Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-165/2024 27.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında yaşadığı ünvan 2 ünvanında yerləşən evinin arxa tərəfindəki yarımtikilidə qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 2022-ci ilin sentyabr ayının sonlarında əkib-yetişdirdiyi çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla onlardan satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla külli miqdarda, yəni, 668,230 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb 3,230 qramını üzərində, 665,0 qramını isə yaşadığı evin həyətində olan talvarın (çardağın) altında saxlamış, bu fakt o, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Dərbənd küçəsində saxlanılıb ünvan 3 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında 14 yanvar 2023-cü il tarixdə saat 18:50-19:10 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisində 3,230 qram çəkidə, 14 yanvar 2023-cü il tarixdə saat 19:35-20:15 müddətində isə onun yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə baxış keçirilərkən evin ön tərəfində olan talvarın (çardağın) altında gizlədib saxladığı sellofan torbanın içərisində 665,0 qram çəkidə olmaqla, ümumilikdə 668,230 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin arxa tərəfində olan yarımtikilinin içərisində isə ümumi çəkisi 780,0 qram çəkidə olan 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə və onların hissələrini toplama) etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayıb saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-1-ci maddələri ilə irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları evə gəlmişdirlər. Narkotik tərkibli bitkiləri özü göstərmişdir. Evin arxasında 09 ədəd quru budaqlar var idi. Bir də balaca bir ədəd büküm olmuş, həmin bükümü təqdim etmişdir. Özü narkotik vasitədən həmişə yox, arabir istifadə etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ancaq marixuana istifadə etmişdir. Gündə iki-üç dəfə narkotik vasitə istifadə etmişdir. İstifadə edəndə qramını bilməmiş, siqaret dənəsinə doldurub çəkmişdir. O, evindən aşkar olunmuş narkotik vasitənin qramını bilməmişdir. Narkotik vasitə olan büküm elə evində olmuşdur. Büküm evdə çardağın altında olmuşdur. 09 ədəd çətənə bitkisinin tumunu Bakıda fəhlə işləyən zaman əldə etmişdir. Narkotik tərkibli bitkini qurudub istifadə etmişdir. Qurudanda bitkinin yarpağını da, gövdəsini də qurutmuşdur. Bükümdəki narkotik vasitənin çəkisinin necə artdığını bilməmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Onu saxlayan polis əməkdaşları ilə əvvəllər hər hansı düşmənçilik və ya ədavətli münasibəti olmamışdır. Polis əməkdaşlarının bükümdəki narkotik vasitənin çəkisini nə səbəbə artırması ilə bağlı heç bir fikri yoxdur. Çəkini azaltmaq da, artırmaq da onların əlindədir. Onunla razılaşmır ki, üzərində olan büküm balaca olmuşdur, idarəyə gəldikdən sonra büküm böyümüşdür. Bükümün çəkisini ölçməmişdir deyə, konkret olaraq nə qədər olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 09 ədəd çətənə bitkisinin olmasını qəbul etmişdir. Bükümün çəkisi barədə heç nə deyə bilməmişdir. 09 çətənə bitkisinin də çəkisini bilməmiş, həmin bitkiləri polis əməkdaşlarına özü göstərmişdir. Sadəcə olaraq, büküm polis əməkdaşları tərəfindən böyüdülüb. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video görüntüdəki şəxs odur. O, marixuanadan başqa narkotik vasitə istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən gündüz saxlanmışdır. Həmin vaxt evindəki paket balaca olmuşdur. Ancaq axşam video çəkiliş zamanı görüntüdəki paket böyümüşdür. Kolları özü əkmişdir. Kolları şəxsi istifadəsi üçün əkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Dərbənd küçəsində hərəkətdə olduğunu müəyyənləşdirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə rayon polis şöbəsinə getməsini təklif etmişdirlər. Etibar da onlara etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə marixuana aşkar edilərək götürüldü. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni həyətində əkib-becərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman sonuncu könüllü şəkildə qurudulmuş marixuananı və 09 ədəd əkmiş olduğu narkotik tərkibli bitkilərin yerini göstərdi. Beləcə, 09 ədəd çətənə bitkisi də aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni eynilə təsdiq etmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və üzərində daşıması barədə idi. Sorğu-sual zamanı Etibardan üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, narkotik tərkibli bitki əkib-becərdiyini qeyd etmişdir. Etibar 14 yanvar 2023-cü il tarixdə saxlanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman axşam rədaləri idi, gecə idi. Hava qaralmışdır. Təqsirləndirilən şəxs sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən gündüz radələrində saxlanmışdır. Onu axşama kimi polis idarəsində saxlayıb, video çəkiliş də axşam olmuşdur. Onu axşama kimi saxlamaqda polis əməkdaşlarının nə məqsədi olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 bildirmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindəki kibrit qutusunda narkotik vasitə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin həyətinə baxış keçirilmişdir. Xatırladığı qədərilə, Etibar qapıdan daxil olarkən sağ tərəfdə olan sellofandakı bükümü təqdim etmişdir. Bundan sonra müstəntiqin iştirakı ilə evin arxasındakı yarımtikilidən kolları çıxarmışdırlar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması və istifadə etməsi barədə idi. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olundu. Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman sellofan və evin arxasından təmizlənmiş kollar aşkar edilmişdir. Etibar saxlanılan zaman axşam saatları idi. Təqsirləndirilən şəxsin gündüz saxlanması ilə bağlı bildirdiyi xüsusat həqiqəti əks etdirmir. Saxlanan zaman Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, ona da hər hansı bir zor tətbiq edilməmişdir. Şahid Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 yanvar 2023-cü il tarixdə şöbə rəhbərliyinin göstərişi ilə Xaçmaz RPŞ-nin inzibati binasında istintaq bölməsinin müstəntiqi Nemət Xasayev tərəfinfən X1 üzərinə keçirilmiş şəxsi axtarış prosesini “Xiaomi Remi note 10 pro” markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparmaqla qeydiyyata almışdır. Belə ki, 14 yanvar telefonun kamerası ilə videoçəkiliş aparmağa başladıqdan sonra əvvəlcə X7 özünü, daha sonra Təqsirləndirilən şəxs həmin şəxslərin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdi. Şəxsi axtarış zamanı X7 Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymasını tələb etdi, bu təklifdən sonra sonuncu əynində olan göy rəndi şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu, həmin yalvarın sol yan cibindən isə “Vegas” markalı bir ədəd siqaret qutusu çıxarıb otaqda olan masanın üzərinə qoydu. X7 Təqsirləndirilən şəxs təqdim eldiyi kibrit qutusunu açıb içərisinə baxdıqda, qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, kibrit qutusunun içərisində olan bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan sonra X7 Təqsirləndirilən şəxs təqdim etdiyi “Vegas” markalı siqaret qutusunun içərisinə baxan zaman siqaret qulusunun içərisindən bir ədəd 1 manatlıq pul əskinası, bir ədəd “Vegas” markalı siqaret dənəsi, 03 ədəd 20 qəpik və 01 ədəd 50 qəpik pul aşkar olundu. Bundan sonra X7 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi, lakin sonuncunun üzərindən daşınması qadağan olunmuş hər hansı bir başqa əşya, predmet və kütlə aşkar olunmadı. Bundan sonra X7 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Vegas” markalı bir ədəd siqaret qutusunu içərisində olan siqaret dənəsi və pullar ilə birlikdə Təqsirləndirilən şəxs özünə geri qaytardı. Bundan sonra X7 tərəfindən verilən sullara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana adlandırdığı kütləni yaşadığı evin həyətində əkib yetişdirdiyi çətənə bitkilərinin hissələrindən yığıb hazırladığını, faktiki olaraq öz yaşadığı evin həyətində də narkotik vasitə olan qurudulmuş marixana saxladığını, evdə saxladığı marixuananı da təqdim edə biləcəyini, bundan başqa yaşadığı evin həyətində əkib yetişdirdiyi çətənə bitkilərinin kötüklərinin qaldığını, onları da təqdim edə biləcəyini, hər hansı bir şəxsə narkotik vasitə satmadığını və hər hansı bir şəxsdən narkotik vasitə almadığını, çətənə bitkisinin toxumlarını uzun müddətdir ki, özündə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu X7 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıldı, həmin zərf möhürləndi, üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazıldı və adları zərfin üzərinə yazılmış şəxslər həmin zərfin üzərini imzaladılar, bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış prosesi başa çatdırıldı. Şahidlər Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid5 və Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid1 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom vəzifəsində işləyir. 14 yanvar 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Nemət Xasayevin dəvəti ilə Xaçmaz RPŞ-nə gəlmiş, orada o, mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış olmuş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə X7 və digər polis əməkdaşları ilə birlikdə Xaçmaz şəhəri, Dərbənd küçəsində yerləşən 14 nömrəli evin qarşısına getmişlər. Həmin vaxt şübhəli şəxs qismində tutulmuş və həmin evdə yaşayan Təqsirləndirilən şəxs da orada olmuşdur. Onlar Xaçmaz şəhəri, Dərbənd küçəsində yerləşən 14 nömrəli evin qarşısına çatdıqdan sonra Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 tərəfindən mobil telefonla videoçəkiliş aparılmasına başlanmış və həmin vaxt X7 əvvəlcə özünü, daha sonra onlar özlərini təqdim etmişlər, daha sonra X7 ünvan 2 ünvanında yerləşən evin qarşısında olduqlarını və həmin evin Təqsirləndirilən şəxs yaşadığı ev olduğunu bildirib, həmin gün bir müddət əvvəl Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olduğunu dediyini, həmçinin, yaşadığı ünvan 2 ünvanında yerləşən evdə də narkotik vasitə olan qurudulmuş marixuana və çətənə bitkisinin hissələri olduğunu və yaşadığı evdə olan marixuananı və çətənə bitkisinin hissələrini də təqdim edə biləcəyini deməsinə görə sonuncunun yaşadığı evə baxış keçirilməsinə başlandığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs verilən suala cavab olaraq yaşadığı evə onların iştirakı ilə baxış keçirilməsinə eirazının olmadığını bildirmişdir. Bu zaman X7 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı narkotik vasitə qurudulmuş marixuna adlandırdığı bitki kütləsini təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısını açıb həyətə daxil olmuş və onları evin həyətində olan talvarın (çardağın) altına aparıb orada sağ tərəfdə olan bir ədəd sintetik kisədə gizlədib saxladığı torbada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin yerdə olan sintetik kisənin içərisindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb X7ə təqdim etmişdir. Nemət Xasayev də həmin göy rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan torbanı çıxarıb içərisinə baxan zaman biz görmüşlər ki, şəffaf sellofan torbanın içərisində bitki kütləsi vardır və həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəmişdir. Bundan başqa aşkar olunmuş göy rəngli sellofanın torbanın içərisindən bir ədəd plastmas qabda salfet və kağız kəsiyi bükümlərində, eləcə də plastmas qabın içərisində açıq halda bitki toxumları aşkar olunmuşdur. Baxış zamanı o, həmin toxumları nəzərdən keçirib toxumların narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, öz yaşadığı evin həyətində əkib yetişdirdiyi çətənə bitkilərinin hissələrindən toplayaraq şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırladığını, heç kimə satmadığını və satmaq niyyətində olmadığını bildirmişdir. Bundan sonra həmin bitki kütləsi və içərisində toxumlar olan plastmas qab X7 tərəfindən həmin göy rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, yapışqan lentlə bağlanmış, möhürlənmiş və üzərinə baxışda iştirak edən şəxslərin adları və imzaları olan A4 formatlı kağız yapışqanlı lentlə yapışdırılmışdır. Bundan sonra X7in təklifi ilə Təqsirləndirilən şəxs onları çətənə bitkilərini əkib yetişdirdiyi yerə aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs qarşıda gedərək onları yaşadığı evin arxa tərəfinə aparıb orada olan yarımtikilini göstərib çətənə bitkilərini həmin yarımtikilinin içərisində əkib yetişdirdiyini bildirib daha sonra özü həmin yerə keçib çətənə bitkisinin qalan kötüklərindən götürüb təqdim etmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərin köməkliyi ilə həmin yerdən ümumilikdə 09 ədəd çətənə bitkisinin kötükləri aşkar olunmuşdur. Baxış zamanı o, həmin bitkiləri bir daha sayaraq saylarının 09 ədəd olduğunu, bitkilərin narkotik tərkibli çətənə bitkilərinin qalıqları (kötükləri) olduğunu, gün düşən yerdə əkildiyini, aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Çünki aşkar olunmuş kötüklərdən görünmüşdür ki, vaxtı ilə həmin bitkilər yaxşı inkişaf etmişdir, əgər qulluq olunmasaydı çətənə bitkiləri həmin yerdə o qədər böyüyə bilməzdir. Bundan sonra aşkar olunmuş 09 ədəd bitki kötüyü X7 tərəfindən bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış, möhürlənmiş, üzərinə baxışda iştirak edən şəxslərin adları və imzaları olan A4 formatlı kağız yapışqanlı lentlə yapışdırılmışdır. Baxış prosesi Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 tərəfindən əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Bundan sonra baxış prosesi başa çatdırılmış və onlar Xaçmaz RPŞ-nə qayıtmışlar və o, həmin bitkilərin çətənə bitkilərinin kötükləri olması və onlara aqrotexniki qaydada qulluq edilməsi barədə rəy vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 yanvar 2023-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Xaçmaz şəhəri Dərbənd küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdülü Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 yanvar 2023-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin ön tərəfində olan talvarın (çardağın) altında gizlədib saxladığı sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin arxa tərəfində olan yarımtikilinin içərisində isə 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 14 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş çətənə bitkilərinin hissələrinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 15 yanvar 2023-cü il tarixli 7/43 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,230 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan göy rəngli polietilen bağlamada 1 ədəd sellofanda təmiz çəkisi 665,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs imza ....” yazı və imzalar olan ağ rəngli sintetik torbada 9 ədəd ümumi çəkisi 780,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronom rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş marixuanalar eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş çətənə (kannabis) bitkisinin üzərində yarpaqlar olmadığı üçün, onların təqdim edilmiş marixuanalar ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 588 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 17 yanvar 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi barədə” 14 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda 3,230 qram çəkidə və yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətindən aşkar edilmiş bir ədəd sellofan torbada 665,0 qram çəkidə olmaqla, ümumilikdə 668,230 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan yarımtikilinin içərisindən aşkar edilmiş ümumi çəkisi 780,0 qram çəkidə olan 09 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri 17 yanvar 2023-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış narkotik vasitə olan qurudulmuş marixuananın (hər obyektdən 0,05 qram olmaqla) 0,1 qramı ekspert tədqiqatına sərf edildikdən sonra qalan 668,130 qram qalığı, həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan yarımtikilinin içərisindən aşkar edilmiş ümumi çəkisi 780,0 qram çəkidə olan 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin 0,45 qramı (hər bir obyektdən 0,05 qram olmaqla) ekspert tədqiqatına sərf edildikdən sonra qalan 779,550 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərini özündə əks etdirən bir ədəd disk işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə 24 fevral 2023-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış və həmin disk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İHBnın Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşamış, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X2 xx.xx.2015-ci il, X3 xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlı, X4 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzsını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 16 yanvar 2023-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın (hər obyektdən 0,05 qram olmaqla) 0,1 qramı ekspert tədqiqatına sərf edildikdən sonra qalan 668,130 qram qalığı, həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan yarımtikilinin içərisindən aşkar edilmiş ümumi çəkisi 780,0 qram çəkidə olan 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin 0,45 qramı (hər bir obyektdən 0,05 qram olmaqla) ekspert tədqiqatına sərf edildikdən sonra qalan 779,550 qram çəkidə qalığı məhv edilməli, iki ədəd «DVD» formatlı diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 14 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ekspert tədqiqatına sərf edildikdən sonra qalan 668,130 qram qalığı, həmçinin ümumi çəkisi 780,0 qram çəkidə olan 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin 0,45 qramı (hər bir obyektdən 0,05 qram olmaqla) ekspert tədqiqatına sərf edildikdən sonra qalan 779,550 qram çəkidə qalığı məhv edilsin, iki ədəd «DVD» formatlı diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-165/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-165/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver