Məhkəmə qərarları › İş №1(124)-178/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-178/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-178/2023 04.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, N.Nərimanov küçəsi ev 351-də qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə saat 03 radələrində tanışı Şahid1 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs sol tərəfdən sinə nahiyəsindən vuraraq, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi kəsici-deşici alətin təsirindən törənən qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 ilə birlikdə torpaq alqı-satqısı işi ilə məşğul olmuşdur. Onlar birlikdə işlədikdən sonra Elşənin ona müəyyən miqdar borcu yaranmış, lakin o, yığılan borcunu vermək istəməmişdir. Bir gün isə o, zəng edərək “Gəl, borcunu verim” demişdir. O, da öz avtomobili ilə onun yaşadığı yerə getmiş, buna baxmaraq o, evdə olmamış, Elşənin arvadı Zərərçəkmiş şəxs isə evdə olmuş, onu evin kamerasından görərək çölə çıxmışdır. Aygün onu təhqir etmiş və söyüş söymüşdür, o, da bundan sonra meyvə doğramaq üçün avtomobilində saxladığı bıçağı götürərək ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Elşən ona borcunu qaytaracağı barədə vəd verdiyi üçün onun yaşadığı yerə getmiş, yəni, Elşən onu yanına çağırmışdır. O, Elşənin yaşadığı yerə 23:30 radələrində getmiş, gecə saat 03 radələrində orada olmamışdır. Həmin gün Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün ona bir bıçaq xəsarəti yetirmişdir. O, Aygünü yaraladıqdan sonra Elşəni avtomobildə gözləmişdir. Elşənin qardaşı qonşuluqda yaşamış, o, Aygünə kömək edib təcili tibbi yardıma zəng etmişdir. Zərərçəkmiş şəxs o, avtomobildə olarkən gəlib qapını açmış və onu təhqir etməyə başlamışdır. Həmin bıçaq ona hədiyyə edilmişdir. O, əvvəllər narkotik vasitədən yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etmişdir. Zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə yerinə getdiyi zaman narkotik vasitənin təsiri altında olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadə də göstərmişdir ki, hal hazırda 2 azyaşlı övladı ilə birlikdə yaşayır, fərdi qaydada işləməklə ailəsini dolandırır. Təxminən 1 il bundan əvvəl adı yadında qalmayan Türkiyə Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona bıçaq hədiyyə etmiş, onun adını və telefonunu unutmuşdur. Əldə etdiyi bıçağı məişətdə istifadə etmək üçün üzərində gəzdirmişdir. Şahid1 təxminən 3 il olar ki, tanıyır, onunla birlikdə torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Elşənin ona borcu olduğundan mütəmadi olaraq pulunu istəmiş, lakin Elşən ona borcu olmadığını demişdir. 30 yanvar 2022-ci il tarixdə Elşənə zəng etmiş və onunla görüşmək istədiyini demişdir. Elşən evdə olmadığını, evə gəldiyi təqdirdə onunla görüşəcəyini demişdir. O, Elşəni gözləsə də görüşə gəlməmişdir. 31 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində idarə etdiyi VAZ-2107 markalı **-CF-*** qeydiyyat nişanlı avtomobillə Elşənin yaşadığı evə getmişdir. Elşəni səsləsə də həyətə çıxan olmamış və onun yaşadığı evin dəhlizinə daxil olub Elşəni yenidən səsləmişdir. Elşənin arvadı Zərərçəkmiş şəxs yuxulu vəziyyətdə dəhlizə çıxmış və ondan Elşənin evdə olubolmamasını soruşmuşdur. Aygün isə onu təhqir edərək evdən çıxmağını tələb etmişdir. O, Elşənin evdə gizlənməsini zənn edib bir daha onunla görüşmək istədiyini demişdir. Bu zaman Aygünlə aralarında mübahisə yaranmış və Aygünün saçından tutub üzərində gəzdirdiyi bıçaqla sinə nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, evdən çıxıb avtomobilində gözləməyə başlamışdır. Bir müddət sonra Elşən və qardaşı Tağı oraya gəlmişlər. O, əsəbi halda Elşəndən pulunu tələb etmiş, aralarında münaqişə yaranmış və Elşən sillə ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Tağı isə əlində olan bıçağı alıb həyətə tullamışdır. Sonradan Aygün və ya əri bıçağı müstəntiqə təqdim etmiş və müstəntiq tərəfindən bıçaq təqdim olunanda ona məxsus olduğunu, həmin bıçaqla Aygünə xəsarət yetirdiyini bildirmişdir. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmiş və hadisəni kənar heç kim görməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra onu yenidən vurmaq imkanı olmuş, lakin hərəkətindən qorxub dayanmışdır. Həmçinin məqsədi Aygünü bıçaqla qorxutmaq olmuşdur ki, ərinin yerini desin. O, təxminən 3-4 aydır ki, narkotik vasitə olan patıdan istifadə etmiş, həmin narkotik vasitəni tanımadığı şəxsdən alıb istifadə etmiş, hazırda istifadə etmir. Şahid1 mənzilinin qapısında borcunu almaq üçün səsləmiş, mənzilin qapısının açıq olduğunu görüb içəri daxil olmuş, məqsədi Elşəni tapıb borcunu istəmək olmuşdur. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli və həmin əmələ görə onun təqsirliliyi məhz onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən bir həftə əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və əri Elşənin evdə olub-olmadığını soruşmuş, o, da onun evdə olmadığını söyləmişdir. Həmin vaxt onlar mübahisə etmiş, bir-birilərinə söyüş söymüş, daha sonra o, qapını bağlayıb evinə girmişdir. Hadisə günü isə əri evdə olmamış, küçə qapısı isə açıq olmuşdur. Leyla evə girərək Elşəni çağırmağa başlamış, ona Elşənin evdə olmadığını söyləmişdir. Daha sonra Leyla dəhlizdə bıçaqla ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisədən bir il əvvəl əri ilə Leyla arasında sevgi münasibəti olduğunu öyrənmişdir. Elşənin Leylaya borcu olmamışdır. Leylaya görə Elşənlə onun arasında mübahisə olmuşdur. Leyla ikinci dəfə evinə səhərə yaxın 4-5 radələrində gəlmişdir. Leyla hər dəfə Elşəni istədiyi üçün onun evinə gəlmişdir. Leyla evinə gəldiyi zaman onlar mübahisə etmiş, hətta uşaqları da səslərə oyanmışdırlar. O, Leyla barəsində hadisədən əvvəl polisə müraciət etməmiş, Leyla ona xəsarət yetirdikdən sonra onun yanından qaçmışdır. Qaynı onun üçün təcili tibbi yardım çağırmışdır. Leyla evi dağıtmış, daha sonra çölə çıxıb evi daşlamağa başlamışdır. Əri əvvəl narkotik vasitədən istifadə etmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə sevgi münasibəti olmuşdur. Hadisədən bir müddət əvvəl o, Leyla ilə münasibəti kəsmiş və onun zənglərinə cavab verməmişdir. Hadisə günü arvadı Aygün ona zəng edərək Leylanın yaşadıqları evə gələrək onu bıçaqla vurub xəsarət yetirdiyini demişdir. O, evə gəldikdə isə Aygünün bıçaqlandığını, Leylanın isə idarə etdiyi avtomobildə onu gözlədiyini bilmiş və Leylanı oradan uzaqlaşdırmışdır. Leylaya borcu olmamışdır. O, marixuanadan istifadə etmişdir. Leylanın narkotik vasitədən istifadə edibetmədiyini bilməmiş, Leyla ilə birlikdə narkotik vasitədən istifadə etməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Elşənin həyat yoldaşıdır, onların iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxsn qardaşı Elşənlə qeyrirəsmi münasibətdə olmuşdur. Qardaşı Elşən ilə qonşuluqda yaşayır. 31 yanvar 2022-ci il tarixdə evdə olan vaxt gecə saat 03 radələrində Aygün ona zəng edərək Leylanın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, tez bir zamanda qardaşının yaşadığı evə gəlmiş, Leylanın avtomobili evin darvazasının qarşısında saxladığını, özünün isə evin həyətində əlində bıçaq ilə dayandığını görmüşdür. O, Leylanın nə səbəbə oraya gəlməsini soruşmuş, əlində olan bıçağı alıb evin həyətinə tullamışdır. Leyla həyətdən çıxaraq avtomobilində gözləməyə başlamışdır. Bu vaxt qardaşı Elşən evə gəlmiş, Aygünün bıçaqlandığını bilmişdir. O, mənzilə daxil olmuş, Aygündən qan axdığını görmüş və onu xəstəxanaya aparmışdır. O, Leylanı vurmamış, qardaşı Elşənin vurmasını görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 03:30-da Zərərçəkmiş şəxs adlı şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, Leyla adlı şəxsin münaqişə etməsi və ona bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə tibb bacısı Verdiyeva Qobu qəsəəsində yaşayan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası xəsarəti aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, bıçaqlanma hadisəsi ünvan 2 ünvanında baş vermişdir. Həmin mənzil bir mərtəbəli həyət evi olmaqla dəhlizdən və otaqlardan ibarətdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs onu xəsarət yetirdiyi bıçağı və gecə vaxtı əynində olan paltarı istintaq orqanına təqdim etmişdir. Təqdim olunmuş bıçağın dəstəyi qara rəngli, yan hissədən açılıb-bağlanır, dəstəyinin uzunluğu 13 sm, tiyəsinin uzunluğu isə 10 sm-dir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 aprel 2022-ci il tarixli «zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs 31 yanvar 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyi mənzili əyani olaraq göstərmiş və bu barədə fotocədvəl tərtib edilmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 tərəfindən verilmiş 26 mart 2022-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 3/552, 3/553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq – zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Təqdim edilmiş bir ədəd uzunqol köynəyin səthində zədə yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 1464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər-hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi xəstəliyi, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində (nümayəişkaranəlik, başqalarının diqqətini öz üzərinə çəkməyə meyillilik, eqosentrizm, inadkarlıq, sərbəstliyə və müstəqilliyə can atmaq istəyi, qıcığa qarşı həssaslıq və sair) hadisə ilə əlaqədar özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı güclü ruhi həyacan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkaloji Mərkəzi» X7 tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 3087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 26 iyul 2022-ci il tarixli «Maddi sübut kimi tanıma haqqında» qərara əsasən 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi soyuq silah vesab edilən bıçaq hadisəsinin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs Geman qızına qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs ov bıçağı ilə Zərərçəkmiş şəxs sol tərəfdən sinə nahiyəsindən vuraraq, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs Geman qızının törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Geman qızının cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Geman qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə İnzibati Ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində sahəyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Qobu qəsəbə İnzibati Ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur, yaşadığı müddət ərzində sahəyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Leyla Qovayevanın övladları X2 xx.xx.2015-ci il təvəllüdlü, X3 isə xx.xx.2014-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs 23 aprel 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilən qətimkan tədbirinin şərtlərini pozduğu və məhkəmə iclaslarına gəlmədiyi üçün Sumqayıt ağır cinayətlər məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, o, 20 iyun 2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 19 aprel 2022-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 180 manat (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 19 aprel 2022-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək olan müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar