Məhkəmə qərarları › İş №1(124)-176/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-176/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-176/2023 28.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs : Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Ağdaş rayonu Aşağı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Xəzər bağlar massivində fərdi evdə yaşayan, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin sol gözündə görmə qabiliyyətinin tamamilə itməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində kirayə yaşadıqları Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun qardaşıgildən ona xəbər etmədən gəlməsinə iradını bildirib ailə-məişət zəminində mübahisə edərək azyaşlı uşaqları Şahid2 və Şahid3, həmçinin gəlini Şahid1 gözü qarşısında onu vurmağa başlamış, sonuncuların araya girməsindən istifadə edən Zərərçəkmiş şəxs əlindən çıxaraq yataq otağına keçdikdən sonra Təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək arxasınca yataq otağına girib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək yenidən azyaşlı uşaqlarının gözü qarşısında onların analarına xətər yetirməməsi barədə yalvarışlarına məhəl qoymayıb öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk və arzu edərək Zərərçəkmiş şəxs işgəncə və xüsusi ağrılar verməklə xüsusi amansızlıqla əli ilə sol gözündən zərbələr vuraraq sonuncuya dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid olan sol göz almasının ağır dərəcəli kontuziyası, skleral ruptura, sol gözdə görmə itiliyi VisOS=0 ilə nəticələnən, bununla da zərərçəkmiş şəxsin sol gözündə görmə qabiliyyətinin tamamilə itməsinə səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisənin səbəbi onun hadisə günü evə taksi ilə gəlməsi olmuşdur. Belə ki, zərərçəkmiş şəxs evə gəldikdən sonra bu səbəbdən aralarında mübahisə yaranmış, o özünü saxlaya bilməyib bir dəfə sillə ilə onun sifətinə vurmuş, bu vaxt onun barmağı Lalənin gözünə dəymişdir. Onu vuran zaman uşqlar orda olmamış, uşaqlar sonradan gəlmişdir Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs ilə mübahisəsinin 10-15 dəqiqə davam etdiyini, mübahisə vaxtı onu bir dəfə vurduğunu, uşaqların həmin vaxt orda olmadığını və onun Laləni necə vurmağını görmədiklərini, sonradan hadisə yerinə gəldiklərini demişdir. Laləni vurduqdan sonra onun gözündən qan axmasını görmüş və kənara çəkilmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bir sillə zərbəsi vurub çəkildiyini, ona yumruq yox məhz sillə ilə zərbə yetirdiyini, zərərçəkmiş şəxsin gözündən əvvəlcə su, ardınca isə qan gəldiyini demiş, onu vurarkən məqsədinin ona ağır yox, yüngül xəsarət yetirmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Lalə ilə təxminən 15 il əvvəl ailə həyatı qurmuş və bu evlilikdən üç övladı dünyaya gəlmişdir. Arvadı Lalə, övladları Nəbizadə Jalə, Şahid2, Şahid3, ögey oğlu X3 və onun arvadı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. Fəhlə kimi işləyərək ailəsini dolandırmışdır. Qazancı normal olmadığından, maddi çətinlikləri olduğundan evdə Lalə ilə bəzən ailədaxili mübahisələri olmuşdur. 29 yanvar 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olduğu zaman arvadı Lalə gəlini Mehribanla birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yaşayan Lalənin qardaşı Kamalın evinə xəstə olduğundan ona baş çəkməyə getmişlər. Təxminən saat 20 radələrində o, Laləyə zəng vurub harada olduqlarını soruşmuş, Lalə isə Mehribanla birlikdə yaşadıqları evə gəlmək üçün çıxdıqlarını demişdir. O, Laləyə gəlib onları evə gətirməyi təklif etsə də Lalə buna razı olmamış və özlərinin gələcəklərini demişdir. Bir müddətdən sonra Lalə və Mehriban yaşadıqları evə gəlmişlər. Lalə evə gəldikdən sonra o, sonuncu ilə mübahisə edib nə üçün gəlib onu gətirməsinə icazə vermədiyini demişdir. Lalə isə onunla əsəbi halda danışaraq özlərinin gələ bildikləri üçün elə dediyini bildirmişdir. Lalənin rəftarı ona pis təsir etdiyindən Lalə ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt evdə qızı Günay və oğlu Xudu olmuş, onlar yatmışlar. Onların səs-küyünə uşaqlar da oyanıb onların yanına gəlmişlər. Mübahisə zamanı o, əsəbiləşdiyindən əli ilə Lalənin sol gözünə vurmuşdur. Həmin vaxt Lalə gözünü tutmuş və sonuncunun gözündən qan axmağa başlamışdır. Bundan sonra Mehriban tanımadığı taksi çağıraraq Laləni Sumqayıt şəhər TTYX-ya aparmışdır. Sonradan isə Lalənin qardaşı Kamal onu Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasına aparmış və orada Lalə gözündən əməliyyat olunmuşdur. Sonradan bilmişdir ki, Lalənin sol gözü görmə qabiliyyətini tamamilə itirmişdir. 29 yanvar 2022-ci il tarixdə, təxminən saat 20 radələrində kirayə yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi yaşayış evində əli ilə arvadı Lalənin sol gözünə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada özü və Lalədən başqa gəlini Mehriban, övladları Xudu və Günay olmuşdur. Onun Lalə ilə aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. 25 aprel 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi üçün qardaşının xəstə olmasına baxmayaraq onun yanına gedə bilməmiş, 29 yanvar 2022-ci il tarixdə gəlini ilə birlikdə qardaşını ziyarətə getmişdir. Elxan ona zəng vuraraq “Gəlib səni götürüm” demiş, o da ehtiyac olmadığını, gəlini ilə birlikdə olduğunu, salona gedəcəklərini demiş, Elxan da ona etiraz etməmişdir. Kirayə yaşadığından 40 manata işlənmiş soyuducu almış, həmin soyuducu evin həyətində olmuş, onları gətirən taksi şoferi tanış olduğundan həmin şəxsdən çöldə olan soyuducunu içəri qoymağı xahiş etmiş, lakin evə daxil olduqda Elxanın yatdığını görüb taksi şoferi “Dəymə, sonra gəlib qoyarıq” demiş və çıxıb getmişdir. Daha sonra Elxan onunla mübahisə etməyə başlayıb ona “Niyə səni mən götürmədim?” demişdir. Onlar əvvəl sözlü mübahisə etmiş, sonra Elxan ona sillə və yumruq vurmuşdur. O, Elxanın sakitləşməsi üçün öz otağına keçmiş, həmin vaxt qızı Günay yatmış, oğlu Xudu isə oyaq olmuşdur. Otağa keçdiyində həm Elxan, həm də gəlini onun arxasınca getmiş və Elxan həmin otaqda da mübahisəni davam etdirmişdir. Zərər çəkmiş şəxs Elxana “Məndən nə istəyirsən” deyib üzünü çevirdikdə o, zərər çəkmişi vurmuş, həmin vaxt onun gözündən su axmağa başlamışdır. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq sol gözündə görmə qabiliyyətinin tam itdiyini, hadisə vaxtı gəlininin onları ayırmağa çalışdığını, uşaqların isə ağladığını, uşaqların Elxanın onun gözünə xəsarət yetirdiyini gördüyünü demişdir. Elxanın hadisədən əvvəl də onu döydüyünü, bu səbəbdən ondan boşandığını bildirmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq kirayə yaşadıqları evin iki otaqlı olduğunu, uşaqların ehtiyacını Elxanla birlikdə qarşıladıqlarını, Elxanın içki düşkünü olmadığını, Elxanın sexdə, özünün isə səhər saat 09:00-dan 00:00-ə qədər kafedə işlədiyini, Elxanın deməsinə görə onu qısqandığı üçün bu hadisəni törətdiyini, hadisədən sonra Elxanın ondan üzürxahlıq etmədiyini, eyni evdə yaşadıqları üçün hələ də onu incitməyə davam etdiyini, təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, qayınanası Lalə ilə birlikdə ərinin dayısıgilə getmiş, həmin vaxt qaynatası Elxan Laləyə zəng vuraraq “Gəlib, sizi götürüm, evə gətirim” demiş, Lalə isə “ehtiyac yoxdur, özümüz gəlirik” deyə ona cavab vermişdir. Elxanın maşını olmamış, o sadəcə yolboyu onları müşayiət etmək istəmişdir. Həmin söhbətdən bir neçə saat sonra onlar yola çıxmış, bu zaman əvvəlcədən tanıdıqları Namiq adlı şəxslə rastlaşmış, Namiq onları taksi kimi ünvana çatdırmış, buna görə ona pul da vermişlər. Evə çatandan sonra Namiq qonşudan aldıqları soyuducunun evə daşınması üçün içəri keçmiş, həmin vaxt Elxan uzanmış, evə adam gəlməsinə baxmayaraq yerindən tərpənməmiş, Namiq isə inciyərək getmişdir. O, gedəndən sonra Lalə Elxana “Sən həmişə ona salam verirdin, bəs niyə indi ayağa durmadın” demiş, həmin məsələyə görə onlar arasında mübahisə yaranmış, mübahisə zamanı qayınatası qayınanasını 1-2 dəfə sillə, yumruqla vurmuş, o, isə həmin vaxt onları ayırmağa çalışmışdır. Daha sonra qaynanası Lalə digər otağa keçmişdir. Elxan Lalənin ardınca otağa keçmiş, orda da onu vurmağa davam etmişdir. Elxan Laləni vurarkən Lalə üzünü çevirmiş, zərbə onun gözünə dəymiş, bu zaman onun gözündən su axmağa başlamışdır.Həmin hadisələr baş verərkən Xudu oyaq olmuş, Günay isə yatmışdır. Hadisədən sonra o təcili tibbi yardıma zəng etmiş, taksi ilə zərər çəkəni xəstəxanaya aparmışdır. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Elxan Lalənin gözünə xəsarət yetirən zaman zərər çəkənin uşaqları Xudu və Günay orda olmuş, Lalə birdən “gözüm” deyib qışqırmış və başını “taxt” ın üzərinə qoymuşdur. Ayağa qalxdığı zaman isə onun gözündən əvvəlcə su, daha sonra qan gəlmişdir. Həmçinin onların arasında əvvəllər də mübahisə olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə günü o, evdə olan səs-küyü eşidib yuxudan oyanmış, həmin vaxt atası ilə anası dava etmiş, atası anasını vurmuşdur. O özü də aranı sakitləşdirməyə çalışmış, qardaşı Xudu da orda olmuşdur. Atası əvvəlcə anasının üzünə vurmuş, anası digər otağa keçmiş, orda olan zaman isə atası anasının gözünə xəsarət yetirmişdir, anası əli ilə gözünü tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, hadisə günü anası ilə gəlinləri hardansa evə qayıtmış, özü isə atası Elxanla birlikdə evdə olmuşdur. Onlar evə daxil olduqdan sonra atası yuxudan oyanmış, atası ilə anası dava etməyə başlamışlar. Daha sonra anası digər otağa keçmiş, atası da onun arxasınca otağa girmişdir. Atası ilə anasının dava etməsindən qorxduğu üçün onların arxasınca otağa keçmiş və anasının gözündən yaralandığını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Sumqayıt TTYX-nın tibb bacısı Şükürova məlumat verərək Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivində nömrəsiz evdə yaşayan 1978-ci il təvəllüdlü X4 həyat yoldaşının yumruqla sol gözünə vurması nəticəsində gözünün daxili qişalarının xaricə çıxması xəsarəti almasını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 13/200 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol göz almasının ağır dərəcəli kontuziyası, skleral ruptura, sol gözdə görmə itiliyi VisOS=0. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin X6 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası SN-nin MPEM publik hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1818 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prossesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs itellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri özünü biruzə vermir. Qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətinə olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci iltarixli 3-li “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində övladları Günay və Şahid3 göü qarşısında Zərərçəkmiş şəxs əli ilə sol gözündən zərbələr vuraraq sonuncuya dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid olan sol göz almasının ağır dərəcəli kontuziyası, skleral ruptura, sol gözdə görmə itiliyi VisOS=0 ilə nəticələnən, bununla da zərərçəkmiş şəxsin sol gözündə görmə qabiliyyətinin tamamilə itməsinə səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirməsi qənaətinə gələrək mötəbər sübut kimi qəbul edir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs başqa yerdə yaşamasına baxmayaraq Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və elektron məhkəmə sistemindən çıxarışdan aydın olur ki, təqsirləndirilən şəxs Abdurahman oğlunun qızı X5 xx.xx.2007-ci il, X2 xx.xx.2016-cı il, Şahid3 isə xx.xx.2012-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 28 fevral 2023-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar