Məhkəmə qərarları › İş №1(124)-179/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-179/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-179/2022 21.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında faktiki yaşamış, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 3.700 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 09 avqust 2021-ci il tarixdə saat 15:15-də Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Avtovağzal” adlanan ərazidə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış aparılarkən, əlində olan göy rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofana qablaşdırılmış halda satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 3.700 qram çəkidə olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin avqust ayının 6-da Xızı rayonu ərazisində yerləşən meşəlik ərazidə heyvan otararkən bir ədəd qara rəngli sellofan torbada bükülü tapmış, həmin torbanın içərisinə açıb baxanda torbada nəşə adlandırılan narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə etmək qərarına gəlib sellofan torbadakı narkotik vasitəni özü ilə götürüb Sumqayıt şəhərinə qayıtmışdır. 2021-ci ilin avqust ayının 9-da saat 15 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Avtovağzal” adlanan ərazidə taksi avtomobilindən düşərkən üç nəfər mülki geyimdə olan şəxs onu saxlayaraq Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİdə xidməti otaqlardan birində üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əlində saxladığı sellofan torbanı polislərə təqdim etmişdir. Həmin sellofan torbadakı marixuananı heroinlə dəyişmək fikri olmuşdur. Özünün marixuana yox, heroin istifadə etdiyini bildirmişdir. O, əvvəl narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, sonradan üzərində aşkar olunmuş narkotik vasitə marixuananın ona məxsus olduğunu etiraf etmiş, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid1 Emin oğlu ifadəsində göstərdi ki, 2021-ci il avqustun 9-da Rəfail adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Rəfaili həmin gün saat 15 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Avtovağzal” adlanan ərazidə Şahid2 və Şahid3 ilə birlikdə saxlayıb Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torbanın içərisinə baxış keçiriləndə həmin torbanın içərisindən başqa bir qara rəngli sellofan torbaya qablaşdırılmış içərisində “nəşə” adlandırılan qurudulmuş marixuana olan böyük büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanı 2021-ci il avqustun 6-da Xızı rayonunda meşəlik ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci il avqustun 9-da Rəfail adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Rəfail həmin gün saat 15 radələrində Sumqayıt şəhərində “Avtovağzal” adlanan ərazidə saxlanılaraq Sumqayıt ŞPİ-ə aparılmış, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onda içərisində qara rəngli sellofan torbaya qablaşdırılmış “nəşə” adlandırılan qurudulmuş marixuana olan göy rəngli sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanı bir neçə gün əvvəl Xızı rayonunda meşəlik ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sellofan torbadan 3 kq-dan çox marixuana olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 93-95) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “KHAZAR LX Minik” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2021-ci il avqustun 9-da saat təxminən 15 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən yataqxananın qarşısında əlində böyük ölçülü göy rəngli sellofan torba olan bir nəfər şəxs yaxınlaşıb 2 manat müqabilində onu Sumqayıt şəhərində yerləşən “Avtovağzal” ərazisinə aparmağını xahiş etmiş, o, da onu Sumqayıt şəhəri ərazisində yerləşən “Avtovağzal” ərazisinə gətirmişdir. Sumqayıt şəhəri “Avtovağzal” adlanan ərazidə avtomobilin qarşısında bir ədəd “Prado” markalı avtomobil saxlamış, avtomobildən düşən üç nəfər mülki geyimli şəxs avtomobildən düşən “Rəfail” adlı şəxsə yaxınlaşıb onu saxlamışdır. Sonra, həmin şəxslərdən biri ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmiş, onu polis idarəsinə dəvət etmişdir. Bundan sonra polis idarəsinə getmişlər. İdarəyə getdikdən sonra “Rəfail” adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli maddələrin əldə edilməsində, saxlanmasında, daşınmasında və satışı ilə məşğul olmaqda şübhəli olduğundan polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs əlində olan göy rəngli böyük ölçülü sellofan torbanın içərisindən narkotik vasitə olduğunu bilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli sellofan torbanı təqdim etmiş, torbanın içərisidə qara rəngli sellofana bükülmüş spesifik iyə malik yaşıl rəngli qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış keçirilməsi barədə” 09 avqust 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 30 oktyabr 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 27, 129-131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi mökür əksi olan torbada təmiz çəkisi 3700 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli 3388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 98-99) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3699,95 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 167-180) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıması bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatı və gətirdiyi dəlili onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlili əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “A” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3.700 qram marixuana, yəni külli miqdarda narkotik vasitə marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 740 dəfə, külli miqdardan isə təxminən 7 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzalarına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən X3 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Asif Məmmədov məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altı vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixli şübhəli şəxs qismində tutulmuş və 11 avqust 2021-ci il tarixdə barəsində barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 19, 78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin cinayət işində olan və yuxarıda təhlil edilən ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3699,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3699,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar