Məhkəmə qərarları › İş №1(124)-163/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-163/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-163/2024 16.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Neftçilər küçəsi ev 29-da qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda 13 saylı X9 həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 saylı X16 ilə videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmaqla Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, yeni məhəllədə yerləşən fərdi həyət evinin qarşısında həyat yoldaşı Şahid1 bir neçə gün əvvəl yaşadıqları evə pay gətirilən konfetləri iş yerinə aparmasına irad tutan zaman sonuncunun qardaşı Zərərçəkmiş şəxs bacısı Şahid1 irad tutduğu üçün onu əli ilə sinəsindən itələməklə ona qarşı kobudluq etməsinə qəzəblənib həyətində istifadə etdiyi kəsici-deşici xassəli bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən 2 dəfə vuraraq ona qarının ön-yan səthinin, qarın boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, qarın boşluğuna qanaxma, yoğun bağırsağın yaralanması ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Münasibətləri həmişə yaxşı olmuşdur. İndi də yaxşıdır. Qaynı Fuad hadisə olan gün, yəni 08 oktyabr 2022-ci ildə onlara qonaq gəlmişdir. Yoldaşı Fərqanə onlara süfrə açmışdır. O, evlərində Fuadla birlikdə yeyib içmişlər. Sonra çay içmək istəyəndə evdə konfet olmadığından, bir neçə gün əvvəl evdəki konfetin necə olduğunu yoldaşı Fərqanədən soruşanda yoldaşı konfeti işə apardığını demişdir. Buna görə yoldaşına sözlə əsəbləşmişdir. Həmin vaxt onun yoldaşına əsəbləşməsi qaynı Fuadın xoşuna gəlməmişdir. Onlar həyətə siqaret çəkməyə çıxmışlar. Fuad əli ilə onu itələdiyindən mübahisələri düşmüşdür. İçkili olduğundan həyətdə bağçada işlətdiyi bıçaqla Fuadı vurmuşdur. Fuada neçə bıçaq zərbəsi vurmasını xatırlamır. Fuadla barışmışdır. Törətdiyi cinayət əməlindən peşimandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Əli onun bacısı Fərqanənin yoldaşıdır. O özü ustadır, Əli də fəhləlik edib ailəsini dolandırırdı. Hadisə olan gün, yəni 08 oktyabr 2022-ci ildə o Zaqataladan Bakıya gəlmişdir. Yeznəsi Təqsirləndirilən şəxsla Xırdalanda görüşüb Əli gilə qonaq getmişdir. Bacısı Fərqanə onlara yemək vermişdir. Birlikdə oturub Əli və qohumları Elşənlə yeyib içmişlər. Bir az sərxoş olmuşlar. Sonra çay içmək istəyəndə konfet söhbətinə görə Əlinin onun bacısının üstünə acıqlanmasına görə Əli ilə mübahisəsi düşmüşdür. Hər ikisi içkili olduğundan bu hadisə baş vermişdir. Həyətdə Əli onu bıçaqla vurmuşdur. Sonra bilmişdir ki, ona 2 bıçaq zərbəsi dəyib. Bu hadisədən çox peşimandır. Onun uşağı hazırda da bacısı Fərqanənin yanında qalır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, çoxdan barışıblar. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs yüngül cəza verilsin ki, o ailəsinin yanında olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə onun həyat yoldaşıdır. Fuadla Əlinin münasibətləri həmişə yaxışı olub, indi də yaxşıdır. Hadisə olan gün, yəni 08 oktyabr 2022-ci ildə axşam tərəfi qardaşı Fuad Əli ilə birlikdə onlara qonaq gəlmişdir. Evlərində digər qohumları da var idi. O yemək hazırlamış, qardaşı Fuad, yoldaşı Əli, qohumları Elşən birlikdə yeyib içmişlər, deyib gülmüşlər. O baldızı gili yola salmaq məqsədilə onlarla birlikdə evin qapısına çıxmışdır. Əli gildən təxminən 100 metr aralanmışdır. Qayıtdıqda isə artıq hadisənin törədildyini görmüşdür. Qardaış Fuadın qarın hissəsindən qan axdığını, ərinin isə kor peşman dayandığını görəndə başa düşmüşdür ki, Əli Fuadı bıçaqla vurub. Bundan sonra o, qışqıraraq Elşəni çağırıb Əlinin qardaşına xəsarət yetirdiyini bildirmişdir. Sonra Fuadı həkimə aparmışlar. Hazırda qardaşı Fuadın övladı onunla birlikdə qalır. Əli içkili olduğundan əlindən xəta çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, həyat yoldaşı Narxanım ilə birlikdə dayısı Əligilə qonaq getmiş, bir qədər sonra dayısı Əli və Fərqanənin qardaşı Fuad da evə gəlmişlər. Təxminən saat 21 radələrində hamı birlikdə yemək yemişdir. Yemək vaxtı dayısı Əli, Fuad və o birlikdə spirtli içki qəbul etmişlər. Saat təxminən 23 radələrində Fərqanə süfrəyə çay verdiyi vaxt dayısı Əli ondan bir neçə gün əvvəl pay verilən konfetin yerini soruşmuş və süfrəyə qoyulmasını demişdir. Fərqanə də həmin konfeti işlədiyi yerə apardığını bildirdiyi üçün Əli əsəbiləşib Fərqanəyə acıqlanmışdır. Bu zaman Fuad Əliyə yaxınlaşıb onun boynunu qucaqlayaraq onu sakitləşdirmişdir. Bundan bir neçə dəqiqə sonra artıq gec olduğu üçün sağollaşaraq küçəyə çıxmışlar. Fərqanə də onları yola salmaq üçün qapıya çıxıb sağollaşıb qayıtmışdır. Sonra arxadan Fərqanənin onu çağırdığını eşidib qayıtmış, Fuadın yerə yıxıldığını və üstünün qana bulaşıq olduğunu görüb dayısı Əlinin onu bıçaqla vurduğunu başa düşmüşdür. Sonra TTY avtomobili çağırıb Fuadı həkimə aparmışlar. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaqdakı ifadəsində Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalasının əri, Şahid1 isə xalasıdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında xalası Fərqanəgilə qonaq gəlmişdir. Axşam radələrində xalasının yoldaşı Əli dayısı Fuadla birlikdə evə gəlmişdir. Təxminən saat 21 radələrində xalası Fərqanə evdə şam yeməyi hazırlamış və birlikdə şam yeməyinə əyləşmişlər. Onlar şam yeməyi yedikləri zaman Əli, dayısı Fuad və qohumu Elşən birlikdə spirtli içki qəbul etmişlər. Saat təxminən 23 radələrində xalası Fərqanə süfrəyə çay verdiyi anda yoldaşı Əli ondan bir neçə gün əvvəl pay verilən konfetin yerini soruşmuş və süfrəyə qoyulmasını demişdir. Xalası da həmin konfeti işə apardığını demiş, buna görə də yoldaşı xalasına bərk əsəbiləşmiş və mübahisə etməyə başlamışlar. Bu vaxtı dayısı Fuad Əliyə yaxınlaşıb onu sakitləşdirmişdir. Bundan sonra o, marketə göndərilmiş, market evdən bir qədər aralı olduğu üçün oraya gedib qayıtmağı bir neçə dəqiqə çəkmişdir. Marketdən geri qayıdarkən xalasıgilin evinin qarşısında dayısı Fuadın üstünün qana bulaşıq vəziyyətdə olduğunu, xalası Fərqanənin və qohumu Elşənin də ona köməklik etdiyini görmüşdür. Orada məlum olmuşdur ki, evin qarşısında xalasının əri Əli dayısı Fuadla mübahisə edib və onu həyətdən götürdüyü bıçaqla vurmuşdur. Oraya gəldikdə xalasının əri artıq evə keçmiş və onların yanında olmamışdır. Sonra dayısı Fuada kömək edib onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, 09 oktyabr 2022-ci il tarixdə saat 01 radələrinə Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarınının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsatəti alması barədə Respublika Xəstəxanasından Abşeron RPİ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. İş materallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaqla vurularaq xəsarət aldığı yer Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin bütün otaqlarına, eləcə də evin həyətinə və hadisə yerinin ətraflarına baxıldıqda hadisənin aləti olmuş bıçaq müəyyən edilməmişdir. İş materallarına əlavə edilmiş “götürmə aparılması haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağqara rəngli uzunqol köynək və bir ədəd rəngli mayka götürülmüşdür. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2484 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qarının ön-yan səthinin, qarın boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları, qarın boşluğuna qanaxma, yoğun bağırsağın yaralanması - iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, törədilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə ayrıayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən alınmış 30/2023-MTKŞ saylı xx.xx.2023-cü il tarixli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində iki ədəd, maykanın ön səthində iki ədəd deyişmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən alınmış 30/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) Ekspertizaya təqdim edilmiş bir ədəd uzunqol kofta və bir ədəd mayka üzərində insan qan ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 254 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun omlası müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən bir ədəd uzunqol kofta və bir ədəd mayka sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 05 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon icra hakimiyyəti başçısının Hökməli qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsi Atyalı yaşayış massivində qeydiyyatsız yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları X12 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan, X5 xx.xx.2010-cu il təvəllüdlü və X4 isə xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş materiallarındakı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-cİ il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Amnistiya aktının tətbiq edilməsinə dair 16 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs qalan cəzasının 4 ay 11 gün hissəsini çəkməkdən azad edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qeyd edilən Amnistiya qərarının 7-ci bəndinə əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin məhkumluğunun üzərindən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əasasən və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 21 oktyabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron rayon Məhkəməsinin 22 oktyabr 2022ci il tarixli, 4(012)-673/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-76/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əzəz olunaraq o məhkəmə zalından həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli hökmündən müdafiəçinin verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilərək cinayət işi yeni məhkəmə baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta və bir ədəd mayka yararsız olduğundan məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Sumqayıt Apellyasiya Məkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli xx.xx.2022-ci ildən tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta və bir ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar