Məhkəmə qərarları › İş №1(124)-174/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-174/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-174/2023 11.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı , Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhəridə doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, otaq 31 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikasının vətəndaşı “Mamed” adı şəxs kimi məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “İnternat məktəbi”nin qarşısında olan ağacın dibində gizlətdiyi ümumi çəkisi 19,034 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 mart 2022-ci il tarixdə, saat 19:03-də Sumqayıt Şəhər Polis İdarəsinin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisindəki “İnternat məktəbi”nin yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 19,034 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəfiqəsi X12 Respublikasının vətəndaşından zəng gəlmiş və telefon danışığı zamanı sonuncu rəfiqəsi Esmiraya harasa narkotik vasitə atdığını, gedib götürməsini tapşırmışdır. Lakin rəfiqəsi bu təkliflə razılaşmamış, ona da gedib narkotik vasitə götürməməyini demişdir. O, isə rəfiqəsi ilə razılşmayaraq narkotik vasitəni götürəcəyini söyləmişdir. Narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitə pulsuz şəkildə onlara verilmişdir. Narkotik vasitəni götürməyə gedən zaman da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, o, 2010-cu ildən narkotik vasitə istifadəçisidir. O, “kokos” kimi bilinən narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitə hədiyyə olaraq göndərilmiş, ona görə də ödəniş edilməmişdir. Narkotik vasitəni Esmiranın əri Sahib arvadına göndərmişdir ki, istifadə etsin və müəyyən məbləğdə pul vəsaiti göndərsin. Onun şəxsi istifadəsində mobil telefon olmamış, ancaq Esmiranın şəxsi istiadəsində mobil telefon olmuşdur. O, narkotik vasitələri göndərən şəxslə mesajlaşmamış, sadəcə olaraq telefon danışığı zamanı narkotik vasitəni onun və ya Esmiranın götürməsinin onun üçün fərqi olub-olmadığını soruşmuşdur. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, narkotik vasitənin harasa atılması, onun həmin narkotik vasitəni gedib həmin ünvandan götürməsi kimi hal birinci dəfə baş vermiş, ona narkotik vasitənin müəyyən bir qismindən özünün istifadə edəcəyi vədi verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, X2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının realizə edilməsi məqsədilə 03 mart 2022-ci il tarixdə əməliyyat tədbiri həyata keçirilmiş, Ziya Nəzərova Sumqayıt şəhəri 5-ci mikrorayon İnternat məktəbinin yaxınlığında saxlanılmışdır. Daha sonra Ziya Nəzərova polis idarəsinə gətirilmiş, idarədə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon İnternat məktəbinin yaxınlığında saxlanılmış və polis idarəsinə dəvət edilmişdir. İdarədə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən siqaret qutusunun içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, həmin tanışının narkotik vasitəni ona göndərdiyini, narkotik vasitənin onun götürməsi üçün razılaşdırdıqları ünvana qoyulduğunu demiş, Təqsirləndirilən şəxs narkotik vasitəni götürən zaman saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt ŞPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 03 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «Şəxsi axtarışın keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu heroini təqdim edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1316 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,034 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A 02” markalı mobil telefonda olan “whatsapp” proqramında aşağıdakı məzmunlu səsli mesaj mətnləri aşkar edilmişdir: xx.xx.2022-ci il tarix, saat 20:24-də göndərilən 24 saniyəlik səs yazısı: “Mamed axşamın xeyir, biz də səni gözdüyürük də, sən indi hara atassan onu, Sumqayıtdı, Bakıdı biləkdə, yəni yol pulu zad var da ona görə deyirəm, bidə haçana vaxtı dedə, haçana hazır olaq” xx-xx-2022 saat 20:25-də göndərilən 09 saniyəlik səs yazısı: “Birdə Mamed nə qədər şey atassan” xx.xx.2022-ci il tarix, saat saat 21:02-də göndərilmiş 08 saniyəlik səs yazısı: “Esi özü hardadı, Esi özü yoxdu axı, səsi zadı gəlmir, xeyir ola, nə xəbərdi salamatçılıqdı?” xx.xx.2022 saat 13:20-də göndərilmiş 11 saniyəlik səs yazısı: “Salam meleykim, nə var nə yox, neynirsiz, nağayırsız, yaxşısız? Nə xəbər, bəs sizdən xəbər çıxmadı axı, mən zəng elədim götürmədiz” xx-xx-2022 saat 13:27-də göndərilmiş 22 saniyəlik səs yazısı: “Ay Mamed bütün günü elə gözümüz telefonda olub elə, sən necə zəng eləmisəm, ola bilər götürməmişik də belə, ama yatıb eləməmişik, noldu, yolluryursan, dedinki saat 12-dən 1-dən sonra göndərəcəm, bizdə yatmamışıq.” xx.xx.2022 saat 13:28-də göndərilmiş 28 saniyəlik səs yazısı: “Sübh zəng elədim, sizə dedim 12-1 arası zəng edəcəm, yaxçı? Olar indi mənə zəng elədilər ki, hazırdı, adamın hazırlaşsın, ünvanı qoyurlar, yaxşı? Esi gedir də hə? Hazır olsun yaxçı? Olar ünvanı qoyurlar. Yaxçı? Onlar ünvanı qoyan kimi mənə xəbər eliyəcəklər. Yaxşı?” xx-xx-2022 saat 13:31-də göndərilmiş 24 saniyəlik səs yazısı: “Ay Mamed biz hazırıq, nə hazırlaşacayıq ee, geyinmişik səni gözdüyürük, ünvanı atsın, birdəki sənə nə fərqi var Esi gedir ya mən gedirəm, onun bir şeyi varki? Fərqi var sənə? Mən sənə dedim axı onu heç yerə qoymuram getməyə.” xx.xx.2022 saat 13:33-də 45 saniyəlik səs yazısı: “Yox ee yox mənimçün nə fərqi var, ya sən get ya o getsin, əsas ünvanı götürnəkdi. Mənə fərq eləmir, Deməyim odu ki, bu vatsap səndə olacaq da hə? Yəni vatsap setdə olsun da, telefonun açıq olsun, şəkil zad atmağa, ondan sonra gedib orda deyesen ay telefonumun zaryadkası yoxuydu, orda yəni tezbazar götürdə, yaxçı? Mən indi sənə xəbər eliyirəm də, qoy onlar mənə xəbər eləsin. xx-xx-2022 saat 13:36-da göndərilmiş 10 saniyəlik səs yazısı: Ay Mamed hə yaxşı heçnə gözdüyürəm də, geyinib keçinib gözdüyürəm.” xx-xx-2022 saat 13:36-da göndərilmiş 05 saniyəlik səs yazısı: “Telefondan da narahat olma, zaryadkası zad var hər şey.” xx-xx-2022 saat 16:36-da göndərilmiş 07 saniyəlik səs yazısı: “Ay Mamed noldu, gözdüyürük axı səni.” xx.xx.2022 saat 16:42-də göndərilmiş 14 saniyəlik səs yazısı: “Gözdə gözdə onlar çıxıb mənlə əlaqə saxladılar, onlar çıxıb ünvana ünvanları çoxduda, yaxçı? Bizə gələndə deyəcək, Bizim ünvan gələndə deyəcək. Özü şəkil verəcək, yaxçı?” xx.xx.2022 saat 17:56-da göndərilmiş 11 saniyəlik səs yazısı: “Salam neçəsiz? Nə var nə yox? Hazırsan sən indi? Ünvana getməyə hazırsan?” xx-xx-2022 saat 18:18-də göndərilmiş 09 saniyəlik səs yazısı: “Ay Mamed şeyi gözdüyürüy ee, taksini gözdüyürüy, gəlsin çıxırıq, çıxanda sənə xəbər elirəcik.” xx.xx.2022 saat 18:31-də göndərilmiş üzərində ox işarəsi olan fotoşəkil. xx.xx.2022 saat 18:31-də göndərilmiş sms-mesaj: “5 mk internat məktəbi var 20 k siqaret karopkasinda içində ağacın dibindədi.” xx.xx.2022 saat 18:39-da göndərilmiş 08 saniyəlik səs yazısı: “Biraz tezbazar eliyin, ünvanı qoyub ora, mənə ünvançı deyir ki, bə noldu, qardaş deyir adamın götürmədi.” xx.xx.2022 saat 18:43-dən nömrəsindən göndərilmiş 38 saniyəlik səs yazısı: “Dünənki kimi eləmiyin haa, mən gəlib oturmuşam qardaşın yanında yaxçı? Onun yanında ünvanı atdım sizə, yaxçı? Day bu gündə bunu gedib götürməsən mən bunun yanında çox pis olacam, qalacam böyük davaya, pulum batarda yaxçı? O məndən pulunu alacaq, niyə, çünki dünəndə zad oldu, siz getmədiz, 2 saatdan 3 saatdan sonra cavab verdiz, mən bunnan davaya qaldım, yəni elə eliyin ki, mən bunun yanında pis olmuyum da.” İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 3543 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 19,034 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkisi 18,894 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, həmçinin “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Həmçinin, 01 ədəd qara rəngdə “Samsung Galaxy A 02” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 1 Saylı MKS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 Saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 1 Saylı MKS-dən verilmiş arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 4 övladından ibarətdir. Elekron məhkəmə sistemindən əldə edilmiş məlumatdan və arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2009-cu il, X3 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan, X8 2014-cü il, X5 xx.xx.2017-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin, 29, 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi və çəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Çəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022ci il tarixdən hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hazırda həbsdə olması nəzərə alınmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddəti çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, iki yetkinlik yaşına çatmayan uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən,məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkisi 18,894 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd qara rəngdə “Samsung Galaxy A02” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 1 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, onun hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkisi 18,894 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd qara rəngdə “Samsung Galaxy A 02” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar