Məhkəmə qərarları › İş №1(124)-169/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-169/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-169/2025 17.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-477/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda- 4,873 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 iyul 2024-cü il tarixdə saat 19:30-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİnin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,873 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, ittiham aktında göstərilənlər doğrudur. Belə ki, tutulana qədər narkotik vasitə istifadəçisi olub. Əvvəlcədən danışdığı və ona 150 manat qarşılığında narkotik vasitə göndərəcəyini bildirmiş İran İR vətəndaşı 30 iyul 2024-cü il tarixdə votsap proqramı vasitəsilə ona narkotik vasitənin qoyduğu məkanı göndərib. Həmin gün saat 19 radələrində dostları Cəlil, Qurban və Tural adlı şəxslərlə birlikdə Bakıdan məkanda göstərilən narkotiki götürmək üçün Sumqayıt şəhərinə gəlib. Dostlarının da onun narkotik vasitə götürmək üçün Sumqayıt şəhərinə gəldiyindən xəbərləri olub və o, dostlarına götürəcəyi narkotik vasitədən onlara da verəcəyinə dair söz verib. Bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə gəliblər, o, narkotik vasitəni qoyulan yerdən götürüb və dostları ilə birlikdə Novxanıda yerləşən “Balıqçı” restoranın yaxınlığında olan zaman polis əməkdaşları onları saxlayıb və polis idarəsinə dəvət ediblər. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman o, özü cibində saxladığı narkotik vasitə olan “kokos”u (heroin) çıxarıb təqdim edib və həmin madddəni öz istifadəsi üçün tanımadığı İran İR vətəndaşının qoydurduğu yerdən götürdüyünü bildirib. Polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan polis idarəsində olarkən o, heç bir psixi və fiziki təsir və təzyiqə məruz qalmamışdır. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 30 iyul 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilib müvafiq rəsmiləşdirmə işləri həyata keçirdikdən sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib. Bundan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib və nəticədə Təqsirləndirilən şəxs, həmçinin yanında olan 3 nəfəri Sumqayıt şəhəri, Sahil küçəsində “Balıqçı” restoranının yaxınlığında saxlayıblar. Özlərini onlara təqdim edib, şəxsiyyətlərini müəyyənləşdirdikdən və saxlanılma səbəblərini izah etdikdən sonra onları Sumqayıt ŞPİ-nə gətiriblər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilib. Daha sonra aşkar edilmiş kütlə qablaşdırılaraq götürülüb və müvafiq qaydada rəsmiləşdirilib. Şahid4 ona verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin təxmini çəkisi 7-8 qram olub. Təqsirləndirilən şəxsi saxlayarkən, həmçinin polis idarəsində olanda ona qarşı heç bir psixi və ya fiziki təsir və ya təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməyib və ya qaçmağa çalışmayıb. Əməliyyat məlumatı ona daxil olmayıb. Təqsirləndirilən şəxs saxlanılarkən yanında başqa şəxslər də olub və həmin şəxslər də polis idarəsinə gətiriliblər. Onların da üzərinə şəxsi axtarış keçirilib, amma hansının üstündə nə çıxdığını hazırda tam xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid4 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş polis əməkdaşları olan şahidlərlə eyni məzmunlu ifadə verərək həmin şahidlərin ifadələrində göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində, həmçinin ona verilən suallara cavabında göstərdi ki, Təqsirləndirilən şəxsla dost kimi münasibətləri olub, özü taksi fəaliyyəti ilə məşğuldur. 30 iyul 2024-cü il tarixdə saat 19 radələrində tanışları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 ona zəng edərək 40 manat müqabilində onları Sumqayıt şəhərinə aparmasını təklif ediblər, o da təkliflə razılaşıb. Onların nəyə görə Sumqayıta gəldiklərindən məlumatı olmayıb, əgər narkotik götürmək üçün gəldiklərindən xəbəri olsa, onları gətirməyə razı olmazdı. O, maşını Sumqayıt şəhərində Orxanın dediyi yerdə saxlayıb, Orxan və Qurban maşından düşüb yaxınlıqdakı parka gediblər və qısa müddət sonra qayıdıblar. Onlar Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında olarkən bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşıb və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs və onları Sumqayıt ŞPİ-yə dəvət ediblər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə Sumqayıt ŞPİ-nə gəliblər. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilib, daha sonra o və Şahid1 üzərinə baxış keçirilib, lakin üzərlərindən hər hansı bir qanunsuz əşya, narkotik vasitə və.s aşkar olunmayıb. Elə həmin gün onu və Şahid1 polis idarəsindən buraxıblar, Orxan və Qurbanı isə üzərlərindən narkotik vasitə və psixotrop maddə aşkar olunduğu üçün saxlayıblar. Polis idarəsində onlara heç bir psixi və ya fiziki təsir və ya təzyiq göstərilməyib. Məhkəmədə iştirak etməyən şahidlər Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş, şahidlər həmin ifadələrində Təqsirləndirilən şəxs münasibətdə məhkəmədə dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdirlər. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunaraq cinayət işi materiallarına əlavə edilmiş hazırkı iş üzrə Şahid3 barəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Şahid3 barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbyacan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 29 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və Şahid3 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şahid3 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmış və onun üzərində 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nə dəqiq və qərəzsiz mənbədən Orxan adlı şəxsin Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur və daxil olmuş məlumat əsasında həmin şəxsin xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və onun yanında olan X3, Şahid2, Qasımov Cəlil Səməd oğlu Sumqayıt şəhəri, Sahil küçəsi, “Balıqçı” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 30 iyul 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon, həmin şalvarın sol yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə təqsirləndirilən şəxsin sərbəst ifadəsində və şahidlərin ifadələrində göstərdikləri xüsusatların və protokolda qeyd olunanların həqiqiliyi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2024-cü il tarixli, 6/3897 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, «saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 4,873 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 6397 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə məhkəmə- tibbi ekspertizasının 31 iyul 2024-cü il tarixli, 1289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Sumqayıt ŞPİ-nin CAŞ-nin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 30 iyul 2024-cü il tarixdə aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,773 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Sumqayıt şəhər polis idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən məhkum olunmadığı göstərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi ilə əlaqədar saxlanılmazdan əvvəl, yəni 21 iyun 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxılmış cinayət işi ilə əlaqədar saxlanılmış, barəsində CM-nin 234.1-ci maddəsi ilə Suraxanı RPİ-də cinayət işi üzrə icraat aparılmış və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı, həmçinin ibtidai istintaq zamanı istintaq və digər prosessual hərəkətlər həyata keçirilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə ibtidai isntiaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu üzrə) cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü də nəzərə alınmaqla (CM-nin 66.5-ci maddəsinə əsasən) azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi materiallarının və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların tam, hərtərəfli və obyektiv təhlili nəticəsində bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən Azərbaycan Respublikası CMin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hal-hazırkı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hazırkı cinayət işi ilə əlaqədar tutulduğu tarixdən, yəni 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,773 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixlərində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,773 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar