Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-173/2024 05.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Yasin” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 4064,15 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2011,021 qram çəkidə psixotrop maddə metamfetamini deyiləcək yerlərə yerləşdirmək üçün satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla kirayə tutduğu ünvan 2 ünvanına daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 30,150 qram çəkidə narkotik vasitə heroini və bir bükümdə 9,021 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış üçün qablaşdıraraq üzərində, qalan maddələri isə kirayə tutduğu mənzildə gizlətməkə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 22 dekabr 2022-ci il tarixdə, saat 19:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış massivi, bina 2 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 22 dekabr 2022-ci il tarixdə saat 21:50-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə 30,150 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 9,021 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 23:10-dan etibarən onun kirayə tutduğu ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə özünün razılığı və icazəsi İlə keçirilən baxış zamanı mənzilin qonaq otağında yerləşən qəhvəyi rəngli taxta konstruksiyalı dolabda saxladığı bir ədəd qara rəngli torbanın içərisindən dörd ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1011 qr, 1011 qr, 1006 qr, 1006 qr, ümumi təmiz çəkisi 4034 qr olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd sellofan bağlamalarda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 1001 qr, 1001 qr, ümumi təmiz çəkisi 2002 qr olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan gün evdə olmuşdur. Avtomobili də aşağıda idi. Evinə xadimə gəlmiş, xadiməni evinə aparmaq istəmişdir. O, hələ evdən çıxmamış, xadimə maşında olmuşdur. Xadimə evi təmizləyirdi deyə, o, narkotik vasitəni evə qoymamış, avtomobildə saxlamışdır. Yarı yolda narkotik vasitənin avtomobildə olduğu yadına düşmüş və geri qayıtmışdır ki, narkotik vasitəni evə qoysun. Marixuananı evə qoymaq üçün evə qalxmışdır. Evdən çıxarkən təxminən on-on iki nəfər polis əməkdaşı onun üzərinə gəlmişdirlər. O, evin qapısını açarla bağlamış, polis əməkdaşları onu blokda saxlamışdırlar. Onu blokda yatırtmış, sonrakı prosesləri görməmişdir. Polis əməkdaşları üzərindən açarları götürüb evə girmişdirlər. Evdən marixuana götürülmüşdür. Bundan sonra avtomobilə əyləşib bölmənin inzibati binasına getmişdirlər. Orada video çəkiliş etmiş və yenidən evə qayıtmışdırlar. Evə qayıdanda artıq hər şey hazır idi. Onda narkotik vasitə marixuana olmuşdur. Heroin də, metamfetamin də istifadə etmişdir. Elədiklərini danmır. Amma altı kiloqram onda olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, bir kiloqram-yeddi yüz-doqquz yüz qram marixuana olmuşdur. Həmin narkotik vasitəni ona deyilən ünvandan götürmüş, pul müqabilində, deyiləcək ünvana çatdırmalı olmuşdur. Çatdırmaya görə ona min beş yüz manat pul verəcəkdilər. İran vətəndaşı “Yasin” adlı şəxsi tanımışdır. “Yasin”lə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Üç ay idi ki, tanımışdır. İran vətəndaşı ilə narkotik vasitəylə bağlı yazışmışdır. Ona heroin, metamfetamin yüz-iki yüz qram göndərmişdir. O, qeyd olunan narkotik vasitələri götürmüş, növbəti gün onu başqa bir yerə atmışdır. İran vətəndaşı narkotik vasitəni deyilən ünvana atmağa görə min-min beş yüz manat pul vermiş, pulu onun bank kartına göndərmişdir. Kart anasının adına olmuşdur, bütün pul vəsaitləri oraya köçmüşdür. Pul müqabilində kiməsə narkotik vasitə verməmişdir. Üç-dörd nəfər dostu olub ki, vəziyyətlərinin pis olduğunu bildirib ondan narkotik vasitə istəyiblər. Elə vaxt da olub ki, o, da onlardan narkotik vasitə istəmişdir. Elə də olub ki, onda narkotik vasitə olmamış, başqa bir yerdə olduğunu bildirərək pul atışıb almaqlarını təklif etmişdir. İstifadəsində “***-***-**-**”, “***-***-**-**” mobil nömrələri olmuşdur. İranlının adını telefonunda “ev 1” kimi qeydə almışdır ki, kimsə baxanda həmin nömrəni ev nömrəsi kimi görüb baxmasınlar. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, evdən çıxanda saat səkkizin yarısı idi. Evdən çıxan zaman üzərində heç nə yox idi, təkcə evin açarı var idi. Onu boğmuşdurlar və o yatmışdır. Blokda yatmışdır. O, elə bilmişdir başqa adamlardır, əyinlərində forma yox idi. Kömək üçün qışqırdığına görə onu yatırdılar. Ayılanda artıq evdə idi. Marixuana evdə stolun üzərində idi. Onların hamısını götürüb, qız da həmin vaxt aşağıda maşında idi. Maşın da xod üstündə idi. Onları avtomobilə əyləşdirib polis idarəsinə aparmışdırlar. O, bəlkə də bir müddət dözə bilərdi, qol çəkməyə bilərdi. Lakin orada həmin vaxt tək deyil, ondan başqa qız da var idi. Onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında idilər. Qızı gecə saat birin yarısı buraxmışdırlar. Video çəkilişdə qız da iştirak etmişdir. Psixotrop maddələr onda olmamışdır. Evdən aşkar olunan metamfetamin və heroin onda olmuşdur. Onlar BNMİ-nin binasına gedibqayıtmışdırlar. Orda vəkil, Şirəli müəllim və təhqiqatçı var idi. Həmin şəxslər qabaqcadan evə qalxmış, beş dəqiqə sonra da onlar qalxmışdırlar. Ona izah etmişdirlər ki, problem yaratmasın, video çəkilişi bir dəfəyə edəcəklər. Bütün bu proseslərdə ona təzyiq olunmuşdur. Ona təzyiq göstərərək narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu bildirməyini tələb etmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, marixuananı aparıb qoymağa görə ona beş yüz manat pul verilməli idi. Marixuananın qramını neçəyə satdıqlarını bilməmişdir. Sevinc onun tanışıdır. Sevinclə birlikdə yaşamamış, evində xadimə işləmişdir. Sevinci ortaq tanışlar vasitəsilə tanımışdır. Şahid3 Şüvəlanda yaşayır. Atasından utandığı üçün Sevinclə birlikdə yaşamadığını, evində xadimə olduğunu bildirmişdir. Video görüntüdəki tərəzi onun olmamışdır. Narkotik vasitəni tərəzidə çəkməmişdir. Narkotik vasitə heroin və metamfetamin istifadə etmişdir. Hazırda iyirmi doqquz yaşı vardır. Subaydır. Şahid3 narkotik vasitə istifadəçisi olub-olmadığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuş, tədbirin keçirilməsinə göstəriş verilmişdir. Əməliyyat qrupu təşkil olunmuşdur. Onlar Xırdalan qəsəbəsində yerləşıən “AAF” yaşayış massivinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Dekabr ayının axırları idi. Ona barəsində məlumat olmasını bildirdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Baş İdarədə İmanın üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. İman bildirmişdir ki, yaşadığı evdə də dövriyyəsi qadağan olunmuş maddələr var. Ev də “AAF” yaşayış massivində idi. Evinə getmiş və dörd kiloqrama yaxın heroin və iki kiloqrama yaxın metamfetamin aşkar olunmuşdur. Sözügedən şəxs qeyd olunan maddələri İran vətəndaşı “Yasin” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Tədbirin üzərindən bir il keçib, əməliyyat tədbirində ondan başqa kimlərin olmasını dəqiq xatırlamamışdır. Amma əməliyyat qrupunda Vüqarın olmasını xatırlamır. Şəxsin üzərində şəxsi axtarış və götürmə aparıldıqdan sonra yaşadığı evdə də qanunsuz maddələr olduğunu bildirmişdir və onlar da yaşadığı ünvana gəlmişdirlər. Evdəki video çəkiliş zamanı deyəsən bir nəfər xanım da var idi. İbtidai istintaq zamanı geniş ifadə vermişdir, həmin ifadəsini təsdiq edir. Şəxsi axtarış zamanı İmanın yanında müdafiəçisi və polis əməkdaşları olmuşdurlar. Şəxsi axtarış zamanı video çəkilişdə evdəki xanım iştirak etmirdi. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən çıxan maddələrin çəkisini dəqiq bilməmişdir, bükümlərdə olmuşdur. Amma evindən dörd kiloqramdan çox heroin və iki kiloqramdan çox metamfetamin aşkar olunmuşdur. Evdən aşkar olunan maddələri dövriyyədən götürəndə onun üçün maraq kəsb edir, buna görə də evdən aşkar olunan maddələrin çəkisi yadında qalmışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs keçən ilin dekabr ayında Xırdalan şəhəri, Abşeron rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında, “AAF Park” deyilən yerdə piyada hərəkətdə olan zaman saxlamış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişdirlər. Video çəkiliş zamanı sözügedən şəxs üzərindəki narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşağı ünvanda da narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçıyla birlikdə yaşadığı ünvana getmişdirlər. İman könüllü şəkildə evindəki narkotik vasitəni də təqdim etmişdir. İmanı Baş İdarəyə Şahid1lə o aparmışdır. İdarəyə aparan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunanların ona məxusus olduğunu bildirərək iranlıdan əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə birlikdə xanımı idarəyə aparmamışdırlar. Evdəki video çəkiliş zamanı xanım iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onlar iki nəfər olmuşdurlar. Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, aşkar olunmuş maddələri iranlıdan əldə etmişdir. Səhv etmirsə, iranlının da adı “Yasin” olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. İman yaşadığı ünvanın yaxınlığında saxlanılan zaman tək olmuşdur. Tədbir bir il bundan qabaq olduğu üçün avtomobil ilə bağlı xüsusat yadında deyildir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs təxminən 5-6 ay olar ki, tanıyır. İmanla ortaq tanışları vardır. Özü Xəzər rayonunda yaşayaraq xadimə kimi iş yeri axtarırmış. Beləliklə də, onu İmanla tanış etmişlər və bildirmişlər ki, İmanın kirayə tutduğu Xırdalan şəhərində yerləşən evində təmizlik işləri görmək lazımdır. Bu cür də onlar tanış olduqdan sonra o, orta hesabla həftədə bir dəfə olmaqla İmanın yaşadığı ünvana gedərək orada təmizlik işləri görürmüş. Adətən səhər tezdən gəlib axşama kimi işləyirmiş və axşam İman onu yaşadığı ünvana aparıb düşürürmüş. Son vaxtlar isə İmanın evdə gecələməməsi səbəbindən o, bir neçə dəfə olmuşdur ki, həmin mənzildə sonuncunun icazəsi ilə gecələmişdir. 22 dekabrdan 23 dekabra keçən gecə saatlarında o, həmin sözügedən mənzildə olan zaman qapı döyülmüş və o, qapını açanda ona məlum olmuşdur ki, İmam polis əməkdaşları saxlamışlar və həmin mənzilə baxış keçirmək üçün ora gəldiklərini bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər, o da özünü təqdim etdikdən sonra həmin evdə işlə bağlı olduğunu, tez-tez bu mənzildə təmizlik işləri apardığını və işi gecəyə qalanda İman evdə olmayan zamanlar ara-bir gecələdiyini həmin əməkdaşlara şifahi olaraq bildirmişdir. Ona məlum olmuşdur ki, İmanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlamışlar və evdə də həmin maddələrdən saxlamasına şübhələr olduqlarını bildirmişlər. Ondan bu barədə məlumatının olub-olmadığını soruşsalar da o, bu işdən uzaq olduğunu, İmanın əməllərindən xəbərsiz olduğunu bildirmişdir. Hətta mənzilə keçiriləcək baxışa etiraz etməməyi barədə ərizə də yazmışdır. Bundan sonra həmin evə gəlmiş polis əməkdaşları, İmanın və orada iştirak edən vəkilin iştirakı ilə həmin evə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Çəkiliş vaxtı orada iştirak edən şəxslər bir-bir özlərini təqdim etmişlər, daha sonra İmana təklif etmişlər ki, həmin maddələrin olduğu yeri göstərsin və İman həmin vaxt evin qonaq otağında olan dolaba yaxınlaşaraq siyirtməni açaraq oradan bir ədəd qara rəngli sellofan torbanı oradan çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra çəkiliş zamanı araşdırmanı aparan polis əməkdaşı həmin torbam boşaldaraq içərisində olan maddələrə baxış keçirilmişdir. Beləliklə həmin torbada olan bükümlər otağın mərkəz hissəsində döşəmədə yığılmış və ümumilikdə orada qəhvəyi rəngli maddələr olan bükümlərin sayı 04 ədəd, İçərisində ağ rəngli kristal formalı maddələr olan bükümlərin sayı 2 ədəd və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Qeyd olunan bükülülər bir-bir açılaraq içərisinə baxış keçirilmiş, ayrıca olaraq elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. O da həmin protokola imza atmışdır. Faktiki olaraq olduğu evdən külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin orada olması barədə xəbərinin olmadığını, polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman İman tərəfindən həmin maddələr təqdim olunarkən elə bir şeyin orada olmasından xəbər tutduğunu, həmin evdə ara-bir, cəmi 2-3 fədə olar ki, qaldığını, orada faktiki olaraq yaşamadığını, elə bir şeyin orada olmasından xəbərinin olduğu təqdirdə həmin evdə qalmayacağını, İmanı yaxından tanımadığını, ortaq tanışlarının iş təklifi ilə bağlı ona müraciət etdikləri üçün İmanın evində təmizlik işləri gördüyünü və günü 30 manata razılaşdığını, İmanın nə işlə məşğul olmasından tam məlumatsız olduğunu, polis əməkdaşları İmanı saxlayanadək tam olaraq bu işlərindən məlumatsız olduğunu, özünün narkotik vasitələrdən istifadə etmədiyini, “Yasin” adlı İran İslam Respublikasının vətəndaşını tanımadığını, ilk dəfədir ki, həmin şəxsin adını eşitdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərar Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik maddələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 22 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış massivi, bina 2 ünvanının yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 30,150 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 9,021 qram təşkil edən psixotrop maddə metamfetamini çıxardaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Xırdalan şəhəri, AAAF park yaşayış massivi bina 2, mənzil 6 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokol və protokolun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin görüntülərini əks etdirən DVD diskdə məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, mənzilə keçirilmiş baxış zamanı qonaq otağındakı qəhvəyi rəngli taxta konstruksiyalı dolabda olan qara rəngli torbanın içərisindən dörd ədəd sellofan bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1011 qr, 1011 qr, 1006 qr, 1006 qr, ümumi təmiz çəkisi 4034 qr olan narkotik vasitə heroin, iki ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1001 qr, 1001 qr, ümumi təmiz çəkisi 2002 qr olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 10 aprel 2023cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 24 dekabr 2021-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif tarixlərdə “hemise ki kimi dobru...Gel danisaq gel dükana verim sene tema pulsuzam sonra gorek neynirik... Menden mal goturmeyini kimse bilse kefim qacar bil,., Ayib olsun sene. İOmanata gore qacib gizlenirsen tupurum o pula. Bundan sonra qeti mene yigma meni narahat eleme...2q kola verecem sene anamin canina and olsin...Dermana qeder men sene komeg edecekdim sen ama cindirsan...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2022-ci il tarixdə “...ustumde tebii sey de var istesen 1 bas tebii seyde verer qardasin sene...’\ ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif tarixlərdə “...ged 5e 28 27 nomreli soccikin ustunde taxda var bizim qapi terefden taxdanin altindadi gotur mene 2 saata dvij edib 20m verersen basqa alinmadi zad olmasinda day sene daveriya edib verirem onu...qaqa 25m 40m alinir basa dusdunde yeqinki lazim olsa yig...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif tarixlərdə “...Exi 35 torpağ...X5 ?... 3kol 2pat He ?..." sözlərini yazmış, o cümlədən də ona ***-***-**-** saylı GSM nömrə istifadəçisinin müxtəlif tarixlərdə “hemise ki kimi dobru saxla 3 neferik basva donerem!... Pulu duzeltdim kanalın var...”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin müxtəlif tarixlərdə “iman axwamin xeyir. Gaga elimde pul galmiwam avara. Kanal lazimdi tejili gesebe dagilir. Sen janun nese elemey olarsa elage saxla. 120. 130 pul var...lman xahiw eleyirem menim pulumu ya malimi bugun ver...” mətnli qısa mesaj yazmaları məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “bank məlumatlarına baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, sorğu edilən “Kapital Banka” məxsus 4169 74** **** 9830 nömrəli bank kartı X1 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı-ayrı vaxtlarda 29, 100, 500, 11, 200, 84, 550, 400, 11, 100, 200, 30, 43, 300, 10, 40, 20, 300, 100, 25, 24, 69, 198, 46, 45, 42, 26, 21, 273, 270, 50, 60, 10, 80, 300, 75, 200, 20, 175, 20, 100, 400, 101, 60, 70, 100, 15, 30, 50, 10, 100, 60, 40, 20, 100, 30, 10, 100, 100, 1400, 50, 30, 700, 20, 50, 20, 500, 120, 45, 50, 30, 160, 50, 30, 200, 180, 100, 165, 300, 15, 70, 20, 10, 20, 200, 25, 35, 50, 80, 35, 140, 25, 120, 65, 155, 70, 50, 40, 23, 10, 15, 25, 30, 290, 30, 50, 15, 500, 100, 40, 20, 340, 30, 120, 500, 500, 40, 115, 125, 225, 240, 125, 90, 75, 220, 300, 10, 85, 300, 202, 10 manat məbləğində pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman çoxsaylı kontaktların, o cümlədən də adı . “ Ev 1” kimi qeyd olunmuş +**********61 saylı, “Mamed” kimi qeyd olunmuş +**********58 saylı, “shahram” kimi qeyd olunmuş +**********02 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “. Evi” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin istifadəçinin 22 dekabr 2022-ci il tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs “Qardaş sənə mənim canım qurban o daşnan otu mənə demədıne nə qədər qalır..onların bir dənə çəkisini mənə atda qardaş...mən bir saat, uzağı iki saata qədər zakazları yığacam 2-3-4 sənə deyəcəm canım sənə qurban onları bir dənə çıxıb qoyarsan..bizi xəta-bəladan çıxar” səsli mesaj yollaması məlum olmuşdur. Daha sonra mobil telefonun daxili yaddaşında olan mobil tətbiq vasitəsilə göndərilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs naməlum vaxtda naməlum istifadəçilərə 4169 7414 0795 9830 nömrəli "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartının görüntüsünü, bundan başqa elektron tərəzinin üzərinə qoyulmuş formada zahiri əlamətlərinə görə müxtəlif çeşid narkotik, psixotrop və güclü təsir edən maddələrin, o cümlədən qurudulmuş marixuana, heroin, metamfetaminin müxtəlif formada qablaşmada, kiçik və orta büküm və bağlamalarda, habelə metadon və tramadol həblərinin görüntülərini göndərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 23 dekabr 2022-ci i! tarixli 6/7132 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən... ” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,021 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd bükümdə təmxi çəkisi 30,150 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 2. üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən... ” və s. yazılar, imzalarolan bağlamadakı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1011 qram, 1011 qram, ümumi təmiz çəkiləri 2022 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 04 ədəd bükümdə ayrı- ayrılıqda 1011 qram, 1011 qram, 1006 qram, 1006 qram, ümumi təmiz çəkiləri - 4034 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Elektron tərəzinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi təmiz çəkiləri 4064,15 qram olan heroin kütlələri öz aralarında, həmçinin həmin şəxsin üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi təmiz çəkiləri 2011,021 qram olan metamfetamin kütlələri də öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Qeyd: heroinin üm. təmiz çəkisi - 4064,15 qram, tədqiqata sərf edildi - 0,25 qram, qalıq - 4063,90 qram. Metamfetaminin üm. təmiz çəkisi - 2011,021 qram, tədqiqata sərf edildi - 0,18 qram, qalıq - 2010,841 qram. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 xx.xx.2023-cü il tarixli 975 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2023-cü il tarxili qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə maddi sübut hesab edilən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4063,90 qram qalmış narkotik vasitə heroin, 2010,841 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 02 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan RİH Başçısının Qobustan şəhər İƏD üzrə nümayəndəliyindn verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Qobustan şəhəridnən köçərək yaşamaq üçün Bakı şəhəri Qaradağ rayonun Sahil qəsəbəsinə getmişdir. Qohum qonşu ilə münasibəti bir o qədər yaxçı olmamışdır. Təqsirləndirilən şəxs barəsində Qobustan şəhər İƏD üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4063,90 qram qalmış narkotik vasitə heroin, 2010,841 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 109 (yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra 4063,90 qram qalıq narkotik vasitə heroin, 2010,841 qram qalıq psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə olunsun, bir ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-173/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-173/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver