Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-166/2022 23.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, tutulana qədər Quba rayonu Qırmızı qəsəbəsində daimi pasport qeydiyyatında olmaqla həmin qəsəbədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 iyun 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən «Əli Ticarət Mərkəzi»nin ərazisindəki kafedə spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində çölə çıxarkən yaxınlıqda tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun qohumu Şahid1 söhbət etdiyini görüb onlara yaxınlaşarkən Zərərçəkmiş şəxs ona şəxsi söhbətlərinin olduğunu deyib kənarlaşmasını istəməsinə əhəmiyyət verməyib onların yanından çəkilmədiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib üzərinə yeriyərkən Zərərçəkmiş şəxs onu itələyib yıxmasından hiddətlənərək ticarət mərkəzinin yaxınlığında saxladığı özünə məxsus QAZ 31029 markalı AZ **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçağı götürüb geri qayıdıb Zərərçəkmiş şəxs təqib edərək ticarət mərkəzindəki üzərində “EVRO” sözü yazılmış obyektin qarşısında ona çatıb ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan həmin bıçaqla Zərərçəkmiş şəxs kürək və qarın nahiyələrinə üç zərbə vuraraq döş qəfəsinin arxa səthində solda arxa qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə və ön qoltuq xətti üzrə sol qabırğaaltı sahədə bir yerdə müvafiq olaraq döş və qarın boşluğuna nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yara, həmçinin qarının ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsagın və siğmavari bağırsağın müsariqənin zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət əməlini 4 aylıq körpə uşağına qarşı istifadə olunmuş nalayiq ifadələrə görə törətmişdir. Onlar kafedə oturub yeyib-içmişlər. Təyyarın əmisi oğlu onun yanında fəhlə işləmişdir. Təyyarın əmisioğlu Təyyara demişdir ki, “Yusif səni söyüb”. O, Təyyara bildirmişdir ki, o Təyyarı söyməmişdir. Təyyar və onun əmisi oğlu ona yumruq zərbəsi atmışdırlar. O, Təyyara 3 bıçaq zərbəsi endirmişdir. Həmin zərbələrdin biri 2-2.5 sm daxilə nüfuz etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, Quba şəhər sakini Zərərçəkmiş şəxs tanıyır. O, 30 iyun 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi” ərazisində yerləşən Nazim adlı şəxsin işlətdiyi kafedə Bəxtiyar adlı tanışı ilə oturub yeyib içdikdən sonra sərxoş olmuşdur. Həmin vaxtı Təyyarda kafedə olmuş, hətta onu oturduğu stol arxasına yeyib içməyə çağırmışdır. Bu zaman yaxınlıqdan Təyyarın qohumu kimi tanıdığı Elşən adlı şəxs keçirdikdə onu yanına çağırmışdır. Lakin sonuncu əl edib bir dəqiqəyə gələcəyini işarə etmişdir. Bu vaxt Təyyar stoldan qalxıb ona yaxınlaşmışdır. Sonra Təyyar və Elşən ikisi də onun oturduğu stola gəlmişlər. Elşən ondan soruşmuşdur ki, “sən mənim var yoxumu mu söymüsənmi?”. Onda bilmişdir ki, Elşəni ona qarşı Təyyar qızışdırıb demişdir ki, “guya onu söymüşdür”. Onda Təyyarla arasında narazılıq yaranmışdır. Sonradan kafenin çölündə Təyyar onu nalayiq sözlə söymüş, dalinca üstünə cumub ona əl-qol ataraq onu vurub yerə yıxmışdır. Bundan sonra o, gedib ticarət mərkəzinin yanında saxladığı özünün QAZ 31029 markalı Az **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən bıçaq götürmüş və geri qayıdaraq “Əli Ticarət Mərkəzi”nin içərisində yerləşən üstündə “EVRO” adlanan tikilinin yanında Təyyarla təkrar əlbəyaxa olmuşdur. Həmin vaxtı o Təyyarın qarın nahiyyəsinə bıçaqla zərbə vurub ona xəsarət yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə anında özünün QAZ 31029 markalı Az **-BK-*** qeydiyyat nişanlı minik avtomobilindən götürüb Təyyara xəsarət yetirdiyi bıçaq, adi mətbəxt bıçağı olmuş və avtomobilinin naqillərini kəsəndə onu maşında qoyub saxlamışdır. Həmin bıçağı Təyyara vurması üçün ona heç kim verməmişdir. Təyyarla dalaşdığını zaman onu bıçaqladıqdan sonra həmin bıçağı “Əli Ticarət Mərkəzinin” həyətində qaranlıqda harasa atmışdır. Bundan başqa o, 30 iyun 2021-ci il tarixdə saat 19 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nin ərazisində Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə yaranarkən sonuncunun heç bir səbəb olmadan onu nalayiq sözlə söyüb təhqir etdikdən və üstünə soxulub əl-qol atmaqla onu vurub yerə yıxaraq belində cox sayda, sol əlin ovuc səthində bir yerdə sıyrıqlar olan xəsarətlər yetirdikdən sonra özünü müdafiə etmək məqsədilə maşınında olan bıçağı əlinə alıb Zərərçəkmiş şəxs bıçaqlayaraq ona xəsarətlər yetirməsini, həmçinin Zərərçəkmiş şəxs onun şərəf və ləyaqətinə toxunan söyüş söyməklə onu qəzəbləndirdikdə güclü ruhi həyəcan vəziyyətinə düşdüyü səbəbindən Təyyarı bıçaqlamasını da ifadəsində bildirmişdir. (cild 1, iş vərəqə 42-43; 59-60; 108-110; 247-249) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs yaxından tanıyır. O, əvvəllər onun qonşusu olmuşdur. 30 iyun 2021-ci il tarixdə axşam saat 19-20 radələri arasında Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi”nə getmiş və orada kafedə oturub təkbaşına 3-4 bakal pivə içib sərxoş olmuşdur. Birdən yaxınlıqdan keçən əmisi oğlu Sahibi görmüş, ona yaxınlaşıb bildirmişdir ki, “iş var. Gözlə birlikdə gedəcəyik”. Həmin vaxtı kafedən çölə çıxmış və Sahiblə iş barədə danışarkən Yusif onlara yaxınlaşmışdır. O içkili olmuş və özünü apara bilməmişdir. Yusif “salam-kəlamsız” yaxınlaşıb onlara danışmağa imkan verməmişdir. Həmin vaxt Yusifə əmisi oğlu ilə işi olduğunu söyləyib ondan çıxıb getməsini xahiş etmişdir. Lakin Yusif getməmişdir. Onların yanlarında durub söhbət etmələrinə imkan verməmişdir. Ondan bir neçə dəfə danışlarına mane olmamasını xahiş etsə də Yusif buna məhəl qoymamışdır. Axırıncı dəfə onu xəbərdar etdəndə heç bir səbəb olmadan Yusif onun ünvanına “var yox söyüşü işlədib əl-qol atmağa başlamışdır. Onda Yusifin söyüşünə əsəbləşib onun sinəsinə əli ilə toxunub itələmişdir. Bu zaman Yusif yerə yıxılmışdır. Həmin məqamda Sahib onu çəkib kənara aparmışdır. Yusif isə çıxıb getmişdir. “Əli Ticarət Mərkəzi”nin giriş hissəsində Sahib ondan ayrılmış, həmin vaxt Yusif telefonuna zəng edərək onu pis-pis söyüşlərlə təhqir etmişdir. Həmin vaxtı ona baş qoşmayıb telefonu söndürmüşdür. Ticarət mərkəzinin ərazisini tərk etmək istəyərkən Yusif arxasınca qaçıb gələrək ona yaxınlaşmış, birdən onun əlində nəsə olduğunu hiss etmiş, bu anda Yusif əvvəlcə kürək nahiyəsinə, sonra isə qarşısına keçərək qarın boşluğunun sol tərəfinə və digər yerlərinə bir neçə dəfə nə iləsə vurmuşdur. Sonradan onun əlində bıçaq olduğunu görmüşdür. Yusif onu vurduqdan sonra qaçıb getmişdir. O isə üst-başı qan içində yerə sərilmiş və qışqırıb kömək istəyərək bıçaqlandığını söyləmişdir. Ətrafa kimsə gəlib onu maşınına mindirib Quba rayon Diaqnostika Mərkəzinə göndərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilkin ərizəsində Təqsirləndirilən şəxs ilə barışmadığını və ona ən ağır cəza təyin edilməsini xahiş etsə də, daha sonra məhkəmə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin şahidi olmamışdır. O, yalnız Təyyarı xəstəxanaya aparmışdır. Bundan sonra Təyyarın anası ilə telefon əlaqəsi saxlayıb ona Təyyarın xəstəxanada olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisənin şahidi olmamışdır. Asim ona zəng edərək, oğlunun xəstəxanada olduğunu demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. O, 30 iyun 2021-ci il tarixdə axşam saatlarında Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi”nə getmişdir. Bir müddət orda tək oturub pivə içmişdir. Daha sonra əmisi oğlu Təyyarı görüb ona yaxınlaşıb danışdıqda Yusif adlı tanıdığı şəxs yanlarına gəlmişdir. Yusif içkili olduğundan onların arasına girib danışmağa imkan verməmişdir. Təyyar Yusifdən əmisi oğlu ilə işi olduğunu bildirib ondan çıxıb getməsini xahiş etmişdir. Həmin vaxtı Yusif heç bir səbəb olmadan Təyyarın ünvanına nalayiq söyüş işlətmişdir. Onlar əlbəyaxa olmuşlar. Təyyar Yusifin üzünə yumruq atıb onu yerə yıxmış və yaxasından yapışmaq istəyərkən o, Təyyarı aralayıb çıxıb getmişlər. O, Təyyarı kənara aparkən Yusifin arxalarınca gəldiyini görməmişdir. Təyyarı həmin ticarət mərkəzinin giriş yerinə çatdıqdan sonra ondan aralanıb çayxanaya getmişdir. O çayxanaya girmək istəyəndə birdən Təyyarın səsini eşitmişdir. Sonuncu qışqırıb “kömək edin məni bıçaqladılar, vurdular” demişdir. Dərhal onun səsi gələn yerə yaxınlaşanda “Əli Ticarət Mərkəzi” girişdə Yusifin sürətlə şığıyıb qaçdığını görmüşdür. Həmin vaxtı hətta Yusifin arxasınca da qaçmış olsa da ona çata bilməmişdir. Yusif özü idarə etdiyi QAZ 31029 markalı avtomaşına oturub onu sürüb getmişdir. Bu zaman Yusifin əlində bıçaq görməmişdir. Həmin vaxtı o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu zaman qan içində olan Təyyarı da maşınla xəstəxanaya aparmışlar. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təyyarla Yusifin arasında münaqişə yaranmasına səbəb sonuncunun Təyyarı söyəyək onunla əlbəyaxa olması olmuşdur. Yusif Təyyarı bıçaqlayan anda o, onların yanında olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə axşam saatlarında Quba şəhəri H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nə gəldikdə orada əvvəldən tanıdığı Zərərçəkmiş şəxsla rastlaşmışdır. Sonuncunun ickili halda olduğunu və öz-özünə deyindiyini görüb ondan nə olduğu soruşduqda Təyyar ona əmisi oğlu Sahiblə danışarkən Yusif adlı tanıdığı şəxsin aralarına girərək onunla dalaşdığını bildirmişdir. O Təyyarı içkili və əsəbi gördüyündən onu ticarət mərkəzinin çıxışına ötürmüş, birdən sağ tərəfdən həmin Yusif adlı şəxsin qaçaraq gələrək onlara yaxınlaşıb əvvəlcə Təyyarın kürək nahiyəsinə, sonra onun qarşısına keçib qarın nahiyəsinə əlləri ilə vurduqda Təyyarın əynindəki köynəyin qana bulaşdığını və Yusifin əlində bıçaq oldugunu görmüşdür. Həmin anda Yusifi saxlamaq üçün o Yusifin əlindən tutmuş, lakin Yusif onu itələyərək qaçmışdır. O da Yusifin arxasınca qaçmışdır. Qaçarkən yaxınlıqdan keçən Təyyarın əmisi oğlu Sahibi görüb qışqıraraq ona Yusifin Təyyarı bıçaqlamasını söyləmiş, bu anda Yusifi saxlamaq üçün Sahibdə onunla qaçmış olsa da, Yusifə çata bilməmişlər. Sonuncu yaxınlıqda saxladığı avtomobilinə əyləşib “Əli Ticarət Mərkəzi”nin ərazisindən uzaqlaşmışdır. Bundan başqa o habelə ğöstərmişdir ki, Yusif əlində bıçaqla qaçıb gələrək onlara yaxınlaşan anda yanlarında başqa adamlar olmamışdır. Yusif heçnə demədən, mübahisə və söz-söhbət etmədən gözlənilmədən Təyyara hücum edərək onu bıçaqlayıb qaçmışdır. (cild 1, iş vərəqə 215-216) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə axşam saatlarında Quba şəhəri H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi” ərazisindəki Nazim adlı şəxsin işlətdiyi kafedə tanışı Təqsirləndirilən şəxsla oturub pivə içmişlər. Daha sonra Yusif onunla oturduğu stoldan ayrılıb kafedən çıxıb harasa getmiş və onu daha görməmişdir. Həmin axşam eşitmişdir ki, Yusif kafedən ayrıldıqdan sonra Təyyar adlı tanıdığı şəxslə dalaşmış və onu bıçaqlamışdır.O özü həmin bıçaqlanma hadisəsini görməmişdir. (cild 1, iş vərəqə 213-214) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Quba şəhəri H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi” ərazisində özünə məxsus kafe işlədir. 30 iyun 2021-ci il tarixdə axşam saatlarında tez-tez müştərisi olduğu Təyyar adlı yaxından tanıdığı şəxs onun kafesində olmuş, bu zaman üzdən tanıdığı Yusif adlı şəxsdə kafedə olsa da, onlar ayrı-ayrı stollarda oturmuş, həmin vaxtı kafedə onların arasında mübahisə və dava-dalaş olmamışdır. (cild 1, iş vərəqə 227-229) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, istintaq zamanı 01 iyul 2021-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığı hadisə yeri- Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi” nin ərazisində, üzərində “EVRO” sözü yazılmış tikilinin yanındakı ictimai yerdə baş vermişdir. Eyni zamanda baxış zamanı həmin cinayət hadisəsinin törədildiyi yerdə ümumi uzunluğu 290 mm, tiyəsinin uzunluğu 172 mm təşkil edən, dəstək hissəsi 118 mm olan, dəstək hissəsinin üstü ağ, mavi və qırmızı rəngli plasmasla bərkidilmiş və tiyəsi əyrilmiş halda olan bıçaq da aşkar edilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş tiyəsi əyrilmiş bıçağı göstərək məhs həmin bıçaqla Zərərçəkmiş şəxs vurduğunu etiraf etmişdir. (cild 1, iş vərəqə 18-22). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 3/1692 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəxt bıçağıdır və soyuq silah hesab edilmir, onun üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. (cild 1, iş vərəqə 138-140). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 iyul 2021-ci il tarixli 559 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthində solda arxa qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə və ön qoltuq xətti üzrə sol qabırgaaltı sahədə bir yerdə müvafiq olaraq döş və qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara, qarnın ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsagın və siğmavari bağırsağın müsariqənin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara olub, həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 30 iyun 2021-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlərdən döş qəfəsinin arxa səthində solda arxa qoltuq xətti üzrə İV qabırğa sahəsində bir yerdə və ön qoltuq xətti üzrə sol qabırgaaltı sahədə bir yerdə müvafiq olaraq döş və qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, qarnın ön divarında göbəkdən solda bir yerdə qarın boşluğuna nüfuz edərək nazik bağırsagın və siğmavari bağırsağın müsariqənin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Həmin xəsarətlər ekspertizaya təqdim edim edilmiş 01 ədəd tiyəsi əyilmiş halda olan bıçaqla da yetirilə bilər. (cild 1, iş vərəqə 92-93). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 2499 №-li rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərini dərk etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək, davranışlarını dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Bundan başqa həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi psixi xüsusiyyətləri inadkarlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, kobudluq, tez özündən çıxma hesab edilir, o baş vermiş hadisə zamanı cinayət əməlini törədərkən də ruhi həyəcan vəziyyətində olmamışdır. Belə ki, onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, yalan danışmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik halları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. (cild 1, iş vərəqə 134-137). Cinayət işinin materiallarından görünür ki, hadisə yerinə keçirilmiş baxış zaman aşkar edilərək götürülmüş, 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, 01 tiyəsi əyilmiş halda olan bıçaq iş üzrə qəbul olunmuş 29 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağında təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən 25 avqust 2021-ci il tarixdə alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Qarnizon Hərbi məhkəməsinin 21 oktyabr 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə red.) 42, 243-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzası təxirə salınmış, yenə Tərtər Qarnizon Hərbi məhkəməsinin 18 iyul 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə red.) 39, 243-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2003-cü il tarixli əfv fərmanı ilə həmin cəzadan azad olunmuş, Quba rayon məhkəməsinin 24 noyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yenə Quba rayon məhkəməsinin 18 avqust 2009-cu il tarixli qərarına əsasən şərti olaraq azad edilmişdir. (cild 1, iş vərəqə 86-87). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba RİHB-nın Qırmızı qəsəbəsi İƏD üzrə nümayəndəliyindən alınmış 08 iyul 2021-ci il tarixli 168 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Qırmızı qəsəbəsi Dağlı küçəsi 4-də qeydyyatda olub həmin qəsəbədə yaşayır, o evlidir və 03 övladı xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X2 vardır. Heç bir yerdə işləmir. Yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 170). Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 iyul 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 68-69) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Quba RPŞ-da saxlanılan maddi sübut kimi tanınmış 01 tiyəsi əyilmiş halda olan bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 manat (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 il (yeddi) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Quba RPŞ-da saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 64 manat (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-166/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-166/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver