Məhkəmə qərarları › İş №1(124)-163/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-163/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-163/2025 27.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X13, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Qusar rayonu Yasab-Oba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qusar rayonu Yasab-Oba kəndində qeydiyyatda olmaqla yaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Narkotik vasitələrin saxlanmasında, daşınmasında, gəzdirilməsində və narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli olduğuna görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qusar rayonu Yasab-oba kəndi ərazisində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, sonuncunun təqdim etdiyi meşəlik ərazinin bir hissəsinə baxış keçirilən zaman onun tərəfindən əkilərək aqrotexniki qaydada qulluq olunmuş və yaş vəziyyətdə olan 16 (on altı) ədəd narkotik tərkibli çətənə (kannabus) bitkiləri aşkar edilərək götürülüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun ərazisində 13 ədəd çətənə kolu olmuşdur. Həmin əraziyə iki dəfə çəkilişlə baxış keçirilmiş, birinci onlara sərf etmədiyi üçün onu həmin ərazidən uzaqlaşdırmış və daha sonra ona 13 ədəd çətənə koluna imza çəkdirmişlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra onu Qusar rayon Polis İdarəsinə aparmışlar. İdarədə təhqiqatçı Fuadın yanına aparmışlar. Həmin vaxt o, Fuadın əlində qara rəngli sellofan olmuşdur. Daha sonra onu dəhlizdə otuzdurmuşlar. Bir müddət sonra Fuad onu otağa çağırmış və o, otağa daxil olan zaman qara rəngli sellofan torba ilə onun imza çəkdiyi möhürlənmiş kağızı stolun üzərində görmüşdür. O, həmin vaxt onu yüklədiklərindən xəbərsiz olmuşdur. O, səhər-səhər imza çəkən zaman təhqiqatçı ona həmin ərazidən 16 ədəd çətənə kolunun aşkar olunduğunu bildirmişdir. O, etiraz etmiş və çəkiliş ilə həmin ərazidən 13 ədəd kolun aşkar olunduğunu, onun sənədləri imzaladığını bidlirmişdir. Çəkiliş zamanı da 13 ədəd kol aşkar olunmuş və onun iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, bəzən marixuana istifadə edirmiş. O, çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. Onun əvvəllər məhkumluğu olmamışdır. O, külli miqdarın hansı miqdardan sonra yarandığını istintaq təcridxanasında bilmişdir. O, ərazidən aşkar olunmuş çətənə kollarının miqdarının polis əməkdaşları tərəfindən artırılması barədə müstəntiqə, vəkilə bildirmiş, rəsmi şəkildə heç bir yerə müraciət etməmişdir. Həmin ərazidə iki dəfə çəkiliş olmuş, birinci çəkiliş içəridə-kollar əkilən yerdə olmuşdur. Həmin vaxt ərazidə 7-8 nəfər şəxs olmuşdur. Çəkiliş telefon vasitəsi ilə aparılırmış. Həmin vaxt o, heç bir yerə imza çəkməmiş, daha sonra onu çölə çıxarıb 25 metrə yaxın uzağa aparmışlar. Daha sonra onu yenidən əraziyə gətirmişlər və bir-bir çətənə kollarını saymağa başlamışlar. Həmin ərazidən 13 ədəd çətənə kolu aşkar olunmuşdur. İkinci çəkilişdə də həmin şəxslər iştirak edirmiş. İkinci çəkilişdən sonra onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ilə onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman da ərazidən aşkar olunmuş çətənə kollarının artırıldığını bildirmişdir. Müqaviləli vəkilinə də olanları danışmışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Qusar rayonu Yasab-Oba kənd qəbirstanlığmda qohumlarının qəbirlərini ziyarət edən zaman yerdən bükülü vəziyyətdə paket tapmış, həmin paketə baxdıqda orada çətənə tumlarının olduğunu görmüş və buna görə həmin paketi götürüb evinin yaxınlığında olan bağ sahələrində gizlətmişdir. 2024-cü ilin mart ayında gizlətdiyi həmin çətənə toxumlarını götürüb Qusar rayonu Yasab-oba kəndindəki, anası Minasər Aslanovaya məxsus və onun istifadəsində olan meşəlik tərəfdə yerləşən pay torpaq sahəsində öz şəxsi istifadəsi üçün əkmişdir. Çətənə kollarını əkdikdən sonra bir neçə dəfə gedib baxmış və onları sulamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində meşəlik ərazidə gəzən zaman çətənə əkdiyi yerə getməyi qərara alaraq oraya gedib baş çəkmişdir. Orada olan zaman bir qədər sonra isə olduğu yerə polis əməkdaşları gəlmiş, orada nə işlə məşğul olduğunu soruşmuşlar. O da onlara cavabında qeyd etmişdir ki, əkdiyi çətənə kollarına qulluq etmək məqsədilə gəlmiş, aralarında keçən söhbətdən sonra polis əməkdaşlarına narkotik vasitələri əkdiyi yeri göstərmiş, polis əməkdaşları onu saxlamış və hadisə barədə aidiyyəti yerə məlumat vermişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları vəkilin iştirakı ilə onu tutmuş və şübhəli şəxs olduğunu bildirmişlər. Bir qədər sonra videoçəkilişlə aparılmış hadisə yerinə baxış zamanı qeyd olunan ərazidən 16 ədəd çətənə kolu aşkarlanaraq götürülmüşdür (cild 01, iş vər. 62-65). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatını rəhbərliyə məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Axşam saatlarında X6 qeyri-yaşayış sahəsi yerində aşkarlamışlar. Həmin ərazi meşəlik ərazi olmuş və Təqsirləndirilən şəxs üzərindın heç nə aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs özü həmin ərazidə çətənə bitkisi əkdiyini etiraf etmişdir. Həmin ərazidən 16 ədəd aqrotexniki qaydada qulluq olunmuş çətənə kolu aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin ərazidən aşkar olunmuş çətənə kollarının sayının artırılması halı olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Onlar hadisə yerinə gedən zaman yerdə qurudulmuş marixuana görməmişlər. Qablaşdırılmanı təhqiqatçı etdiyi üçün qurudulmuş marixuana olub-olmadığını hazırda dəqiq xatırlamır. 16 ədəd çətənə kolunun aşkar olunduğunu dəqiq xatırlayır. İbtidai istintaq zamanı ifadə vermiş, hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-ci il tarixli “Raport”dan görünür ki, Qusar Rayon Polis Şöbəsinə həmin tarixdə Qusar rayonu Yasab-Oba kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkibbecərilməsi və narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2024-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:32-də Qusar rayonu Yasab-Oba kəndində qeydiyatda olmaqla yaşayan xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərilməsi və narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə keçirilən əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda Qusar RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı Hikmət Rəhmanov tərəfindən vəkilin iştirakı ilə üzərinə və əkin sahəsinə baxış keçirildikdən sonra Qusar RPŞ-nə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqronommütəxəssisin, vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Qusar rayonu,Yasab-Oba kəndində meşəlik ərazisində baxış keçirilmişdir. Ərazidə 13 (on üç)-ü tam yaş, digər 3 (üç)-ü isə qismən yaş vəziyyətdə olmaqla ümumilikdə 16 (on altı) ədəd çətənə koluna bənzər bitki aşkar edilərək götürülmüşdür. Ətrafda 01 ədəd vedrə və 01 ədəd yarı kəsilmiş kanistr aşkar edilmiş, baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X20 Mərkəzinin Yasab-oba kəndi ərazisində keçirilmiş baxış nəticələrinə dair xx.xx.2024-cü il tarxli rəyindən görünür ki, 21 avqust 2024-cü il tarixdə Qusar rayonunun Yasab-oba kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kəndin meşəlik ərazisində əkdiyi narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı kəndin meşəlik ərazisində aşkarlanmış 16 (on altı) ədəd, hündürlükləri 0.5-1.8 m olan bitkilər, aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (cild 01, iş vər. 35-36). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 avqust 2024cü il tarixli 3-16-16/2- 7/1396 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ümumi sayı 16 (on altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1715,0 qram (1 kq 715 qram) olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş bitkilər eyni növə aiddirlər və tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 37-41). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 28 sentyabr 2024-cü il tarixli 2816 saylı rəyindən görünür ki, X8 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. X8 hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, X4 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, X8 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X5 hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onu idarə etmək iqtidarındadır. X5 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 137-139). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024- cü il tarixli 6390 saylı rəyindən görünür ki, müayinə zamanı X4 KANNABİONİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(cild 01, iş vər. 140-141). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X5 barəsində CM-in 234.2 və 188.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 149-157). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxs X7 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, X5 cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X8 ona məxsus ərazidən 16 ədəd deyil, 13 ədəd çətənə kolunun aşkar olunduğunu, çətə kollarının sayının polis əməkdaşları tərəfindən artırıldığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, o, həm şübhəli şəxs qismində saxlanılarkən, əraziyə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ərazidən aşkar olunan 16 ədəd çətənə kolunun ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə məhkəmədə özünü törətdiyi əməldə təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs 13 ədəd çətənə kolunu əkdiyini, digər kolların isə ona aid olmadığını bildirsə də, cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 avqust 2024-cü il tarixli 3-16- 16/2- 7/1396 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ümumi sayı 16 (on altı) ədəd yaş vəziyyətdə bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir, onlara aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş bitkilər eyni növə aiddirlər və tərkiblərinə görə eynidirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvercilyinin ağır cəza nəzərdə tutan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Odur ki, təqsirləndirilən şəxsin bu hissədə qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək məhkəmə kollegiyası X5 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonunun Yasaboba kənd sakinidir və həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 134-136). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 108-109). Odur ki, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan psixotrop maddənin narkotik tərkibli çətənə (kannabus) bitkilərinin sayını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Qusar Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 21, 82-85). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 16 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 72 AZN (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 16 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 72 AZN (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar