Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-180/2021 24.12.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı dövlət ittihamçısı vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 303-cü maddəsində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının bu vəsatəti ilə razı olduqlarını ifadə edib vəsatətin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə müdafiəçisinin birlikdə cinayət işinin materialları ilə tanış edilmələinə dair 09 noyabr 2021-ci il tarixli protokolda protokolun tərtib olunma tarixi qeyd edilsə də, cinayət işinin cild və iş vərəqələrinin sayı, habelə tanış olma tarixi və saatları qeyd edilməmiş, habelə cinayət işinin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin rədd olunmasına dair qərar qəbul olnmuş, lakin qərar təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə zidd olaraq 48 saat müddətində təqdim edilməmiş və hətta göndərilməmiş, eləcə də, 09.11.2021-ci il tarixi qeyri-iş günü olsa da, bu sənədin həmin prosessual şəxslərə hansı qaydada göndərilməsi, nə zaman çatdırılmasını müəyyən etmək üçün zəruri olan poçt sənədləri əlavə olunmamış, qərarda və qərarın göndərilməsinə dair məktubda, onların təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən qəbul edilməsinə dair müvafiq qeydlər aparılmamışdır. Halbuki, CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq digər məlumatlarla yanaşı tanış etmənin tarixini, vaxtını və yerini, göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. CPM-nin 287.2-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq digər proses iştirakçıları ilə yanaşı, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin tam və ya qismən rədd edilməsi haqqında əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. CPM-nin 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. CPM-nin 290.2.11-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir və bu zaman müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göründüyü kimi müstəntiq tərəfindən CPM-nin 284-289-cu maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə təqsirləndirilən şəxsi müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış etmək haqqında protokola protokolun tərtib olunma vaxtı barədə məlumatı göstərsə də, cinayət işinin cild və vərəqə saylarını, tanış olma prosessual hərəkətinin tarixi və vaxtını qeyd etməmiş, habelə, cinayət işinin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin verdiyi vəsatətin rədd edilməsinə dair 09.11.2021-ci il tarixli qərarın təqsirləndirilən şəxsə 48 saat müddətində çatdırılmasını, eləcə də, müdafiəçisinə bu müddət ərzində təqdim olunmasını təmin etməmiş və bununla da, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsini lazımi qaydada icra etməmiş, habelə bunu icra etmədiyi halda ittiham aktını tərtib etməyə başlamışdır. Qeyd olunanlarla yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ibtidai istintaqı həyata keçirən prokuror tərəfindən də, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.1 və 290.2.11-ci maddələrinin tələblərinə zidd olaraq ittiham aktı ilə daxil olduqda həmin cinayət işini lazımi səviyyədə öyrənməmiş və müstəntiqin tərəfindən CPMnin 289-cu maddəsinin tələblərinə riayyət olunub – olunmamasını yoxlamamışdır. Əks təqdirdə, yol verilmiş aşkar nöqsanı görməmək mümkün deyildir. Sadalananlarla yanaşı məhkəmənin gəldiyi daha bir qənaətə görə təqsirləndirilən şəxslə birlikdə cinayət işinin materialları ilə tanış olmalarına dair 09.11.2021-ci il tarixli protokolda zəruri məlumatlar olmadan və bu məlumatlar üçün xüsusi olaraq ayrılmış qrafalar boş saxlanıldığı halda müdafiəçinin onları imzalaması, müstəntiqin isə hissəvi olaraq boş vəziyyətdə olan protokola təqsirləndirilən şəxslə müdafiəçinin imzalamasına yol verməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror bu çatışmazlığı aradan qaldırmadan ittiham aktını imzalaması ona dəlalət edir ki, qeyd edilən prosessual hərəkət aparılarkən təqsirləndirilən şəxsin müdafiə hüququ lazımi səviyyədə həyata keçirilməmiş, yəni müdafiə hüququ pozulmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı CPMnin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmişdir. Odur ki, cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai isitintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair dövlət ittihamçısının vəsatəti təmin edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsinin və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının zəruriliyi qənaətinə gəldiyi üçün, CPM-nin 306.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığını, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsini müzakirə etməlidir. Bununla bağlı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə təqəfləri dinləyib, vəsatətin dəlillərini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olması onun və daimi yaşayış yerinə malik olması bağlılığının mövcud olmasını göstərir ki, buda təqsirləndirilən şəxsin ibtidai istintaqı dövründə hər-hansı qanunsuzluqlara yol verməməsi və zorakı cinayət törətməkdə ittiham olunmaması nəzərə alınmaqla zəruri nəzarət həyata keçirəlməsi şərti ilə barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq olunmasını mümkün edən real qarantiya kimi məhkəmə tərəfindən qəbul oluna bilər. Belə olan halda müdafiəçinin vəsatəti təmin olunmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmalı və ev dustaqlığının müddəti ağlabatan müddətə uzadılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə elektron vasitəni işlək vəziyyətdə saxlamaqla gəzdirmək, Bakı şəhəri, Quba rayonu və Sumqayıt şəhəri ərazilərində məhkəmə, prokurorluq və polis orqanlarına çağırılması zamanı nəzarəti həyata keçirən orqana məlumat verdiyi halları istisna edilməklə yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmalı, ev dustaqlığı qətimkan tədbiri yaşadığı Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi ev 1, mənzil 8-də icra olunmalı, tətbiq edilən ev dustaqlığı qətimkan tədbirinin icrası Bakı şəhəri, Xətai rayon Polis İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi yanında X1 həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ :
1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi baxılması üçün ibtidai istintaqa prosessual təhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçisinin vəsatəti təmin edilsin.
4. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunsun. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 24 yanvar 2022-ci il tarixinədək uzadılsın.
5. Təqsirləndirilən şəxs Mübariz oğluna elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə elektron vasitəni işlək vəziyyətdə saxlamaqla gəzdirmək, Bakı şəhəri, Quba rayonu və Sumqayıt şəhəri ərazilərində məhkəmə, prokurorluq və polis orqanlarına çağırılması zamanı nəzarəti həyata keçirən orqana məlumat verdiyi halları istisna edilməklə yaşayış yerini tərk etməmək vəzifəsi qoyulsun.
6. Təqsirləndirilən şəxs Mübariz oğlunun ev dustaqlığı qətimkan tədbiri yaşadığı Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi ev 1, mənzil 8-də icra olunsun.
7. Təqsirləndirilən şəxs Mübariz oğluna tətbiq edilən ev dustaqlığı qətimkan tədbirinin icrası Bakı şəhəri, Xətai rayon Polis İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi yanında X1 həvalə edilsin.
8. Qərarın surəti icra edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
9. Bu qərarın surətinin 3 gün müddətində cinayət prosesinin tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
10. Qərar qətidir, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz.
Sədrlik edən: imza Rəşad Əliyev
Hakimlər: imza Hafiz Əliyev
Hakim: imza Fəhmin Hümbətov