Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-173/2025 06.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X8, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 11, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin qarşısında tanışı Zərərçəkmiş şəxs işlədiyi Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinə daxil olub əşyalara baxmaq istəyərkən sonuncunun buna icazə verməməsinə görə aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs ona söyüş söymüş, lakin hadisə yerində olan Şahid tərəfindən onlar sakitləşdirildikləri üçün özü oradan uzaqlaşmış, bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs onu nəyə görə səbəbsiz yerə söyməsini soruşmaq məqsədi ilə yenidən həmin yerə qayıtdıqda Zərərçəkmiş şəxsla aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı istintaqa məlum olmayan mənbədən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını cibindən çıxarıb qəsdən sonuncunun döş qəfəsinə bir dəfə vurub sol tərəfli açıq hemopnevmotoroksla müşayiət olunmuş döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətindəki qarajda tək yemək yemiş, saat təxminin 21:40 radələrində özünə məxsus velosipedlə H.Zeynalabdin qəsəbəsində yerləşən Mənzil İstismar Sahəsinin Rayon Elektrik Şəbəkəsinin qarşısından keçərkən tanışı Hacıverdinin şəbəkənin qarşısında qonşusu Nazirlə söhbət etdiyini görmüş, bu zaman onlara yaxınlaşmış və Hacıverdiyə içəriyə, yəni şəbəkənin içərisinə girib əşyalara baxmaq istədiyini demişdir. Bu zaman Nazir ona içəriyə keçməyə icazə verməyərək söyüş söymüşdür. Nazir və Hacıverdi həmin yerdə işləyirlər. Nazir ona icazə verməməsinə görə aralarında sözlü mübahisə baş vermiş, ancaq mübahisə böyüməsin deyə oradan uzaqlaşmışdır. Bir müddət sonra Nazirin onu nəyə görə səbəsiz yerə söydüyünü soruşmaq üçün yenidən həmin yerə qayıtmış, sonuncudan nəyə görə onu səbəbsiz söydüyünü soruşan zaman yenidən onu söyməyə başlayaraq üzərinə gəlmiş, o, həmin vaxt özünü saxlaya bilməmiş və cibində olan bıçaqla onun sol döş qəfəsindən bir dəfə vurmuşdur. Bu zaman Nazirin sinə nahiyəsini qanamış, həmin vaxt o çox qorxmuş və Nazirə yalvararaq onu bağışlamasını bildirmiş, bu zaman Hacıverdi ona uzaqlaşmasını demiş, bundan sonra Hacıverdi təcili tibbi yardıma zəng etmiş, o isə hadisə yerindən uzaqlaşmışdır. Qaçan zaman bıçağı hərbi polisin qarajının yanındakı şam ağacının arasında gizlədib evə getmiş, səhərisi gün polis əməkdaşları onu bölməyə dəvət etmişlər və o, polis əməkdaşlarına bıçağı gizlətdiyi yeri göstərmişdir. Məhkəmədə ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirmiş, hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, 2-ci qrup əlil olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində elektrik mantyoru işləyir. Şahid ilə birlikdə növbəyə çıxır. xx.xx.2024-cü il tarixdə gecə növbəsində Hacıverdi ilə işdə olmuşdur. Həmin gün saat 22 radələrində əvvəllər tanıdığı və arqon ustası işləyən Təqsirləndirilən şəxs iş yerinə gəlmiş, həmin vaxt sonuncu içəridə olan aparatlara baxmaq istədiyini demiş, o isə uzaqlaşmasını demiş və aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı onlar bir-birilərini söymüşlər. Taleh bundan sonra velosipedini sürərək getmiş, bir neçə dəqiqə sonra Taleh yenidən qayıtmış və iş yerinin qarşısında ona yaxınlaşıb yenidən onunla mübahisə etmiş, mübahisənin gedişində isə onu bir dəfə bıçaqla vurmuşdur. Taleh onu bıçaqlayandan sonra aralaşmış, o, yerə oturmuş, Taleh ondan qan gəldiyini görən zaman yaxınlaşıb yalvarıb üzr istəməyə başlamış, şikayət etməməsini demişdir. Hacıverdi isə Talehə uzaqlaşmasını demiş, sonuncu getmiş, bundan sonra Hacıverdi təcili tibbi yardıma zəng etmiş, parça ilə onun qan gələn yerini sarımış, təcili tibbi yardım avtomobili gələndən sonra xəstəxanaya aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsində elektrik mantyor işləyir. Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır. Bundan başqa Nazir onunla eyni yerdə işləyir. Təqsirləndirilən şəxs da uzun müddətdir ki, tanıyır. Talehlə eyni qəsəbədə yaşayır. xx.xx.2024-cü il tarixdə Nazirlə o Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsində növbədə olan zaman saat təxminən 22 radələrində bayırdan səs gəldiyini eşitmiş və Nazirlə bir yerdə bayıra çıxmışlar. Həmin vaxt Talehin qapıda olduğunu görmüş, sonuncu içəriyə keçmək istəyən zaman Nazir buraxmamış, bu zaman aralarında mübahisə baş vermiş, həmin vaxt Nazir Talehi söymüş və o, Talehi oradan uzaqlaşdırmışdır. Taleh velosipedə əyləşib getmiş, bir neçə dəqiqə Nazirlə qapıda söhbət etmiş və içəri keçmək istəyən zaman Talehin qayıtdığını görmüşdür. Həmin vaxt Nazir yenə gəldin demiş, Taleh isə nəyə görə onu səbəbsiz söydüyünü soruşmuş və yenidən bır-birilərini söymüşlər. Bu zaman sözlü mübahisə baş vermiş, mübahisə zamanı Taleh cibindən bıçaq çıxarıb Nazirin qarın nahiyəsindən bir dəfə vurmuş, bundan sonra o, onlara yaxınlaşmış, Taleh Naziri vurandan sonra uzaqlaşmış, o, Nazirə yaxınlaşmış, sonuncu yerdə oturmuşdur. Həmin vaxt Nazirdən qan gəldiyini görmüş, Taleh də bunu görən kimi yalvararaq onu bağışlamasını Nazirə demiş, o isə mübahisə olmaması üçün Talehə getməsini demiş, sonuncu getmiş və o, əlinə keçən parça ilə Nazirin yarasını sarıyıb 103 xidmətinə məlumat vermiş, bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və Naziri avtomobil ilə xəstəxanaya aparmışlar. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 22:22-də X15 Xidmətinin həkimi Həsənov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə zəng edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi sakini, xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol qabırğanın deşilmiş yarası xəsarəti ilə xəstəxanaya gətirildiyini bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan 26 noyabr 2022-ci il tarixli, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin qarşısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş, o cümlədən hadisə zamanı istifadə etdiyi bıçağı gizlətdiyi yeri göstərərək təhvil vermiş və həmin bıçaq hal şahidlərinin iştirakı ilə müvafiq qaydada götürülmüşdür. Baxış zamanı hadisə yerinə aid fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 10-14). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 avqust 2024cü il tarixli 1402 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol tərədi açıq hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin sol yarısının boşluğa nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarət deşicikəsici (əşyanın) alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-na müarciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, iş vər. 102-106). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 25 oktyabr 2024-cü il tarixli 3/1610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turis bıçağıdır, soyuq silah hesab edilmir (cild 01, iş vər. 107- 109). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 4863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 110-112). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X4 barəsində CM-in 29,120.1, 126.2.4, 221 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 122-128). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, iş üzrə zərərçəkiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 99). Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunan cəza sınaq müddəti ilə şərti təyin edilmiş, xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 96-98). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, 2-ci qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin zərərçəkmiş şəxslə barışığın əldə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, “Şübhəli şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 43). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-240/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 79-83). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-173/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-173/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver