Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-165/2025 17.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X10 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qediyyatda olmaqla, Şabran şəhəri, B.Səfəroğlu küçəsindəki nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edərək, 2024-cü ilin yaz-yay əkin mövsümündə Şabran şəhəri, B.Səfəroğlu küçəsində yaşadığı evin qarşısında, Dəyirman yolunun sağında, yoldan təxminən 150 metr kənarda yerləşən palıd ağacları olan meşəlik ərazidə külli miqdarda, yəni 29 ədəd çətənə bitkisini qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 21 radələrində həmin əraziyə baxış keçirilən zaman oradan 16 ədədi plasmas qablarda, 13 ədədi isə torpaq sahədə əkilmiş olan ümumilikdə 29 ədəd, ümumi çəkisi 1430 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, o, tutulana qədər hərdənbir marixuana istifadə edib və onda maraq yarandığı üçün marixuananı özü yetişdirib istifadə etmək istəyib. Buna görə də Şabran rayonunda yaşadığı evdən kənarda ağaclıq sahədə toxumları həmin yerə atıb, amma yetişib-yetişməyəcəyini dəqiq bilməyib. Bir müddət sonra həmin yerə gedəndə kolların əmələ gəldiyini görüb və bundan sonra 3 dəfə gedib kolları sulayıb. Yenə kolları sulamağa gedəndə həmin yerdə polis əməkdaşları ilə qarşılaşıb. Sorğu zamanı o, həmin kolları, yəni narkotik tərkibli bitkiləri özü əkdiyini bildirib. Sonra ondan belə kolların yetişdiyi başqa ərazinin olub-olmadığını soruşublar və o, bir neçə dəfə onun həmin ərazidən başqa heç bir yerdə belə kollar yetişdirmədiyini bildirib. Lakin polis əməkdaşları onunla razılaşmayıblar və daha sonra polis əməkdaşları olduqları yerdən kənarda yerləşən əraziyə gedib onu da yanlarına çağırıblar. Orada 16 ədəd dibçəkdə əkilmiş çətənə kolları olduğunu görüb. Polis əməkdaşlarına həmin dibçəklərdəki kolları o əkmədiyini və bunlardan xəbərsiz olduğunu deyib. Onun torpaq sahədə 13 ədəd kolu, yəni narkotik tərkibli bitkiləri əkməkdə məqsədi yalnız özü üçün istifadə etmək olub. 16 ədəd dibçəkdə əkilmiş çətənə kollarınə o əkməyib, həmin kolların kim tərəfindən əkildiyini bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirib ki, narkotik vasitənin aludəçisi deyil, nadir hallarda istifadə edib. Toxumu səpdiyi yerlə evinin arasındakı məsafə təxminən 200-300 metr olar. Torpaqda əkdiyi kollarla dibçəkdəki kolların ölçüləri və rəngləri eyni olmayıb. 16 ədəd dibçəkdəki kolların ona məxsus olmadığını videoçəkiliş zamanı bildirib. Polis idarəsində ona deyiblər ki, 16 ədəd dibçəkdəki kolları da özü əkdiyini bildirsə işinin yüngül olacağını deyiblər. Buna görə də o 16 ədədin də özünün əkdiyini etiraf edib. Onun fikrincə, 16 ədəd dibçəyi sanki ora kimsə sonradan yerləşdirib. Onun polis əməkdaşları ilə heç bir ədavəti yoxdur. Toxum səpdiyi yerdə çoxlu palıd ağacları olub, ora gediş-gəliş olan yer deyil. İbtidai istintaq zamanı ona təsir və təzyiq göstərilməyib. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imza ona məxsusdur, lakin həmin ifadəni təsdiq etmir, çünki ifadəni oxumadan imzalayıb. O, bu məsələdə polis əməkdaşları tərəfindən ifşa olunandan sonra atasına da bir daha narkotik istifadə etməyəcəyi barədə söz verib və sözünün üstündə durub, həqiqətən də o, həmin gündən narkotik vasitədən istifadə etmir. Əməlindən çox peşmandır. Özü mebel ustası işləyir. Evə qazanc gətirən yalnız odur. Yoldaşının əmək qabiliyyəti olmadığına görə işləmir, həmçinin pensiya da almır. 17 yaşında 1 qız övladı var, qızı tibb kollecində təhsil alır. Əməlindən peşman olmasını və ailəsinin həyat şəraitini nəzərə alaraq məhkəmədən ona mümkün ən yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdii ifadəsi arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan bir ildən artıqdır ki, istifadə edir. Təxminən 2023-cü ilin yaz-yay aylarında istifadə etdiyi qurudulmuş marixuananın içərisindən aşkarladığı 01 ədəd toxumu evin yaxınlığından keçən su kanalının kənarında kolluq sahədə əkmişdir. Əkdiyi çətənə bitkisi yetişəndən sonra onun üzərindəki kütləni yığıb istifadə etmişdir. Həmin bitkidən topladığı toxumları isə 2024-cü ilin aprel ayında yaşadığı B.Səfəroğlu küçəsinin qarşısında, Dəyirman yolu adlanan yolun sağ kənarındakı palıd ağacları əkilmiş ərazidə kolların arasında 13 ədəd toxumu torpaqda, qalan 16 ədəd toxumu isə həmin yerin yaxınlığında dibçəklərdə əkmişdir. Əkməkdə məqsədi şəxsi istifadəsi üçün olmuşdur. Əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxmışdır ki, əkdiyi çətənə kollarının yanına gəlmiş və onlara su vermişdir. Bu məqsədlə evdən çıxan zaman su qablarına su doldurub çıxmışdır. Su qablarını avtomobildən endirib əkdiyi bitkilərin yanına gəlib çatmış və bitkiləri sulamaq istəyən zaman bir neçə şəxs ona yaxınlaşaraq narkotik vasitə saxlamağı və narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olmağı barədə onlarda məlumat olmasını bildirib, qərarla tanış etmişlər. Həmin yerə başqa polis əməkdaşı gəlmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Əfqan Orucov tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş heç nə aşkarlanmamışdır. Ondan narkotik tərkibli bitkiləri əkməyi barəsində soruşulduqda, səmimi olaraq əkdiyini bildirmiş və həmin yerləri göstərə biləcəyini demişdir. O, torpaq sahədə əkdiyi 13 ədəd çətənə bitkisinin olduğu yeri polis əməkdaşlarına göstərmiş, aşkarlanmış bitkilərə aqronom da baxdıqdan sonra, köklərindən çıxarılmışdır. Bundan başqa torpaq sahədə əkdiyi çətənə kollarının yaxınlığında dibçəklərdə əkdiyi ümumilikdə 16 ədəd çətənə bitkiləri də aşkarlanmışdır. Aşkarlanmış bitkilərə aqronom da baxdıqdan sonra, köklərindən çıxarılmış, ümumilikdə əkdiyi 29 ədəd çətənə kolu aşkarlanaraq götürülmüşdür. O da həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini etiraf etmişdir. Həmin 29 ədəd çətənə bitkisi qablaşdırılmış, üzərinə möhür vurulmuş, baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2024-cü il ilin yay aylarında Şabran rayon sakini “Daşqın” adlı şəxsin yaşadığı evin qarşısındakı sahədə palıdlıq ərazidə qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə Şabran RPŞ-nə əməliyyat məlumatı daxil olub. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılıb və onun da daxil olduğu əməliyyat qrupunun üzvləri meşəlik əraziyə gediblər. əməliyyat-axtarış tədbiri zamanı əməliyyat məlumatında qeyd edilən ərazidə, yəni Şabran şəhəri, B.Səfəroğlu küçəsində, Dəyirman yolunun sağında, yoldan təxminən 150 metr kənarda yerləşən palıd ağacları olan meşəlik ərazidə narkotik tərkibli çətənə kolları aşkar olunub. Həmin kolların kimə məxsus olduğunu müəyyən etmək üçün əməliyyat qrupunun üzvü Şahid1la 2-3 gün həmin yeri nəzarətdə saxlayıblar. Bir müddət sonra əlində su qabları olan bir nəfər şəxs həmin əraziyə gəlib. Onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilib və dərhal həmin əraziyə təhqiqatçı və vəkil dəvət edilib. Əraziyə videoçəkilişlə baxış keçirilib və ilk yerdə torpağa basdırılmış halda 13 ədəd çətənə bitkisi, həmin ərazinin yaxınlığındakı ərazidə birbirinə yaxın yerdə 04 ədəd və 12 ədəd dibçəklərdə əkilmiş çətənə bitkiləri, yəni ümumilikdə 29 ədəd çətənə kolu aşkar olunub. Həmin əraziyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə və avtomobilinə baxış keçirilib, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməyib. Əməliyyat məlumatı ona daxil olub. Onlar orada gözlədikləri müddət ərzində həmin əraziyə Təqsirləndirilən şəxs başqa heç bir şəxs gəlməyib. Aşkar olunan kollar həm torpaqda, həm də dibçəklərdə əkilib. Məhkəmə iclasında dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin yazılı müraciəti əsasında Şabran şəhəri, Dəyirmanyolu adlanan ərazidə palıd ağaclarının əkildiyi yerə baxış keçirilməsində mütəxəssis aqronom kimi iştirak edib. Orada ona Təqsirləndirilən şəxs həmin ərazidə narkotik tərkibli çətənə kolları əkdiyi deyilib. Həmin ərazidə torpaqda əkilmiş 13 ədəd çətənə kolu olub, Daşqın həmin 13 ədəd kolu özü əkdiyini bildirib. Həmin yerin yaxınlığındakı ərazidə isə dibçəklərdə əkilmiş 16 ədəd çətənə kolu aşkarlanıb. Daşqın həmin dibçəklərdən xəbərsiz olduğunu və onları əkmədiyini bildirib. O, dibçəklərdəki kollara baxış keçirib və həmin bitkilərə aqrotexniki qulluq edildiyini və yetişdirildiyini müəyyən edib, bunları rəyində də qeyd edib. Şahid X3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, 13 ədəd kol ilə 16 ədəd kolun aşkarlandığı yerlər yaxın olub, lakin məsafənin nə qədər olduğunu dəqiq xatırlamır. Dibçəkdə əkilən kolların rəngi açıq, torpaqda əkilənlər isə daha tünd yaşıl rəngdə olub. Kolların rənginin və boyunun fərqli olması onlara göstərilən aqrotexniki qulluqdan asılıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, o, Şabran rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aparıcı mütəxəssisi-aqronom vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun qərarına əsasən Şabran şəhəri Dəyirman yolu adlanan ərazidə yolun sağında palıd ağaclarının əkildiyi əraziyə baxış keçirilməsində iştirak etmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək narkotik tərkibli bitkiləri kultivasiya etdiyini bildirmişdir. Baxış zamanı ilkin olaraq torpaq sahədə əkilmiş olan 13 ədəd çətənə kolları, yaxın ərazilərdə isə dibçəklərdə əkilmiş halda ümumilikdə 16 ədəd çətənə kolları aşkarlanmış, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirməklə, kultivasiya etdiyini etiraf etmişdir. Aşkarlanmış bitkilərə baxış keçirən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi və yetişdirildiyini müəyyən etmiş, bu barədə rəy vermişdir. Baxış zamanı aşkarlanmış çətənə bitkiləri torbaya qoyulmaqla qablaşdırılmış, bu barədə videoçəkiliş aparılmış, baxış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 2024-cü ilin iyun ayında şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatının yoxlanılması üçün meşəlik ərazidə keçirilən əməliyyat tədbirində videoçəkilişlə iştirak edib. O, həmin əraziyə gedəndə Təqsirləndirilən şəxs və onu saxlayan polis əməkdaşları həmin ərazidə olublar. Həmin ərazidə yerdə bir neçə su qabı da olub. Sonradan ona məlum olub ki, Təqsirləndirilən şəxs həmin yerdə əkdiyi narkotik tərkibli kollara su vermək üçün gedəndə polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin əraziyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə və avtomobilinə baxış keçirilib və heç bir qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid X12 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, əraziyə baxış keçirildikdən sonra sənədləşdirmə işlərini İsmayıl Novruzov həyata keçirib. Kollar çox sıx əkildiyindən həmin əraziyə birbaşa getmək mümkün olmayıb və həmin kollar asanlıqla görünən yerdə olmayıb. Kolların sayı təxminən 15-20 ədəd olub, kollar 2 birbirinə yaxın yerdə - həm torpaqda, həm də dibçəklərdə əkilib. Kolların əkildiyi yerlər arasında məsafə təxminən 15-20 metr olub. Hadisə yerinə baxış zaman o, videoçəkiliş aparıb, İsmayıl Novruzov isə baş təhqiqatçı olub, videoçəkilişlər fasilə olmadan çəkilib. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirilərkən aparılmış videoçəkilişə məhkəmədə yenidən X7 iştirakı ilə baxıldıqdan sonra şahid ona verilən suallara cavab olaraq bildirib ki, monitorda nümayiş etdirilən videogörüntüləri o, telefonla çəkib. Həmin qamışlıq ərazidə videoçəkilişdən əvvəl heç vaxt olmayıb. O, hesab edir ki, videoçəkiliş diskə köçürülən zaman videogörüntülər texniki olaraq fasiləli şəkildə diskə yüklənib, ona görə sanki videoda fasilə olduğu görünür, lakin videoçəkliş heç bir fasilə olmadan ardıcıl aparılıb. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Şabran RPŞ-nə xx.xx.1976-cı ildə xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qediyyatda olmaqla, Şabran şəhəri, B.Səfəroğlu küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması, daşıması və narkotik tərkibli bitkiləri əkib-becərməklə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanması üçün əməliyyat qrupunun yaradılması, onun olduğu yerin, idarə etdiyi nəqsliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qediyyatda olmaqla, Şabran şəhəri, B.Səfəroğlu küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü iltarixdə, saat 20:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanın qarşısında yerləşən palıd ağacları olan meşəlik ərazidə əkdiyi narkotik bitkiləri suvramaq üçün həmin ərazinin yaxınlığına gedərək avtomaşını saxlayıb 10 litrlik plasmas su qabları ilə əkdiyi narkotik tərkibli bitkiləri suvarmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə onun barəsində qanuna müvafiq qaydada sənədləşdirmə işləri aparıldıqdan sonra barəsində qanuni tədbirlərin görülməsi üçün Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Şabran RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Şabran şəhəri, B.Səfəroğlu küçəsində, Dəyirman yolunun sağında, yoldan təxminən 150 metr kənarda yerləşən palıd ağacları olan meşəlik ərazidə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Şabran şəhəri, B.Səfəroğlu küçəsində, Dəyirman yolunun sağında, yoldan təxminən 150 metr kənarda yerləşən palıd ağacları olan meşəlik əraziyə baxış keçirilən zaman oradan 16 ədədi plasmas qablarda, 13 ədədi isə torpaq sahədə əkilmiş olan, ümumilikdə 29 ədəd, ümumi çəkisi 1430 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Yuxrıda qeyd edilən əraziyə baxış və götürmə aparılması haqqında protokoldakı xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/994 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evin sağ hissəsindən ... 29 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür” yazılar və imzalar olan 01 ədəd üzəri skoçla bağlanmış ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 29 ədəd ümumi çəkisi 1430 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər eyni növ çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: çətənə bitkilərinin ümumi çəkisi 1430 qram, tədqiqata sərf edildi 0,58 qram (hər obyektdən 0,02 qram), qalıq 1429,42 qram. Cinayət işinin materiallarından müəyyən olunur ki, Şabran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı ilə Şabran Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4725 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd sintetik torbada ümumi sayı 29 ədəd, ümumi qalıq çəkisi 1429,42 qram olan narkotik tərkibli çətənə bitkisi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6 maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi deməkdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın İİİ siyahısında çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı plastmas qablarda aşkar edlmiş 16 ədəd narkotik tərkibli çətənə kolunun ona məxsus olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş, həmin ifadəsini öz imzası ilə təsdiq etmiş, həmçinin ibtidai istintaqın sonunda cinayət işi materialları ilə tanış olduqda da heç bir etiraz və ya vəsatət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadəsini (16 ədəd narkotik tərkibli çətənə bitkisinin ona məxsus olmamasına dair hissədə) özünü müdafiə etmək mövqeyindən irəli gələn taktikası kimi qəbul edir və onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin etiraf etdiyi 13 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyi yerlə 16 ədəd çətənə bitkisi arasındakı məsafənin az olması, hər iki ərazidəki bitkilərə aqrotexniki qulluq edilməsi və digər sübutların məcmusu aşkar edilmiş bütün narkotik tərkibli çətənə bitkilərinin Təqsirləndirilən şəxs məxsus olduğuna dəlalət edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ibtidi istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, həmin protokollara əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər mümkün və mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Şabran RİHB-nın Şabran şəhər İƏD Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Şabran RİHB-nın Şabran şəhər İƏD Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu il təvəllüdlü arvadı X11 və xx.xx.2007-ci il təvəllüdlü qızı X4 ibarət ailə tərkibi vardır. Məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən məhkəməyə təqdim edilərək cinayət işinin materiallarına əlavə edilib tədqiq olunmuş Şabran RİHB-nın Şabran şəhər İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldur, usta kimi fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi ərazi Şabran, Quba, Xaçmaz və Bakı şəhərlərinin əraziləridir. Təqsirləndirilən şəxs Bakı şəhərindən mebel ləvazimatlarının topdan satış yerlərindən alıb gətirərək rayon ərazisində həmin materiallardan mebel quraşdıraraq satmaqla məşğuldur. Yalnız bu fəaliyyətdən qazanc əldə edir və ailənin maddi ehtiyaclarını təmin edən yeganə şəxs Təqsirləndirilən şəxsdur. Ailənin yeganə övladı X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin əczaçılıq ixtisasında təhsil alır. X21 müsbət xarakterə malik tələbə olaraq təhsilini uğurla davam etdirir, Təqsirləndirilən şəxs qızının təhsilinə xüsusi diqqət göstərir və təhsil xərclərini təmin edir. Ailənin sosial statusu və davranışları ümumilikdə çox müsbət olaraq qiymətləndirilir. Təqsirləndirilən şəxs sadə, qayğıkeş və səmimi bir insandır. O, rayonun ictimai həyatında fəail iştirak edir, xeyir-şər məclislərində daim iştirak edir, ətrafındakı insanlara kömək etməyə və onları dəstəkləməyə çalışır, qohum-qonşuları ilə mehriban münasibətləri var və bir çoxları onun səmimiliyini və yardımsevərliyini qiymətləndirir. Təqsirləndirilən şəxs həmçinin öz ailə dəyərlərinə və ailə üzvlərinə bağlılığı ilə də seçilir və ailəsinin rifahı üçün hər zaman əzmlə çalışır. Təqsirləndirilən şəxs barəsində məhəllə komitəsinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs yoldaşı X13 “B virus hepatiti” xəstəliyindən əziyyət çəkir və hal-hazırda Şabran RMX-da infeksion kabinetdə dispanser qeydiyyatdadır. Bu səbəbdən uzun müddətdir ki, əmək qabiliyyətini itirmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əlavə edilərək tədqiq olunmuş “Şabran rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1979-cu ul təvəllüdlü X2 RMX infeksion kabinetdə “B virus hepatiti” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin arvadının xəstə olması və xəstəliyi ilə əalqədar əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, himayəsində yetkinlik yaşına çatmamış uşağının olması, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailəni dolandıran yeganə şəxs olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, məhkəmə araşdırması zamanı onun davranışını, əməlindən həqiqətən peşiman olmasının məhkəmə araşdırması zamanı hiss olunmasını, o cümlədən cəzasını yüngülləşdirən halların çoxluğunu, narkotik vasitəni yalnız şəxsi istehlak məqsədilə kultivasiya etməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını, öz əməlinə tənqidi münasibətini və islah olunmaq yolunda addımlar atdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan, daha dəqiq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli, 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası vurğulayır ki, təqsirləndirilən şəxs cinayət başında yaxalanarkən qaçmamış və müqavimət göstərməmiş, ilk dəfədən törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə istintaqı zamanı da artıq narkotik vasitələrdən istifadə etmədiyini, bununla bağlı atsına söz verdiyini bildirmiş, məhkəmə iclaslarına vaxtında gəlmişdir. Bütün bunlar isə onun şəxsiyyətinin cinayətə meyilli olmadığının və törətdiyi əməldən nəticə çıxarmaqla islah yoluna qədəm qoymasının təzahürüdür. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ağır cinayət hesab olunsa da, onun narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün yetişdirmək istəməsi cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır və hər hansı bir ağır nəticələrə səbəb olmayan əmələ görə artıq islah yolunda təqsirləndirilən şəxsin azı 03 il müddətində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu müddət ərzində onun saxlanılmasına dövlət büdcəsindən müəyyən miqdarda pul xərclənməsi həm cəzanın məqsədinə, həm də cəmiyyətin və dövlətin maraqlarına uyğun deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qənaətinə gələrkən yuxarıda qeyd edilən halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hal hesab edilməli olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində təqsirli bilindiyi CM-in 237.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsini tətbiq etməklə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla müəyyən olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2024-cü il tarixli onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəməyədək icraat dövründə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilçəlidir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı ərazini əhatə edən Şabran, Siyəzən və Xızı rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi sayı 29 ədəd olan narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin və cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı ərazini əhatə edən Şabran, Siyəzən və Xızı rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Şabran Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi sayı 29 ədəd olan narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-165/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-165/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver