Məhkəmə qərarları › İş №1(124)-18/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-18/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-18/2022 17.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Quba rayonunda doğulmuş, orta ixtisas təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, Quba rayonunun, Digah kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin təkrarən rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə 2016-cı ilin may ayının əvvəllərində özünə müraciət edən Qusar rayonu Hil kənd sakini Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən dost-tanışları, cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, onun oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Şimal zonasında yerləşən regional idarəsinin şöbələrindən birinə öz tanışları vasitəsi ilə işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.050 (altı min əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 13 may 2016-cı il tarixdə Şahid1 Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən Qusar rayon Notariat Kontorunun həyətində olan kafedə Şahid6 yanında 6.050 (altı min əlli) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, 2017-ci ilin avqust-sentyabr aylarında Şahid2 özü ilə birlikdə yol avtomobili ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası olmasını bildirdiyi istintaqa məlum olmayan binaya aparıb xidməti geyimdə olan naməlum şəxslə görüşdürüb vakansiya olduğu halda, onun işə götürülməsinə köməklik göstəriləcəyini yalandan bildirmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 6.050 (altı min əlli) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid5 vasitəsi ilə 17.09.2019-cu il tarixdə özünə müraciət edən Qusar rayonu Yeni Həyat kənd sakini Şahid3 guya FHN-də yüksək vəzifələrdə işləyən dost-tanışları, cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, bu əlaqələrindən istifadə edərək onun oğlu Şahid4 əvvəlcə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Qusar rayon X9 hissəsinə, sonradan isə Şahdağ bölməsinə öz tanışları vasitəsi ilə işə düzəltdirmək imkanına malik olmasını yalandan vəd edib, bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən vəzifəli şəxslər olan tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 17.09.2019-cu il tarixdə Şahid3 poçt vasitəsi ilə 4.000 (dörd min) manat məbləğində pulu Azərbaycan Respublikası FHN-nin generallarından birinə, eyni niyyətlə 21.09.2019-cu il tarixdə Şahid3 cinayətdən xəbərsiz, Quba-Qusar marşrutu üzrə sürücü işləyən X7 vasitəsi ilə 2.000 (iki min) manat məbləğində pulu FHN-nin Kadrlar Şöbəsinə, həmin niyyətlə 2019-cu ilin sentyabr ayının axırlarında Şahid3 Qusar şəhər Avtovağzal dairəsi ərazisində yerləşən kafedə 2.000 (iki min) manat məbləğində pulu FHN-nin X9 Xidmətinin Qusar rayonunda yerləşən Şahdağ bölməsinə işə təyinat almaq üçün Qusar rayon X9 hissəsinin rəisinə vermək adı ilə alıb şəxsi ehtiyaclarına sərf etmiş, 2020-ci ilin mart ayının axırlarında Şahid4 tibbi komissiyadan keçirəcəyini yalandan deyib onu özünə inandırmaq məqsədi ilə yol avtomobili ilə Bakı şəhərinə apararaq 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idarəsinin inzibati binası olmasını bildirdiyi istintaqa məlum olmayan binaya aparıb xidməti geyimdə olan şəxsin mayor Barisov olmasını bildirdiyi naməlum şəxslə görüşdürüb onun işə götürülməsinə köməklik göstəriləcəyini yalandan bildirmiş, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid3 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə Şahid3 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 2016-cı ilin may ayın əvvəllərində tanışı Şahid6 vasitəsi ilə Qusar şəhərində onun dostu Şahid1 ilə tanış olmuşdur. Həmin vaxt Şahid6 ona dostu Maluddinin oğlu Zaur üçün iş tapmaq lazım olduğunu deyib köməklik etməsini xahiş etmişdir. Özü də Kamrana əlaqələrinin böyük olduğunu, onun dostu Maluddinin oğlu Zauru Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirə biləcəyini, bunun üçün pul lazım olacağını bildirmişdir. Bu zaman Kamran ondan Zauru işə düzəltmək üçün nə qədər pul lazım olduğunu soruşmuş və X14 Nazirliyində yüksək vəzifələrdə işləyən dost-tanışları vasitəsi ilə həmin Nazirliyin X9 Xidmətində işə düzəltmək üçün 6050 manata yaxın pul lazım olacağını demişdir. Maluddin də onunla razılaşmışdır. 13 may 2016-cı il tarixdə Maluddin onun mobil telefon nömrəsinə zəng edərək pulu hazırladığını deyib onu görüşmək üçün Qusar şəhərinə dəvət etmişdir. Qusar şəhərinə gedərək Maluddinlə görüşmüş və Kamranla birgə gələn Maluddinin ona 6050 manat məbləğdə pul vermiş və Maliddinə bir daha oğlunu işə düzəldəcəyinə söz vermişdir. Təxminən 1 həftə sonra Maluddin oğlu Zaurun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, tibbi arayışı və digər sənədlərini hazırlayıb vermiş və Maluddinə sənədləri poçt vasitəsi ilə FHN-nə göndərəcəyinə söz vermişdir. Maluddindən aldığı 6050 manat məbləğində pulu öz ehtiyacları üçün xərcləmişdir. Təxminən 2017-ci ilin avqustsentyabr aylarında Şahid2 Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən inzibati binasına aparıb orada işləyən Şahid10 ilə görüşdürmüş, otağa qəbul olarkən də yanında olan şəxsin qohumu olduğunu, onunla görüşüb kənddə olan şəxsi işlərlə bağlı söhbət etmək istədiyini bildirmişdir. Zauru ora aparmaqda məqsədi ona və atası Maluddinə onların işi ilə məşğul olduğunu yalandan göstərmək, həmçinin Maluddinin verdiyi pulu xərclədiyi üçün pulu qaytarmaq üçün vaxtı uzatmaq olmuşdur. 2017-ci ilin axırlarında Maluddin ondan pulunu geri qaytarmasını istəmişdir. 2018-ci ildə Maluddinlə iki dəfə görüşüb hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğdə pulu dostu Şahid6 yanında qaytarmışdır. Bundan sonra, Maluddinə qalıq olan 4050 manat pulu qaytara bilməmiş, o da şikayət etmişdir. 26 mart 2021-ci il tarixdə qohumu Şahid8 Maluddinə 2000 manat pulu qaytarmış, 2050 manat məbləğdə pul isə qalmışdır. Daha sonra, 2019-cu ilin sentyabr ayının ortalarında tanışı, Qusar rayon Yeni Həyat kənd məktəbinin direktoru vəzifəsində işləyən Şahid5 vasitəsi ilə onun həmkəndlisi Şahid3 ilə tanış olmuşdur. Şahid5 ondan həmkəndlisi Şahid3 oğlu üçün iş tapmaqda köməklik etməsini xahiş etdiyinə görə ona kömək edəcəyini bildirmişdir. Daha sonra, Şahid3 ilə özü görüşmüş və o, oğlu Şahid4 işə düzəltməsini xahiş etmişdir. X14 Nazirliyində yüksək rütbəli tanışlarının olduğunu və onun oğlu Mətləbi bu tanışları vasitəsi ilə həmin Nazirliyin X9 Xidmətinin Qusar rayon X9 hissəsində işə düzəltdirə biləcəyini demişdir. Şeyda ondan oğlu Mətləbi ora işə düzəltdirmək üçün nə qədər pulun lazım olduğunu soruşduqda, ona bu iş üçün 8000 manat pul lazım olacağını bildirmişdir. Şeyda ona evində 4000 manat pul olduğunu dedikdə, ona həmin pulu gün ərzində çatdırmasını tapşırmış, həmçinin FHN-nin generallarından birinin həmin vaxt Xaçmaz şəhərinə gəldiyindən onunla görüşməyə gedib onun oğlunun işini düzəltmək üçün ondan aldığı pulu da həmin generala verəcəyini yalandan bildirmişdir. Həmin pulu gün ərzində poçt vasitəsi ilə çatdırmasını, qalıq olan pulu isə bir neçə gün ərzində hazırlamasını tapşırmış, Şahid3 də öz razılığını vermişdir. 17.09.2019-cu il tarixdə Şahid3 poçt vasitəsi ilə ona 4000 manat pul göndərmişdir. "xxxx" MMC-nin Quba poçt filialından həmin pulu götürmüşdür. Bundan bir neçə gün sonra Şahid3 zəng edib, Mətləbin işi üçün 2000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar Şöbəsinə vermək üçün lazım olduğunu bildirmişdir. Növbəti gün Şahid3 Qusar şəhərinə gedib pulu ona Quba-Qusar marşrutu üzrə sürücü işləyən, “Ənibala” adı ilə çağırılan Ədilxan vasitəsi ilə çatdırmış və o, pulu götürmüşdür. 2019-cu ilin sentyabr ayının axırlarında Şahid3 təkrar zəng edib, oğlu Mətləbin işi üçün qalıq olan 2000 manat pulu da verməsini tələb etmişdir. Növbəti gün Şeyda onunla görüşərək həmin 2000 manat pulu vermişdir. Təxminən 1 həftə sonra Şeyda oğlu Mətləblə birlikdə Qusar şəhərinə gəlmiş və Şeyda ona oğlu Mətləbin hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, tərcümeyi halını və digər sənədlərini vermişdir. Şeydadan aldığı ümumilikdə 8000 manat pulu öz ehtiyyacları üçün xərcləmiş, Mətləbin işini isə düzəltməmişdir. 2020-ci ilin təxminən mart ayında Şeydanın oğlu Mətləbi özü ilə birlikdə Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən inzibati binasına aparıb orada işləyən Şahid10 ilə görüşdürmüş, otağa qəbul olarkən də yanında olan şəxsin qohumu olduğunu, onunla görüşüb kənddə olan şəxsi işlərlə bağlı söhbət etmək istədiyini bildirmişdir. Mətləbi Bakı şəhərinə aparmaqda məqsədi ona və atası Şeydaya onların işi ilə məşğul olduğunu yalandan göstərmək, həmçinin Şeydanın verdiyi pulu xərclədiyi üçün pulu qaytarmaq üçün vaxtı uzatmaq olmuşdur. 2020-ci ilin oktyabr ayının axırlarında Şeyda ondan pulunu geri istəmişdir. 2020-ci ilin dekabr ayında Şeyda, onun oğlu Mətləb və arvadı Lalə ilə görüşərək onlara pullarının qaytarılacağına söz vermiş, lakin pulu qaytara bilmədiyi üçün Şeyda onun barəsində şikayət etmişdir. O, həmçinin pul aldığı şəxsləri rüşvət verməyə təhrik etmədiyini və törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Şahid2 işsiz olduğu üçün onu işə düzəltmək üçün tanışı Şahid6 vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. David yüksək vəzifələrdə işləyən tanışları vasitəsi ilə oğlu X13 Nazirliyinin X9 Xidmətinin Şimal zonasında yerləşən regional idarəsinin şöblərindən birinə işə düzəldə biləcəyini demiş və söhbət zamanı həmin qurumun iş strukturu barədə ətraflı məlumat verdiyindən ona inanmışdır. David Zauru işə düzəltmək üçün 6050 manat məbləğində pul istəmiş və həmin məbləğdə pulu düzəltdikdən sonra 2016-cı ilin may ayında Qusar şəhərində Kamran və Davidlə görüşərək Davidə 5-50 manat pul vermişdir. Təxminən 1 həftə sonra oğlu Zaurun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, tibbi arayışı və digər sənədlərini hazırlayıb Davidə təqdim etmişdir. Daha somra 2017-ci ilin avqust-sentyabr aylarında David oğlu Zauru Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin hansısa inzibati binasına aparmış və orda oğlu Zauru otaqdan çıxarmaqla kiminləsə söhbət etmişdir. 2017-ci ilin axırlarında Davidin iş düzəltmədiyini görüb pulunu geri tələb etməyə başlamış, David iki dəfə hər dəfə 1000 manat olmaqla ona 2.000 manat, sonra qohumu Şövkət vasitəsi ilə daha 2.000 manat pul qaytarmış, qalan 2050 manat məbləğində pulu isə qaytarmamış, bu səbəbdən də onun barəsində şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, işsiz olduğu üçün atası onun üçün iş axtarış və bu zəmində tanışı Şahid6 vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. David atası Maluddinə onu FHN-nin X9 Xidmətinin Şimal zonasında yerləşən regional idarəsinin şöbələrindən birinə sıravi əməkdaş kimi işə düzəldəcəyinə söz vermiş, bunun üçün isə 6050 manat pulun lazım olduğunu demişdir. 2016-cı ilin may ayında atası Maluddin həmin məbləğdə pulu Davidə vermiş, o isə pulu almasına baxmayaraq heç bir iş görməmişdir. David yüksək vəzifəli tanışları vasitəsi ilə onu işə düzəldəcəyinə vəd etmiş, bunun üçün onun şəxsiyyət vəsiqəsi, hərbi biletinin surətlərini, tibbi arayışı və digər sənədlərini almış, hətta 2017-ci ilin avqust-sentyabr aylarında onu özü ilə birlikdə yol avtomobili ilə Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin hansısa inzibati binasına aparıb, orada kimnləsə görüşmüş, onu isə qapının ağzında gözlətmiş, sonra isə səbirli olmasını və işinin düzələcəyini demişdir. Lakin bunlara baxmayaraq Təqsirləndirilən şəxs ona iş düzəltməmiş və pullarını da geri qaytarmamış. Sonradan David ayrı-arı vaxtlarda onların ümumilikdə 4.000 manat məbləğində pullarını qaytarmış, qalan 2.050 manat pul isə qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 dostudur, Təqsirləndirilən şəxs isə Quba rayonu Digah kənd sakini kimi tanımışdır. 2016-cı ildə dostu Şahid1 ona müraciət edərək, oğlu Şahid2 hərbi xidmətdən qayıtdığını və onun üçün iş axtardığını bildirmiş, bu məsələdə ona köməklik göstərilməsini xahiş etmiş, Davidin ona köməklik edə biləcəyini düşünərək 2016-cı ilin may ayda onları görüşdürmüşdür. Təqsirləndirilən şəxs Maluddinə bildirmişdir ki, əli, qolu uzun adamdır, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları vardır, onların vasitəsi ilə onun oğlu Zauru FHN-nin X9 Xidmətinin Şimal zonasında yerləşən regional idarəsinin şöblərindən birində işə düzəldə biləcək, bunun üçün isə 6.050 manat pul lazımdır. Maluddin Davidə inanaraq 13 may 2016-cı il tarixdə onunla birgə Maluddin və David görüşmüşlər və Maluddin danışıldığı 6050 manat məbləğində pulu Davidə vermişdir. Özü də bir neçə dəfə Davidə zəng edib, Zaurun işi ilə bağlı maraqlanmışdır. Maluddin özünün dostu olduğundan Davidin onun pulunu alıb oğlunu işə düzəltməməsi ona çox pis təsir etmişdir. Özü hər dəfə Daviddən Zaurun işi ilə maraqlandıqda, o, qısa müddətə işi həll edəcəyinə söz vermişdir. Lakin sonradan David nə Maluddinin oğlunun işini düzəltmiş, nədə ki, onun pulunu qaytarmışdır. 2017-ci ilin axırlarında isə X2 işini həll edə bilmədiyini görüb, ondan pulunu tələb etmişdir. David bir neçə dəfəyə Maluddinin ümumilikdə 4.000 manat pulunu qaytarmış, qalan 2050 manat məbləğdə pulu qaytarmamışdır. Bu səbəbdən Maluddin onun barəsində şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, övladı Şahid4 2018-ci ildə hərbi xidmətdən qayıtdığı ona iş axtarmış və bununla bağlı dost-tanışdan soraqlaşmışdır. Bununla bağlı 2019-cu ilin sentyabr ayında həmkəndlisi, Qusar rayonu Yeni Həyat kənd məktəbinin direktoru Şahid5 onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, FHN-də yüksək vəzifələrdə işləyən çoxlu dost-tanışlarının olmasını deyərək oğlu Mətləbi 8000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin Qusar rayon X9 hissəsinə düzəldə biləcəyini demişdir. Davidə evdə 4000 manat pulunun olduğunu dedikdə, o, gün ərzində həmin pulun ona çatdırılmasını demiş, həmçinin Fövqəladə Hallar Nazirliyinin generallarından birinin halhazırda Xaçmaz şəhərinə gəldiyindən onunla görüşməyə getdiyini, oğlunun işini həll edəcəyini, ondan aldığı pulu da həmin generala verəcəyini bildirmişdir. Davidə inanaraq evə qayıtmış və 4.000 manat pulu poçt vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona poçt vasitəsi ilə Quba şəhərində pul götürdüyünü, həmin pulu Xaçmaz şəhərinə gələn FHN-nin generallarından birinə verəcəyini, axşam ona zəng edib ətraflı danışacağını bildirmişdir. Həmin gün, axşam saatlarında David onun mobil telefon nömrəmə zəng edərək 4000 manat məbləğində pulu FHN-nin generallarından birinə Xaçmaz şəhərində verdiyini, qalıq olan 4000 manat pulu da qısa müddətə hazırlamasını tapşırmışdır. Təxminən 20 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edib Mətləbin işinə görə 2000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar Şöbəsinə vermək lazım olduğunu demişdir. Növbəti gün "xxxx" MMC-nin Qusar poçt filialın gedib pulu göndərmək istəmiş, lakin şəxsiyyət vəsiqəsini nutduğundan bunu edə bilməmiş, buna görə Qusar şəhər avtovağzalına gedib Quba-Qusar marşrutu üzrə sürücü işləyən, “Ənibala” adı ilə çağırılan Ədilxan vasitəsi ilə 2.000 manat pulu göndərmiş, bir müddət sonra isə David ona zəng edərək pulu aldığını demişdir. 2019-cu ilin sentyabr ayının axırlarında David ona təkrar zəng edib, oğlu Mətləbi FHN-nin X9 Xidmətinin Qusar rayonunda yerləşən Şahdağ bölməsinə işə təyinat almaq üçün Qusar rayon X9 hissəsinin rəisinə 2000 manat pul vermək lazım olduğunu və Şahdağ bölməsində ona yüksək əmək haqqı veriləcəyini demişdir. Növbəti gün, səhər saatlarında Qusar şəhərində Davidlə görüşüb 2.000 manat məbləğində nağd pulu ona vermiş, Daid isə 3 aydan sonra, yəni 2020-ci ilin yanvar ayın əvvəllərində oğlunun işə çıxacağını söz vermişdir. Bundan bir həftə sonra oğlu Mətləblə birlikdə onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, tərcümeyi-halını və digər sənədlərini hazırlayıb, David ilə Qusar şəhər Avtovağzal dairəsi ərazisində yerləşən Radik adlı şəxsə məxsus kafedə görüşüb həmin sənədləri ona təqdim etmişdir. 2020-ci ilin mart ayının axırlarında David oğlu Mətləbi tibbi komissiyadan keçirəcəyini yalandan deyib onu Bakı şəhərinə aparmış, Mətləbi 20 Yanvar Metrostansiyasının yaxınlığında yerləşən binaların birində, Fövqəladə Hallar Nazirliyinin Baris adlı mayor rütbəli əməkdaşının yanına aparıb özü həmin şəxslə söhbət etmişdir. Geri qayıtdıqda Mətləb Təqsirləndirilən şəxs onu heç bir tibbi yoxlanışdan keçirmədiyini, aldatdığını bildirmişdir. 2020-ci ilin oktyabr ayının axırlarında Davidin Mətləbin işini həll etmədiyini görüb ondan pulunu geri qaytarmasını tələb etmiş, 03 dekabr 2020-ci ilin özü, oğlu Mətləb və arvadı Lalə Qusar şəhər Bazarının yaxınlığında Davidlə onun idarə etdiyi “Mercedes” markalı avtomobildə əyləşib söhbət etmiş və David ona 17 dekabr 2020-ci il tarixdə pulunu geri qaytaracağına söz vermişdir. 17 dekabr 2020-ci il tarixdə David qohumu Şahid8la birlikdə onun yaşadığı ünvana gəlib 08 yanvar 2021-ci il tarixdə onun pulunu geri qaytaracağını, qaytarmadığı təqdirdə həmin pulun müqabilində idarə etdiyi “Mercedes” markalı, dövlət qeydiyyat nişanı özünün yadında olmayan, oğlu Şahid9 məxsus olduğunu bildirdiyi avtomobili ona verəcəyini demiş, özü də həmin vaxt ona inanmışdır. 08.01.2021-ci il tarixdə Davidlə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda o, Mətləbi işə düzəltmək üçün verdiyi pulu FHN-nin vəzifəli şəxslərindən geri almaq üçün Xaçmaz şəhərinə getdiyini deyib ondan pulu qaytarması üçün möhlət istəmiş, sonra isə zənglərinə cavab verməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ilin aprel ayında hərbi xidmətini başa vurub qayıtdıqda atası Şahid3 onun üçün iş axtarmışdır. Bununla bağlı 2019-cu ilin iyun ayında həmkəndlisi, Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və David yüksək vəzifələrdə işləyən çoxlu dost-tanışlarının vasitəsi ilə onu FHN-nin X9 Xidmətinin Qusar rayon X9 hissəsində işə düzəldəcəyini deməklə atası Şeydadan 2019-cu ilin sentyabr ayında bir neçə dəfəyə ümumilikdə 8.000 manat məbləğində pul almış, aldığı pulu FHN-nin generalına verəcəyini demiş, lakin sonradan onları aldadaraq pulu geri qaytarmamışdır. Hətta pulu geri tələb etdikdə işin düzələcəyinə inandırmaq üçün 2020-ci ilin mart ayının axırlarında onu tibbi komissiyadan keçirəcəyini yalandan deyib yol avtomobili ilə Bakı şəhərinə aparıb, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən, FHN-nin idarəsi olmasını fikirləşdiyi binanın sonuncu mərtəbəsinə qaldırmışdır. David onu sonradan tanıdığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şahid10 adlı şəxslə görüşdürmüş, David həmin əməkdaşa onun qohumu olmasını demişdir. Onunla arasında başqa danışıq olmamışdır. David onunla bir az söhbət etdikdən sonra həmin binanı tərk etmişlər. David sonradan ona bunun işinin düzəlməsi üçün faydası olacağını, tezliklə də işinin düzələcəyini demişdir. Özü artıq başa düşmüşdür ki, bu David düz adam deyildir, onları aldatmışdır, heç onu işə də düzəltməyəcəkdir. Evə qayıdarkən də ailə üzvlərinə baş verənləri deyib Davidin onları aldatdığını bildirmişdir. Ona görə də atasına demişdir ki, Davidə verdiyi pulu geri alsın. Sonradan David dəfələrlə pulu qaytaracağına söz versə də bunu etmədiyinə görə atası Şeyda onun barəsində Qusar RPŞ-nə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 əri Şahid3 və oğlu Şahid4lə oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. ifadələrində qeyd etdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qusar rayon Yeni Həyat kənd məktəbinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanımışdır. David ilə tanış olarkən o, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirovun onun əmisi oğlu olduğunu, əlinin hər yerə çatdığını, işə düzəlmək istəyən olsa, kömək edə biləcəyini bildirmişdir. Daha sonra 2019-cu ilin təxminən yay aylarında tanışı olan həmkəndlisi Şahid3 oğlu Şahid4 üçün iş axtardığını görüb ona köməklik etmək istəmiş, bu məqsədlə onu Təqsirləndirilən şəxsla tanış etmiş və hər ikisi işi danışmaq üçün Qusar şəhərində görüşmək barədə razılaşmışlar. Onlar görüşərkən özü yanlarında olmamışdır. Sonradan bilmişdir ki, X4 Fövqəladə Hallar Nazirliyində işə düzəltməsi üçün 8000 manat pul lazım olduğunu demiş və Şeyda həmin pulu ona vermişdir. Lakin Təqsirləndirilən şəxs Şahid3 aldadaraq oğlunu işə düzəltməmiş və Çeydanın ona verdiyi 8.000 manat pulu da geri qaytarmamışdır. Davidin 8000 manat pul aldığı halda, Şeydanı aldatması düzgün olmadığından özü də bir neçə dəfə Davidin mobil telefon nömrəsinə zəng edib Şeydanın oğlu Mətləbin işi ilə maraqlanmış və hər dəfə David ona Şeydadan aldığı pulla tanışları olan vəzifəli şəxslər vasitəsi ilə onun oğlu Mətləbin işini düzəldəcəyini deyib müxtəlif bəhanələr gətirmiş, sonra isə pulu müəyyən vaxt ərzində qaytaracağını demiş, lakin vədinə əməl etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Qusar rayonu Hil kənd sakini Şahid1 və həmin rayonun Yeni Həyat kənd sakini Şahid3 qohumu Təqsirləndirilən şəxs barəsində onlar öz narazılıqlarını bildirdikdən sonra tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid3 aldadıb özünə inandıraraq onların oğullarını Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirəcəyini deyib pullarını ələ keçirmişdir. O, Şahid1 onun oğlunu işə düzəltdirmək adı ilə təxminən 5 il əvvəl 6050 manat, Şahid3 isə onun oğlunu işə düzəltdirmək adı ilə təxminən 1 il yarım əvvəl 8000 manat məbləğində pul almışdır. Bu haqda Daviddən soruşduqda, o, həmin şəxslərin pullarını geri qaytaracağını demişdir. Bununla bağlı Şahid3 sakitləşdirmək üçün David ilə onun evinə getmiş və orada David vaxt istəyərək onun pulunu qataracağını demişdir. X3 aldığı pulun 2.000 manatını Davidin oğlu Şahid9 götürüb 26 mart 2021-ci il tarixdə Qusar şəhərində Şahid6 yanında həmin pulu Şahid1 vermişdir. Bildiyinə görə David aldığı pulları öz şəxsi məqsədləri üçün sərf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Təqsirləndirilən şəxs onun atası olduğunu, atası tərəfindən Şahid1 və Şahid3 alınmış pulların ödənildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Fövqəladə Hallar Nazirliyində Bakı Regional Mərkəzinin təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq gedib-gəldiyi Quba rayonu Digah kəndinin sakini kimi tanımış, yaxın münasibətləri olmamışdır. Bir neçə il əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərinə gəldiyini, onu görmək istədiyini bildirmişdir. Ona telefonda işdə olduğunu deyib, iş yerinin ünvanını vermişdir. O da həmin gün iş yerinə gəlib, qohumu olduğunu bildirdiyi, tanımadığı bir nəfər şəxslə iş otağına daxil olmuşdur. David ona yanında olan şəxsin qohumu olduğunu demiş, özü Davidlə ümumi olaraq Quba rayonu Digah kəndində olan şəxsi işlərlə əlaqədar söhbət etmişlər. David onunla təxminən 3 dəqiqə ayaqüstə söhbət etdikdən sonra işlərinin olduğunu, getməli olduqlarını deyib getmişdir. Bundan bir-iki il sonra David yenidən onun iş yerinə qohumu olduğu dediyi bir nəfər şəxsə birgə gəlmiş, kənddə olan şəxsi işlərlə əlaqədar söhbət etdikdən sonra çıxıb getmişdir. Bundan sonra Davidi bir daha görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid3 Qusar rayon Polis Şöbəsinə ünvanlandığı 21 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən, Təqsirləndirilən şəxs onun oğlu Şahid4 FHN-yə işə düzətmək adı ilə ondan dələduzluq yolu ilə 8.000 manat pul almışdır. (Cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid1 Qusar rayon Prokurorluğuna ünvanlandığı 20 noyabr 2020-ci il tarixli ərizəsinə əsasən, Təqsirləndirilən şəxs onun oğlu Şahid2 FHN-yə işə düzətmək adı ilə ondan dələduzluq yolu ilə 8.000 manat pul almışdır. (Cild 1, iş vərəqi 59-60) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 17.09.2019-cu il tarixli, ********* nömrəli qəbzindən görünür ki, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs adına 4000 manat məbləğində nağd pul göndərilmiş, əlavə olaraq 26 manat rüsum ödənilmişdir. (Cild 1, iş vərəqi 29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 07.04.2021-ci il tarixli, BKC/LGL-4354/21 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 12.04.2021-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “055 551-00-44” saylı mobil nömrənin 01 may 2016cı il tarixdən 01 noyabr 2017-ci il tarixədək və 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “055 551-00-44” saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş “050 411-29-45” saylı, Şahid2 istifadəsində olmuş “051 475-16-21” saylı, Şahid3 istifadəsində olmuş “050 722-38-98”, “070 998-88-78” saylı, Şahid4 istifadəsində olmuş “055 621-16-12”, “070 621-16-12” saylı mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda danışıqlar aparılması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 247-252) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 07.04.2021-ci il tarixli, 6999 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 21.04.2021-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 616-98-38” saylı mobil nömrənin 01 may 2016-cı il tarixdən 01 noyabr 2017-ci il tarixədək və 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 616-98-38” saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş “050 411-29-45” saylı, Şahid2 istifadəsində olmuş “051 475-16-21” saylı, Şahid3 istifadəsində olmuş “050 722- 38-98”, “070 998-88-78” saylı, Şahid4 istifadəsində olmuş “055 621-16-12” saylı mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda danışıqlar aparılması müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 86-91) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1 və 32.5, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 3.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Quba rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməklə üzərində qəti olaraq 1.500 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 21.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 1.400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə daxil olmuş 09.03.2022-ci il tarixli 111/20/05 “1362” №-li məktubuna əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasını ödəmiş, həmin hökmlə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası isə “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasının 04 ay 01 günü çəkmiş və onun cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 27 gün təşkil edir. (Cild 2, iş vərəqləri 98-102, 156-161, 272-283) Cinayət işinin materiallarında olan Şahid3 və Şahid1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tamamilə ödənilmiş, şikayətləri və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni vəzifəli şəxsə vermək adı ilə pul aldığı şəxsləri rüşvət verməyə təhrik etmədiyi ilə bağlı göstərdiyi xüsusatları əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4-cü maddələri nəzərdə tutulmuş əməllər az ağır, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 36-cı bəndinə əsasən şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, həmçinin qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə pullarını taladığı Maluddin Mirzəbətov və Şahid3 zərərşəkmiş şəxs olmasalar da, Təqsirləndirilən şəxs tərəfindən onlardan alınmış pulların tam qaytarılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 01 il 01 ay 27 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu vaxtdan hesab olunmuşdur. Həmin qərardan müdafiə tərəfi apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Qusar rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə təsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmış və məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 45, 142-143, 309-311) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak və xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar