Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-176/2024 05.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6, yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədilə, külli miqdarda, yəni ümumilikdə 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1800 qram olan narkotik vasitə heroini əldə edib saxlamış, 21 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Quba rayonu Alekseyevka kəndində yol kənarında yerləşən adsız kafenin qarşısında saxlanılaraq əlində saxladığı qara rəngli sellofan bükülüyə baxış keçirilən zaman 01 (bir) ədəd bükümdə 1800 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o tutulmamışdan əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur. 21 yanvar 2023-cü ildə o Əhmədlidə Xəzərin dairəsində çayxanada olarkən onunla əvvəllər bir məhəllədə yaşayan Vüqar ona zəng edib rayona getməyi xahiş etrmişdir. Vüqar tikinti ustası olduğundan ona bildirmişdir ki, Goranboya və Cəlilbada və Qubaya getmək lazımdır. Həmin rayonlarda iş görüb, ona borclu qalıblar, gedib pul götürmək lazımdır. Vüqar taksi kimi onu aparmağın müqabilində ona 400 manat pul verməyi söz vermişdir. O Vüqarla razılaşıb onu 20 yanvar metrosunun yanından götürüb Qubaya yola düşmüşlər. Yolda Vüqar ona demişdir ki, ona konum atılmalıdır, amma interneti yoxdur, olarmı ki, sənə atsınlar konumu. O da icazə vermişdir. Vüqar ona demişdir ki, konum atılan yerdə onun tikintiyə aid çantası vardır, həmin çantanı da götürəcəkdir. Onlar konum atılan yerə axşam vaxtı çatmışlar. Vüqar ona demişdir ki, konum sənin telefonundadır düş çantanı gətir. O maşından düşüb konumda göstərilən yerə tərəf gedərkən polislər onu saxlamışlar. Onun əli içində narkotik olan torbaya dəyməmişdir. Polislər tərəfindən şiddətə məruz qalmış, polislər özləri içində narkotik olan torbanı ona verib çəkiliş aparmışlar. Ona ittihamda verilən 1800 qram heroinin ona aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq iş yeri olmasa da idarə etdiyi Toyota prius markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi faəliyyət göstərir. Bakı şəhərində yaşayan tanışı Ceyhun onunla əlaqə saxlayaraq Vahid adlı iranlı şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığını, həmin Vahid adlı iranlı şəxsi onunla tanış edəcəyini və onun da həmin iranlının sifarişi ilə müxtəlif yerlərdən mal götürüb Ceyhuna gətirib verməyini təklif eləmişdir. Bunun da qarşılığında yəni, malı götürüb qeyd edilən ünvana çatdırmağının qarşılığında 400 manat pul veriləcəyini demişdir. Onun da pula ehtiyyacı olduğundan Ceyhunla razılaşmışdır. Bundan sonra whatsapp proqramında tanımadığı +**********01 saylı mobil nömrədən ona ismarıc gəlmiş və həmin qeyd etdiyi Vahid adlı iranlı şəxs olduğunu bildirmişdir. Həmin şəxslə danışıq zamanı iranlı şəxs ona bildirmişdir ki, Quba rayonu ərazisinə “bir şey” qoyacaq və o da gedib həmin şeyi götürdükdən sonra ona kart vasitəsi ilə 400 manat ödəniş edəcəkdir. O, həmin İranlıdan “bir şey” dedikdə nəyi nəzərdə tutmasını soruşmuşdur. İranlı şəxs cavabında mal götürəcəyini demişdir. O da cavabında nəqədər mal götürəcəyini soruşmuş və iranlı cavabında 800 qram olduğunu demişdir. Razılaşmalarına əsasən o, iranlının qeyd etdiyi yerlərdən iranlının göndərdiyi malları götürüb Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoyacaq və bunun da qarşılığında iranlı ona kart vasitəsi ilə 400 manat pul ödəyəcəkdi. O, iranlının göndərdiyi paketi götürən zaman da həmin yerdən şəkil çəkib iranlıya atmalıymış. 21 yanvar 2023-cü il tarixdə İranlı şəxslə danışıq zamanı Quba rayonu ərazisinə mal qoyacağını demişdir. Həmin günü 20 yanvar metrostansiyasının yaxınlığından tanışı Vüqarı da götürmüş və birlikdə Quba rayonuna doğru yola düşmüşlər. Yolda gələn zaman iranlı şəxs Quba rayonu ərazisində narkotik vasitələri qoyduğu yeri və həmin yerin fotoşəkillərini whatsapp programı vasitəsi ilə ona göndərmişdir. Daha sonra Vüqarla birlikdə həmin yerin yaxınlığına getmişdir. O, avtomobildən enib yol kənarında olan işləməyən kafenin daxilinə keçmiş, Vüqar isə avtomobildə qalmışdır. O, kafenin daxilində narkotik vasitəni götürən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və buna görə də üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra digər polis əməkdaşları və vəkil də gəldikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olmadığını, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini demişdir. Qubaya hansı məqsədlə gəldiyi soruşulduqda o, əlində olan qara rəngli sellofandakı narkotik vasitəni göstərib həmin narkotiki götürmək üçün Qubaya gəldiyini lakin, polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Əlində olan sellofanı haradan əldə etdiyi soruşulduqda o, tanımadığı iranlı şəxsin həmin narkotiki saxlanıldığı yerə qoydurduğunu onun da həmin narkotiki götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Bundan sonra əlində olan qara rəngli sellofanın içərisindəki narkotik vasitə elektron tərəzidə ölçülmüş və çəkisi 1870 qram gəlmişdir. Sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra o, binanın daxilinə keçərək narkotik vasitənin olduğu yeri də polis əməkdaşlarına göstərmiş və həmin yerin şəkillərini iranlı şəxsin ona göndərdiyini demişdir. Daha sonra idarə etdiyi avtomobilə də baxış keçirilmiş lakin, idarə etdiyi avtomobildən dövriyyəsi qadağan edilmiş əşya predmentlər aşkar edilməmişdir. Daha sonra isə onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. O, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər məhkum olunmamış və narkotik vasitələrin satışı ilə məşğul olmur. O, narkotik vasitələrin dövriyyəsi ilə məşğul deyil. O, sadəcə olaraq həmin narkotiki götürüb deyilən yerə aparıb verməli olmuşdur. Onun İşi yalnız həmin bükülünü Qubadan Bakı şəhərinə apardıqdan sonra 400 manat pul almaqdan ibarət olub. Vüqar və Ceyhunun isə həmin tanımadığı iranlı şəxslə hansı münasibətlərinin olmasını bilmir. Malı götürməmişdən əvvəl həmin iranlı mənə səs ataraq götürəcəyi malın 200 qramını və ya 200-lə bağlı hissəsini Ceyhuna verməyini demişdir. Həmin iranlı onunla danışan zaman Ceyhunla daimi əlaqə olduğunu demiş və Ceyhunla əlaqə qura bilməyəndə ona zəng edib və ya səs atıb Ceyhunun harada olmasını maraqlanmışdır. Həmin iranlı ilə onu Ceyhun tanış etmişdir. O da pula ehtiyyacı olduğundan iş görmək üçün razılaşmışdır. Tutulmamışdan əvvəl də iranlının göndərdiyi narkotik vasitəni əslində Vüqar götürməli olmuşdur. Sadəcə olaraq Vüqarın mobil telefonunda internet olmadığından, İranlı şəkilləri və yeri internet vasitəsi ilə göndərdiyindən, onun interneti olduğu üçün o, düşüb həmin narkotik vasitəni götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, Vasiflə bir məhəllədə böyümüş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 21 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində Vasif ona zəng edib əgər işi yoxdursa onunla birlikdə Quba rayonuna gedib-gəlməyini, şəxsi işi olduğunu bildirmişdir. O da bekar olduğu üçün Vasiflə razılaşmış və Vasif onu idarə etdiyi “Toyota Prius” markalı taksi avtomobili ilə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığından götürmüş və onlar birlikdə Quba rayonuna gəlmişlər. Quba rayonuna axşam çatmışlar. Qubada Vasif avtomobili tanımadığı bağlı bir obyektin qarşısında saxlamış və avtomobildən düşüb həmin obyektə tərəf getmişdir. O isə avtomobildə əyləşib Vasifi gözləmişdir. Bir qədər keçdikdən sonra ona məlum olmuşdur ki, Vasifi polis əməkdaşları narkotik vasitə ilə tutublar, daha sonra avtomobilə də yaxınlaşıb baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra araşdırma aparılması ilə bağlı onu və Vasifi polis şöbəsinə aparmışlar. X8 rayonuna narkotik vasitə əldə etmək məqsədilə gəlməsindən məlumatı olmamışdır. Vasif ona sadəcə Quba rayonunda öz şəxsi işi olduğunu, bir nəfərlə görüşəcəyini, daha sonra da geri qayıdacaqlarını bildirmişdir. Vasif yolda telefonla bir neçə dəfə danışsa da, kiminlə nə barədə danışmasından məlumatı olmamışdır. Onun heç bir İranlı şəxslə əlaqəsi yoxdur. O Vasifə taksi xidməti kimi Qubaya getmək üçün 400 manat pul təklif etməmiş, Qubada və ya digər rayonlarda gördüyü tikinti işlərinə görə ona borclu şəxslər olmamışdır. O əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etsə də, hazırda narkotik vasitə istifadə etmir. Qubada ondan analiz götürülmüş, analizdə narkotik aşkar olunduğundan o inzibati qaydada 15 gün həbs edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 21 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Quba RPŞ-nin TB-nin təhqiqatçısı Cəlal Sultanov, NMQ-nun əməliyyat müvəkkili Şahid2 və KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 yanvar 2023cü il tarixdə saat 22:00 radələrində Quba rayonu, Alekseyevka kəndində yol kənarında yerləşən adsız kafenin daxilində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğu bildirilmişdir. Bir qədər keçdikdən sonra digər polis əməkdaşları və dəvət edilmiş vəkilində iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılması Təqsirləndirilən şəxs saxlanıldığı adsız kafenin qarşısında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofanı göstərib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Quba rayonuna narkotik vasitəni götürmək üçün gəldiyini, iranlı şəxslə danışdığını və narkotik vasitəni götürdükdən sonra iranlının onun kartına 400 manat pul vurmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs dostu ilə birlikdə Quba rayonuna gəldiyini, lakin dostunun heç nədən məlumatı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindəki bükülüyə baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli narkotik vasitə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 1870 qram gəlmişdir. Aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs mobil telefonunun whatsapp ani mesajlaşma sistemini açıb və həmin ani mesajlaşma sistemində +**********01 saylı mobil nömrəli “~vahed ” adı yazılan şəxslə mesajlaşmaları, həmçinin Təqsirləndirilən şəxs yolda gələn zaman həmin şəxsə gəldiyi yolda atdığı ismarıcları da onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs birlikdə gəldiyi Vüqar adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə də baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmadığını bildirmiş və avtomobilə baxış keçirilsə də dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən polis əməkdaşı Şahid2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Pəhlivan oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxs Quba rayonu, Alekseyevka kəndində yerləşən Diaqnostika mərkəzinin arxasında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Pəhlivan oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən təxirəsalınmaz əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarışın keçirilməsi haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:55-dən saat 23:10-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində tutduğu içərisində yük olan sellofan paketi göstərərək içərisində narkotik vasitə olduğunu, bir iranlı şəxsin telefon zənginə əsasən öz avtomobili ilə saxlanıldığı yerə gəlib həmin torbanı götürdüyünü, torbanı götürəndən sonra iranlıya məlumat verəcəyini, iranlı bunun üçün onun kartına 400 manat yüklədikdən sonra həmin torbanı aparıb iranlının dediyi yerə qoyacağını bildirir. Məhkəmə iclasında cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs saxlanılarkən qeydə alınmış görüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, həmin görüntülərdə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və yuxarıda protokolda qeyd edilənlər bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A10S” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa məlum olmayan Vahid adlı iran vətəndaşı ilə Təqsirləndirilən şəxs danışıqlarının olması əks olunmuşdur. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını göstərən sübutları özündə əks etdirdiyindən “Samsung Galaxy A10S" markalı mobil telefonun “Qalereya” tətbiqinin yaddaşında olan foto-şəkillər və iran vətəndaşının zənglərinin şəkili çoxaldıcı qurğularda çap olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 6/416 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №67”-li dairəvi möhür əksi, “vət Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1800 qram (1 kq 800qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubliaksının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, İ Siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli, 2386 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi – 1799,8 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Quba RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan 12 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Quba rayon prokurorunun müavinin həmin qərarı ilə Təqsirləndirilən şəxs polislər tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar göstərdiyi xüsusatlarla bağlı araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Şəhər Probasiya İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması və 2150 (iki min yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş, 28 avqust 2020-ci il tarixdə hökmün azadlığın məhdudlaşdırılmasına dair hissəsinə dair cəza müddəti başa çatmış, 2150 (iki min yüz əlli) manat cərimə cəzası isə ödənilməmişdir. Bu səbəbə görə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin onun əlində olan 1800 qram narkotik vasitə heroinin polislər tərəfindən ona verildiyi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs guya Quba rayonuna Şahid3 xahişinə əsasən kimlərinsə Vüqara olan pul borcunu götürmək üçün 400 manat müqabilində getməsi isə məhkəmədə dindirilən təqsirləndirilən şəxsin özünün dostu və tanışı Şahid3 ifadəsi ilə təkzib olunmuşdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə onun məhkəmədə verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2023-cü il tarixdə Quba RPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Quba rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1799.8 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzasına hesablanmaqla çıxılsın və onun üzərində 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməyən 2150 manat cərimə cəzası hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2150 (iki min yüz əlli) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 2150 (iki min yüz əlli) manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1799,8 qram olan narkotik vasitə heroin məhv edilsin, iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-176/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-176/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver