı” mobil telefon götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. O verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni yaşadığı evin həyət yanı sahəsində kultivasiya etdiyi 8 (səkkiz) ədəd çətənə kollarından əldə edərək qurudub şəxsi istifadəsi üçün saxladığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini, 051 *** ** ** mobil nömrəsini işlətdiyini, əlavə olaraq Xaçmaz rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Xaçmaz şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən yaşadığı evinə getmişlər. Yaşadığı evə onun razılığı ilə baxış keçirilmiş. Baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı evdə hər hansı qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etsin. Bu təklifdən sonra o həmin evin girişindən üzbəüzdə yerləşən qonaq otağındaki divanın altında gizlətdiyi 1 (bir) ədəd göy və 1 (bir) ədəd ağ rəngli sellofan torbaları təqdim etmişdir. Həmin torbaların içindən 5 (beş) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 50 qram (dörd kq əlli qram) olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. O üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaları 2022-ci ilin avqust ayının ortalarında Xaçmaz rayonu Nərəcan kəndi ərazisində yerləşən meşə sahəsində olduğu zaman tapdığı yabanı halda bitmiş çətənə bitkilərinin hissələrini toplayaraq yaşadığı evə gətirib qurudaraq hazırlamışdır. Belə ki, o həmin çətənə bitkilərini özü əkməmişdir. O əməlindən peşimandır. Özünü təqsirli bilir. O hər hansı bir şəxsdən narkotik vasitə almamış və hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. O evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı ailə üzüvləri görməsin deyə 5 ədəd ayrı-ayrı bükümlərə bölərək yapşdırıcı lentlərlə bağlamışdır. O baxış zamanı evindən aşkar edilmiş elektron tərəzini uzun müddət bundan öncə almaqla qızıllarını satdığı zamanı istifadə etmişdir. Daha sonradan həmin elektron tərəzi evində qalmışdır. Həmin elektron tərəzidən heç bir zaman narkotik vasitənin çəkisinin ölçülməsi və ya satılması məqsədilə istifadə etməmişdir. Həmin elektron tərəzi daha öncədən evdəki divanın altında olmuş, sonradan təsadüfi olaraq həmin narkotik vasitələri elektron tərəzi ilə eyni yerə qoymuşdur. O əvvəllər narkotik tərkibli çətənə bitkisini əksə də üzərinə keçirilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz əkdiyi çətənə bitkilərindən əldə etməmişdir. O şəxsi axtarış və baxış zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın mənbəsi soruşulan zaman həyəcanlı olduğundan və həmçinin yabanı halda tapdığı çətənə bitkilərinin yerini xatırlamadığından təqdim edə bilməyəcəyini bildiyindən öz yaşadığı evin həyətyanı sahəsində əkdiyi 8 ədəd çətənə bitkisindən əldə etdiyini bildirmişdir. Lakin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Xaçmaz rayonu Nərəcan kəndi ərazisində olan meşə sahəsində olduğu zaman təsadüfi olaraq tapdığı çətənə bitkilərinin hissələrini toplayaraq yaşadığı evin həyətyanı sahəsində qurudaraq əldə etmişdir, meşə ərazisindən tapdığı yabanı halda yetişən çətənə bitkilərini təsadüfi olaraq tapdığından yeri yadında qalmamışdır. Bu səbəbdən təqdim etməsi mümkün olmayacaq. Bu səbəbdən də şəxsi axtarış və baxış zamanı əkmədiyi halda yaşadığı evdə əkdiyi çətənə bitkisilərindən narkotik vasit qurudulmuş marixuana əldə etdiyini bildirmişdir. Onun üzərinə şəxsi axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. O saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onun həyətində narkotik tərkibli bitki yetişdirməyə yer yoxdur. Onu ibtidai istintaq zamanı qorxudub, dedikləri ilə razılaşmış, qol çəkmişdir. Onun evindən narkotik çıxmamışdır. Orada 4-5 kiloqram narkotik yazılıb. Evindən elə şey çıxmayıb. Məhkumluğu ilə bağlı deyə bilər ki, 16 yaşında dava düşəndə bir bıçaq vurmuş, həmin şəxs öldüyü üçün tutulmuşdur. Bununla əlaqədar olaraq 9 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Daha sonra narkotik istifadəçisi olduğu üçün 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Onun evində sellofan torbalarda narkotik vasitələr olmamışdır. Sellofan torbadakı narkotik vasitələri polis əməkdaşları özləri gətirmişdirlər. Onu saxlayandan sonra bir nəfər polis əməkdaşı onun yaşadığı evdə qalmış, digərləri onunla bölməyə getmişdirlər. O, narkotik vasitələri videoda görmüşdür. Əvvəllər narkotik istifadə etmiş, hal hazırda isə istifadə etmir. Narkomaniyadan əziyyət çəkmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 bildirmişdir ki, 14 noyabr 2022-ci ildə saat 16:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edib əməliyyat qrupu yaradılmış və Xaçmaz rayon ərazisinə gedilmiş və Xaçmaz rayonunda keçirilmiş əməliyyat tədbiri zamanı iş üzrə Təqsirləndirilən şəxs həmin vaxtı yaşadığı evin yaxınlığında hərəkət edərkən saxlanılıb Xaçmaz rayon Polis Şöbəsinə aparılmışdır. Xaçmaz rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana aşar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı evdə də marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə yaşadığı evə gedərək evə baxış keçirilmiş və baxış zamanı təxmini 4-5 kiloqrama yaxın marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunan marixuananı yaşadığı evin həyətində əkdiyini bildirmişdir. Həmin marixuananı əkdikdən sonra yığmış və qurutmuşdur. Daha sonra həmin marixuananı sellofan torbalarda saxlamış və məqsədi həmin narkotiki satmaq olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat həmin gün daxil olmamışdır, ondan əvvəl daxil olmuşdur. O, həmin ərazidə təxmini saat 14:00-15:00 radələrində olmuşdur. Təqsirləndirilən şəxs şöbədə olduğu zamanı yaxın qohumları ilə əlaqə saxlamaqla bağlı heç bir tələbi olmamışdır. Əməliyyataxtarış tədbiri məxfi keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində də məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evində narkotik vardır. Onlar Təqsirləndirilən şəxs saat 16:00 radələrində saxlamışdırlar. Təxmini 40 dəqiqə və 1 saatdan sonra da evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, narkotiki özü yaşadığı evin həyətində əkib. Yaşadığı evin həyətinin arxa tərəfində yer göstərdi ki, narkotiki ora əkib. Onlar axtarış tədbirində üç nəfər olmuşdurlar. Təqsirləndirilən şəxsin adı onlara əvvəlcədən məlum idi. Portalı onlarda olmamışdır. Daha sonra bölmədə Təqsirləndirilən şəxs tam şəxsiyyətini müəyyən etmişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, evdə baxış keçirilən zamanı iş üzrə Şahid2 görməmişdir. Evə baxış keçirilməsi saat 14:00-da olmuşdur. Onun evinə basqın etmiş, pəncərələri, qapını sındırmışdılar. Evdə o, arvadı və oğlu olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 bildirmişdir ki, Xaçmaz rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olaraq 14 noyabr 2022-ci ildə bizə əməliyyat məlumatı daxil olmuşdur. Xaçmaz şəhəri Ülvi Bünyatzadə küçəsi yaxınlığında Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu Xaçmaz rayon Polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zamanı üzərindən 49-50 qrama yaxın marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü onlara bildirdi ki, yaşadığı evin həyətində 7 ağac narkotik əkib və onları qurudaraq evində də saxlayır. Daha sonra Təqsirləndirilən şəxsin evinə gələrək orada da 4 kiloqrama yaxın narkotik vasitə aşkar olundu. Onlar Təqsirləndirilən şəxsi saat təxmini 16:00 radələrində saxlamışdırlar. O, həmin ərazidə təxmini hansı saatda olmuş onu dəqiq xatırlamır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar var idi. Təqsirləndirilən şəxsin özü dedi ki, yaşadığı ünvanda da narkotik vasitə vardır. Onlar orada üç nəfər olmuşdurlar. Məlumat əvvəlcə iş yoldaşına daxil olmuşdur. O, kömək məqsədi ilə getmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəifəsində olmaqla, polis kapitanı rütbəsindədir. 14 noyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla Xaçmaz şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Xaçmaz rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat rəhbərliyə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovnik- leytenantı Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qrupunun baş təhqiqatçısı, polis kapitanı X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 14 noyabr 2022-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Ülvi Bünyadzadə küçəsində olması tərəflərindən müəyyən edildiyindən qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xaçmaz RPŞnin İnzibati binasına dəvət edilmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilməklə hüquqları izah olunduqdan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüşdür. Müvafiq suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində kultivasiya etdiyi 8 ədəd çətənə bitkilərindən əldə edib qurudub şəxsi istifadəsi üçün saxladığını, yaşadığı evdə də narkotik vasitə saxladığını həmin narkotik vasitəni də təqdim edə biləcəyini, həmçinin yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin girişi ilə üzbə-üz yerləşən qonaq otağındakı divanın altında gizlətdiyi 1 ədəd göy və 1 ədəd ağ rəngli sellofan torbalar aşkar edilmişdir. Həmin torbaların içərisindən ümumilikdə 5 ədəd içərilərində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükümlər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlər ümumilikdə içərilərində olan bitkilərlə birlikdə çəkiləri ölçülən zaman çəkilərinin ümumilikdə 4,5 kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik vasitə qurudulmuş marixuana olmasını və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kimi onları da yaşadığı evin həyətyanı sahəsində əkdiyi 8 ədəd çətənə bitkilərinin hissələri toplayaraq qurudub hazırladığını şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yeri təqdim etsə də orada artıq hər hansı bir bitki qalıq və hissələrinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İştirakçılar tərəfindən qablaşdırılmaların üzərləri imzalanmış və heç bir etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxladığını bilirmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində əkdiyi 8 ədəd çətənə bitkilərinin hissələrini toplamaqla əldə etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14 noyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xaçmaz rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Xaçmaz rayon məkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 14 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq stolun üzərinə qoyur. Təhqiqatçının sualına cavab olaraq həmin bükümün içərisindəkinin “nəşə” olmasını bildirir. Həmin büküm bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılır. Təhqiqatçının sualına cavab olaraq yaşadığı Xaçmaz şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən yaşadığı ünvanda da narkotik vasitə saxladığını, həmin narkotik vasitəni də təqdim edə biləcəyini, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli ərzidən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olaraq orada olan divanın altındakı iki ədəd sellofan paketləri təqdim edir. Təhqiqatçının “nədir bunlar” sualına “nəşədir” deyə cavab verir. Həmin torbaları içərisinə baxılan zaman ümumilikdə 5 ədəd büküm və bir ədəd tərəzinin olması müəyyən edilir. Beş ədəd bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Həmin 5 ədəd büküm və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq mühürlənib götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 mart 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2023-cü il tarixli 7/1306 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş kağız paketdəkİ 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 45,0 qram və 05 ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 850,0 qram, 630,0 qram, 750,0 qram və 810,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 4075 qramdır (4 kq 75 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamada bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 811 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 4074,4 qram qalığı maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil veriliş və 3 ədəd disk isə iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz şəhəri, Ülvi Bünyzadzadə küçəsi 36 A nömrəli evdə yaşamış və yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi 29 mart 2023-cü il tarixli ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin sonu ilə məhdudlaşdırılmışdır. Xaçmaz rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri bir ay müddətinə yəni 14 mart 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsiləndirilən şəxs barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı, 21 dekabr 2022-ci il tarixdən 14 mart 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 4 (dörd) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 4074,4 qram qalığı məhv edilməli və 3 ədəd disk daşıyıcının isə iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı, 21 dekabr 2022-ci il tarixdən 14 mart 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 4 (dörd) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 4074,4 qram qalıq narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, üç ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar