Məhkəmə qərarları › İş №1(124)-168/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-168/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-168/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 100 manat müqabilində külli miqdarda bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxil edilmiş ümumi təmiz çəkisi 15,003 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələlərin» siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 1,812 qram olan ağ rəngli, kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində saxlanılaraq Abşerorn RPİ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 15,003 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,812 qram olan ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 14 avqust 2021-ci ildə gecə saat 01-02 radələrində qonşunun xahişi ilə aptekə dərman almağa gedən zaman yaşadığı evin qarşısında, yəni Masazır qəsəbəsi Ş.Qurbanov küçəsi 13 nömrəli fərdi yaşayış evinin qarşısında iki nəfər mülki formalı polis əməkdaşı saxlamış, saxlanarkən üzərinə baxış keçirilmiş, lakin onda narkotik vasitə olmamışdır. Səs-küy səbəbindən evdəkilər də pəncərədən çıxıb baxmışlar. Onu saxlayanlardan biri Şahid2 olmuşdur. Onu qara maşına mindirmişlər, Masazır qəsəbəsi Ə.Vahidin heykəlinin yanında həmin qara maşından düşürüb PPX maşınına mindirmişlər. Bunların hamısı həmin heykəlin yaxınlığında olan müşahidə kameralarına da düşmüşdür. Onu PPX maşınına mindirəndən sonra polis bölməsinə aparıb psixoloji və fiziki təzyiq göstərmişlər, canı ağrıdığı üçün narkotik vasitə vermişlər. Verdikləri sənədlərə imza etmədiyi təqdirdə anasını da onunla birlikdə istintaqa cəlb edəcəklərini demişlər. O, özü narkotik vasitə istifadəçisi olmuşdur, lakin saxlanılanda narkotik vasitə istifadə etməmiş və narkotik vasitə satmamışdır, ittihamda göstərilən narkotik vasitə isə ona məxsus olmamışdır. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi deyildiyi üçün çəkiliş aparılanda narkotik vasitənin ona məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 14 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində tanımadığı şəxsdən istifadə etmək üçün 100 manat müqabilində bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almış, həmin heroini və metamfetamini əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. 14 avqust 2021-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsinə gəlmiş, həmin vaxtı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon Pİ-nin əməkdaşları olduqlarını bildirmiş, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu bildirilmiş və Abşeron RPİ-yə dəvət edilmişdir. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etmiş, bu zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni və bir büküm psixotrop maddə metamfetaminə oxşar kütlələri çıxarıb stolun üstünə qoymuş və həmin bir bükülüdə narkotik vasitə olan heroin və bir bükülüdə psixotrop maddə metamfetamin olduğunu, həmin bir büküm narkotik vasitəni və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsində olduğum zaman tanımadığı şəxsdən 100 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmiş, sonra həmin bir ədəd ükülüdə olan heroin və bir ədəd bükülüdə olan metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Göstərmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 100 manat müqabilində alaraq öz üzərində saxlamış, narkotik vasitəni və psixotrop maddəni alarkən tələsdiyindən həmin şəxsin əlamətlərinə diqqət yetirməmiş, ondan bir büküm narkotik vasitəni və bir büküm psixotrop maddəni alıb tez oradan uzaqlaşmış, həmin şəxsi hazırda görərsə tanıya bilməz. Üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni və psixotrop maddəni üzərində öz istifadəsi üçün saxlamış, həmin narkotik vasitədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, həmin maddələri öz istifadəsi üçün saxlamışdır. (Cild 1, iş vərəqləri 60-62) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də mütəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, dəfərlərlə onu saxlamaq istəsələr də onun saxlanması mümkün olmamışdır. 2021-ci ilin avqust ayının 14-də səhər saat 06:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Ş.Qurbanov küçəsində saxlanılmışdır. Qaçmağa cəhd göstərsə də onu saxlamağa müvəffəq olmuşlar. Saxladıqdan sonra Abşeron RPİ-nə aparılmış, orada xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən üzərindən iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında Şahid2la birlikdə əməlyyat tədbiri qurulmuş və 2021-ci il avqustun 14-də saat 06 radələrində Təqsirləndirilən şəxs saxlayıb Abşeron RPİ-ə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs fəhləliklə məşğul olur, narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitə satmamışdır. Saat 2 radələrində qonşu gəlib anasının xəstə olduğunu, dərman lazım olduğunu demiş, Toğrul da aptekə gedə biləcəyini bildirmişdir. Qapıdan çıxarkən polislər onu saxlamış, məktəbin yaxınlığında olan heykəlin yanında onu polis maşınına mindirib aparmışlar. Daha sonra evin yaxınlığına gətirib oradan da polis idarəsinə aparmışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 14 avqust 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan şəffaf sellofana bükülmüş 02 ədəd büküm aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 21-22) “Şəxsi axtarış və götürmə” barədə 14 avqust 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 14 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/3504 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..» yazısı olan zərfdəki təmiz çəkiləri 15,003 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkiləri 1,812 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 34-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 03 sentyabr 2021-ci il tarixli 3230 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 14,903 qram narkotik vasitə heroin və 1,712 qram psixotrop maddə metamfetamin saxlanması üçün Abşeron RPİ-ə təhvil verilmiş, 01 ədəd “CD” disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 125-131) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 iyul 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin anası X2 ifadəsini oğlunun xeyrinə verilmiş ifadə kimi qiymətləndirməklə həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 15,003 qram heroinin külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 100 dəfə; 1,812 qram metamfetaminin şəxsi istehlak miqdarından təxminən 12 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu madəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından qalıq qalmış 14,903 qram narkotik vasitə heroin və 1,712 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 14,903 qram çəkidə narkotik vasitə heroin və 1,712 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar