Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-175/2022 29.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Xaçmaz rayonu Gülalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Gülalan kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə onların hissələrini toplama) etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək məqsədi ilə əldə etdiyi çətənə bitkisinin toxumlarını 2021-ci ilin may ayından etibarən Xaçmaz rayonu, Gülalan kəndində yerləşən atası X1 məxsus olan kənd təsərrüfatı təyinatlı 1.5 ha ölçülü torpaq sahəsinin şimal hissəsindən keçən arxdan həmin torpaq sahəsinin mərkəzinə doğru 10 metr məsafədə yerləşən hissəsində əkərək onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, həmin çətənə bitkilərinin hissələrini toplayıb qurudaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə edib saxlamış, bu fakt 08 avqust 2021-ci il tarixdə saat 13:20-dan 15:30-dək olan müddət ərzində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən hadisə yerinə baxış zamanı müəyyən edilmiş və həmin ünvandan yaş vəziyyətdə təmiz çəkisi 47700,0 qram olmaqla ümumilikdə 117 hissədən ibarət 51 ədəd əkib becərilməsi qanunla qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin bitkilərin yanında açıq şəkildə sərilmiş təmiz çəkisi 7500,0 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə onların hissələrini toplama) etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla əldə edərək saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan qurdulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 2021-ci ilin may ayında tapdığı toxumları Xaçmaz rayonu, Gülalan kəndində atasına məxsus torpaq sahəsinə səpmişdir ki, cücərib bitki halına gəlsin. O, əkdiyi tərəvəzlərə gübrə verən zaman, narkotik tərkibli çətənə bitkilərinin də dibinə gübrə vermişdir. 25 aprel 2021-ci ildə 51 kol çətənə bitkisi əkmiş, suvarmış və gübrə vermişdir. Narkotik tərkibli bitkilərə ayrıca qulluq etməmiş, tərəvəzlərə su verəndə həmin bitkilərin də dibinə su getmişdir. O, ilk dəfədir ki, orada çətənə bitkisi əkmişdir. xx.xx.2021-ci il tarixdə, saat 13 radələrində o, yenə də həmin torpaq sahəsinə gedən zaman, oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə şübhəli olduğunu bildirmişlər. O da, onlara etiraz etməyərək bildirmişdir ki, o, narkotik tərkibli çətənə bitkilərini atasına məxsus torpaq sahəsində əkmişdir. Bundan sonra həmin yerə müstəntiq və aqronom da gəlib özlərini təqdim etdikdən sonra müstəntiq ona bildirmişdir ki, onun narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olmuşdur. Ona narkotik tərkibli bitkiləri əkib-yetişdirməyi barədə sual verdikdə o, bildirmişdir ki, öz şəxsi istifadəsi üçün çətənə bitkisi əkmişdir. Müstəntiq ona hüquq və vəzifələrini izah edib, aqronom mütəxəssisin, polis əməkdaşlarının iştirakı ilə marixuana əkdiyi yerə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişdir. O da buna etiraz etmədiyini demişdir. Müstəntiq təklif etmişdir ki, o, həmin ərazini göstərsin. O, həmin vaxt ərazidəki çətənə əkdiyi yeri göstərmişdir. Həmin vaxt müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, müşahidə olunan bitkilər çətənə bitkiləridir, həmin bitkiləri o, əkmişdir, həmin narkotik tərkibli çətənə bitkilərini təxminən 2021-ci ilin may ayında əkmiş və aqrotexniki qaydada qulluq göstərmiş, öz şəxsi istifadəsi üçün həmin bitkiləri əkib yetişdirmişdir. Ona həmin bitkiləri əkib, yetişdirməkdə heç kəs kömək etməmişdir. O, orada olan bellə bitkilərin dibini yumşaltmış, eyni zamanda bitkilərin dibinə gübrə vermişdir. Həmin torpaq sahəsindən, yəni narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerdən aşkar edilmiş 04 (dörd) ədəd narkotik tərkibli yaş vəziyyətdə çətənə bitkisi torpaqdan çıxarılmaqla 01 (bir) ədəd ağ rəngli kisədə qablaşdırılmış, bundan başqa orada ağ rəngli kisələrin üzərinə sərilmiş vəziyyətdə olan qurudulmuş marixuana iki ədəd ağ rəngli kisədə qablaşdırılmış, bundan başqa oradan, onun və baxışda iştirak edən polis əməkdaşlarının köməyi ilə torpaqdan çıxarılmış 51 (əlli bir) ədəd narkotik tərkibli çətənə bitkisinin kökləri iki ədəd ağ rəngli kisədə qablaşdırılmış, həmçinin narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerdən kökündən kəsilmiş formada, ancaq bütöv halda 10 ədəd çətənə bitkisi 01 (bir) ədəd ağ rəngli kisədə qablaşdırılmış, bundan başqa, həmin torpaq sahəsinin yaxınlığından keçən kanalın içərisindəki kolların üstünə sərdiyi 103 (yüz üç) ədəd kökündən kəsilmiş formada çətənə bitkiləri 06 (altı) ədəd kisədə qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Əlavə olaraq həmin yerdə əkdiyi çətənə bitkilərinin diblərini yumşaltmaq üçün istifadə etdiyi bir ədəd bel maddi sübut kimi götürülmüşdür. Daha sonra o, oradan polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-də ona vəkili təqdim edilərək törətdiyi əmələ görə şübhəli şəxs kimi tutulmuşdur. O, özü tək həmin bitkilərə qulluq edib yetişdirmişdir. O, yalnız öz istifadəsi üçün həmin bitkiləri kultivasiya etmişdir. Onun yetişdirdiyi çətənə bikisi qalın gövdəli və budaqlı olduğundan o, onları kəsdikdən sonra budaqlarını ayırmışdır. Yəni aşkar edilmiş 113 ədəd çətənə gövdəsi 51 ədəd çətənə kökündən yetişmişdir. Torpaq sahəsində açıq şəkildə sərilmiş, təmiz çəkisi 7500,0 qram olan qurudulmuş bitki kütləsinin marixuana olmasını qəbul etmir, bunlar istifadə üçün yararsız olduğundan onları budayıb ətrafa atmışdır, həmin quru budaqlardan ibarət hissə polislər tərəfindən toplanaraq sərilmişdir. Bunlardan narkotik vasitə kimi istifadə edilməsi mümkün deyildir. Saxlanılarkən və sonra polis əməkdaşları tərəfindən onun hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Hazırda narkotok tərkibli bitkini becərdiyinə görə törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin torpaq sahəsində açıq şəkildə sərilmiş, təmiz çəkisi 7500,0 qram olan qurudulmuş bitki kütləsinin marixuana olmasını qəbul etməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 göstərdi ki, Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməliyyat müvəkkilidir, əməliyyat zamanı isə Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxtda Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirərək kəndin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüş, onunla birlikdə baxış keçirmək üçün onun narkotik vasitələri əkib-becərdiyi sahəyə getmişlər. Belə ki, 08 avqust 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Gülalan kəndi ərazisində olmasını müəyyən etmişlər. Bundan sonra aqronomun və müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs olduğu Xaçmaz rayonu Gülalan kəndi ərazisində yerləşən torpaq sahəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində videogörüntü ilə baxış keçirilməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Həmin torpaq sahəsinə keçirilən baxış zamanı oradan 4 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar edilmişdir. Həmçinin bitkilərin yaxınlığında sərilmiş halda olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa oradan 51 ədəd çətənə bitkisinin kökləri aşkar edilərək torpaqdan çıxarılmış, 113 ədəd kökündən kəsilərək yerə sərilmiş halda olan çətənə bitkiləri aşkar edilmişdir. Mütəxəssis tərəfindən aşkar edilən bitkilərin çətənə bitkisi olmaları bildirilmişdir. Həmin aşkar edilən bitkilər, bitki kütlələri və bir ədəd bel müvafiq qaydada qablaşdırlaraq və mühürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri tək əkərək yetişdirdiyini, əkdiyi çətənə bitkilərinin toxumlarını yaşadığı kəndin ərazisindən tapdığını bildirmişdir. Həmin sahədəki çardaqda quruldulmuş, sərilmiş vəziyyətdə narkotik vasitə olmuşdur. Bunlardan əlavə də çardaqda quru kütlələr olmuş, həmin kütlələr də sənədləşdirilərək rəsmiləşdirilmişdir. Məhkəmədə şahidlər Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları ifadələrində təsdiq etmişlər. Məhkəmədə Şahid4 göstərmişdir ki, 2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronom-nəzarətçisi işləyir. 08 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilə 08 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Xaçmaz rayonu, Gülalan kəndində yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisindəki torpaq sahəsinə getmişlər. Həmin yerdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini külli miqdarda əkib, yetişdirməsi barədə polisə məlumat daxil olduğu və bu məlumatın yoxlanılmasından ötrü həmin yerə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmişdir. Həmin torpaq sahəsinə keçirilən baxış zamanı oradan 4 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar edilmiş və torpaqdan çıxarılmışdır. Həmçinin bitkilərin yaxınlığında sərilmiş halda olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa oradan 51 ədəd çətənə bitkisinin kökləri aşkar edilərək torpaqdan çıxarılmış, oradan 113 ədəd kökündən kəsilərək yerə sərilmiş halda olan çətənə bitkiləri aşkar edilmişdir. O, aşkar edilən bitkilərin çətənə bitkisi olmalarını müşahidə edərək bu barədə bildirmişdir. Həmin bitkilər, bitki kütlələri və bir ədəd bel müvafiq qaydada qablaşdırılaraq və mühürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi olaraq həmin çətənə bitkilərini özünün əkdiyini, onların dibini yumşaldıb və su verərək qulluq etdiyini daha sonra həmin bitkilərin hissələrini yığaraq qurutduğunu bildirmişdir. O baxış zamanı müşahidə etmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, dibləri yumşaldılmış, gübrə verilmişdir. Bitkilərə baxış keçirən zaman, bitkilərin diblərində ağ rəngli gübrələr müşahidə olunmuşdur. Bitkilərin yetişmə şəraitindən asılı olaraq bitkilərin kökü üzərində olan gövdələrinin yerə yaxın olan hissəsindən budaqlanma baş verir. Bu zaman kəsilərkən həmin budaqlar bir birlərindən ayrılması, yəni 51 ədəd kökün üzərində 117 ədəd çətənə gövdəsi və ya budağının olması mümkündür. İş materiallarında olan, Xaçmaz rayonu Gülalan kəndində yerləşən torpaq sahəsinə videogörüntü ilə keçirilmiş baxışın görüntüləri əks olunan disk daşıyıcıya baxış protokolundan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 özünü təqdim edir və Xaçmaz RPŞ-nə daxil olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat əsasında Xaçmaz rayonu Gülalan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə gəlindiyini bildirir. Müstəntiq Təqsirləndirilən şəxs baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirir. Müstəntiq baxışda iştirak edən şəxsləri təqdim edir. Bundan sonra müvafiq təklifə uyğun olaraq Təqsirləndirilən şəxs kultivasiya etdiyi və daha sonradan kəsdiyi çətənə bitkilərinin kötüklərini, həmçinin əkdiyi kəsilməmiş çətənə bitkilərini təqdim edir. Təqsirləndirilən şəxs müstəntiqin müvafiq sualına cavab olaraq həmin bitkilərə qulluq etdiyini, suvardığını bildirir. Baxışda iştirak edən mütəxəssis Şahid4 həmin bitkilərin çətənə bitkiləri olmasını, onlara qulluq edildiyini, suvarıldığını bildirir. Təqsirləndirilən şəxs həmin bitkilərə qulluq etdiyi beli polis əməkdaşlarına təqdim edir. Müstəntiqin müvafiq sualına cavab olaraq həmin bitkiləri 2021-ci ilin may ayında əkdiyini, əkdiyi toxumları tapdığını bildirir. Polis əməkdaşları tərəfindən əkilmiş çətənə bitkilərini bel vasitəsilə çıxarırlar. Təqsirləndirilən şəxs əkdiyi bitkiləri arx köməkliyi ilə suladığını bildirir. Müvafiq suala cavab olaraq həmin bitkiləri əkməsindən heç bir şəxsin məlumatı olmadığını bildirir. Müstəntiq yerə sərilmiş bitkiləri göstərərək onları nə üçün nə vaxt sərdiyini soruşur. Təqsirləndirilən şəxs onları öz istifadəsi üçün bitkilərin hissələrindən toplayaraq baxış keçirilən gündən 10 gün öncə sərdiyini bildirir. Mütəxəssis yerdə olan kəsilmiş köklərin çətənə bitkisinin kökləri olmasını bildirir. Yerə sərilmiş bitkilər qablaşdırılmaq məqsədilə torbalara yığılır. Çətənə bitkilərinin kötükləri bel vasitəsilə yerdən çıxarılır. Təqsirləndirilən şəxs həmin bitkilərə gübrə verdiyini bildirir. Bundan sonra yerdən çıxarılmış bikilər, yerə sərilmiş quru halda olan bitkilər və həmçinin çıxarılmış bitki kökləri torbalarda müvafiq qaydada qablaşdırılaraq götürülür. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs köklərindən kəsdiyi bitkilərin harada olmasını soruşduqda Təqsirləndirilən şəxs köklərindən kəsdiyi bitkiləri yığdığı yeri təqdim edir. Təqdim edilmiş yerə baxılan zaman orada köklərindən kəsilmiş halda çətənə bitkilərinin olması aşkar edildi. Mütəxəssis həmin bitkilərin aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri olmasını bildirir. Həmin bitkilər müvafiq qaydada qablaşdırılaraq götürülür. İş materiallarında olan Xaçmaz rayonu, Gülalan kəndində yerləşən, Təqsirləndirilən şəxs atası X1 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilməsi haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əkib becərdiyi çətənə (kannabis) bitkilərinin, həmin bitkilərin köklərinin, həmin bitkilərin yanında sərilmiş vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd belin aşkar edilərək götürüldüyü torpaq sahəsi sonuncunun atası X1 məxsus olan Xaçmaz rayonu Gülalan kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı, 1.5 ha ölçülü torpaq sahəsidir. Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərini həmin torpaq sahəsinin şimal hissəsindən keçən arxdan həmin torpaq sahəsinin mərkəzinə doğru 10 metr məsafədə yerləşən hissəsində əkib becərmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 avqust 2021-ci il tarixli 7/766 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd sintetik torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3800.0qram və 3700.0 qram olmaqla, ümumi çəkisi 7500.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 8 ədəd torbanın içərisində 117 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 47700.0 qram olan çətənə (kannabis) bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2 ədəd torbanın içərisində ümumi sayı 51 ədəd bitki kökləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləridir. Təqdim edilmiş çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi çəkisi 7500,0 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram, (hər 1 obyektdən 0,05 qram götürüldü), qalıq- 7499,9 qramdır. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 47700,0 qram, cəmi tədqiqata sərf edildi -3,51 qram (hər 1 obyektdən 0,03 qram götürüldü), qalıq – 47696,49 qramdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizanın 29 sentyabr 2021-ci il tarixli 3578 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus atası Balaşirin Yarıyevə məxsus torpaq sahəsində əkib becərdiyi təmiz çəkisi 47700.0 qram olan 117 (yüz on yeddi) ədəd əkib becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 51 (əlli bir) ədəd çətənə bitkilərinin kökləri və həmin bitkilərin yanında sərilmiş vəziyyətdə təmiz çəkisi 7500.0 qram olan narkotik vasitə qurudulmuş marixuana, baxış zamanı götürülmüş bir ədəd bel və iki ədəd içərisində baxış videogörüntüləri olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 47696,49 qram qalığının, 51 ədəd çətənə bitkisinin köklərinin, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7499,9 qram qalığı və bir ədəd bel saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, iki ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur, evlidir və himayəsində xx.xx.2003-cü il (tələbə) və xx.xx.2004-cü il (işləməyən) təvəllüdlü iki uşağı vardır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür”. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İ siyahının 12-ci hissəsinin “a” bəndinə görə 500 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilir, “b” bəndinə görə isə 2500 qram narkotik vasitə olan qurudulmayan marixuana külli miqdar hesab edilir. Həmin Qanuna əlavə edilmiş qanunsuz kultivasiya edilən, tərkibindı narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahının 1.2-ci bəndinə görə çətənə növlü bitkilərin 16 ədədi (31 hissə) və ondan çoxu külli miqdar hesab edilir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə torpaq sahəsinə baxış keçirilməsi və götürmə aparılmasından ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs atasına məxsus torpaq sahəsində 117 hissədən ibarət 51 ədəd çətənə bitkisini kultivasiya etməsi, yəni əkib becərməsi, onlara qulluq etməsi, hissələrini toplaması təsdiq edilir. Bunu Təqsirləndirilən şəxs da qəbul edir və şəxsi istifadəsi üçün etdiyini göstərir. Bundan əlavə, həmin sahədə, həmin bitkilərin yanında açıq şəkildə sərilmiş təmiz çəkisi 7500,0 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bunu Təqsirləndirilən şəxs qəbul etmir, bunların istifadə üçün yararsız olduğunu, yararsız olduğu üçün onları budayıb kənara (həmin torpaq sahəsində) atdığını, polislər tərəfindən toplanaraq sərildiyini və götürüldüyünü bildirir. Ancaq iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, həmin kütlə qurudulmuş mariuxanadır. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusat isə təsdiq edilmir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hərəkətləri, işin halları, narkotik vasitənin miqdarı onun satış məqsədini də təsdiq edir. Mötəbərliyi şübhə doğurmyan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kulitivasiya (əkmə, yetişdirmə onların hissələrini toplama) etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla əldə edərək saxlamışdır. Məhkəmə tərkibi onu da qeyd edir ki, verilmiş ittihamda Təqsirləndirilən şəxs atasına məxsus torpaq sahəsindən yaş vəziyyətdə təmiz çəkisi 47700,0 qram olmaqla ümumilikdə 117 (yüz on yeddi) ədəd əkib becərilməsi qanunla qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar olunaraq götürülməsi göstərilmişdir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, aşkar olunaraq götürülən 117 hissədən ibarət 51 ədəd çətənə bitkisidir. Bu verilən ittihamı ağırlaşdırmır, təqsirləndirilən şəxsin vəziyyətini pisləşdirmir və əməlin tövsifinin dəyişməsinə təsir etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 08 avqust 2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 47696,49 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7499,9 qram qalığı, 51 ədəd çətənə bitkisinin kökləri məhv edilməli, iş üzrə maddi sübut olan və həyətyanı təsərrüfatda istifadə edilən bir ədəd bel sahibinə təhvil verilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 47696,49 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 7499,9 qram qalığı, 51 ədəd çətənə bitkisinin kökləri məhv edilsin, bir ədəd bel sahibi Təqsirləndirilən şəxs təhvil verilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imzalı Fikrət Əliyev Hakim: imzalı Fəhmin Hümbətov Hakim: imzalı Hafiz Əliyev Əsli ilə düzdür: X9
Məhkəmə qərarları › İş №1(124)-175/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-175/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver