Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-165/2022 03.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qarabağ müharibəsi veteranı, 3-cü dərəcə əlil, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 33 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evinin həyətindəki yardımçı tikilidə və həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, 2021-ci ilin iyul ayının ortalarında həmin çətənə bitkilərinin hissələrini yığıb qurutmaqla onlardan satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq yaşadığı evin həyətindəki yardımçı tikilidə və həyətyanı torpaq sahəsində saxlamış, bu faktlar 20 avqust 2021-ci il tarixdə saat 18:00-18:35 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evin həyətindəki yardımçı tikiliyə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 33 (otuz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 22875 (22kq.875qr.) qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi çəkisi 7985 (7kq.985qr.) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Qarabağ müharibəsində iştirak etdiyi dövrdə psixoloji travma aldığı üçün psixoloji dispanserdə müalicə almışdır. Çətənə kollarını şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Çətənə kollarını əkmiş, lakin onların yarpaqlarını qurutmamışdır. Çətənə bitkiləri əkilən torpaq sahəsi ailə torpağı olmuşdur. Həmin torpaqda toxumları səpərkən saymamış, toxumları əkib qulluq edib sulamışdır, saxlanılanda 33 ədəd çətənə kolu aşkar edilmişdir. Çətənə kollarını qurutmamışdır, qurudulmuş vəziyyətdə narkotik vasitə olmamışdır. Polislər onlara gələndə, o, qaynının ot sahəsində olmuşdur. Videoçəkilişdə aşkar edilən qurudulmuş narkotik vasitə çətənə kollarının diblərində olan kollar, yarpaqlar olmuşdur. Ona 18 avqust 2021-ci ildə günorta radələrində zəng edib polislərin evdə olduğunu demişlər. Həmin gün onu saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi məhkəmə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. Bir il əvvəl marixuana qəbul edən zaman içərisindən onun toxumunu tapmış və öz həyətində həmin toxumu əkmişdir. Əkdiyi toxumdan bir ədəd çətənə kolu bitmiş və sonradan həmin çətənə bitkisinin toxumlarını yığıb saxlamışdır. 2-3 ay əvvəl, yəni 2021-ci ilin may ayının əvvəllərində həmin çətənə bitkisinin toxumlarının bir hissəsini yaşadığı evin həyətindəki tövlənin sol tərəfində olan bağ sahəsində, bir hissəsini isə tövlənin sağ tərəfindəki yardımçı tikilidə əkmişdir. Toxumları əkdikdən sonra həmin yeri suvarmış və gün keçdikcə orada toxumlar cücərib böyüməyə başlamış, bağ sahəsində 13 ədəd, tövlənin sağ tərəfindəki yardımçı tikilidə isə 20 ədəd çətənə bitkisi yetişmişdir. Bundan sonra o, həmin bitkilərin yaxşı inkişaf etmələri üçün onlara su vermiş, diblərini yumşaltmış, əyilməmələri və düzgün inkişaf etmələri üçün onları iplə bağlayaraq yerə basdırdığı ağac mıxçalara bərkitmişdir. Çətənə bitkiləri böyüdükdən sonra, yəni 2021-ci ilin iyul ayının ortalarından onların bəzilərinin yarpaqlarını kəssərək qurumalarından ötrü yerə yığmış, yardımçı tikilidə əkdiyi bitkilərin yarpraqlarını öz kollarının yanında, yəni yardımçı tikilidə, bağ sahəsində əkdiyi bitkilərin yarpaqlarını isə öz kollarının yanında, yəni bağ sahəsində yerə yığaraq qurutmuşdur. Yarpaqlar quruduqca onlardan istifadə etmiş, qalan hissələrini isə gələcəkdə istifadə etmək məqsədi ilə saxlamışdır. 20 avqust 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkməsi və qurudaraq saxlaması barədə məlumatları olduğunu demiş və həyətinə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmişlər. Polis işçilərinin hər şeydən xəbərlərinin olduğunu və həyətdə çətənə bitkiləri əkib-becərdiyini gizlətməyin artıq mənasız olduğunu fikirləşmiş, buna görə də hər şeyi olduğu kimi etiraf etmiş və çətənə bitkilərini əkdiyi yerləri onlara təqdim etmişdir. Videoçəkilişlə həyətinə baxış keçirilən zaman tövlənin sağ tərəfində yerləşən yardımçı tikilidən 20 ədəd çətənə bitkisi və həmin kollardan yığıb qurutduğu yarpaqlar aşkar edilmiş və həmin 20 ədəd çətənə kolu köklərindən çıxarılaraq bir kisəyə, qurumuş yarpaqlar isə başqa bir kisəyə yığılaraq qablaşdırılmışdır. Daha sonra o, tövlənin sol tərəfindəki bağ hissəsində əkdiyi çətənə bitkilərini və qurutduğu yarpaqları təqdim etmişdir. Polis əməkdaşları ilə birlikdə həmin kolları köklərindən çıxarmış, kollar sayılan zaman onların 13 ədəd olması müəyyən olunmuş, onların hündürlüyü təxminən 3 metrə yaxın olduğundan 13 ədəd kol 04 ədəd kisəyə, bağda qurutduğu həmin kolların hissələri isə 02 ədəd kisəyə yığılaraq qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Faktla bağlı protokol tərtib edilmiş və o, tərtib olunmuş protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onlar birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, şöbədə ona şübhəli şəxs qismində tutlması ilə bağlı hüquq və vəzifələri izah olunmaqla hüquqlarının qorunmasından ötrü müdafiəçi təqdim olunmuşdur. O, həmçinin göstərmişdir ki, evinin həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman polis əməkdaşlarına çətənə bitkilərinin yanında aşkar edilmiş qurudulmuş marixuanaları guya atmaq məqsədi ilə yığdığını bildirmiş, əslində həmin marixuanaları atmaq məqsədi ilə deyil, özünün istifadəsi üçün yığıb qurutmuş, lakin heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının 20-də Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlaması barədə məlumat daxil olduqdan sonra raportla şöbə rəhbərliyinə məruzə edilmiş, Şahid2 və aqronom Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək üçün həmin ünvana getmişlər. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getdikdə onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsində yardımçı tikilinin içərisində torpaqda əkilmiş vəziyyətdə olan hər biri təxminən 1-1,5 metr hündürlükdə 20 ədəd çətənə bitkiləri və həmin bitkilərin yanında yerdə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Həmin qurudulmuş marixuana kolların dibinə əllə yığılmışdı. Aqronom Şahid4 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq olunmaqla əkilib-becərildiklərini, qurudulmuş bitki kütləsinin isə çətənə bitkilərinin yarpaqları olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş bitkilərin çətənə bitkiləri olduğunu və onları özünün əkib becərdiyini, bitki mənşəli kütlənin isə çətənə bitkilərinin hissələri olduğunu və onları tullamaq üçün həmin yerə yığdığını bildirmişdir. Daha sonra onun bağ sahəsinə baxış zamanı orada torpaqda əkilmiş vəziyyətdə olan 13 ədəd çətənə bitkisi aşkar edilmişdir. Sonra narkotik vasitə marixuana sintetik kisələrə yığılaraq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının 20-də saat 18 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlaması barədə daxil olan məlumat əsasında aqronom Şahid4 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən ümumilikdə 33 ədəd çətənə bitkiləri və kənarda yığılıb toplanmış şəkildə qurudulmuş narkotik vasitə marixuana aşkar edilmişdir. Qurudulmuş marixuana təbii olmamışdır. Aqronom Şahid4 aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq olunmaqla əkilib-becərildiklərini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş bitkilərin çətənə bitkiləri olduğunu və onları özünün əkib becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayonu, MKTİ-nin baş aqronomu Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il 20 avqustda Təqsirləndirilən şəxs barəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlaması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu ilə birlikdə onun yaşadığı ünvana getmişdir. O, keçirilən istintaq hərəkətlərini videolentə almışdır. Xatırladığı qədəriylə, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən ümumilikdə 33 ədəd çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 digər şahidlərin ifadələrinə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində, kəndin mərkəzindən təxminən 200 metr məsafədə Xaspoladoba kəndinə gedən yolun sağ tərəfində həyətyanı sahəyə baxış keçirilərkən ümumilikdə 33 ədəd çətənə kolları və qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 19-21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Xaçmaz rayon İcra hakimiyyətinin Xaçmaz MKTİ aqronomu Şahid4 tərəfindən verilən 20 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkar olunaraq götürülmüş 33 ədəd bitki çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Aşkar edilmiş qurudulmuş bitki nümunələri isə həmin kolların qurudulmuş yarpaqlarıdır. (Cild 1, iş vərəq 22) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 21 avqust 2021-ci tarixli, 7/817 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş qurudulmuş marixuanaya bənzər…» sözləri yazılmış üç ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1.885 qram, 2) 3.695 qram, 3) 2.405 qram, ümumi çəkisi 7.985 qram (7kq.985qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş çətənə kollarına bənzər…» sözləri yazılmış beş ədəd sintetik torbada ümumi sayı 33 (otuz üç) ədəd, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 3.505 qram, 2) 5.300 qram, 3) 4.870 qram, 4) 6.065 qram, 5) 3.135 qram, ümumi çəkisi 22.875 qram (22kq,875 qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 3577 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 2670 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Ondan üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda dja öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. (Cild 1, iş vərəqləri 127-129) Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması haqqında” 23 avqust 2021-ci il tarixli qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalan 7.984,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 22.875 qram çəkidə 33 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. Aydın Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videogrüntülərinin əks olunduğu 01 ədəd “DVD” formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 78- 79, 130-141) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs evində topladığı ümumilikdə 7.985 qram olan narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 1.597 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 86) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, 1-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, müharibə veteranı olması, “qapalı kəllə beyin travması qalıq əlamətləri, hərəkət koordinasiyası funksiyasının kəskin pozuntusu, şəxsiyyətin emosional davranış pozuntusu tez-tez dekompensasiyalarla, çox saylı güllə yarası, baş beyin kontuziyası, özünə sui-qəsd halları ilə” diaqnozu ilə 3-cü dərəcəli əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəq 106) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 22 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 70-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin 3-cü dərəcəli əlil olması səbəbində məcburi barəsində müalicə təyin edilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-in maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.984,85 qram (7kq.984,85qr.) olan narkotik vasitə qurudulmuş marixuana və 33 (otuz üç) ədəd 22.873,35 qram (22kq.873,35qr.) olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməlidir. İstintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 7.984,85 qram (7kq.984,85qr.) çəkidə narkotik vasitə qurudulmuş marixuana və 33 (otuz üç) ədəd 22.873,35 qram (22kq.873,35qr.) çəkidə narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-165/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-165/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver