Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-164/2022 19.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yonçalıq yaşayış massivi, nömrəsiz evdə birlikdə kirayə yaşadığı tanışı Zərərçəkmiş şəxs borca pul götürüb əvəzində girov qoyduğu hərbi biletini tələb etdiyi və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona 21 manat borcu olması səbəbindən hərbi bileti qaytarmadığına görə aralarında baş vermiş mübahisə zamanı otaqda olan soyuducunun üstündən götürdüyü soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir dəfə vuraraq sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfuz edərək, mədəni zədələyən, daxili qanaxma törədən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o əməlindən peşmandır, müharibə zamanı qəlpə yaraları aldığı üçün əsəbləri pozulmuş, hadisə vaxtı özündə olmamışdır. Belə ki, o, Zərərçəkmiş şəxsla birlikdə işləmiş, aralarında yaranmış anlaşılmazlıq nəticəsində əsəblərini cilovlaya bilməmiş və hadisəni törətmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının verdiyi suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs onun Cəlilabad rayonunda qonşusu olmuş, onlar Abşeron rayonunda birlikdə işləmiş, o, Elnurdan öz evinə getmək üçün pul istəmiş, Elnur ona pul vermədiyinə görə Abşeron rayonunda kirayə yaşadıqları evdə Elnura bıçaqla bir dəfə zərbə vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o qaynı Turalla birlikdə 2021-ci ilin mart ayının 07-də Cəlilabad rayonundan Abşeron rayonu Masazır kəndinə işləməyə gəlmiş, həmin ərazidə bir otaqlı həyət evində kirayə yaşamaqla həmin evin yaxınlığında inşa edilən məktəbin tikintisində işləməyə başlamışlar. 24 aprel 2021-ci il tarixdə onun istifadəsində olan telefona tanımadığı nömrədən zəng gəlmiş, telefonda danışan şəxs özünü ona həmkəndlisi Əlizadənin oğlu Şahin kimi təqdim etmiş və ondan tikintidə işləyib işləməməsini soruşmuş, o da Şahinə işlədiyi tikintidə fəhləyə günəmuzd 20 manat müqabilində iş olduğunu bildirmişdir. Şahin 25 aprel 2021-ci il tarixdə Abşeron rayonuna gəlmiş, lakin üzərində yemək və qalmaq xərclərini qarşılayacaq qədər pulu olmamış, bu zaman Şahin ona özünə məxsus hərbi bileti girov vermiş və ona tikintidə fəhlə işləyib əmək haqqını alana qədər xərclərini çəkməsini, xərclədiyi pulla bağlı özündə qeydiyyat aparmasını, işləyib borcunu qaytaranda hərbi biletini qaytarmasını xahiş etmişdir. 25 aprel 2021-ci il tarixdən Şahin onun və Turalın kirayə yaşadığı evdə yaşamağa, onun və Turalın işlədiyi tikintidə fəhlə işləməyə başlamışdır. Şahin ondan 2 gün ərzində hissə hissə 21 manat borc almışdır. 28 aprel 2021-ci il tarixdə saat 01 radələrində Şahin evə gəlib ona artıq Cəlilabad rayonuna geri qayıdacağını, buna görə də hərbi bileti ona geri qaytarmasını demiş, o da Şahindən 21 manat borc pulunu geri qaytarmasını xahiş etmiş, ondan sonra hərbi bileti qaytaracağını söyləmişdir. Bu zaman Şahin ona heç bir söz demədən otaqdakı soyuducunun üstündəki mətbəx bıçağını götürüb bir dəfə döş qəfəsinin sol tərəfindən vurmuşdur. Tural ona kömək etmiş və DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma xəbər vermişdir. Hadisə zamanı nə o, nə də qaynı Tural Şahini vurmamışlar. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş və o təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ona qarşı şikayət və tələbi yoxdur, bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid məhkəmə iclasının vaxtı və yeri barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məktubu və SMS bildiriş vasitəsilə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadə proses iştirakçılarının fikri öyrənilməklə məhkəmə iclasında elan olunmuşdur. Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı X1 əridir. xx.xx.2021-ci il tarixdən etibarən o, Elnurla birlikdə Abşeron rayonu Masazır qəsəbəsi Yonçalıq yaşayış massivinə gələrək bir otaqlı həyət evində kirayə yaşamağa və evin yaxınlığında inşa edilən məktəbin tikintisində Elnur usta, o isə Elnurun yanında fəhlə kimi işləməyə başlamışlar. 25 aprel 2021-ci il tarixdə Elnur Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs qarşılayıb gətirmiş, Şahin onların kirayə yaşadığı evdə yaşamağa, həm də eyni tikintidə fəhlə işləməyə başlamışdır. Şahin Elnurdan hissə hissə ümumi məbləği 21 manat olan borc pul almış, onu pulu qaytaracağına əmin edib özünə məxsus hərbi bileti zərərçəkmiş şəxsə “girov” kimi təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində onlar işdən evə qayıtmış, həmin gün hava küləkli olduğundan Şahin işə getməmiş, saat 20 radələrində o da evə qayıtmış, bu zaman onun davranışı və hərəkətlərindən sərxoş olduğu hiss olunmuş, 22 radələrində Şahin evi tərk edib getmiş, xx.xx.2021-ci il tarix saat 01 radələrində yenidən evə qayıdıb otağın işığını yandırıb onları oyatmış və Cəlilabad rayonuna geri qayıdacağını deyib hərbi bileti geri qaytarmasını Elnurdan istəmiş, Elnur isə yalnız 21 manat borcu geri qaytaracağı təqdirdə hərbi bileti onun özünə geri qaytaracağını demişdir. Buna görə də onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Şahin otaqda olan soyuducunun üstündən mətbəx bıçağını götürərək Elnurun qarın nahiyəsinə bir dəfə həmin bıçaqla zərbə vurmuş, o, Şahini kənara çəkmiş, Şahin əlindəki bıçağı otağa atmış və evdən çıxıb getmişdir. Daha sonra o təcili tibbi yardıma və DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə baş verən zaman hadisə yerində o, Şahin və Elnurdan başqa heç kəs olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 03:00 radələrində 1986cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol qabırğa arası kəsilmiş deşilmiş yarası diaqnozu ilə Mərkəzi Xəstəxanaya daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, vət.X5 DİN-in 102 xidmətinə müraciət edərək bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə bıçaqlanmış və həmin şəxs hal hazırda Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisindədir. (cild 1, iş vərəqə 26) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən (cild 1, iş vərəqə 6) görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-ə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu ərazisində kirayə yaşadıqları evdə Zərərçəkmiş şəxs və Şahid tərəfindən döyüldüyünü bildirmişdir. (cild 1, iş vərəqə 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 7-12) görünür ki, cinayət hadisəsi Abşeron rayonu, Masazır qəsəbəsi, Yonçalıq yaşayış massivində yerləşən bir otaqlı nömrəsiz evdə baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 864 nömrəli ekspertiza rəyindən görünür ki, 1995-ci təvüllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gicdah və təpə nahiyələrinin dərialtı hematomaları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 27-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 913 nömrəli ekspertiza rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfüz edərək, mədəni zədələyən, daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən vaxta yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 31-32) İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/838 №li rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 40-41) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1384 saylı rəyində göstərilmişdir ki, ekspert komissiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 68-69) Əşyanın tanınması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayətin törədilməsi üçün alət olmuş soyuq silah hesab edilməyən mətbəx bıçağı Zərərçəkmiş şəxs tərəfindən tanınmışdır. (cild 1, iş vərəqə 50-51) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 1, iş vərəqə 55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin keçirilməsi üçün Abşeron rayon polis İdarəsinə dəvət edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün ona ittihamı elan etmək mümkün olmamış, barəsində həmin tarixdə axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 72-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, ona həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 80-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 4(012)-548/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 108-116) “Əlavə məhkəmə-tibb ekspertizası təyin etmək haqqında” qərar əsasında verilmiş, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 45 Ə №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfüz edərək, mədəni zədələyən, daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir. Qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 120-121) İş materiallarından görünür ki, 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağı xx.xx.2021-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qaydalarını qərəzli şəkildə pozaraq, məhkəmədən gizlənərək məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də Təqsirləndirilən şəxs haqqında xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı əsasında axtarış elan olunmuş, cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs tutularaq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qaydalarını yenidən qərəzli şəkildə pozaraq, məhkəmədən gizlənərək məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan olunmaqla qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. Vətən Müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-cı il tarixli 274 nömrəli əmri əsasında ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışa əsasən Təqsirləndirilən şəxs “partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi psixi və davranış pozuntuları, depressiv sindrom, özünə xəsarət yetirmələrlə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs hərbi xidmət keçdiyi dövrdə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, psixi və davranış pozuntuları, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmələrlə. Vegetativ damar davamsızlığı. Sağ diz, sağ ayaq nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ərizə yazaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın ödənildiyini bildirmişdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən sonuncunun döş qəfəsinin sol yarısına bir dəfə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak edərək medalla təltif edilməsini, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə və xx.xx.2022-ci il tarixdə tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı müddətlər nəzərə alınsın. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal həbsdən azad edilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Cəlilabad rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron RPİnin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-164/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-164/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver