Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-164/2025 06.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X10, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanının həyətində, evin arxa və sağ yan tərəflərində xüsusi hazırlanmış yerdə əkərək külli miqdarda tərkibində narkotik maddələr olan 51 ədəd çətənə (kannabis) bitkilərinə 19 iyul 2024-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirərək kultivasiya etmiş, eləcə də özünün əkib-becərdiyi çətənə (kannabis) bitkilərinin hissələrini toplayaraq satış məqsədilə qurutduğu külli miqdarda 5100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvanda saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən 5 saylı evə, evin həyətinə və həyətdə olan tikililərə öz könüllü razılığı və iştirakı ilə 19 iyul 2024-cü il tarixdə, saat 16:20-dən etibarən baxış keçirilən zaman həmin evin həyətində, arxa və sağ yan tərəflərində qanunsuz olaraq əkib-becərdiyi, aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi yaş vəziyyətdə külli miqdarda tərkibində narkotik maddələr olan 51 ədəd çətənə (kannabis) bitkiləri və həmin evin arxa hissəsindən özünün əkib-becərdiyi çətənə (kannabis) bitkilərinin hissələrini toplayaraq satış məqsədilə qurudaraq saxladığı 01 ədəd ağ rəngli sintetik torbada külli miqdarda təmiz çəkisi 5100 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 237.2.3cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən (CM-in 237.2.3-cü maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə polis əməkdaşları qapını döymüş və o, qapını açmışdır. Polis əməkdaşları özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oluqlarını bildirmiş və həyətə baxış keçirilməsi üçün ondan icazə almışlar. O, həyətə baxış keçirilməsinə etiraz etmədiyi üçün polis əməkdaşları ilə birlikdə evin arxa hissəsinə keçmişlər. Ondan çətənə bitkilərini onun əkib-əkmədiyini soruşmuşlar və o, özünün əkdiyini bildirmişdir. O, həmin bitkini Novxanı kəndi ərazisində, “kənd kənarı” adlanan yerdə yabanı vəziyyətdə tapmış, toxumlarını gətirib öz həyətində əkmiş və onlara qulluq etmişdir. Onda ayrıca 5 kq narkotik vasitə qurudulmuş marixuana olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 51 ədəd çətənə bitkisi əkdiyini etiraf edir. O, heç vaxt marixuanadan istifadə etməmişdir. Onun oğlu ruhi xəstədir və onun müalicə xərcləri üçün bankdan pul götürmüşlər. Maddi sıxıntıları olduğu üçün o, çətənə bitkilərini satmaq məqsədi ilə əkmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsir göstərilməmişir. Üzərinə əlavə 5 kq marixuana qoymalarının səbəbini onun özü də anlamır. O, əlyazma ilə yazılanları oxuya bilmir. O, 5 kiloqramı 50 qram kimi oxumuşdur. Onun oğlu 2-ci qrup əlildir və bu barədə sənədləri də var. İbtidai istintaq zamanı ifadə verərəkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, təxminən 1 il əvvəl Abşeron rayonu, Novxanı kəndi ərazisində, “kənd kənarı” adlanan yerdə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi görmüşdür. O bitkilərdən toxumlar əldə etmiş və gətirib həyətində əkmişdir. Lakin hal-hazırda o toxumları götürdüyü yeri dəqiq xatırlamır həmin tərəflərdə tikinti işləri gedir. O çətənə bitkisi toxumlarını təxminən 2024-cü ilin aprel ayında əkmiş və sonradan bitkilərə su verərək onlara qulluq etməyə başlamışdır. O əkib becərdiyi narkotik vasitə marixuanadan bir hissəsini qurudaraq evində saxlamışdır. O həmin çətənə bitkilərini pula ehtiyacı olduğu üçün satmaq məqsədi ilə əkmişdir. 19 iyul 2024-cü il tarixdə təxminən 16:20 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüşdür. Qapını açdıqda bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını söyləmişdir. O da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişdir. Daha sonra yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmamağını soruşmuşdur. O yalan danışmağın mənasız olduğunu başa düşüb səmimi şəkildə yaşadığı Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanında, evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmiş və yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. O bu barədə ərizə verdikdən sonra polislər yaşadığı evin həyətinə daxil olub video çəkilişdən istifadə etməklə baxış aparmağa başlamışdır. Polis əməkdaşları onun dəvəti ilə ilk öncə evin arxa hissəsinə keçmiş və o əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini, sonra isə evin sağ yan tərəfində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini göstərmişdir. Baxış zamanı o əlavə olaraq evin arxa hissəsində yerdə olan sintetik kisədə əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini qurudulmuş halda saxladığını bildirmişdir. Həmin sintetik kisəyə polis əməkdaşı tərəfindən keçirilən baxış zamanı kisənin içərisində qurudulmuş halda olan çətənə bitkilərinin, yəni qurudulmuş marixuananın olması müşahidə edilmişdir. Bundan sonra 01 ədəd sintetik kisədə aşkar olunmuş kütlələr polis əməkdaşı tərəfindən həmin kisədə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona mütəxəssis kimi təqdim olunmuş şəxs evin arxa və sağ yan tərəfində əkdiyi narkotik tərkibli çətənə bitkilərinə baxış keçirərək həmin bitkilərə xüsusi qulluq olunduğunu bildirmişdir. Sorğu zamanı o yaşadığı evin arxa və sağ yan tərəfində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2024-cü ilin aprel ayında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini, həmin toxumları isə 1 il əvvəl Abşeron rayonu, Novxanı kəndi ərazisində, “kənd kənarı” adlanan yerdə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini, lakin hazırda həmin ərazini dəqiq xatırlamadığını bildirmişdir. Əlavə olaraq isə o narkotik tərkibli çətənə bitkisi kollarını satış məqsədi ilə əkdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra yaşadığı evin arxa və sağ yan tərəfində əkdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar kollar polis əməkdaşları tərəfindən bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 51 ədəd olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş çətənə tərkibli bitkilər polis əməkdaşı tərəfindən 01 ədəd şəffaf sellofanda qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, iş vər. 85-88). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxsə ünvanlanan suallara cavab olaraq sonuncu göstərmişdir ki, o, həmin məzmunda ifadə verməmiş, oxuya bilmədiyi üçün ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadədə 5 kq marixuanaya dair hissəni təsdiq etmir. O, ümumilikdə 52 ədəd çətənə bitkisi əkmiş, bir ədəd bitkini çıxardaraq qurutmuş və həmin bitkini sintetik kisəyə yığmışdır. Onun çəkisi isə 5 kq ola bilməzdi. Onun 70 yaşının olduğunu, oğlunun 2-ci qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyinə raportla məruzə etmiş və həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Tədbir zamanı şəxsin yaşadığı ünvana gedilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olduğunu və buna görə də onun yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb, ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da onları yaşadığı evin həyətinə dəvət edib evin arxa və yan hissəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərdiyini bildirmiş və əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bundan başqa evin arxa hissəsində yerdə saxladığı sintetik kisədə əkib-becərdiyi narkotik tərkibli çətənə bitkisini qurudulmuş halda saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Həmin kisəyə baxış zamanı kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlə və çətənə bitkiləri qablaşdırılmaqla müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin ünvanda aşkar olunan bitkilər səhv etmirsə 51 ədəd olmuş, o cümlədən aşkar olunmuş kütlə həmin vaxt çəkilməmiş, sonradan ekspertizadan keçirildikdən sonra həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və çəkisinin təxminən 5 kq olduğunu bilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona hər hansı bir təzyiq və təsir göstərilməmiş, şəxs özü də heç bir müqavimət göstərməmişdir. Onlar tərəfindən şəxsin evində aşkar olunan narkotik vasitənin çəkisinin artırılması hallarına yol verilməmişdir. Şəxsin iştirakı ilə aşkar olunan video çəkilişlə qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən "Diyanət" adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satması, eləcə də qanunsuz olaraq yaşadığı ünvanda satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1955-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1955-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keşirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, 19 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edilməsi, saxlanılması, daşınması və satılmasında, eləcə də qanunsuz olaraq yaşadığı ünvanda satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli bilinən xx.xx.1955-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs həmin günü saat 16:20-də yaşadığı ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış zamanı onun yaşadığı ünvanın həyətyanı sahəsindən narkotik tərkibli çətənə bitkisinə oxşar 51 ədəd bitki və 01 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxsla bağlı müvafiq prosessual hərəkətlər keçirildikdən sonra o, Baş İdarəyə gətirilmişdir (cild 01, iş vər.09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanında yerləşən evinə və həyət sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssis-aqronomin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Abşeron rayonu, Novxanı kəndi, ev 5 ünvanında saat 16:20-dən etibarən onun yaşadığı evdə və evin həyətində öz könüllü razılığı ilə baxış keçirilən zaman həmin evin həyətində, arxa və sağ yan tərəflərində yaş vəziyyətdə külli miqdarda tərkibində narkotik maddələr olan 51 ədəd çətənə (kannabis) bitkilərinə bənzər bitkilər və həmin evin arxa hissəsindən 01 ədəd ağ rəngli sintetik torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 17-20) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanın həyətyanı sahəsindən evin arxa və yan hissəsindən aşkar olunmuş bitkilər narkotik tərkibli çətənə bitkisi kollarıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Belə ki, bitkilər mütəmadi olaraq suvarılmış, dibləri yumşaldılmış, həmin bitkilərin əkildiyi sahə alaq otlarından təmizlənmiş və torpağa üzvü gübrələr verilmişdir. Bitkilərin tam inkişaf fazasında olması müşahidə edilmiş hündürlükləri ortalama 90-220 sm ölçüsündədir. Həyətyanı sahədə aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kolları kökləri ilə birlikdə torpaq səthindən çıxarılmış, bitkilər tək-tək sayılmış və bitkilərin ümumi sayının 51 ədəd (əlli bir) olması müəyyən edilmişdir (cild 01, iş vər. 24) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 20 iyul 2024-cü il tarixli, 3-16-16-2- 7/1173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi - 5100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən 51 ədəd kol çətənə bitkisi...” yazıları və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı ümumi sayı 51 (əlli bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi-23000qram olan bitki nümunələri tərkiblərinə görə eyni olub əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 49-53) Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 19 iyul 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 01, iş vər. 111) Cinayət işinin materiallarında olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli xx/xx-8768 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 9412 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 122). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2024cü il tarixli 4936 A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 158-159). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 avqust 2024cü il tarixli 397/MEŞ nömrəli rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 19-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 160-162). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 188-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 163-173). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahid ifadəsi, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs evdən aşkar olunan 5 kiloqram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, oxuya bilmədiyi üçün xəbərsiz şəkildə həmin maddəni qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, o, həm şübhəli şəxs qismində saxlanılarkən və evinə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni yaşadığı evdən aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə məhkəmədə özünü törətdiyi əməldə təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi ilə bağlı video görüntülər məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana və evin həyətyanı sahəsinə baxış keçirilərkən şəxs özü şəxsən iştirak etmiş, aşkar olunan sintetik kisə isə onun gözünün qarşısında qanunla nəzərdə tutulmuş qayadada qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün götürülmüşdür. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitələrin onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Novxanı kənd M.Nəcəfov küçəsində yaşayır, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 127-128). Cinayət işinin materiallarına əlavə olunan 032257 nömrəli “Vəsiqə”dən görünür ki, X5 ikinci qrup müddətsiz əlildir (cild 01, iş vər. 150). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 70 yaşının olmasını, oğlu X4 2-ci qrup müddətsiz əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il 02 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 129-130). Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə yaşını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla sonuncuya qəti müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, əməlində cinayətlərin residivi və cəzanı ağırlaşdıran digər hallar olmasa da, əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkməsindən nəticə çıxarmayan şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-942/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 99-104). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı isə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5099,8 qram narkotik vasitə qurudulmuş marixuana və 51 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Nokia” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5099,8 qram narkotik vasitə qurudulmuş marixuana və 51 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Nokia” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-164/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-164/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver