Məhkəmə qərarları › İş №1(124)-17/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-17/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-17/2023 11.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxx 1993-cü il tarixdə Sumqayt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş, işləməyən, Sumqayıt şəhəri, Nərimanov küçəsi, 14-cü məhəllə, Yataqxana 7, ev7/14-də qeydiyyatda olmaqla, ünvan 3ndə yerləşən fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə,

2. xx xxxxxx 1991-ci il tarixdə Sumqayt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi H.Səmədov küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə külli miqdarda bir ədəd şəffav rəngli sellofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 5,169 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib özü ilə Abşeron rayonu, Saray qəsəbəsində daşıyaraq orada həmin narkotik vasitə heroinin 2,637 qramını tanışı Təqsirləndirilən şəxs1 125 manat müqabilində satdıqdan sonra qalan 2,532 qramını bir ədəd elektron tərəzi ilə birlikdə əynində olan ağ rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 22:45 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib bölmənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə 2,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 02 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs2 125 manat müqabilində satış məqsədi ilə külli miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 2,637 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib bir ədəd elektron tərəzi ilə birlikdə əynində olan açıq rəngli cins şalvarının arxa sağ cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsində daşımış və saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 20:45 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib bölmənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq rəngli cins şalvarının arxa sağ cibindən həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş 2,637 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, özü heroin istifadəçisidir, metamfetamin istifadə etməmişdir. Saxlanılan gün, yəni 04 avqust 2021-ci il tarixdə Ülvi ona zəng etmişdir. Onlar Saray qəsəbəsində marketin yanında görüşməli idilər. Onu saat 20 radələrində, Saray qəsəbəsində, marketin yanında arvadı ilə birlikdə saxlamışlar. O, saxlanılanda üzərində heçnə olmamışdır. Onu saxlayandan sonra Saray PB-ə aparmış, arvadını da gətirmişlər. Ona pul verəcəyi təqdirdə arvadını buraxacağını demişlər. O, Ülviyə narkotik maddə verməmişdir. Özü narkotik vasitə istifadə etmişdir. Ülvi onun narkotik vasitə istifadə etdiyini bilmirdi. Saat 23 radələrində də anasını da gətirmiş, pul istəmişlər. O, polislər tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman, yerdən bir ədəd şəffav rəngli yekə sellofan bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin gün o, Saray qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 görmüş və həmin vaxt Ülvi onun üzərindən narkotik vasitə olub-olmadığını soruşmuşdur. Bundan sonra o, tapdığı narkotik vasitə olan heroindən bir qədər bölüb Ülviyə hədiyyə kimi vermiş, qalan hissəsini isə əynində olan cins şalvarının sağ yan cibinə qoyaraq, satış məqsədi ilə üzərində gəzdirirmiş. xx.xx.2021-ci il tarixdə o, bir ədəd elektron tərəzini və yerdən tapdığı narkotik vasitəni satış məqsədi ilə götürüb Abşeron rayonu, Saray qəsəbəsi ilə piyada gtdiyi zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitə saxlamasında və satmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİnin Saray PB-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Bölmədə vəkilin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə heroini və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim edərək, həmin bükümdə olan narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman, yerdən tapdığını, həmin narkotik vasitənin bir qədərini tanışı Təqsirləndirilən şəxs1 verdiyini, qalan hissəsini isə elektron tərəzi ilə bir yerdə özündə saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə heroin və elektron tərəzi müvafiq ekspertizadan keçirilməsi üçün zərfin içərisinə qoyulmuş və ağzı bağlanaraq möhürlənmişdir. Bu bardə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o, həmin protokolla tanış olduqdan sonra protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini o, satış məqsədi ilə üzərində gəzdirmişdir. (Cild 1, iş vərəqləri 124-125) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 04 avqust 2021-ci il tarixdə saat 15-16 radələrində Saray qəsəbəsində yerləşən evində mülki formalı polislər onu saxlamışlar. Üzərindən 1 qramdan az narkotik vasitə heroin aşkar olunmuşdur. Tutulmağına qonşular şahid olmuşdur, həmin qonşuların adları yadından çıxmışdır. Daha sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində ona anasını da işə qoşacaqlarını demişlər. Ona görə də külli miqdarda narkotik vasitə olduğunu boynuna almışdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış, ondan narkotik vasitə almamışdır. X. Nadirovun tutulma səbəbi onunla telefonla danışması olmuşdur. Müstəntiqə N.Xəyaldan narkotik vasitə aldığını deməmişdir. Onu narkotik vasitə istifadəçisi kimi məsuliyyətə cəlb edəcəklərin demişlər, o da razılaşmışdır. O, narkotik vasitəni tanımadığı şəxsdən, həmin şəxsin kartına pul göndərməklə almışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulmamışdan təxminən 7-8 ay öncə o, narkotik vasitə olan heroindən damarına inyeksiya vasitəsi ilə vurmaqla, qəbul etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə narkotik vasitə qəbul etmək istədiyindən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşayan tanışı Təqsirləndirilən şəxs2 125 manat müqabilində bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə heroini alıb əynində olan açıq rəngli cins şalvarımın arxa sağ cibinə qoyaraq özündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 20:45 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olduğu zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitə saxlamasında və satmasında şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmiş və bölmədə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan açıq rəngli cins şalvarının arxa sağ cibindən həmin bir ədəd selofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim edərək, təqdim etdiyi narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 125 manat müqabilində aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə heroin və elektron tərəzi müvafiq ekspertizadan keçirilməsi üçün zərfin içərisinə qoyulmuş və ağzı bağlanaraq möhürlənmişdir. Bu bardə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o, həmin protokolla tanış olduqdan sonra protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini o, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. (Cild 1, iş vərəqləri 105-106) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 4-də Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq, narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi, satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında həmin gün Ziyad İbrahimov, Şahid2 ilə birlikdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 saxlamışlar. Saxladıqdan sonra Abşeron RPİ-nin Saray PB-nə apararaq video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə heroin aşkar edilmiş, sorğu zamanı həmin heroini tanışı Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında Şahid2 ilə birlikdə həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Saray qəsəbəsində saxlayaraq Saray PB-nə gətirmişlər. Saray PB-də video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd selofan bükümdə heroin və elektroin tərəzi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı onun evindən dövriyyəsi qadağan olunmuş hərhansı bir əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq, narkotik vasitələri üzərində saxlayıb gəzdirməsi, satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 saxlayıb Abşeron RPİ-nin Saray PB-nə aparmışlar. Saray PB-də video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən bir ədəd selofan bükümdə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 heroni Təqsirləndirilən şəxs2 aldığını bildirdiyi üçün əməliyyat tədbiri keçirilərək Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Saray qəsəbəsində saxlayaraq Saray PB-nə aparmışlar, sonra video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən də bir ədəd selofan bükümdə heroin və elektron tərəzi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı onun evindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X4 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat 22:45 radələrində o, qeyri rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ilə piyada getdiyi zaman, iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək, Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlamasında və satmasında şübhəli olduğunu bildirib, onları Abşeron RPİ-nin Saray PBnə dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Bölmədə öz razılığı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Üzərinə keeçirilən şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi təziq göstərilməmişdir. Eyni zamanda bölmədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı, sonuncunun üzərindən narkotik vasitə heroin və 01 ədəd elktron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla birlikdə yaşadığı ünvan 3ndə yerləşən evlərinə baxış keçirilmiş və baxış zamanı evdən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmişdir. Onun özü narkotik vasitələrin istifadəçisi deyil və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmasını, sonuncunun üzərində narkotik vasitənin olmasından onun xəbəri olmamışdır. (Cild 1, iş vərəqləri 195-196) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 58-60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan açıq rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə olan büküm və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 27-28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, evdən qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 72- 73) “Şəxsi axtarış və götürmə” haqqında 04 avqust 2021-ci il tarixli və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 avqust 2021-ci il tarixli protokollarda əks olunan əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı üç ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 29, 60, 74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 6/3313 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 56» dairəvi möhür əksi olan: Üzərində «Təqsirləndirilən şəxs2 götürülmüş» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,532 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs1 üzərindən » sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,637 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyhasına (Siyahı İ) daxildir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (Cild 1, iş vərəqləri 78-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 3229 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opiodlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 171-172) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3226 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opiodlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 174-175) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2906 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən onda hər hansı xroiniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəm ağıllığın və s. psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəktlərinin faktiki xarkterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intelektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Əqli-intelektual imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Hadisə zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqləri 249- 251) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2907 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onda hər hansı xroiniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəm ağıllığın və s. psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəktlərinin faktiki xarkterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanları normaya uyğundur. Əqli-intelektual imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Hadisə zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (Cild 2, iş vərəqləri 01-03) Cinayət işinin materiallarında olan ”Sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,482 qram heroin, 01 ədəd elektron tərəzi; Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,587 qram heroin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 52-61) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işi arılmışdır. (Cild 2, iş vərəqləri 63-64) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaları ilə ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir və qeyd edir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Nadir Xəyalovun əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,532 qram narkotik vasitə heroin, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 16 dəfə, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 2,637 qram, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 17 dəfə artıq olması, onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmyədək icraat zamanı verdiyi ifadəsinin məhkəmədə özünü müdafiə xarakterli ifadəsindən fərqli olaraq işin hallarına uyğun olan, obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbul edərək, həmin ifadəni mötəbər sübut kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 27 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Abşeron rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədiyindən və həmin Məcəllənin 18-ci maddəsinə əsasən onun qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyindən, hazırki cinayət əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi müəyyən edilir. (Cild 2, iş vərəqləri 4-10, 20-21) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış digər tələbnamədən, müvafiq məhkəmə hökmünün surətindən və cinayət işi materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 320.2-ci maddəsinə əsasən, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 02 dekabr 2021-ci il tarixdə “Amnistiya aktının tətbiq edilməsi haqqında” qərarla “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzadan azad edilmişdir. (Cild 2, iş vərəqləri 11-19) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2 və 56.1.3cü maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ciddi rejimli, Təqsirləndirilən şəxs1 isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 16-23, 47-54, 147-151, 152-155, 237- 244) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hər iki təqsirləndirilən şəxs barəsində 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,482 qram heroin, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,587 qram heroin məhv edilməli, hər iki təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan 02 ədəd disk cinayət işi materiallarında salxanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 32 manat 50 qəpik, Təqsirləndirilən şəxs1 32 manat 50 qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 32 manat 50 qəpik məbləğində, Təqsirləndirilən şəxs1 32 manat 50 qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ümumilikdə 5,069 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar