Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-166/2025 24.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X15, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8, Zərərçəkmiş publik hüquqi şəxsin nümayəndəsi – Nümayəndə3 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.5, 120.2.9 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2008-ci ildən tanıdığı 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə 2019-cu ildən ər-arvad kimi birgə yaşadıqları, ilkin sənədlərə əsasən sonuncunun adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ələ keçirib sonrakı mərhələdə satmaqdan və eyni ilə sonuncunun adına olan, müntəzəm olaraq təqaüdünün mədaxil edildiyi pensiya kartından öz şəxsi ehtiyacları üçün istifadə etməkdən ötrü, yəni tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlib, bu məqsədlə 24 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evin yataq otağında uzanaraq dincələn zərərçəkmiş şəxsə hücum edib, bu zaman planlaşdırdığı qəsdi həyata keçirmək üçün əvvəlcədən hazırladığı düyünlənmiş yaylığı Baharın qışqırmasının qarşısını almaq və bununla da nəzərdə tutduğu cinayət əməlini həyata keçirmək məqsədi ilə ağız boşluğuna zorla yerləşdirmiş, daha sonra, qadın corabı ilə əllərini arxadan bağlayaraq sərbəst hərəkət etmək və hər hansı müqavimət göstərmək imkanını tam aradan qaldırıb, Zərərçəkmiş şəxs1 yaşadıqları evin həyətində guya hovuz tikmək adı ilə, əslində isə sonuncunun meyitini basdırmaq məqsədi ilə əvvəlcədən qazdığı quyunun yanına gətirərək, orada ayaqlarını da iplə bağladıqdan sonra Zərərçəkmiş şəxs1 özünümüdafiə imkanını tam məhdudlaşdırmaqla zərərçəkmiş şəxsi köməksiz vəziyyətə salıb, həyətdə olan paltar asmaq üçün istifadə edilən ipi götürüb onun boğazına keçirərək hər iki əli ilə sıxıb boğmaqla boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyadan ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə sonuncunu qəsdən öldürüb dərhal 33 kvadratmetrlik həyətin giriş darvazasının qarşısında yerləşən qazdığı quyuda basdırdıqdan sonra, zərərçəkmişə məxsus qeyd olunan fərdi yaşayış evini hadisədən sonrakı 10 gün müddətində Şahid6 32000 (otuz iki min) manata satıb, əldə edilmiş nəğd pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 tamah məqsədilə qəsdən öldürüb həyatdan məhrum etdikdən sonra, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 guya sağ olması təəssüratını yaradıb Dövlət Sosial Müdafiə Fondunu aldatma yolu ilə sonuncunun adına olan 416973******4242 nömrəli "xxxx" ASCyə məxsus bank kartından müxtəlif terminallarda istifadə edib, cəmi 6957.59 manatı nəğdləşdirməklə və ya onlayn əməliyyatlar etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ilk əvvəl CM-in 120.2.5 və 120.2.9-cu maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hərbiçi olmuşdur. Naxçıvan şəhərində döyüş bölgəsində hərbi xidmətdə olmuşdur. 2008-ci il tarixdə qatarda sərnişin olan Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, Bahar ondan su istəmiş və o, Bahara su verdikdən sonra onların əlaqələri yaranmışdır. Daha sonra onlar arasında yaxın münasibət yaranmış, o, Bakıya gedən zaman Baharın evində qalmışdır. Aralarında yaxın münasibət yarandıqdan sonra onlar dini nikah bağlamışlar. O, Bahara evin pulunu ödəməsi üçün dəfələrlə 3000, 5000, 1000 manat məbləğində pul vermişdir. O, Bakıya gələn zaman Bahar Şəmsəddin adlı əlavə yoldaşını evdən qovmuşdur ki, o görməsin. O, sonuncu dəfə Bahara verdiyi 11000 manatın 1000 manatını evin dam örtüyünü təmir etdirmək adı ilə qardaşından borc almış və həmin pulu Bahara verərək onu Bakı şəhərinə yola salmışdır. Bahar həmin pulun 10000 manatını banka qoymuş, 1000 manatını isə xərcləmişdir. Daha sonra Bahar banka qoyduğu 10000 manat pulu bankdan götürmüş və bacısına vermişdir. Baharın həmin pulu bacısına vermə səbəbini bilmir. Daha sonra onun anası yataq xəstəsi olmuş və Bahar onun anasına baxmaq adı ilə onlara gəlmişdir. Baharı hava limanından qardaşı - Rza kimi tanıdıqları şəxs götürmüş və onların evinə gətirmiş, əvəzində ondan 5 manat pul almışdır. O, Bakıya gəldiyi müddətdə evi satan Xanlar adlı şəxs onların 500 manat borcları olduğunu bildirmiş, o isə səbrli olmasını, işləyib həmin pulu ödəyəcəyini bildirmişdir. Onlar Xanlarla evin içərisində danışmışlar. O, 15 gün mühafizəçi kimi işləmiş, daha sonra Sumqayıt yolunda yerləşən şirniyyat sexində işə düzəlmişdir. O, səhər saat 5 də evdən çıxıb işə gedir, axşam saat 6-da işdən çıxır, saat 7 radələrində evə çatırmış. Həmin ərəfələrdə onların münasibətləri çox yaxşı olmuş, aralarında heç bir söz-söhbət, inciklik olmamışdır. Bir gün o, işdən gələn zaman həyətdə siqaret kötüyü görmüş, həmin siqaretin ona məxsus olmadığını bildikdən sonra onda şübhə yaranmışdır. O, Naxçıvana getmək adı ilə çantasını götürmüş və həmin çantanı damın üzərinə atmışdır. Daha sonra o, Masazır kuruqunda yerləşən kafedə nahar edib işə getmiş, axşam da evə qayıtmamışdır. 3 gün bu vəziyyətdə yaşamışdır. 3 gündən sonra o, evə qayıtmış və Naxçıvandan qayıtdığını bildirmişdir. Bunda sonra da o, normal qaydada işinə getməyə davam etmişdir. Bir gün işdə yaranan texniki problem səbəbindən evə tez qayıtmalı olmuşdur. Bahar və o, bir-birlərinə əziyyət verməmək məqsədi ilə hər zaman qapını açarla açırmışlar. Həmin gün açarla qapını açıb həyətə daxil olan zaman orta yaşlı kişi cinsli bir nəfər şəxsin evdən çıxdığını görmüşdür. Həmin vaxt şəxs əli ilə şalvarın kəmərini bağlayırmış. O, şəxsə yaxınlaşaraq salam vermiş və həmin vaxt şəxs əlindəki küt əşya ilə ona vurmuşdur. Şəxs ikinci dəfə ona vuran zaman şəxsin əlində bıçaq da görmüşdür. O, əlini qarın hissəsinə qoymuş, nəticədə barmağından xəsarət almışdır. Şəxs üçüncü dəfə ona vuran zaman o, yerə çökmüş, şəxs isə qapını açaraq rahat şəkildə evi tərk etmişdir. O, Baharı axşam yatdığı geyimdə görmüş, Bahar ona fikir vermədən hamama girmişdir. Bahar hamamın qapısını bağlamış və 15 dəqiqədən sonra hamamdan çıxmışdır. O, Bahardan həmin kişinin kim olduğunu soruşmuş, Bahar ona cavab verməmişdir. O, Baharın həmin kişi ilə cinsi əlaqədə olduğunu başa düşmüşdür. Daha sonra Bahar yataq otağına keçmiş və orada uzanmışdır. O, Bahardan təkrarən həmin şəxsin kim olduğunu soruşmuş və daha sonra həyətə çıxmışdır. Həyətdə onun gözünə ip sataşmış və o, həmin ipi götürərək evə daxil olmuşdur. Həmin vaxt Bahar yataqda uzanmış və o, Baharın kürəyində oturaraq ipi boğazına dolamış və həmin şəxsin kim olduğunu soruşmuşdur. O, Baharı qorxutmaq məqsədi ilə ipi onun boğazına dolamış, Baharı öldürmək niyyəti olmamışdır. Daha sonra Baharın öldüyünü görmüşdür. O, həyəcan keçirmiş və həyətdə quyu qazaraq Baharı həmin quyuda dəfn etmişdir. Daha sonra o həmin evi satmışdır. Onun Baharın pensiya kartından məlumatı olmamış, Bahar kartını kiməsə vermişdir. Bahar ola bilsin ki, kartı qardaşına vermişdir. O, yaşadıqları evi 32000 manata satmış və həmin pulun 1000 manatını maklerə, 2000 manatını çıxarış almaları üçün bələdiyyəyə, 1000 manatını isə komunal xərclərə vermişdir. O, evin pulundan 28000 manat götürmüş, halbuki, həmin evi alan zaman onun 34500 manat xərci çıxmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, 9 ay imiş ki, evi öz adına keçirmişdir. Hadisə günü ipi Bahrın boğazına dolamış və möhkəm çəkdiyi üçün Baharın öldüyünü görmüş, daha sonra Baharı hadisə günü qazdığı quyuya dəfn etmişdir. Hadisə 2022-ci il tarixdə baş vermişdir. O, hadisədən sonra evlərinə gələn kişinin kimliyini öyrənmək üçün Baharın telefonunu özündə saxlamış, Baharın qohumları tərəfdən gələn mesajlara Baharın adından cavab vermişdir. 2024-cü il tarixdə o, Türkiyə gömrüyündə olan zaman Şərur rayonundan polis əməkdaşı ona zəng edib onu polis idarəsinə çağırmış və o, idarəyə gələn zaman ona Baharın şəklini göstərərək onun harada olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına Baharı öldürdüyünü və həyətdə basdırdığını bildirmişdir. Baharın istifadəsində olan pensiya kartı onda qalmamışdır. Ölümündən əvvəl Baharın qardaşı və bacısının oğlu onlara gəlmiş, ola bilsin ki, Bahar pensiya kartını qardaşına vermişdir. Qorxduğu üçün Baharı öldürdükdən sonra polisə və Baharın yaxın qohumlarına məlumat verməmişdir. O, günlük 5 manata Masazırda yerləşən “Bibinin kafesi”nin yanında qalırmış. O, imkanı olmadığı üçün günlük 5 manatlıq yerdə qalırmış. Onun polis əməkdaşları ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, günahkar olduğunu qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi xüsusatlarla ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin necə baş verməsi ilə bağlı göstərdiyi xüsusatlar arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ... Bundan başqa Bahar etiraf etmədiyi halda sonuncunu necə öldürəcəyini də planlaşdırmışdır. Belə ki, həyətin yer döşəməsini akvarium adı ilə qazmağı, yəni oranı qazıb akvarium yaratmaq və gələcəkdə balıq saxlamaq adı ilə yeri qazacağını və Baharı öldürdükdən sonra sonuncunu orada dəfn edəcəyinin planını qurmuşdur. 23 may 2022-ci il tarixdə saat 22 radələrində qaranlıq düşəndən sonra evə getmiş, darvazanı özündə olan açarla açmış, damdan çantanı götürmüş və sanki Naxçıvandan qayıtmış kimi evə daxil olmuşdur. Həmin vaxt Bahar onu qarşılayıb qucaqlamış və Naxçıvandan nə gətirdiyini soruşmuşdur. Bahara Naxçıvandan qoz-fındıq gətirdiyini, lakin aeroportda baqajda qaldığını demişdir. Söhbət vaxtı Bahara Naxçıvanı gəzdiyini, lakin Əbülfəz adlı şəxsi tapmadığını və Bahardan düz danışmağını xahiş etmişdir. Söhbət vaxtı Bahar əsəbiləşərək ona yaxşı etdiyini, xoşuna gəlmirsə gedib ondan boşanmasını demişdir. Bahar birinci dəfə onunla belə aqressiv danışmışdır. Baharın ona xəyanət etdiyini başa düşdüyünü, belə deməsinin etiraf kimi səsləndiyini bildirmişdir. Baharın özünü belə aparması onu əsəbləşdirmiş və artıq Baharı öldürmək planını işə salmışdır. Baharın belə danışmasına bir söz deməmiş və bundan sonra yorğun və yuxulu olmağına baxmayaraq, axşam saat 23 radələrində əynini dəyişmiş və həyətə çıxmışdır.Orada darvazanın qarşısında yer seçib, yer döşəməsi üzərinə düzülmüş tamet daşlarını vintaçanla bir-bir qaldırmış, darvazadan evə doğru səkkiz, eninə isə üç tamet daşı enində daşları biri-bir çıxararaq kənara yığmışdır. Daha sonra həyətdə olan beli götürərək tametin altında olan torpağı qazmağa başlamışdır. Həmin vaxtı həyətdə bir boş kisə tapmış və onu da torpaqla doldurmuşdur. Bunu etməkdə məqsədi isə Baharın qazıntı yerindən çıxan torpağın daşınacağına inanması olmuşdur. Bahar həyətə çıxıb ondan nə etdiyini soruşanda sonuncuya qazdığı yerdə baseyn quracağını və orada balıq yetişdirəcəyini demişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt torpaqla doldurduğu kisə barədə də soruşmuş, sonuncunu həmin kisəni qazdığı yerdən artıq çıxan torpağı akvarium yerləşdikdən sonra kisələrə yığıb kənara daşıyacağına inandırmışdır. Mərhum Zərərçəkmiş şəxs1 onun balıq ovu həvəskarı olduğunu bilmiş və buna görə ona inanmışdır. Həyətdə bütün gecə fasilə ilə qazıntı işləri aparmış və həmin yeri dizdən bir qədər aşağı məsafəyə kimi qazmışdır. Baharın ara bir həyətə çıxıb evin pilləkənində oturub su içib ona baxdığını və işləri saxlayıb dincəlməsini, sonra davam etməsini demiş, lakin Baharı səhər həyətə hazır akvarium gətirib quraşdırılacağına inandırmış və qazıntı işlərini bitirməli olduğunu demişdir. Artıq 24 may 2022-ci il tarixdə saat 11 radələrində o, qazıntı işlərini bitirmiş və sonra evə keçərək, orada yuyunub qonaq otağına keçmiş və divanın üstündə onu yuxu aparmışdır. Həmin gün saat 15 radələrində oyanmış, evdən geyim əşyaların içindən yaylıq taparaq yaylığın ortasında düyün bağlayaraq yaylığın ortasını top halına gətirmişdir. Sonra Baharın olduğu yataq otağına keçmiş, həmin vaxt Bahar taxtın üstündə üzü aşağı uzanmış, lakin yatmamışdır. Taxtın üstünə çıxaraq Baharın belinə oturmuş və bir söz demədən əlindəki yaylığın düyün hissəsini onun ağzına salıb digər iki ucunu isə başının arxasına dartıb düyün vuraraq bağlamışdır. Bahar həmin vaxt ona müqavimət göstərməyə çalışsa da, sonuncunu bədəni ilə döşəyə sıxaraq, onun əllərini bir-bir bel nahiyəsinə qatlamış və taxtın üstündə olan corabı götürərək əllərini bel hissəsində birləşdirib həmin corabla bağlamış və ondan Əbülfəzin kim olduğunu soruşmuşdur. Düzünü deyəcəyi halda Baharı buraxacağını və aparıb Əbülfəzə təhvil verəcəyini, desə də, Bahar heç bir işarə etməmiş və danışmaq istəməmişdir. Bundan sonra Baharın ağzına bağladığı yaylığın arxasından tutub çarpayıdan qaldırmış və həyətə çıxarmışdır. Orada Baharı qazdığı yerin yanında üzü üstə yerə uzadaraq, orada özü ilə evdən götürdüyü qadın kolqotqası, yəni belçək ilə onun ayaqlarını da bağlamişdır. Həmin vaxtı Bahar ayaqları ilə onu vurmağa çalışmış, çapalamış və “mmmmm” kimi səslər çıxarmışdır, lakin ağzı bağlı olduğu üçün danışa bilməmişdir. Həyətdə onun ayaqlarını bağlayandan sonra Bahara həmin qazdığı yerin onun qəbri olduğunu demiş və bir daha düzünü deməsini , yəni ona xəyanət etdiyi və onu həyətdə vuran şəxsin adını deməsini demişdir. Lakin Bahar bir reaksiya verməmiş və həyətdən paltar asmaq üçün nəzərdə tutulmuş göy rəngli sintetik ipi götürərək Baharın boğazına keçirmiş, boynunun arxasından ipləri qarşılıqlı keçirərək boğmağa başlamışdır. Təxminən 2-4 dəqiqədən sonra Bahar ölmüş və Baharı qaldırıb qazdığı yerə atan zaman bədəni sonuncunun əlimdə fırlanmış və Baharın meyiti üzü üstə həmin yerə düşmüşdür. Daha sonra evdə yataq otağından göy rəngli ədyalı götürmüş və Baharın bədəninin üstünə sərmiş, sonra isə torpaqla doldurduğu kisəni də onun bədəninin üstünə qoymuşdur. Daha sonra beli götürmüş və həyətdə olan torpağı həmin qazdığı yerə doldurmağa başlamışdır. Baharın bədənini bir qədər torpaqla örtdükdən sonra torpağın yatması üçün həyətdə olan şlaqnla həmin yerə su tökmüş, daha sonra bütün torpağı da təxminən iki saat ərzində qazdığı yerə doldurmuşdur. Sonra küçədə darvazanın qarşısında tökülmüş çınqıl daşlarını yığıb gətirib həmin yerə tökmüş və gedib yaxınlıqda olan tikinti materialları satılan mağazadan bir kisə sement alıb həyətə qayıtmış, bundan sonra da sementi qazılan yerə töküb tamet daşlarını olduğu kimi öz yerinə düzmüşdür (cild 01, iş vər. 90-96, cild 02, iş vər. 155-162). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, infarkt keçirdiyi üçün hadisələri tam xatırlamır. O, hadisə günündən əvvəl quyunu qazmağa başlamış, hadisə günü bitirmişdir. Əvvəldən planlaşdırmışdır ki, həmin qazdığı yeri akvarium edəcək və orada balıq saxlayacaq. Məhkəmə istintaqının yekununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus pensiya kartını özündə saxladığını, həmin kartdan pulları çıxardığını etiraf etmiş, məhkəmədən müharibə veteranı olmasını nəzərə almaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, bacısının meyiti çıxarıldıqdan sonra hadisədən xəbərdar olmuşdur. Bacısı ilə əvvəllər münasibətləri yaxşı olmuş, bacısı Binəqədidə yerləşən evini satmış, daha sonra o, oğlu, digər bacısı və Bahar Masazırdakı evi almışlar. Həmin evi aldıqdan sonra Bahar onları istəməmiş və evə qəbul etməmişdir. Bununla da onların arasındakı əlaqə kəsilmişdir. Bahar ailəli olmuş, daha sonra ayrılmışdır. Baharın övladı olmamışdır. Bahar qardaşı qızları ilə əlaqəni saxlamışdır. Bahar xəstə olduğu üçün o, qardaşı qızlarına Baharla əlaqə saxlamalarını söyləmişdir. Son vaxtlar o, şübhələnmiş və bacısının Masazırdakı evdə olmadığını düşünüb onların məhəlləsinə getmişdir. Baharın qonşuları iki ildir ki, Baharın orada olmadığını söyləmişlər. Qonşular bir nəfər kişinin geldiyini, həmin kişinin bir ay həmin evdə qaldığını, daha sonra Baharın yoxa çıxdığını, kişinin bir ay içində evi satıb getdiyini bildirmişlər. Həmin şəxsin kim olduğunu soruşduqda Kamal adlı bir şəxs olduğunu bildirmişlər. O, bütün qonşularla əlaqə saxlamış, evin qapısını dəfələrlə döymüşdür. Daha sonra bir nəfər şəxs bacısını dəlixanada gördüyünü söyləmişdir. Onlar dəlixanaya getmiş, bacısını maraqlanmış, orada olmadığını söyləmişlər. Bahar Könülü qardaşı olaraq təqdim etmiş, amma qonşular ondan şübhələnmişlər. Qonşuların hamısı Könülün adını Kamal kimi bilirmiş. Daha sonra evi alan qadın gəlmiş və o, sənədlərə baxaraq şəxsin adının Könül olduğunu bilmişdir. O, əvvəllər də Könülün adını eşitmişdir. Onlar bacısının evi Könülə satdığını, Könülün isə başqa şəxsə satdığını düşünmüşlər. O, Könülü maraqlanmış və onun Şərur rayonunun Düdəngə kəndindən olduğunu öyrənmişdir. O, Şərur rayonuna xəbər göndərmiş və Könülün əvvəllər dəmiryolunda, daha sonra taksi sürücüsü kimi işlədiyini öyrənmişdir. Onun bir qohumu dəmiryolunda işləyirmiş və o, dərhal həmin şəxsin arvadına zəng edib Könülü soruşmuşdur. Həmin qadın Könülü yaxşı tanıdığını bildirmişdir. O, Könülün şəklini istəmiş və Naxçıvandan ona Könülün şəklini göndərmişlər. O, həmin şəkili qonşulara göstərmiş və həmin şəxs olduğunu dədiqləşdirmişdir. Daha sonra o, polisə müraciət etmişdir. Bahar evi 40000 manata satmış, 1000 manatını maklerə vermiş, 39000 manatını isə “Kapital” banka qoymuşdur. Onlar həmin pulu götürmək istəyən zaman məhkəmə sorğusu əsasında pulu götürə biləcəyini söyləmişlər. Bahar Naxçıvana gedib qayıdan zaman 24000 manatla qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Baharın Binəqədidəki evi Könülə görə satdığını düşünür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş publik hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 ifadəsində göstərmişdir ki, hesablamalar əsasında müəyyən edilmişdir ki, hüquqi şəxsə 6169,05 AZN (altı min yüz altmış doqquz manat 5 qəpik) məbləğində maddi zərər dəymişdir. Onlar mülki iddianı müdafiə edirlər. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir. Hazırda hüquqi şəxs olaraq Təqsirləndirilən şəxs şikayətçidirlər, mülki iddianın təmin olunmasını xahiş edirlər və təyin olunacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun xalası olmuşdur. Son vaxtlar xalasının vəziyyəti pisləşmiş, onda problemlər yaranmış, şüuru özünü idarə etmirmiş. Bir gün o, xalasına təklif etmişdir ki, onu xəstəxanaya aparsın və müalicə etdirsin. Xalası ona “dəli sənsən və sənin anandır” demişdir. Xalası ona artıqəskik sözlər dediyi üçün o, artıq xalasına zəng etməmiş və onu axtarmamışdır. Bir gün anası xalasından nigaran olduğunu və onu axtarmalarını söyləmişdir. Onun anası və qardaşı Bahargilin evinə getmiş və evdə heç kimin yaşamadığını öyrənmişlər. Bahar qardaşı qızları ilə əlaqə saxlayırmış. O, xalasına mesaj yazmış, amma mesajlar oxunsa da onun mesajına cavab verən olmamışdır. Dayısıgil Bahara yazan zaman onların mesajına cavab verilir, amma səsli mesaj atılmırmış. Daha sonra onlar polisə müraciət etmiş və Könül adlı şəxsin xalasını öldürərək yaşadığı evin həyətində basdırdığını öyrənmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, iki il onların xalası ilə münasibətləri olmamış, xalası ounla artıq-əskik danışdığı üçün əlaqəni kəsmişdir. O, arada dayısının qızından, digər xalasından Baharı maraqlanırmış. Xalasının Binəqədidə evi olmuş və həmin evi satıb Naxçıvana getmiş, Naxçıvanın havasının ona düşdüyünü bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Şərur rayon Düdəngə kəndində anadan olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs həmkəndlisidir. 1997-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxslə ailə qurmuşdur. Rəsmi nikahları da həmin ildə olmuşdur. Əvvəllər ailə qurmadığı yəni qız uşağı olduğu üçün ona qız toyu etmişlər. Lakin Könül əvvəllər bir neçə dəfə ailə qurduğundan oğlan toyu olmamışdır. Təqsirləndirilən şəxs əsgərliyə getməmiş, Şərur rayon, Cəlilkənd kəndindən bir kürd qızı qaçırmışdır. Həmin qızın adı Sənubər olmuşdur. Sənubərin ondan bir oğlu olmuş, Sənubər Könülün anası ilə yola getmədiyi üçün Könül əsgərlikdən gəlməmiş evdən qaçmışdır. Daha sonra Könül və ata-anası nə qədər gəlinin arxasınca getsələr də gəlin qayıtmamışdır. Sənubərin oğlunun adı X5r. Onlar ana-bala Türkiyə Respublikasında yaşayırlar. Sahil Baxşəliyev ailəlidir və bir qızı var. Daha sonra Könül Şərur rayon Düdəngə kəndindən Pərvanə adlı qadınla ailə qurmuşdur. Pərvanə isə uşaq dünyaya gətirərkən dünyasını dəyişmiş, dünyaya gələn qızının adını da Pərvanə qoymuşlar. Pərvanəyə böyük qaynı Əhməd baxmışdır. Pərvanə ailəlidir. Könül müharibə iştirakçısı olmuş, sonuncu Sədərək döyüşlərində iştirak edən vaxtlarda bir-birlərini sevməyə başlamışlar. Lakin bu evliliyə onun ailəsi razı olmamış, anası həmkəndlisi Pərvanənin üstünə onun getməsini istəməmişdir. Daha sonra hər iki ailənin razılığı ilə onlar ailə qurmuş və bu nikahdan onların iki övladları olub rəhmətə getdikdən sonra 2002-ci ildə oğlu Ruslan dünyaya gəlmişdir. Həmin vaxtlarda Könül heç yerdə işləməmiş, ona və oğluna Rusiyada yaşayan qaynı baxmışdır. Təxminən 2005-ci ildə qardaşı onlara kənddən indi yaşadıqları evi almışdır. Elə o vaxtlarda da onun qardaşı Könülü Dəmir yoluna bələdçi kimi işə düzəltmişdir. Təxminən 2018-ci ilə qədər Könül qatarda bələdçi işləmişdir. Daha sonra qatardakı işlər ixtisara düşdüyü üçün Könül heç yerdə işləməmişdir. Onlar Könülün veteran pensiyası ilə dolanmışlar. Daha sonra Könül ona alverlə məşğul olduğunu demiş buna görə də, bəzən Bakı şəhərinə gedib-gəlmişdir. 2019-cu ilin iyun ayında qaynanası Səkinə həyətdə yıxıldığı üçün omba sümüyü sınmışdır. Qaynanası Səkinə qaynı Nüsrət ilə birlikdə yaşamışdır. Onlar bir-birinə qonşu olmuşlar. Qaynı Nüsrətin çox borcu olduğu üçün işləmək məqsədilə Türkiyəyə getmişdir. Qaynanası Səkinə xanıma “Nəhnə” deyə müraciət etmişlər. Qaynanasına o və qaynı arvadı Şəlalə birlikdə baxmışlar. Lakin qaynı Nüsrət təkbaşına borcları ödəyə bilmədiyi üçün qaynı arvadı Şəlalə də məcburən Türkiyəyə ərinin yanına işləmək üçün getmişdir. Məcburən qaynanasına baxmaq üçün qaynı Nüsrətin evinə köçmüşdür. Qaynanasına baxarkən yoldaşı Könül Zərərçəkmiş şəxs1 yaşadıqları evə gətirmişdir. Əvvəllər Baharın adını eşitmiş, Könül ona “biz Baharla alver edirik” demiş və Baharı elə tanımışdır. Təxminən 2019-cu ilin iyul ayında Bahar onlarda olmuşdur. Könüldən Baharın niyə onlarda qaldığını soruşduqda Könül ona Baharı anasına baxmaq üçün gətirdiyini bildirmişdir. Könülə qaynanasına baxdığını, Bahara ehtiyac olmadığını dedikdə, Könül Baharın ona kömək edəcəyini, birlikdə anasına baxmalarını, sonuncunun qonaq olduğunu, gedəcəyini demişdir. Bahar onlarda təxminən 1 ay və ya ay yarım qalmışdır. Həyəti əkib-becərmək üçün evdə olmayan zamanlarda qaynanası ilə Bahar məşğul olmuşdur. Evdə yeməkləri bəzən Bahar, bəzən o hazırlamışdır. Onlar axşam yeməyini birlikdə yemişlər. Bahar onlarda olan zaman sonuncunun kiminləsə telefonda danışdığının şahidi olmamışdır. Baharla bəzən oturub söhbətləşdiklərini, Baharın ona Bakıda tək yaşadığını, onun bir neçə bacı və qardaşının olduğunu demiş, lakin onların heç birinin onunla danışmadığını demişdir. Baharın sarımtıl sensorlu telefonunun olduğunu, özünün telefondan başı çıxmadığına görə telefonun markasını bilmədiyini demişdir. Bahar şəkər xəstəsi olmuş, onların yanında qalan zaman onun bir neçə dəfə şəkəri qalxmış, şəkəri qalxan zaman qıpqırmızı olmuş, dərman atmış, daha sonra isə yatmışdır. Bəzən Könül və Baharı evdə qoyub, evlərinə paltar və ya başqa bir şey gətirməyə getmiş, həmin arada onlar evdə tək qalmışlar. Bahar orta boylu, orta bədən quruluşlu, sarı saçlı və sarı dərili, qısık gözlü bir qadın olmuş, lakin gözəl olmamış, danışığı kobud olmuşdur. Yəni çox da incə bir qadın olmamışdır. Bahar özünü elə Könüllə heç bir münasibəti olmadığı kimi göstərsə də aralarında bir şey olduğunu hiss etdiyini bildirmişdir. Könülə Baharı tez göndərməsi üçün qaş-qabaq etmiş, Könül isə “o qonaqdır gedəcək, belə etmə” demişdir. Bunlara baxmayaraq Bahar qonaq olduğu üçün sonuncuya heç vaxt pis üz göstərmədiyini, Bahar onlarda olan vaxtlarda evdən çölə çıxmadığını bildirmişdir. Baharın əynində olan pal-paltarın köhnə olduğunu, sonuncunun üzərində qır-qızıl olmadığını, Bahara acığı tutsa da özünü heç nəyi bilmirmiş kimi apardığını qeyd etmişdir. Onlar bəzən oturub söhbət etmiş, Bahar bir dəfə ailəli olduğunu, övladının olmadığını, ərinin başqa qadından uşağı olduğunu demişdir. Bir müddət sonra Bahar onun yanında Könülə bilet almasını, getmək istediyini demişdir. Bahar gedən gündən əvvəlki günün axşamı oğlunu götürüb ata evinə getmiş, Könül Baharı yola salandan sonra evə qayıtmaq istəmişdir. Baharı yola salmaq istəməmiş Bahar gedən günü saat 09-10 arası evə gəldiyini və Könülün Baharı yola saldığını görmüşdür. Daha sonra qaynanasına baxmağa davam etmiş, 2019-cu ilin sentyabr ayında qaynanası Səkinə rəhmətə getmişdir. 2022-ci ildə Könül işləmək üçün Bakı şəhərinə getmiş, Könül Bakıda olan zaman onunla telefonda danışmış, sonuncu ona telefonda Baharın evində onunla birgə qaldığını demişdir. Könül əvvəl şirniyyat sexində, daha sonra isə inşaatda işlədiyini demişdir. Könül təxminən bir ilə yaxın Bakı şəhərində işlədikdən sonra evə qayıtmış, evə qayıdandan sonra o evlərinin dam örtüyünü dəyişmiş, daha sonra Könül özünə ağ rəngli avtomobil almışdır. Bir müddət sonra Könül avtomobili satmış, həmin avtomobilin pulu da elə dağılıb getmişdir. Sonuncu keçən ilin yanvar-fevral aylarında qardaşının oğlunun toyu olduğu üçün Rusiyaya qardaşının yanına getmiş, qardaşı ona vəziyyətini bildiyi üçün pul yardımı etmişdir. Həmin pul ilə Könül oğluna ucuz bir maşın almışdır. Könül Bakıdan qayıtdıqdan sonra sonuncuya Bahar barədə heç bir sual verməmiş, burda olduğu müddətdə Könül də ona Bahar barədə heç nə danışmamışdır. Polislərin Könülü tutub aparan zaman onun nə üçün tutulduğunu bilmədiyini, daha sonra sosial şəbəkələrdə Könülün adam öldürdüyünü eşitmişdir (cild 01, iş vər. 160-165). Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2002-ci ildə Şərur rayon Düdəngə kəndində anadan olmuşdur. X24 əvvəllər dəmir yolunda bələdçi işləmişdir. Atası xeyli müddət orada işləmiş, daha sonra dəmir yolunda çox adamın işi ixtisara düşdüyü üçün onu da oradan çıxarmışlar. Atası 3-4 il müddətinə kənddə işsiz yaşamış, daha sonra isə Bakı şəhərinə getmişdir. Özü isə 18 yaşı tamam olan vaxtlardan işləməyə başlamışdır. Yaxşı qəlyan düzəltmək bacarığına malik olmuş, bununla yanaşı atası veteranlıq pulu da almış, bəzən nənəsi də öz pensiyasından onlara köməklik etmişdir. Zərərçəkmiş şəxs1 və atasının münasibəti barədə xəbərdar olmuşdur. Hətta Bahar onlarla yaşayıb getdikdən sonra atasından Baharla münasibəti barədə soruşarkən atası Baharla aralarında dini nikah olduğunu demişdir. Atası və Baharın münasibətinin necə yarandığını bilməmişdir. 2019-cu ildə nənəsi Səkinə xəstə olduğu üçün onlar nənəsinin yaşadığı əmisi Şahid5 məxsus evə köçüb orada yaşamışlar. Onlar evə köçdükdən təxminən 1 ay sonra Zərərçəkmiş şəxs1 həmin evə gəlmişdir. Atası əvvəllər Baharla alver etdiyini bildirsə də, həmin vaxt Baharın nə üçün gəldiyini soruşduqda, atası ona anası Gülyanağın xəstə olduğu üçün nənəsinə baxa bilmədiyini, buna görə də Baharın kömək etmək üçün gəldiyini bildirmişdir. Lakin həqiqətin fərqli olduğunu bildiyini, atasından soruşduqda da atası ona Baharla nikahda olduğunu demişdir. Anası da Baharla Könülün münasibətlərini bilmiş, lakin heç bir söz deməmiş, özü isə Baharın tez bir zamanda gedəcəyini bildiyi üçün bu barədə danışmamışdır. Bahar onlarla birgə yaşadığı müddətdə anası Gülyanaqla çox yaxşı yola getmişlər. Onların bir dəfə belə olsun mübahisə etdiklərini görmədiyni bildirmişdir. Anası Gülyanağın ayağında duzlaşma olduğu üçün sonuncu çox hərəkət edə bilməmiş, Bahar onlarda olduğu vaxtlarda nənəsi Səkinəyə baxmışdır. Belə ki, nənəsi Bahardan nə istəmişsə Bahar onları da etmişdir. Bahar onlarla birgə bir ay qədər qalmışdır. Evdə çox olmadığından Baharla ünsiyyəti olmamış və Bahar gedən vaxt o, evdə olmamışdır. Evin tək uşağıdır və o elə də pul xərcləyən biri deyil. Öz işlədiyi, atasının işlədiyi, nənəsinin və dayısının etdiyi köməklər nəticəsində onlar evdə pul yığmışlar və bu yığdıqları pulları atası dəfələrlə Bahara vermişdir. Atası onlara pulları borc verdiyini demiş, lakin sonra həmin pulları geri almamışıdır. Lap əvvəllərdən atasının bir qadınla münasibətinin olduğunu və pulları ona verdiyini bilmiş, lakin həmin qadın olan Baharı ilk dəfə nənəsi Səkinəyə baxmaq üçün gəldiyi vaxt görmüşdür. O, atasının Bahara müxtəlif vaxtlarda 2500 azn və 11000 azn pul verdiyini bildiyini, bunları atasının özünün dediyini bildirmişdir. Atası əvvəllər Bakı şəhərinə gedib-gəlmiş, xatırladığına görə bir dəfəsində 20 gün Bakıda qalmışdır. Atası son vaxtlar təxminən 2021-ci ildə Bakıya işləmək üçün getmiş, ona Bakıda mühafizə işlədiyini demişdir. Atasının başqa harada işlədiyini və Bakıda harada qaldığını bilmədiyini, atasının Bakıda yaşadığı vaxtlarda evə pul göndərdiyini, bəzən də, atasına zəng edib ondan pul istədiyini, atası isə ona maaşını alanda göndərəcəyini demişdir. Bakıda yaşadığı vaxtlarda atası evə ayda 100-150 azn pul göndərmişdir. Atası axırıncı dəfə 2022-ci ilin yay aylarında Bakıdan evə qayıtmış, daha sonra isə Bakıya heç getməmiş, Bakıdan gəldikdən sonra iş tapa bilmədiyi üçün işləməmişdir. Mart ayının 1-də atasını Şərur rayon Polis İdarəsinə çağırmışlar. Atası getdikdən sonra onu Polis İdarəsində saxlamış və gecə evə buraxmamışlar. Daha sonra atası onun mobil telefonuna zəng vuraraq Bakıda Polis Şöbəsində olduğunu bildirmiş, lakin nə üçün orada olduğunu deməmişdir. Hadisə barədə sosial şəbəkədə yayılan məlumatlardan sonra xəbərdar olmuşdur (cild 01, iş vər. 171-175). Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, qardaşı Könül dəmir yolunda bələdçi işləmiş, daha sonra işlər ixtisar olunduğu üçün işdən çıxarılmış və bir müddət Türkiyənin İğdır şəhərinə gedib-gəlib alver etmişdir. Könül həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş, kəndlər arası işləmiş bəzən də gömrüyə də adam aparmışdır. Könül həmçinin təqaüd də almışdır. Bəzən anası da pensiyasından Könülə vermişdir. Zərərçəkmiş şəxs1 tanımadığını bildirmişdir. Hadisə olandan sonra Zərərçəkmiş şəxs1 və qardaşı Könül arasında olan münasibətlərdən xəbərdar olmuşdur. Kənddəki camaatdan öyrəndiyinə görə Bahar o, Türkiyə Respublikasında olan zaman ona məxsus olan evdə yaşayaraq anasına baxmışdır. Hətta qonşulardan öyrəndiyinə görə Bahar anasına çox yaxşı baxmışdır. Qonşulardan aldığı məlumata görə Könül ilk əvvəl qonşulara Baharın onun xalası qızı olduğunu demişdir. Daha sonra onlar Baharın Könülün yoldaşı olduğunu bilmişlər. Gülyanaq anasına baxmadığından Könül digər yoldaşı Baharı anasına baxmaq üçün evə gətirmişdir. Kənddən öyrəndiyinə görə Bahar və Könül Bakıda sələmə pul vermişlər. Onlar 10 ildən artıq bir yerdə olmuş, pulları da ortaq olmuşdur. Könülün Bahara pul verməsi barədə isə dəqiq məlumatı yoxdur. Türkiyə Respublikasından gəldikdən sonra təxminən 2019-2020-ci illərdə Könül ondan 1000 azn borc pul istəmiş və ona evin dam örtüyündən içəriyə su axdığını, bu pulla evinin tavanını düzəltdirəcəyini demişdir. Könülün evi suyun içərisində batmasın deyə evdəki inəyini sataraq Könülə vermişdir. Könülün evinin dam örtüyü pis vəziyyətdə olduğu üçün onlar həyətdə qalmışlar (cild 01, iş vər. 182- 186). Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla aparılan fəaliyyəti nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, X32 küçəsi ev 142A ünvanında yerləşən fərdi evin həyətində qəsdən öldürülərək basdırılmış mərhum Zərərçəkmiş şəxs1 onun olmuşdur. Sonuncu xx.xx.1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olmaqla faktiki hadisə baş vermiş ünvan 5 ünvanında tək yaşamışdır. Ailədə altı övlad: o; 1960-cı il təvəllüdlü bacısı Rzayeva (Məmmədova) Nahidə Yaqub qızı - ailəsi İlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayır; 1963-cü il təvəllüdlü qardaşı X9 (ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşayır); mərhum bacısı Zərərçəkmiş şəxs1; 1966-ci il təvəllüdlü qardaşı Şahid2 (ailəsi ilə birlikdə Naxçıvan MR, Şərur rayonunda yaşayır) və kiçik qardaşı 1968-ci il təvəllüdlü X13 (ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşayır) olmuşlar. Mərhum bacısı Zərərçəkmiş şəxs1 Naxçıvan MR, Şərur rayonu, Şahtaxtı kənd orta məktəbdə təhsil almış, ali təhsil almamış, ilk iş fəaliyyətini Naxçıvan şəhəri ərazisində tikiş fabrikində olmuşdur, orada Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndindən olan Ədalət adlı şəxslə tanış olub və Baharın 22 yaşında olanda onunla rəsmi nikaha daxil olmuş, daha sonra onlar ailəvi olaraq Moskva şəhərinə köçüb orada çalışmış, 6-7 il birlikdə yaşamış, lakin onların uşaqları olmadığı üçün ayrılmışlar. Mərhum bacısı Baharın uşağının olmaması ilə bağlı uzun müddət müalicələr almış, lakin onların heç bir nəticəsi olmamışdır. 1993-cü ildə mərhum bacısı Zərərçəkmiş şəxs1 həmkəndliləri olan və Bakı şəhərində yaşayan X10 ilə tanış olmuşdur. Şəmsəddin Əliyevin o vaxt arvadı rəhmətə getmiş, dörd övladı: bir oğlu və üç qızı həmin vaxtı balaca yaşda olmuşdur. Sonra Şəmsəddin mərhum bacısı Zərərçəkmiş şəxs1 ilə münasibət qurmuş, onu gəlib Naxçıvandan götürmüş və onlar Bakı şəhərinə köçüb orada yaşamışlar. Mərhum bacısı Zərərçəkmiş şəxs1 Şəmsəddin Əliyevlə rəsmi nikaha daxil olmamış, lakin onlar ər-arvad kimi 27 il ərzində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü döngə küçəsində fərdi evdə yaşamış, həmin evin həyətində də balaca bir dükan açıb ikisi işlətmişlər, lakin onların da birgə övladları olmamışdır. Şəmsəddinin dörd övladına Bahar öz övladları kimi baxmış, böyütmüş, evləndirmiş və s. Xatırlamadığı tarixdə Bahar və Şəmsəddin Bakı şəhəri, Binəqədi rayonu, 3-cü döngə küçəsində yerləşən fərdi evi satıb Binəqədi rayonu, Gülüstan adlı məhəllədə torpaq alıb bir ev tikmişlər və həmin evi də Şəmsəddin onun uşaqlarına baxıb böyütdüyünə görə Bahara hədiyyə etmiş və sonuncunun adına rəsmiləşdirmişdir. Daha sonra onlar ailəvi Türkiyə Respublikasına köçmüş, orada 4-5 il çalışıb yenidən Bakı şəhərinə qayıtmışlar və Şəmsəddin kiçik qızı Ruhanəni ərə verdikdən sonra onlar ikisi yaşamağa davam etmişlər. Təxminən 6-7 il əvvəl Şəmsəddin infarkt keçirmiş və paralizə olunmuş və bundan sonra yataq xəstəsi olmuşdur. Mərhum bacısı Bahar ona baxa bilməmiş, sonradan qızı Ruhanə atasına baxmaq üçün Şəmseddini öz yanına götürmüşdür. Həmin ərəfədə baş verən hadisələrlə bağlı Baharda ruhi-əsəb problemləri yaranmağa başlamış, yəni o öz uğursuz həyatının günahkarı kimi onları ittiham etməyə başlamış, onların ona cadu etməsini, buna görə heç kimi görmək istəmədiyini bildirmiş və hamıdan uzaqlaşmağa başlamış, vaxt getdikcə də onun psixiki durumu daha da dərinləşmişdir. Ögey qızı Ruhanənin deməsinə görə Bahar ruhlar görmüş, guya onlar sonuncuya namaz qılmağa imkan verməmiş, möhürü götürüb qaçmışlar, qohumlarla danışmağa icazə verməmişlər, burnuna cinlər girmiş və sair. Əvvəlki dövrlərdə bacısı Zərərçəkmiş şəxs1 ilə münasibətləri normal olmuş, 2022-ci ilin fevral ayında onun Masazır kəndində yaşadığı evə hal-əhval tutmaq məqsədilə gəlmişdir. Bahar həmin vaxt şəkər xəstəliyinin olmasını, tez-tez şəkərinin qalxıb endiyini, xəstəliyin onu əsəbləşdirdiyini bildirmişdir. Bahara Bacısının nəvələrindən birinin gəlib onunla qalmasını, qulaq yoldaşı ola biləcəyini təklif etmiş, sonuncu isə heç kimlə yaşamaq istəmədiyini, tək qalıb yaşamağının ona rahat olduğunu bildirmişdir. Bahar daha sonra yaşadığı evi satmaq istədiyini bildirmişdir. Oradan qayıtdıqdan sonra Baharın digər bacıları ilə danışanda onlara onu niyə evinə göndərdiklərini soruşmuş, onun evində gözləri olduğunu demişdir. Bu söhbətləri eşitdikdən sonra əsəbiləşmiş, Baharla münasibətləri soyuqlaşmış, demək olar əlaqə saxlamamışdır. Qısa müddət sonra Türkiyəyə getmiş və 1 il müddətində orada qalmışdır. Həmin vaxt ərzində də Baharla əlaqələri olmamışdır. 2023- cü ilin yanvar ayında arvadı Rəfiqə Bağırova vəfat etmiş, həmin vaxt qardaşının qızları Baharın telefon nömrəsi ilə “Votsap” tətbiqi vasitəsilə sonuncuya məlumat vermişlər. Bahar bir cümlə “Allah rəhmət eləsin" sözlərini yazmış, sonrakı müddətlərdə də onun nömrəsi ilə yaxın ailə üzvləri yazışmalarını davam etdirmişlər. Lakin Baharla son vaxtlara qədər yazışmamışdır. 2024cü ilin yanvar ayının sonlarında Baharın telefon nömrəsi ilə "Votsap" tətbiqi vasitəsilə yazışmağa başlamışdır. Bahardan hal-əhval tutduqda sonuncu tez-tez yazmamağı, yazıb onu əsəbləşdirsək bloka atacağını bildirmişdir. Ona görə də həmin nömrəyə o qədər də tez-tez mesaj yazmamışdır. 7 fevral 2024-cü il tarixdə onunla yazışarkən “hamısı mənim üçün atam, Yaqub, Rəfiqə kimi ölüblər” cümləsini yazmışdır. Bu cümləni oxuduqda təəccüblənmişdir. Çünki onlar ailə üzvləri olaraq atalarına ata yox, “əmmə” deyə müraciət etmişlər. Bu barədə digər bacılarına dedikdə onlar da onun fikrini təsdiq etmişlər. Sonradan bacısıgil Baharın Masazır kəndində yaşadığı evə getmiş, soraqlaşdıqda evin satıldığını, qonşuların son 2 ilə yaxın müddətdə Baharın artıq həmin evdə yaşayıb yaşamadığını görmədiklərini bildirmişlər. Könül adlı şəxs bacısının yaşadığı evə guya onun qardaşı kimi gedib-gəlmiş, qonşuların da onların arasında ər-arvad münasibətləri olmasından xəbəri olmamışdır. Bahar yoxa çıxdıqdan yəni görünməməyə başladıqdan 1 ay sonra Könül adlı şəxs həmin evi satmış, daha sonra köçüb Naxçıvana getmişdir. Ümumiyyətlə bacısı Zərərçəkmiş şəxs1 meyiti aşkarlanan vaxta qədər onun Könül adlı şəxslə birgə yaşamasından məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə bacısı oğlu Şahid1 ona məlumat vermişdir ki, bacısı Baharın meyiti Masazır kəndindəki qeyd edilən evin həyətindən qazılaraq aşkar edilmiş, Könül adlı şəxsin onu öldürdüyünü bildirmişdir (cild 01, iş vər. 131-136). Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, X32 keçəsi ev 142A ünvanında tək yaşayır. 1995-ci ildə X16 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onun iki oğlu: 1996-cı il təvəllüdlü oğlu Davud Mirzəyev və 1998-cı il təvəllüdlü oğlu Eltac Mirzəyev dünyaya gəlmişdir. X35 2017-ci ildə Hepatit-C xəstəliyindən vəfat etmiş, oğlu Eltac subaydır və 2023-cü ilin yanvar ayından hal-hazıradək Rusiya Federasiyasında yaşayır və işləyir, böyük oğlu Davud evlidir, bir oğlu var, xx.xx.2024-cü il tarixdən narkotikə görə barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbirinin şərtlərini pozduğu üçün o həbsdədir. Əvvəl ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Sovetskiy adlanan ərazidə yaşamışdır. Həmin evi söküntü planına düşdüyü üçün Səbail rayonu, Bayıl qəsəbəsinə köçmüş və bir müddət orada olan evdə yaşamışdır. Plana düşən evinin əvəzinə verilən təzminata iki ev almış, birini Bayıl qəsəbəsində almış və böyük oğlu Davuda vermişdir ki, sonuncunun öz evi olsun. Davud orada yaşadığı vaxtda pis əhatəyə düşmüş və narkotik istifadə etməyə başlamış və onu narkomanlardan uzaqlaşdırmaq üçün məcbur qalıb oradakı evini satmış və hazırda yaşadığı evi almışdır. 2022-ci ilin iyun-iyul aylarında ev axtarmağa başlamış. Həmin vaxtı kiçik oğlu Eltac Masazır qəsəbəsində yaşayan bir dostu ilə danışıb orada ev almaq istədiyini bildirmiş və həmin şəxs bir qədər araşdırandan sonra onlara zəng edib bildirmişdir ki, qiyməti münasib bir ev tapmışdır. Bundan sonra oğlu Eltacla birlikdə gecə vaxtı Masazır qəsəbəsinə gəlmiş və orada oğlunun dostu ilə görüşüb satışa çıxarılmış Abşeron rayonu, Masazır kəndi, X32 keçəsi ev 142A ünvanında yerləşən fərdi evə baxmağa gəlmişlər. Həmin vaxt evi satan makler olmamışdır, onu satan kişi evdə olmuşdur, həmin kişi özünü evin sahibi kimi təqdim etmiş və adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar evə və həyətə baxıb bəyənmiş və evi satan Təqsirləndirilən şəxs bildirmişdir ki, evi 32000 (otuz iki min) manata satır və qiymətdə heç endirim etməmişdir. Könül həmçinin bildirmişdir ki, evi elə əşyalı şəkildə satır, lakin evin əşyaları, yəni divan, kovrolit və televizor köhnə olduğundan onlar evi alandan sonra onlan yenisi ilə əvəzləmişlər. Könül onlara evi oğlu üçün aldığını və həmin evdə arvadı ilə yaşadığını demiş, lakin həmin vaxtı evdə arvadı və oğlu olmamışdır. Könül onlara evin satma səbəbi ilə bağlı oğlunun maşınla adam vurduğunu, onu xilas etmək üçün evi təcili satdığını bildirmişdir. Həmin vaxt evi bəyənmiş və almaq qərarına gəlmiş, aralarında olan razılığa əsasən sabahı gün gəlib birlikdə ev qanunsuz tikili olduğu üçün, evə dair hansısa rəsmi sənəd olmadığından Masazır kənd Bələdiyyəsinə getmişlər, çünki evə dair hər hansı bir rəsmi sənəd olmamışdır, lakin evin altında olan torpağın Bələdiyyə sənədi olmuşdur. Onlar danışdıqları kimi səhəri gün görüşmüş və birlikdə Masazır kənd Bələdiyyəsinə getmişlər. Orada Könül özü əlində olan sənədlərlə birlikdə müxtəlif kabinetlərə girmiş və evin torpağını onun oğlu Eltacın adına keçirmiş və ona buna görə orada iki min manat ödədiyini demiş, lakin o, pulu kimə verib-verməsini görməmişdir, çünki Könül həmin xatırlamadığı kabinetə oğlu Eltacla birlikdə girmişdir. Onlar Bələdiyyəyə gələndə Könülün əlində olan sənədlərə əsasən həmin ev və torpaq elə onun öz adına olmuşdur. Onlar Bələdiyyədə rəsmiləşdirmə işlərini bitirdikdən sonra o, işə getmiş, oğlu Eltac isə Könül və dostu ilə birlikdə getmişlər. Onlar Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ASAN Kommunal xidmətinə getmiş və orada Könül evə dair bütün kommunal xidmətləri oğlu Eltacın adına keçirmişdir və onlar həmin evə qayıtmışlar. Evdə Könül bütün açarları təhvil vermiş, 32000 (otuz iki min) manat pulu sayıb almış və sağollaşıb getmişdir. Həmin evin təmiri çox pis olmuş, evin altında nəmişlik olduğu üçün divar kağızları atmışdır, boya sahələri saralmışdır və hətta kovrolitin altında qurdlar da çıxmışdır. Bundan sonra onlar qohumlarının köməyi ilə evə əl gəzdirmiş, təmir işləri aparmış və həmin evə yavaş-yavaş köçüb yaşamağa başlamışlar. Onlar oraya köçəndən sonra həqiqətən də həmin evdə ilkin olaraq Bahar adlı bir xanımın yaşadığını qonşulardan eşitmişlər, qonşular sonuncunun psixoloji problemlərinin olduğunu, buna baxmayaraq qonşularla münasibətinin yaxşı olduğunu demişlər. Gülzar, Tanya adlı rus milliyyətli qonşu, Rəvan və digərləri sonradan ona Könülün Baharın həyatında peyda olandan sonra sonuncunu qonşularla ünsiyyət saxlamağa icazə vermədiyini və Könülün yanına gələndə özünü Baharın qardaşı kimi təqdim etdiyini və Bahar itəndən sonra onlara sonuncunu psixiatriya xəstəxanasına yerləşdirdiyini demişdir. Evi alandan sonra daha Təqsirləndirilən şəxs görməmiş, lakin evi alandan bir ay ərzində Könül evlə bağlı oğlu Eltacla yazışmış, lakin sonradan tamamilə əlaqəni kəsmişdir və onlar orada yaşadıqları müddət ərzində hər hansı bir hadisənin baş verməsi barədə məlumatsız olmuşlar. Cari ilin mart ayının əvvəlləri işdən evə gələndə qonşudan bir uşaq ona yaxınlaşmış və kağız parçası vermişdir. Kağıza baxanda orada bir nömrə qeyd olunduğunu və təcili əlaqə saxlamağı xahiş etdiyini görmüşdür. Oğlu Davudla bağlı problem yaranmasından qorxduğu üçün həmin nömrəyə zəng etmiş, danışıq vaxtı nömrəni yazan bir xanımın Bahar adlı bacısını axtardığını bilmişdir. Həmin qadına evi Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını, Bahar adlı xanımı görmədiyini və onu tanımadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs1 qohumları onun qapısına gəlmiş və onu sorğu sual etmişlər. Onlara hər dəfə izah etmişdir ki, Zərərçəkmiş şəxs1 tanımamış, görməmiş və evi Təqsirləndirilən şəxs adlı şəxsdən almış və yanında Bahar adlı xanım görməmişdir. Hətta bir dəfə həmin şəxslər qapısına polislə gəlmişlər. 04 mart 2024-cü il tarixdə evə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və həyətlərində meyit basdırıldığından qazıntı işləri aparacağını bildirmişlər. Buna etiraz etməmişdir. Orada qazıntı işləri aparılan zaman mətbəx pəncərəsinin qarşısından həyətdə bir qadın meyiti tapılmış və həmin gün Təqsirləndirilən şəxs özü həmin meyitin harada olmasını polis və prokurorluq işçilərinə göstərmişdir. Həmin günü baş verənlərdən şoka düşdüyünü və bütün günü ağladığını, həyətdə gəzəndə ayaqlarının altında meyit olduğunu heç fikirləşmədiyini bildirmişdir (cild 01, iş vər. 203-207). Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2020-ci ildə Masazır kəndi, X32 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evini həyat yoldaşının adına rəsmi qaydada almaqla həmin ünvana köçmüşdür. Hazıra qədər də qeyd edilən ünvanda həyat yoldaşı Gülzarla birlikdə yaşayır. Onlar 2020-ci ildə Masazıra köçüb gəldikdə orada evin qonşuluğunda Araz, Rəvan, Bahar adlı şəxslərin evləri yerləşmişdir. Araz Bakı metropolitenində depoda, bildiyi qədəri ilə Rəvan adlı şəxs daxili işlər orqanlarında polis kapitanı olaraq xidmət edir, Bahar adlı qadın isə həmin vaxt əri ilə birlikdə qonşuluqda yaşayan şəxslərdən biri olmuşdur. Baharın ərinin adını xatırlamadığını bildirmişdir. Baharın əri iflic keçirdiyindən yeriməsində çətinliklər olmuşdur. Təxminən 7-8 ay sonra Baharla əri arasında münasibətlər pozulmuş, nəticədə Bahar ərini evdən qovmuş və həmin evdə tək yaşamağa davam etmişdir. Bahar tək yaşadığı vaxt bir müddətdən sonra evinin darvazasına evin satılması barədə elan yerləşdirmiş, təxmini 1 ay sonra isə həmin elanı darvazadan çıxarmış və qonşulara evi artıq satmadığını bildirmişdir. Bahar həmin dövrdə doğulub böyüdüyü Naxçıvana yaxın qohumlarının yanına getmiş, qısa müddət orda qalıb qayıtmışdır. Bir neçə ay sonra Baharın yaşadığı evə sonradan adını öyrəndiyi Könül adlı kişinin gəlib getməyə başladığını, Könülün Baharla birlikdə sonuncunun evində yaşamağa başladığını görmüşdür. Qonşusu Arazdan həmin şəxsin kim olması barədə maraqlandıqda Araz Könülün ona Baharın qardaşı olmasını bildirdiyini demişdir. Sonradan dəqiqləşdirmək üçün Baharın özündən Könüllə qardaş-bacı olduqlarını soruşduqda Bahar da Könülün qardaşı olmasını təsdiqləmişdir. X30 marşrut avtobusuyla gedib gələrkən onların arasındakı münasibətdən, etdikləri hərəkətlərdən onların bacı-qardaş münasibətində olmasına bir o qədər də inanmadığını bildirmişdir. Beləcə 4-5 ay Baharla Könülün həmin evdə birgə yaşadığını müşahidə etmişdir. Xatırladığı qədər 2022-ci ilin mart- aprel aylarından etibarən Baharı yaşadığı evdə görməməyə başlamışlar. Yəni Bahar həmin dövrdən nə qonşuların evinə gəlib-getmiş, nə də evdə, yolda-küçədə görünməmişdir. Qonşular Baharın görünmədiyini Könüldən maraqlanıb soruşduqda sonuncu Baharın digər ailəsindən olan qızı xəstə olduğuna görə həmin qızına qulluq etmək üçün getdiyini, ona görə də Baharın həmin evdə görünmədiyini bildirmişdir. Bu söhbətlərdən 1-2 ay sonra 2022-ci ilin yay aylarında Könül evi satışa çıxarmış, 1 ay ərzində İlhamə adlı qadın Baharın yaşadığı evi Könüldən almışdır. Könülün evi hansı qiymətə satdığı ona məlum olmamış, evin alğı-satqı proseslərində Bahar evdə evin ətrafında ümumiyyətlə heç kəs tərəfindən görülməmişdir. İlhamə adlı şəxs evi aldıqdan sonra Könül də çıxıb getmiş, ondan sonra nə Bahardan, nə də Könüldən bir xəbər almamışlar. 2024-cü ilin yanvar ayının ortalarında Baharın bacısı olduğunu bildirən şəxs və onun əri onların evinə gəlmişdir. O, nə Baharın bacısı, nə də ərinin adlarını həmin vaxt maraqlanmamışdır. Onlar gələrək ondan və arvadından 1 ilə yaxındır, bacısı Bahardan xəbər ala bilmədiklərini və onların bəlkə bu haqda qonşu kimi bir məlumatlarının olub-olmamasını soruşmuşlar. 2022ci ilin yay aylarında Baharın evi Baharın qardaşı kimi bizə təqdim etdiyi Könül adlı şəxslə birlikdə satıb buradan köçüb getdiklərini bildirmişlər. Bunu dedikdə Baharın bacısı Könül adlı qohumlarının olmadığını bildirmişdir. Bundan sonra Baharın evi ilə qapı qonşu olan Araz adlı şəxsin ünvanını bildirmiş və onlar Arazla əlaqə saxlasalar daha çox məlumat ala biləcəklərini demişdir. Baharın bacısı Araz adlı şəxslə əlaqə saxlayıb sonuncudan Baharla əlaqəli sorğu-sual etdikdən sonra gedib yenə Baharı axtarmağa davam etmişlər. 2024-cü ilin mart ayının 4-də polis və prokurorluq əməkdaşları Baharın yaşadığı evə gəldikdə Könül adlı şəxs Baharı 2022-ci ilin may ayında öldürərək elə Bahara məxsus Akim Abbasov küçəsi 142 ünvanında yerləşən fərdi evin həyətində basdırmasını bilmişlər. İstintaq orqanı Könülü həmin həyətə gətirməklə onun göstərdiyi yerdə Baharın meyiti Masazır kəndindəki qeyd edilən evin həyətindən qazılaraq aşkar etmiş, Könül adlı şəxs onu boğub öldürdüyünü bildirmişdir (cild 01, iş vər. 234-238). Cinayət işinin materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 02 mart 2024-cü il tarixli 59/2-16350 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yaşayan X8 xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs1 axırıncı dəfə iki il əvvəl yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ünvanında görməsi, həmin vaxtdan etibarən əlaqə saxlamaması, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ünvanına gedən zaman fərdi yaşayış evinin başqa şəxsə satıılması barədə məlumatının olması və həmin ünvanda bacısının yaşamaması, onunla əlaqə saxlaya bilməməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 itkin düşməsi faktı ilə əlaqədar Abşeron RPİ- nin Cinayət axtarışı şöbəsində xx.xx.2024-cü il tarixdə 271617 nömrəli axtarış işi açılmış, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 öldürülməsi, sonuncunun qeyri-rəsmi nikah münasibətində yaşadığı xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır kəndi, X34 küçəsi, ev 142A ünvanında yerləşən fərdi yaşayış evidir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs evin həyətində göstərdiyi yer qazılmışdır. Təxminən 50 sm qazıldıqdan sonra insan bədəninin hissələrinə rast gəlinmişdir. Baxışda iştirak edən X6 həmin qalıqların Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildirmişdir. Həmin yer bir az da qazıldıqda Zərərçəkmiş şəxs1 çürümüş meyiti üzü üstə əlləri arxadan bağlı vəziyyətdə çıxarılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsin Yasamal rayon meyitxanasına göndərilmişdir. Hadisə yerinə dair müvafiq fotoşəkillər çəkilərək protokola əlaqə edilmişdir (cild 01, iş vər. 32-39). Cinayət işinin materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilmiş, baxış nəticəsində müəyyən olunmuşdur ki, meyit qadın cinslidir. Boyu 156 smdir. Meyitin bütün bədən səthi qaramtıl-qəhvəyimtil rəngli torpağa bulaşmış vəziyyətdədir. Meyitin boyun nahiyəsinə göy rəngli sintetik materialdan hazırlanmış ip bağlanmışdır. İp açıldıqda uzunluğu 105 sm-dir. Meyitin hər iki yuxarı ətrafı bədənin arxa səthində said nahiyəsinin aşağı 1/3-dən bükülmüş yaylıqla bir-birinə bağlanmış vəziyyətdədir. Meyitin əynində çürümüş halda aşağıdakı paltarlar vardır: Yaşıl rəngli kofta, bozumtul- qaramtıl rəngli şalvar, ağ rəngli qadın alt tumanı. Meyitdə baş vermiş çürümə dəyişiklikləri ilə əlaqədar olaraq meyitin sifət quruluşu seçilmir. Başın alın, hər iki gicgah və təpə nahiyələrində, üzün almacıq, burun çənə nahiyələrində yumşaq toxumalar müşahidə olunmur. Skeletləşmə baş vermişdir. Başın ənsə nahiyəsinin dəri örtüyü bozumtulqəhvəyimtil-qaramtıl rəngdədir, toxunduqda kəllə tağı sümüyündən ayrılması müşahidə olunur. Həmin nahiyədə uzunluqları təqribən 10-15 sm-dək olan syrək şəkildə, təzyiq etdikdə asanlıqla ayrılan tüklər vardır. Tüklər qaramtıl rəngdədir. Əllə zəif təzyiq nəticəsində asanlıqla qopurlar. Meyiti kəllə və üz skeleti sümüklərini əllədikdə patoloji hərəkətlik, deformasiya qeyd olunmur. Kəllənin üstdən görünüş üzrə forması ellipsoid formadadır. Alnı şaquli, çənəsi isə oval formadadır. Alt çənədə dişləri taxma protezdir. Qulaq seyvanları tamdır, anatomik quruluşu seçilmir, tünd qonurumtul- qəhvəyimtil rəngdədir. Hər iki göz orbitasının ətrafında olan yumşaq toxumaların yoxluğu müşahidə olunur. Göz almaları göz yuvasında yoxdur. Ağzı açıq vəziyyətdədir. Boynu adi hərəkətlidir. Boyun nahiyəsinin dərisi tünd qonurumtul-qaramtıl rəngdədir. Meyitin döş qəfəsinin və qarının ön-sağ yan səthlərində dərisi tünd qonurumtul-qaramtıl rəngdədir. Meyitin gövdəsinin arxa səthində döş qəfəsinin, bel və sağrı nahiyələrinin dəri örtüyü nisbətən öz quruluşunu və rəngini saxlamışdır. Qalça- çanaq və aralıq nahiyəsində dəri və digər yumşaq toxumaların rəngi bozumtul- qəhvəyimtil-qaramtıl rəngdədir. Xarici cinsiyyət üzvləri seçilmir. Hər iki yuxarı ətraf düzgü inkişaf etmişdir, əllədikdə sümüklərdə patoloji hərəkətlik və deffekt müşahidə olunmur. Yuxarı və aşağı ətrafların dəri və digər yumşaq toxumalar qonurumtul-qaramtıl rəngdədir. Meyitə baxış zamanı meyitin boyun nahiyəsindən açılmış göy rəngli sintetik materialdan hazırlanmış ip, hər iki yuxarı ətrafı bədənin arxa səthində said nahiyəsinin aşağı 1/3-dən bükülmüş yaylıq, üzərində olan yaşıl rəngli kofta, bozumtul- qaramtıl rəngli şalvar, ağ rəngli qadın alt tumanı, ağız nahiyəsindəki protez dişlər və barmaqlarından dırnaq nümunələri götürülmüşdür. Meyitə baxış gündüz vaxtı, aydın havada və süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı "SONY" markalı fotoaparatdan istifadə edilməklə çəkilmiş şəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 62-70). Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman da törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayətə dair ifadəsindəki xüsusatları yerində göstərmişdir (cild 01, iş vər. 76-82). Cinayət işinin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 72 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 barəsində Abşeron RİHB-nın Masazır kən İƏD-si üzrə nümayəndəliyində heç bir məlumat qeydə alınmamışdır (cild 01, iş vər. 141-142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli xx/xx-3873 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qızı yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar (cild 01, iş vər. 143-144). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 4664 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cild 01, iş vər. 152-153). Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyya Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 Şərur rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, 602 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qedyiyyatda dayanmır (cild 01, iş vər. 178-179). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 22 saylı rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli 449 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar edilməmişdir (cild 02, iş vər. 03-05). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 30 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs1 meyiti kəskin çürümə dəyişikliklərinə məruz qaldığına görə onun ölümünün səbəbini və müddətini dəqiq olaraq təyin etmək mümkün deyildir, lakin Zərərçəkmiş şəxs1 meyitinin çürümə dəyişikliyinin inkişafına əsasən boyun nahiyəsində aşkar olunmuş ipin olması və qərarın təsviri hissəsində göstərilən məlumatları nəzərə alaraq güman etmək olar ki, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə ipdən hazırlanmış ilgəklə boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlməsi istisna olunmur; dərəcəsinə görə həyat üçün təhlükəli mexaniki asfiksiya ilə nəticələnə bildiyindən sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olub, onun ölümünə səbəb olar bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 0,4%-dir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilsin. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, 1,4-benzidiazepin törəmələri və salislilatlar aşkar edilmədi. Zərərçəkmiş şəxs1 meyitindən sağ bazu sümüyü qadın cinsinə mənsub olub, ona mənsub olduğu şəxsin yaşı 40-60 yaş ilinin hüdudları daxilində ola bilərdi (cild 02, iş vər. 06-11). Cinayət işinin materiallarında olan məhkəmə -psixiatrik və psixoloji ekspertizasının 11,06.2024-cü il tarixli 1717 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq, kobudluq və s. kimi fərdi- psixi xüsusiyyətlər malikdir. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri və hadisə şərait nəzərə alınaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs oğıunda başqalarının təsiri altında hərəkət etməyə meyillilik müşahidə edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 02, iş vər. 19-24). Cinayət işinin materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 06 sentyabr 2024-cü il tarixli, 2024/111/24477 nömrəli məktubdan, həmin məktuba əlavə edilmiş məlumatlardan və disklərdən aydın olur ki, Zərərçəkmiş şəxs1 məxsus 416973******9064 nömrəli bank kartından xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasında, yəni Zərərçəkmiş şəxs1 öldürüldükdən və Təqsirləndirilən şəxs həbs olunana qədər 6957.59 manat məbləğində pul məxaric edilmişdir. Bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərin yükləndiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin nağdlaşdırma əməliyyatları Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir (cild 02, iş vər. 65-73, 80-87). Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1165R nömrəli rəyindən görünür ki, diş və dırnaq nümunələri təqdim edilmiş qadın cinsindən olan meyit ilə X8, X11 və Şahid2 arasında yaxın bioloji qohum əlaqələri mövcuddur (cild 02, iş vər. 91-97). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.4, 177.2.3-1 və 177.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibindən imtina edilmişdir (cild 02, iş vər. 115-140). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə, şəxsin əməli CM-in 120.2.5-ci maddəsi, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı törədildikdə CM-in 120.2.9-cu maddəsi ilə cinayət məsuliyyəti yaradır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeylli miqdarda əmlakını ələ keçirmə CM-nin 178.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, ...“ Təqsirləndirilən şəxs ər-arvad kimi birgə yaşadıqları Zərərçəkmiş şəxs1 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ələ keçirib sonrakı mərhələdə satmaqdan və eyni ilə sonuncunun adına olan, müntəzəm olaraq təqaüdünün mədaxil edildiyi pensiya kartından öz şəxsi ehtiyacları üçün istifadə etməkdən ötrü, yəni tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlib, bu məqsədlə 24 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evin yataq otağında uzanaraq dincələn zərərçəkmiş şəxsə hücum edib, bu zaman planlaşdırdığı qəsdi həyata keçirmək üçün əvvəlcədən hazırladığı düyünlənmiş yaylığı Baharın qışqırmasının qarşısını almaq və bununla da nəzərdə tutduğu cinayət əməlini həyata keçirmək məqsədi ilə ağız boşluğuna zorla yerləşdirmiş, daha sonra, qadın corabı ilə əllərini arxadan bağlayaraq sərbəst hərəkət etmək və hər hansı müqavimət göstərmək imkanını tam aradan qaldırıb, Zərərçəkmiş şəxs1 yaşadıqları evin həyətində guya hovuz tikmək adı ilə, əslində isə sonuncunun meyitini basdırmaq məqsədi ilə əvvəlcədən qazdığı quyunun yanına gətirərək, orada ayaqlarını da iplə bağladıqdan sonra Zərərçəkmiş şəxs1 özünümüdafiə imkanını tam məhdudlaşdırmaqla zərərçəkmiş şəxsi köməksiz vəziyyətə salıb, həyətdə olan paltar asmaq üçün istifadə edilən ipi götürüb onun boğazına keçirərək hər iki əli ilə sıxıb boğmaqla boyun üzvlərinin sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyadan ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə sonuncunu qəsdən öldürüb dərhal 33 kvadratmetrlik həyətin giriş darvazasının qarşısında yerləşən qazdığı quyuda basdırdıqdan sonra, zərərçəkmişə məxsus qeyd olunan fərdi yaşayış evini hadisədən sonrakı 10 gün müddətində Şahid6 32000 (otuz iki min) manata satıb, əldə edilmiş nəğd pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 tamah məqsədilə qəsdən öldürüb həyatdan məhrum etdikdən sonra, xx.xx.2022-ci il tarixdən 07,03.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 guya sağ olması təəssüratını yaradıb Dövlət Sosial Müdafiə Fondunu aldatma yolu ilə sonuncunun adına olan 416973******4242 nömrəli "xxxx" ASCyə məxsus bank kartından müxtəlif terminallarda istifadə edib, cəmi 6957.59 manatı nəğdləşdirməklə və ya onlayn əməliyyatlar etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri, ifadənin yoxlanılması protokolu, hadisə yerinə baxış protokolu, bank məlumatları, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.5, 120.2.9 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamə və 028591 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Düdəngə kəndində yaşamışdır. O, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs müharibə veteranıdır (cild 01, iş vər. 188-189, 194) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 151). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müharibə veteranı olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, o cümlədən təyin olunan həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir.. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 4(012)-220/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 102-104). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiadan görünür ki, zərərçəkmiş publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki iddia qaldıraraq 6169,05 AZN (altı min yüz altmış doqquz manat 5 qəpik) məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs təqsirli olaraq törətməsi sübuta yetirildiyindən və maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, habelə Təqsirləndirilən şəxs qarşı qaldırılan mülki iddianı qəbul etdiyindən məhkəmə kollegiyası hesab edir ki, mülki iddia təmin edilməli və 6169,05 AZN (altı min yüz altmış doqquz manat 5 qəpik) məbləğində maddi zərər tutularaq zərərçəkmiş publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 meyiti üzərindən aşkar edilmiş 01 ədəd ip, 01 ədəd yaylıq, yaşıl rəngli kofta, bozumtul-qaramtıl rəngli şalvar, ağ rəngli qadın alt tumanı, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş diş və dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş publik hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 6169,05 AZN (altı min yüz altmış doqquz manat 5 qəpik) məbləğində maddi zərər tutularaq zərərçəkmiş publik hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 meyiti üzərindən aşkar edilmiş 01 ədəd ip, 01 ədəd yaylıq, yaşıl rəngli kofta, bozumtul-qaramtıl rəngli şalvar, ağ rəngli qadın alt tumanı, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş diş və dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-166/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-166/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver