Məhkəmə qərarları › İş №1(124)-175/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-175/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-175/2025 18.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 may 2024-cü il tarixdə, günorta saatlarında ünvan 2 ünvanında olarkən əvvəldən tanıdığı və həmin zaman üzərində 1800 manat pul vəsaitinin olduğunu təxmin etdiyi Zərərçəkmiş şəxs ilə sonuncunun etirazına baxmayaraq bankdan kredit götürməsi üçün onunla getməsi barədə söhbət edən zaman Zərərçəkmiş şəxs ona məhəl qoymadığını görüb hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək qəfildən Zərərçəkmiş şəxs çox saylı yumruq zərbələri endirib sonuncuya QKBT, baş beyin silkələnməsi, sol qaş və gicgah-ənsə nahiyyəsinin əzilmiş yaraları, hər iki gözətrafında burnun üstünü tutan, sağ bazunun bayır səthinin orta 1/3-nin, sağ budun bayır səthinin orta 1/3-nin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs əynindəki paltarları yoxlayıb, üzərindən 210 manat dəyərində olan 01 ədəd ‘'Redmi" Note 12 markalı mobil telefonu və 01 ədəd ödəniş qəbzini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, zərərçəkmiş Nagilə ilə xeyli vaxt faktiki nigah münasibətləri olub, Nargilənin kredit borcunu bağlamaq üçün ona təklif edib ki, atasının adına kredit götürüb Nargiləyə versin, o da borcunu bağlasın. Lakin Nargilə onun bu təklifi ilə razılaşmayıb, 14 may 2024cü il tarixdə bu barədə Nargilə ilə söhbət edərkən Nargilənin danışığı onun xoşuna gəlməyib. Daha sonra 15 may 2024-cü il tarixdə Nargilənin yaşadığı evə gedib, yenidən bu barədə danışmağa başlayıblar, bu zaman onlar arasında mübahisə yaranıb və Nargilə ona əl-qol atıb, bundan sonra da o əsəbləşib Nargiləni vurub, o, yerə yıxılıb və başı yarılıb. Sonra da Nargilənin telefonunu götürüb ki, sonuncu polisə məlumat verməsin. Əvvəllər də Nargilə ilə aralarında mübahisə olub və Nargilə polisə məlumat verib. Həmin gün Siyəzənə dayısıgilə gedib və Nargilənin telefonu da üstündə olub, sonradan həmin telefonu dayısına verib. Nargiləni vurandan sonra onu ayağa qaldırıb, başındakı qanaxmanı saxlamaq üçün onu mətbəxə aparıb başına dəsmal qoyub. Onun Nargilənin telefonunu quldurluq niyyəti ilə talamaq məqsədi olmayıb, Nargiləyə əsəbləşdiyi üçün vəziyyət belə alınıb. Məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxsla qeyrirəsmi ər-arvad münasibətində olublar. Onun banka kredit borcu olub, həmin borcunu bağlamaq üçün İlqar əvvəllər ona təklif edib ki, atasının adına kredit götürsünlər. O isə İlqarın xasiyyətinə bələd olduğundan onun təklifini qəbul etməyib. İlqar bilib ki, 15 may 2024-cü il tarixdə o, Şahid1 evində yır-yığış etdikdən sonra axşam vaxtı banka 1800 manat ödəniş edəcək, lakin o, həmin ödənişi həmin gün Lyudmilanın evinə getmədən ödəmişdir. Həmin gün İlqar onda olan 1800 manat pulu ələ keçirmək üçün Lyudmilanın evini tapıb, həmin evə gələrək ona yenidən atasının adına kredit götürməyi təklif edib, lakin o, yenə də həmin təklifi qəbul etməyib. Bundan sonra İlqar ona yumruq vurmağa başlayıb, başını qapının dəmir çərçivəsinə vurub, ciblərini axtarıb və cibində olan mobil telefonunu, kartlarını, öəniş qəbzini və cibində nə olubsa, hamısını götürüb gedib. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, İlqar götürdüyü telefonu polis vasitəsilə ona qaytarıb. O, hadisədən bir gün əvvəl Lyudmila ilə danışanda sonuncuya onun evini yığışdırdıqdan sonra kredit ödənişi edəcəyini deyib və İlqar da bu zaman onun yanında olduğu üçün bu danışığı eşidib. İlqarın əsas məqsədi ona kömək etmək yox, atasının adına götürəcəyi krediti öz məqsədləri üçün istifadə edib, kredit ödənişini də onun üstünə atmaq olub. Elə buna görə də o, İlqarın kömək təklifini qəbul etməkdən imtina edib. Təqsirləndirilən şəxslə barışmayıb, ondan şikayətçidir. Məhkəmədə ölkə hüdudlarından kənarda olduğundan “WhatsApp” mobil tətbiqi vasitəsilə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu kimi tanıyır, həm də Nargilə onun yaxın rəfiqəsidir. İlqar ilə Nargilənin qeyri-rəsmi ər-arvad münasibətləri olduğundan məlumatı olub. 12 may 2024-cii ildə Nargilə ona zəng edərək borca pul istəyib, o isə pulu olmadığı üçün "Beynəlxalq Bank” ASC-dən 1900 manat kreditə pul götürüb və Nargiləyə verib. Elə həmin gün o, Nargilədən evinə gəlib ona ev işlərinə kömək etməyini istəyib, Nargilə də etiraz etməyib. O, 15 may 2024-cü il tarixdə Nargilə ilə görüşüb, taksi ilə onun Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən mənzilinə gedəndə Nargilə kreditini ödəmək üçün maşından düşüb banka yaxınlaşıb, o isə evi həmin yerə yaxın olduğu üçün taksi ilə evə gedib. Sonradan Nargilə piyada evə gəlib və onlar evi təmizləyiblər. Evin qapısı açıq olan zaman İlqar qapıdan içəri daxil olub və onlara köçməkdə kömək edəcəyini deyib və onlar birlikdə taksi ilə onun 1-ci məhəllədə yerləşən 1A nömrəli mənzilinə gediblər. Həmin evdə İlqar Nargiləyə anası və atasının kredit götürmək üçün onu gözlədiyini deyib və Nargiləyə onunla getməsini deyib, Nargilə isə onunla getmək istəməyib. İlqar ondan Nargiləyə nə qədər pul verdiyini və o pulun harda olduğunu soruşduqda o, Nargiləyə 1900 manat pul verdiyini və həmin pulu Nargilənin bankdakı kredit ödənişini ödədiyini deyib. X7 mübahisə etməyə başlayıb, İlqar əsəbi halda Nargiləyə hücum çəkib, Nargilənin saçından tutaraq onun başını əvvəlcə mənzilin dəmir qapısına vurub, sonra da onun bədəninə və üzünə dəfələrlə yumruq zərbələri vurub. O, Nargilə ilə İlqarı aralamaq istəsə də, İlqar onun saçından tutaraq onu kənara itələyib. Bir müddət sonra Nargilə huşunu itirib və yerə yıxılıb, İlqar Nargilənin ciblərini axtarıb, sonuncuya məxsus bir ədəd mobil telefonu və başqa əşyaları götürüb. Bundan sonra İlqar Nargilənin saçından tutaraq onu mətbəxə gətirib və yenə də Nargilənin ciblərini axtarıb və heç nə tapmayıb, daha sonra Nargilənin baş nahiyəsinə yenə də yumruqla zərbələr vurub. Bundan sonra mənzili balkondan qaçaraq tərk edib, daha sonra Nargilə İlqardan polisə şikayət edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğuldur, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 taksi işi ilə əlaqədar tanıyıb, onlarla hər hansı başqa münasibəti yoxdur. 15 may 2024-cü il tarixdə səhər saatlarında Lyudmila ona zəng edərək onu və Nargiləni Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən evinə aparmağını xahiş edib. O da razılaşıb və Nargilə ilə Lyudmilanı sonuncuya məxsus evə aparıb. Daha sonra yolun kənarında növbəti müştəriləri gözləyəndə Təqsirləndirilən şəxs ona yaxınalşıb və onu Nargiləni apardığı ünvana aparmağını istəyib, o da Nargilə ilə İlqarın qeyri-rəsmi ər-arvad münasibətlərində olduqlarını eşitdiyi üçün İlqarı Lyudmilanın evinə aparıb. Gün ərzində çox müştərisi olduğu üçün Nargilə ilə Lyudmilanı taksi ilə aparan zaman Nargilənin bankın yaxınlığında maşından düşməsini dəqiq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 2024-cü ilin may ayının ortalarında dəqiq xatırlamadığı gün axşam saatlarında Təqsirləndirilən şəxs onun evinə gəlib. O, İlqardan hal-əhvalını soruşduqda İlqar ona heç nə olmadığını, evdə yüngülvari mübahisəsi düşdüyünü bildirsə də, İlqarın həyəcanlı və narahat olduğunu görüb. Bir az oturub söhbət etdikdən sonra İlqarı öz maşını ilə evlərinə gətirmək üçün yola düşüblər, maşına minən kimi İlqar arxa oturacağa uzanıb. Yolda olanda İlqar ona Nargilə ilə mübahisəsi düşdüyünü deyib, o da narahat olduğu üçün bacısı Şahid3 zəng edib. Şahid3 ona deyib ki, İlqar Nargilə ilə dalaşıb, polislər onu axtarır. Bundan sonra o, İlqarı yaşadığı evə aparıb, elə evin həyətində polislər onlara yaxınlaşıblar və İlqarı polis idarəsinə aparıblar. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs uzun müddət Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ərarvad münasibətində olub. 2024-cü ilin may ayında İlqar evdə olan zaman Nargilənin maddi cəhətdən çətinlik çəkdiyini, yoldaşı Ramizin adına 3000-4000 manat kredit götürüb Nargiləyə borca verməklərini xahiş etmişdir. Onlar da ilkin olaraq bundan imtina etmişlər. Çünki İlqarın doğru yolda olmadığını, yoldaşı Ramizin adına götürüləcək krediti özünə götürəcəyindan və Nargiləyə verməyəcəyindən ehtiyat etmişlər. Lakin sonradan pulu Nargilənin özünə əlbəəl verilməsi şərti ilə razı olmuşlar. Belə ki, Nargilənin doğru qadın olduğunu düşündükləri və ona verəcəkləri pulu vaxtında tam qaytaracağından şübhə etmədikləri üçün onlar yekunda razı olmuşlar. 14 may 2024-cü il tarixdə Nargilə ona zəng edərək ona artıq hər hansı məbləğlə pulun lazım olmadığını, onun üçün kredit götürməyə ehtiyacının olmadığını bildirmişdir. Növbəli gün, yəni 15 may 2024-cü il tarixdə günorta saatlarında Nargilə ona zəng edərək hazırda İlqarın onun yanında olduğunu, İlqarın onu onların yanına kredit götürmək üçün aparmaq istədiyini və ona bir gün öncə kreditdən imtina etdiyini bildirmişdir. Danışıq zamanı o, Nargilənin sözlərini təsdiq edərək, krediti götürməkdən imtina etdiyi haqqında məlumatının olduğunu bildirmişdir. Həmin vaxt o, Nargilədən soruşmuşdur ki, "salamatçılıqdırmı?”, bu zaman İlqar ona telefonda "salamatçılıq olmayacaq” sözlərini deyib telefonu söndürmüşdür. Sonradan o, İlqarın Nargiləni döydüyünü bilmişdir. 15 may 2024-cü il tarixdə Nargilə İlqarın yanında onunla telefonla danışdıqdan sonra, yəni həmin gün İlqar evə gəlməmişdir. İlqar 15 may 2024-cü il tarixdə evə ümumiyyətlə gəlməmişdir. İlqarın Nargiləni döydükdən sonra Siyəzənə getdiyini sonradan bilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 may 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış X2 məxsus ünvan 3 ünvanda yerləşən mənzildə gündüz vaxtı təbii işıqlandırılmış hava şəraəitində keçirilib. Baxış zamanı sözügedən mənzilin binanın 1-ci mərtəbəsində yerləşməsi, 1 qonaq otağından, 2 yalaq otağından, 1 mətbəx otağından, 1 hamam və 1 sanitar qovşaqdan ibarət olduğu müəyyən edilib. Mənzilin giriş qapısından dəhlizə daxil olduqda giriş hissədə əlavə olaraq plastik qapının da quraşdırıldığı, dəhlizdən solda qonaq otağının, düz yataq otağının, dəhlizin sonunda mətbəx otağının, mətbəx otağına çatmamış sağda hamam və sanitar otaqlarının, solda ikinci yataq otağının balkonla birlikdə olduğu müəyyən edilib. Baxış zamanı Şahid1 mənzilin giriş hissəsini göstərib həmin yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəflətən hücum etdiyini, Nargilənin saçından tutaraq ilk öncə başını qapının dəmir çəlçivəsinə vurduğunu, yumruq zərbələri ilə onun bədəninə və üzünə dəfələrlə vurduqdan sonra Nargilənin huşunu qismən itirib, yerə yıxıldığını, yerdə olan zaman İlqarın Nargilənin ciblərini axtardığını, Nargilənin cibindən sonuncuya məxsus bir ədəd mobil telefonu və digər hazırda xatırlamadığı əşyaları götürdüyünü, bundan sonra Nargilənin saçlarından tutaraq onu mətbəxə gətirdiyini, mətbəxdə olan divanın üzərində otuzdurduğunu və yenə də Nargilənin ciblərinə, əsasən də gödəkçəsinin iç ciblərin axtarmağa başladığını, ciblərindən heç bir şey tapmadığı üçün Nargilənin baş nahiyəsinə yenə də yumruqla zərbələr endirməyə başladığını, bundan sonra mənzili balkondan qaçaraq tərk etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 17 may 2024-cü il tarixli “təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd “Redmi” markalı mobil telefon, içərisində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, "Umico" kartı, “Birbank” kartı, 200 rubl, 1 və 2 ABŞ dolları əskinasları, 10 “X10” tərəfindən tədavülə buraxılmış pul əskinası və qəbzlər olan qəhvəyi rəngli dəri pul kisəsi, "Huawei" markalı mobil telefon, kiçik ölçülü qara rəngli mobil telefon, "Yelo bank”ın ödəniş qəbzi, topraq sahəsinin plan sənədi, qəbz, Zərərçəkmiş şəxs mənzilinin işıq sayğacı kartı təqdim edilməklə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 05 avqust 2024-cü il tarixli “mübadilə əməliyyatı haqqında bank çıxarışına və qəbzə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin qəbzlərin görüntülərinə baxış zamanı çıxarışın ağ rəngdə olması müəyyən edilib, üzərində yuxarı hissəsində "xxxx" mübadilə əməliyyatı haqqında bank çıxarışı" yazıları yazılması, sonra aşağı hissəsində bankın adı – "xxxx" ASC - Sumqayıt FİLİAL. bankın qeyd N tarixi - **********. Mübadilə şöbəsinin ünvanı - Sumqayıt ş. mik – 1, Nəriman Nərimanov küç. 49B, əməliyyatın tarixi - xx.xx.2024, əməliyyatın vaxtı 11:22:42, əməliyyatın növü - Kassadan satış yazıları yazılması. Zərərçəkmiş şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun 1.7025 məzənnəsi ilə 1057.27 ABŞ dollarına mübadilə edilməsi görünür. Baxış zamanı 2-ci qəbzin ağ rəngdə olması müəyyən edildi, üzərində yuxarı hissəsində "Mədaxil qəbzi", "xxxx", tarix: xx.xx.2024. VÖEN/TAX İD: **********, Ödəyən: Zərərçəkmiş şəxs, alan: Zərərçəkmiş şəxs. Hesabın nömrəsi: 804-174793-20, məbləğ: 1057.2 USD, təyinatı: Zərərçəkmiş şəxs kredit ödənilməsi sözləri yazılması görünür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 19 iyun 2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində təfərrüatlı şəkildə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 19 avqust 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üznə deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 29 avqust 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzləşdirilən zaman Şahid1 ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üznə deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırıqlarına verilmiş cavablardan görünür ki, sözügedən əməlin törədilməsində Təqsirləndirilən şəxs başqa şəxslərin iştirak etmədiyi, bu və ya digər yolla əməlin törədilməsində ona köməklik edən şəxsin olmadığı, 15 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qorşkova Lyyudmila Vladimirovnaya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 18/33a, 17 saylı mənzilə aparmış taksi sürücüsünün ünvan 6 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Şahid4 olduğu, Təqsirləndirilən şəxs tərəfindən başqa bir cinayət əməlinin törədilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 86 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT. Baş beyin silkələnməsi, sol qaş və gicgah-ənsə nahiyyəsinin əzilmiş yaraları, hər iki gözətrafında burnun üstünü tutan, sağ bazunun bayır səthinin orta 1/3-nin, sağ budun bayır səhinin orta 1/3-nin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmay aiddir. Xəsarətləri Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/6615 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd "Redmi Note 12” markalı, 128 gb daxili yaddaşlı mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 210.00 manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin mobil telefonların hansı hissələrinin yararlı olduğu müəyyən deyil. Həmçinin qeyd edilir ki, həmin mobil telefonların yararlı ehtiyyat hissələrinin müəyyən olunması məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir Qeyd edilən mobil telefonların ehtiyyat hissələrinin yandığının müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 avqust 2024-cü il tarixli, 2256 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psiopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus “Redmi Note 12" markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd işıq sayğacına adı plastik kart 20 may 2024-cü il tarixli qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmiş, Yelobank”a edilmiş ödənişi təsdiq edən qəbz cinayət işi materiallarında saxlanılmışdır. “Elektron məhkəmə” informasiya sistemində əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2008-ci il təvəllüdlü iki uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən təyin edilmiş cəza 06 ay azaldılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən, xx.xx.2024-cü il tarixində yenidən qəsdən cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi vardır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Həmin qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əsəbləşdiyi üçün zərəçəkmişi vurması, onun pulunu ələ keçirmək niyyətinin olmaması, telefonu götürməkdə məqsədinin zərərçəkmiş şəxsin polisə məlumat verməsinə mane olması ilə bağlı bildirdiklərinə gəldikdə isə təqsirləndirilən şəxsin bu cür ifadə verməsini məhkəmə kollegiyası müdafiə taktikasından irəli gələn və onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmamış uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli qərarla həbs qətimkan tədbirinin müddəti 18 dekabr 2024-cü il tarixədək uzadılmış və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 01 ədəd “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması və "xxxx"a edilmiş ödənişi təsdiq edən qəbzin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixindən 19 may 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması və "xxxx"a edilmiş ödənişi təsdiq edən qəbzin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar