Məhkəmə qərarları › İş №1(124)-167/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-167/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-167/2023 07.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni, ümumi təmiz çəkisi 19,260 qram narkotik vasitə olan heroini üzərində saxlayaraq Bakı şəhərindən Siyəzən şəhərinə daşımış, 14 aprel 2022-ci il tarixdə saat 01:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək idarə etdiyi ** PY *** dövlət qeydiyyat nişanlı Khazar LX markalı avtomobili ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində hərəkətdə olduğu zaman Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən, DİNin BDYPİ-nin YPXA-nın l tağımının 707 saylı stasionar postunda saxlanılaraq üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Siyəzən RPŞ-nə gətirilmiş, RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroinin 0,680 qramı əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan bükülüdə, həmin tarixdə şübhəli şəxs qismində tutularaq Siyəzən RPŞ-nin MSY-nə təhvil verilən zaman daxili intizam qaydalarına uyğun olaraq üzərində tam axtarış keçirilərkən narkotik vasitə heroinin 18,580 qramı cinsiyyət orqanının arasaından 1 ədəd ağ rəngli kağız bükülüdə, əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana keçirilən baxış zamanı evin mətbəxində olan taxta giriş qapısından sağ tərəfdə olan rəfin birinci gözündən 1 ədəd 7*11 sm ölçüdə, gümüşü rəngli, üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o, aldığı avtomobili qeydiyyatdan keçirmək üçün Bakı şəhərinə getmiş, oradan rayona qayıdarkən Zarat postunun bağlı olduğunu görmüş, həmin vaxt xeyli sayda polis əməkdaşı üzərinə doğru gəlmiş və avtomobilinin şüşələrini sındırmışlar. Həmin vaxt o, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və polis şöbəsinə aparılmışdır. Saxlanılan zaman üzərində təxminən 18 qram narkotik vasitə olan heroin olmuş, polis şöbəsində üzərinə şəxsi axtarış aparılarkən üzərindəki həmin 18 qram bir bükülüdə olan narkotik vasitə sürüşərək dizinin arxasına düşmüş, o da dizini bükərək dayanmışdır. Həmin narkotik vasitə müvəqqəti saxlama yerində üzərindən aşkar edilmişdir. Belə ki, o paltarlarını soyunduqdan sonra polis əməkdaşı onun şalvarını silkələmiş, həmin 18 qram heroin də şalvarın arasından yerə düşmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, 5-6 ildir ki, narkotik vasitədən istifadə etdiyini lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, axırıncı dəfə narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almış, onun kartına pul göndərmişdir. Aldığı narkotik vasitə üçün nə qədər pul ödədiyini və həmin İran İslam Respublikası vətəndaşının adını xatırlamadığını bildirmişdir. İran İslam Respublikası vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Narkotik vasitə avtomobilində olmuş, postda olarkən həmin narkotik vasitəni şalvarının qayışının içərisinə atmışdır. Saxlanılan zaman isə həmin narkotik vasitə ayağına tərəf düşmüş, o, axsayaraq yeriməklə onun yerə düşməsinin qarşısını almağa çalışmışdır. O, gündəlik olaraq 2 qram narkotik vasitə istifadə etmiş, 20 qram narkotik vasitə təxminən 10 gün müddətində onun tələbatını ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin online oyundan qazandığı 10.000 manat ilə avtomobil aldığını və taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq üzərinə ilk baxışın polis şöbəsinin müavinin otağında olduğunu demişdir. Həmin vaxt onun üzərindən heç nə aşkar edilməmiş, 0.680 qram narkotik vasitə müavinin otağından növbətçi hissəyə düşərkən cibinə qoyulmuşdur. 18 qram narkotik vasitə müvəqqəti saxlama yerində aşkar edilmiş, həmin vaxt video-çəkiliş aparılmamış, narkotik vasitə aşkar edildikdən sonra video çəkiliş edilmişdir. Evinə isə sonrakı gün baxış keçirilmiş, bu zaman o evində işləməyən tərəzinin olduğunu söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid Təqsirləndirilən şəxs Bakı şəhərindən Siyəzən rayonuna narkotik vasitə gətirməsi və narkotik vasitə istifadə etməsi barədə daxil olan əməliyyat məlumatı əsasında 14 aprel 2022-ci il tarixdə gecə saat 01-02 radələrində Siyəzən rayonu, Zarat postunda saxlanıldığını və polis şöbəsinə gətirildiyini, müvəqqəti saxlama yerində olarkən onun üzərinə baxış keçirildiyini və aşkar edilən narkotik vasitənin götürüldüyünü bildirmişdir. Əməliyyat məlumatı narkotik vasitənin istifadəsi və satışı ilə bağlı olmuş, saxlanılan zaman təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmiş, növbətçi hissədə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 01 büküm 0,680 heroin aşkar edilmiş, həmçinin müvəqqəti saxlama yerində olarkən də onun üzərindən narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs avtomobilinin qapısını açmadığı üçün avtomobilin şüşələri sındırılmış, Zarat postunda olarkən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməmiş, onun sağ arxa cibində bir büküm narkotik vasitə, həmçinin müvəqqəti saxlama yerində olarkən bir büküm narkotik vasitə, təqsirləndirilən şəxsin evindən isə tərəzi aşkar edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 14 aprel 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində və idarə etdiyi **-PY-*** dövlət qeydiyyat nişanlı “KHAZAR LX” markalı avtomobildə saxlaması və Bakı şəhərindən Siyəzən şəhərinə külli miqdarda narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 14 aprel 2022-ci il protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibində olan şəffaf sellofan bükülünü təqdim edir. Həmin sellofan bükülünün içərisində narkotik vasitə olan heroin aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf bükülüdə olan heroin zərfə qoyularaq qablaşdırılır. “Baxış və götürmə haqqında” 14 aprel 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerinin mühafizə üzrə polis nəfəri əlində olan ağ rəngli kağız bükülüsünü təqdim edir və əlavə edir ki, 14 aprel 2022-ci il tarixdə saat 02:54-də Siyəzən RPŞ-nin MSY-də daxili nizam qaydalarına uyğun olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə tam axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın altında cinsiyyət orqanının yanında qeyd edilən bükülünü aşkar etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin bükülünün kimə məxsus olması soruşulur. Təqsirləndirilən şəxs bükülünün özünə məxsus olmasını bildirir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olması soruşulduqda heroin olmasını bildirir. Bundan sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılır və üzəri möhürlənir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvan 1 ünvanda yerləşən evinə baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin materiallarında olan “Baxış və götürmə haqqında” 14 aprel 2022-ci il tarixli protokol həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan rəfin birinci, ən üst hissəsini açıb, orada olan elektron tərəzini təqdim edərək, həmin tərəzi ilə istifadəsi üçün olan narkotik vasitələri çəkməsini bildirir. Qeyd edilən elektron tərəzi zərfə qoyularaq möhürlənir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş disk və həmin disklərə baxış keçirilməsi barədə protokollardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi - 19,260 qram narkotik vasitə heroinin 19,160 qram qalıq hissəsi və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq 03 (üç) ədəd kağız paketdə qablaşdırılmış vəziyyətdə saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən bir ədəd Samsung markal mobil telefon, bir ədəd Kgtel markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2131 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,680 qram qəhvəi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Digər zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 18,580 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Təqdim edilmiş heroinlər xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynidir. 1 ədəd 7*11 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005ci il 28 iyun tarixli Azırbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2242 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 3 ünvanda yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlama cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən və müvafiq məhkəmə hökmünün və qərarın surətlərindən görünür ki, İlyasov X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti qəsdən törədilməsi onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır və bu Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş qalıq çəkisi – 19,160 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Kgtel” markalı mobil telefonlar Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarına qaytarılmalı, 05 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, qalıq çəkisi – 19,160 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 01 ədəd “Samsung” markalı və 01 ədəd “Kgtel” markalı mobil telefonlar Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarına qaytarılsın. 05 ədəd Kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar