Məhkəmə qərarları › İş №1(124)-172/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-172/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-172/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3, Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında yaşadığı Quba rayonu, Davidoba kəndindəki yaşayış evinin həyətyanı sahəsində olan torpaqda qanunsuz olaraq külli miqdarda, yəni 163 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda həmin çətənə (kannabis) bitkilərinin 44 ədədini toplayaraq evin həyətyanı sahəsində saxlamış, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 31 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvana könüllü razılığı və iştirakı ilə baxış keçirilərkən onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda - 119 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 510.000 qram (510 kq) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikdən sonra topladığı külli miqdarda - 44 ədəd, quru vəziyyətdə ümumi çəkisi 52.800 qram (52 kq 800 qram) olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik maddə olan marixuanadan istifadə etdiyi üçün Bakı şəhərindən tanımadığı yerlərdən və şəxslərdən marixuana alıb istifadə etmişdir. 1 il əvvəl aldığı marixuanaların toxumlarını yığıb yay aylarından yaşadığı kənddə babasından qalma həyətində əkib sonradan istifadə etmək qərarına gəlmişdir. Hadisədən təxminən 5 ay əvvəl evin həyətində çətənə toxumlarını əkib onlara qulluq etməyə, yəni su verməyə, peyin verməyə başlamışdır. 27-28 iyul 2021-ci il tarixlərdə evin həyətində olan çətənə bitkilərindən bir neçəsini, yəni 52 kq erkək çətənə bitkisi olduğu üçün narkotik vasitə kimi istifadə etmək mümkün olmadığına görə çıxartmışdır. Narkotik vasitələri çıxarmaqda məqsəd quruyandan sonra onları həyətdə yandırmaq olmuşdur. 2021-ci ilin avqust ayının 31-də saat 18 radələrində evin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək evin həyətinə baxış keçirmişlər və onun əkdiyi çətənə bitkilərini çıxarmaqla qablaşdırmışlar. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il avqust ayının 31-də Quba rayonu, Davidoba kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri külli miqdarda kultivasiya etməsi və narkotik vasitələri üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında onunla birlikdə Şahid4, Şahid3, Şahid5 və təhqiqatçı Nəcəf Aburşudan ibarət əməliyyat qrupu yaradılmış və həmin gün Quba RPŞ-nın əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən həyət evində saat 18 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Ona nədə şübhələnildiyini bildirib həyətyanı sahəsində baxış aparılacağını bildirmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən çoxlu sayda çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aqronom həmin kolların narkotik tərkibli bitkilər olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Çətənə kollarının bir hissəsi qurudulmuş vəziyyətdə olmuşdur. Qurudulmuş kolların yarpaqları dərilməmiş vəziyyətdə olmuşdur. Axtarış zamanı ümumilikdə 163 ədəd narkotik tərkibli bitkilər aşkar edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il avqust ayının 31-də Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkiləri külli miqdarda kultivasiya etməsi və narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olan əməliyyat məlumatı əsasında Şahid2, Şahid4, Şahid3, Şahid5 və təhqiqatçı Nəcəf Aburşudan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Quba RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Davidoba kəndinə getmişlər. Yaşadığı kənddə evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb ona nədə şübhələnildiyini bildirib həyətyanı sahəsində baxış aparılacağını bildirmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 163 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aqronom həmin kolların narkotik tərkibli bitkilər olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Çətənə kollarının bir hissəsi qurudulmuş vəziyyətdə olmuşdur. Daha sonra, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri ifadlərindən görünür ki, onlar da Şahid1 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə verərək, onların ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 101-103, 104-106, 149-151, 152- 154, 155-157, 158-160, 165-167) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Evə baxış keçirilməsi və götürmə haqqında” 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Quba rayonu, Davidoba kəndində yaşayış evinin həyətyanı sahəsindən 119 ədəd, yaşıl rəngli, çətənə bitkisinə bənzər, 44 (qırx dörd) ədəd qurudulmuş halda, açıq sarı rəngli, çətənə bitkisinin hissələrinə bənzər kütlələr aşkar edilməklə qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 17-20) Həmin video diskə məhkəmədə proses iştirakçıları ilə birlikdə baxılarkən müəyyən edildi ki, “Evə baxış keçirilməsi və götürmə haqqında” 31 avqust 2021-ci il tarixli protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videoçəkilişdə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis X4 tərəfindən tərtib edilmiş 31 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən 119 ədəd çətənə bitkisi və 44 ədəd çətənə bitki hissələri aşkar edilmişdir, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. (Cild 1, iş vərəq 49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli 7/859 №-li rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” sözləri yazılmış dörd ədəd göy rəngli polietilen bağlamada 119 (yüz on doqquz) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 510000 qram (510,0 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqreotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” sözləri yazılmış bir ədəd göy rəngli polietilen bağlamada 44 (qırx dörd) ədəd, quru vəziyyətdə ümumi çəkisi 52800 qram (52 kq 800 qram) olan bitki hissələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdiqata təqdim olunmuş dörd ədəd göy rəngli polietilen bağlamada olan çətənə (kannabis) bitkiləri və bir ədəd göy rəngli polietilen bağlamada olan çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. (Cild 1, İş vərəqləri 50-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 3816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaralanan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 170-171) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, sübut əhəmiyyəti kəsb edən bir ədəd ”DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 172-178) Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra təmiz çəkisi 509.998,9 qram qalmış 119 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri, tədqiqatdan sonra təmiz çəkisi 52.797,8 qram qalmış 44 ədəd narkotik vasitə çətənə (kannabis) bitkilərinin hissələri maddi sübut kimi tanınmış, saxlanılması üçün Quba RPŞ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 82-83) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə 400 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmişdir. (Cild 1, iş vərəqləri 131-132) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin gənc olması və əməlindən səmimi peşmanlıq çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tədqiqatdan sonra təmiz çəkisi 509.998,9 qram qalmış 119 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri, tədqiqatdan sonra təmiz çəkisi 52.797,8 qram qalmış 44 ədəd narkotik vasitə çətənə (kannabis) bitkilərinin hissələri məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 509.998,9 qram çəkidə 119 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri və 52.797,8 qram çəkidə 44 ədəd narkotik vasitə çətənə (kannabis) bitkilərinin hissələri məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar