Məhkəmə qərarları › İş №1(124)-180/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-180/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-180/2023 30.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasının Ulyanov şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Belə ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndi ərazisində yerləşən fərdi yaşayış evində süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən əvvəllər mütəmadi olaraq onu danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsinə görə aralarında ədavətli şəxsi münasibətləri olan atası Zərərçəkmiş şəxs onun arvadı Şahid2 aqressiv şəkildə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı atasının onun ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə ayağa durub masanın üzərindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb divanda oturmuş Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir zərbə vurub sonuncuya “döş qəfəsinin sol tərəfində daxilə nüfuz edən ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşaiyət olunmuş bir ədəd kəsilmişdeşilmiş yara” kimi sağlamlığa ağır zərər vuran və “sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini xüsusi amansızlıqla, yəni mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs anası Şahid1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmiş və bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla deyil, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar olmadan qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi və bu hərəkətləri ilə də Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, nahar etdikləri vaxt atası Zərərçəkmiş şəxs ilə aralarında münaqişə yaranmışdır. Atası arvadı və qayınanasına kobud cavablar verdiyi üçün o atasına “Bir tikə çörək yeyirik, bizə dava lazımdı ki” demiş, bu zaman atası ona qarşı da nalayiq ifadələr söyləmişdir. Münaqişə zamanı anası da atasına nəsə demiş, bu vaxt atasının anasını vurub-vurmadığını dəqiq görməmişdir. O, stolun üstündə olan bıçaqla çörəyi kəsmək istəyərkən atasını sakitləşdirmək üçün əlində bıçaq olduğunu unudaraq ona yaxınlaşmış, o isə ona nalayiq sözlər demiş və onu itələmişdir. Atası onu itələdikdən sonra ailəsi onu ayıraraq çölə çıxartmış və atasının qolunu bıçaq kəsdiyini söyləmişlər. O, ailə üzvlərinə atasının qolunu sarımalarını və təcili tibbi yardıma zəng etmələrini demişdir. Təcili tibbi yardım çağırıldıqdan sonra çölə çıxmış, daha sonra 2-3 nəfər polis əməkdaşı həyətə gələrək nə olduğunu soruşmuş, o da mövcud vəziyyəti danışıb polis bölməsinə getmişdir. Hadisənin səhəri isə ona atasının öldüyü deyilmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq atası ilə münasibətlərinin yaxşı olmadığını, atasının mütəmadi olaraq spirtli içkilərdən istifadə etdiyini, səbəbsiz yerə evdə dava salaraq söyüş söydüyünü bildirmişdir. Hadisə vaxtı stol arxasında nahar etdiklərini, özünün stulda, atasının isə divanda əyləşdiyini, atasına yaxınlaşaraq onu sakitləşdirmək istədiyini, lakin atasının əl-qol ataraq onu itələdiyini, atasına neçə zərbə dəydiyini bilmədiyini, arvadının ona atasının qolunun kəsildiyini söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq özünün fərdi əməklə məşğul olaraq ailəsini dolandırdığını, anası onkoloji xəstə olduğundan atasının onları evdən qovmasına baxmayaraq xəstə anasını qoyub gedə bilmədiyini, atasının işləmədiyini, onun ailə üzvləri, həmçinin anası ilə amansız rəftar etdiyini, xəstə olmasına baxmayaraq onu tez-tez döydüyünü, hadisə günü atasının harda spirtli içki içdiyini bilmədiyini demişdir. Həmçinin anasının hadisədən bir müddət sonra vəfat etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onlar ailədə üç övladdırlar. O, evin ən böyüyüdür. Ondan balaca Nəbi adlı qardaşı, Sevinc adlı bacısı var. Nəbi Bakı şəhərində, Sevinc isə Xaçmaz rayonu Suxtakələ kəndində yaşayır. 2021-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş və birgə nikahlarından Nuray adlı 1 qız övladı dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən atasına məxsus evdə yaşayır. Anası Şahid1 da onlarla bir yerdə yaşayır və anası onkoloji xəstədir. Onun Xaçmaz rayonu Niyazoba kəndində ayrıca evi olsa da, həmin ev tam təmirli olmadığından atasıgillə qalır. Zərərçəkmiş şəxs heç bir yerdə işləməyib mal-qara saxlamaqla, evin həyətində tərəvəz məhsulları əkməklə məşğul olmuşdur. O, özünə məxsus traktorla kənd ərazisində müxtəlif şəxslərin torpaq sahələrində yer şumlayaraq ailəsini dolandırır. Hacıkərim ilə heç vaxt münasibəti normal olmamışdır. Belə ki, atası hər gün evdə hamını danlayır, söz-söhbət salır, ondan və arvadından evindən çıxıb getmələrini tələb etmişdir. Hətta o, əsgər getməmişdən qabaq dəfələrlə saxladıqları malqara örüşdən gələnə qədər atası onu evə buraxmamış, dəfələrlə çöldə yatmışdır. Anası 5- 6 aydır ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq atası arada əsəbləşəndə anasını da döymüşdür. Ancaq atasının onları bezdirməsi, onlara zülm verməsi və anasını döyməsi ilə bağlı atasından heç bir vaxt hüquq mühafizə orqanlarına şikayət etməmişlər. Atasının adi bir şey üstündə adamı danlayıb nalayiq ifadələrlə təhqir etməsi onu bezdirmişdir. Atasının başqa şəxslərlə də arasında münasibəti heç bir zaman yaxşı olmamışdır. 14 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evdə ailəlikcə nahar yeməyi yemişdir. Həmin vaxt qayınanası Solmaz da onlara qonaq gəlmişdir. Evin qonaq otağında hamısı süfrə başında əyləşmişlər. O, stolun başında, qapı istiqamətində, atası divanın sol küncündə, anası da atasının yanında oturmuşdur. Arvadı Nərgiz onun anası ilə üzbəüz istiqamətdə stulda, qaynanası Solmaz isə atası üzbəüz istiqamətdə stulda əyləşmişdir. Yemək yeyən zaman Hacıkərim Solmazla söhbət edərək həyətdəki şitillərin basdırılmasında kömək etməsini qaynanasından xahiş etmişdir. Qaynanası da Hacıkərimə etiraz etməyib atasına razılığını bildirmişdir. Həmin vaxt Nərgiz atasına nəsə demişdir. Lakin hazırda Nərgizin nə dediyini xatırlamır. Hacıkərim isə Nərgizin sözündən sora özündən çıxaraq arvadı ilə acıqlı danışmağa başlamışdır. O, atasına etiraz edib heçnə olmadan niyə acıqlı danışdığını Hacıkərimdən soruşmuşdur. Atası onla da yüksək tonla danışıb onu təhqir etməyə başlamış və aralarında mübahisə düşmüşdür. O, Hacıkərimin bu hərəkətlərindən artıq təngə gələrək sonuncunu cəzalandırmaq qərarına gəlmişdir. Çünki evdə nə qədər söz-söhbət olar. Yediyi çörək də burnundan gəlmişdir. Atasının nalayiq ifadələrindən sonra ayağa qalxaraq stolun üstünə diqqətlə baxmadan əlini atıb nəsə götürmüş və stolun başından fırlanıb atasına yaxınlaşaraq əlindəki əşya ilə “bəsdir də. Nə qədər olare bu zülm. Uje bizi bezdirmisəne” sözlərini deyib atasının qoluna vurmuşdur. Bu zaman əlindəki əşyanın bıçaq olduğunu və bıçağın atasının qoluna batdığını görmüşdür. Ancaq onun atasını bıçaqla vurmaq fikrim olmamışdır. Sadəcə atasının sakitləşməsi, bir daha onları bezdirməməsi üçün Hacıkərimi qorxudub cəzalandırmaq istəmişdir. O, atasının üstünə gedəndə arvadı da stuldan durub onun arxasıyca gəlmiş və onu dartıb evin həyətinə çıxarmışdır. O, gedib evin həyətində bir qədər oturmuşdur. Ailə üzvləri tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilmiş və atasını bıçaqla vurduqdan sonra sonuncunun öləcəyini bilməmişdir. Bir müddət sonra təcili tibbi yardım həkimləri gələrək atasının öldüyünü demişlər. Təcili tibbi yardımın həkimləri tərəfindən Xaçmaz RPŞ-nə məlumat verilmiş və saat 15:50 radələrində evlərinə gələn polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Etdiyi əməldən peşmandır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, atası ilə arasında münasibət heç vaxt yaxşı olmamışdır. Atası onunla elə davranmışdır ki, eləbil o, Hacıkərimin oğlu yox, düşmənidir. Atası hər gün xırda şeylər üstündə onu danlamış, söz-söhbət salmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Atasının etdikləri artıq onu təngə gətirmiş və o, Hacıkərimin hərəkətlərinə dözə bilməmişdir. Onun atasını öldürmək niyyəti olmamışdır. Əsəbindən stolun üstünə baxmadan əlini atıb bıçağı götürmüşdür. İlk öncə əlindəkinin qaşıq olduğunu zənn etmişdir. Əlindəki əşya ilə atasının qoluna vurandan sonra əlindəki əşyanın bıçaq olduğunu bilmişdir. Onun anasına və ya atasına əzab, işgəncə vermək niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 göstərmişdir ki, hadisənin birbaşa şahidi olmamış, hadisədən sonra ona atasının ürəyinin tutduğu söylənilmiş, daha sonradan isə əsl baş verənlərdən xəbəri olmuşdur. Atasının xasiyyətinin çox pis olduğunu, onkoloji xəstə olan anasına belə zülm verdiyini, həmçinin onu və qardaşlarını da dəfələrlə ağır formada döydüyünü qeyd etmişdir. Qardaşı Pərvinin çox yaxşı insan olduğunu, onun həmişə anasına dəstək olduğunu, qardaşının atasını qəsdən öldürmədiyini, atasının bu hadisənin baş verməsinə şərait yaratdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını, onunla barışdığını və ona yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs qızı X1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 göstərmişdir ki, o hadisənin baş verməsinin birbaşa şahidi olmamış, hadisədən sonra ona atasının ürəyinin tutduğunu demişlər. Həmçinin atasının xasiyyətinin pis olduğunu, onkoloji xəstə olan anasına zülm verdiyini, uşaq olarkən onu və qardaşlarını da ağır formada döydüyünü bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs atasını qəsdən öldürmədiyini, hadisənin baş verməsinə səbəbin atası olduğunu bildirmişdir.Həmçinin qardaşı ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə günü əri Təqsirləndirilən şəxs həyətdə işlədiyi zaman nahar etməsi üçün onu evə çağırmış, Pərvin nahar yeməyinə gələnə qədər qayınatası evdə olmamış, daha sonradan evə gəlmişdir. Onlar nahar edərkən qayınatası ona və ərinə qarşı nalayiq ifadələr söyləmiş, bu zaman Pərvin stolun başında, o isə anası ilə birgə Pərvinin yanındakı stullarda, qayınata və qayınanası isə divanda oturmuşdur. Nahar zamanı qayınatası anasından tərəvəz əkməkdə ona kömək etməsini istəmiş, anası da onunla razılaşaraq kömək edəcəyini bildirmişdir. O, qayınatasına “yer qurudu, onu sulayın, sonra əkin” demiş, bu zaman qayınatası ona qarşı nalayiq ifadələr söyləmiş, həmçinin “sən get öz işinlə, öz ailənlə məşğul ol, mənim işimə qarışma” demişdir. Pərvin atasının ona söylədiklərinə əsəbləşməsinə baxmayaraq heç bir söz deməmiş, daha sonra qayınatası telefonla danışmış və yenidən mübahisə etməyə davam etmiş, onlara nalayiq sözlər söyləmişdir. Ardınca Pərvin ona “nə qədər belə olacaq, çörəyimizi rahat yeməyə də imkan vermirsən” deyə bildirmiş, lakin qayınatası ayağa qalxaraq nalayiq sözlər deməyə davam etmiş, hətta Pərvinə sillə belə vurmuşdur. Pərvin isə ona “Nə istəyirsən, bəsdir də belə etdin” demiş, qayınatası Pərvini itələdikdən sonra o, Pərvini çölə çıxartmış, evə qayıtdığı zaman isə qayınatasının qoluna bıçaq batdığını görmüş, lakin Pərvinin əlində bıçağın olmasını görməmişdir. Qayınatasının nə onunla, nə də ki əri ilə normal münasibəti olmamış, həmişə onlara “çıxın evimdən, yaşamayın burada” demiş, həmçinin nalayiq ifadələr söyləmişdir. Hadisə baş verəndən sonra onun qolunu sarımış və təcili tibbi yardım çağırmış, təcili tibbi yardım gəldikdən sonra onun öldüyünü bilmişdir. Bıçağı onun qolundan çıxartmağa cəhd etmiş, lakin çıxarda bilməmiş, buna görə də anasından kömək etməsini istəmiş, həmin bıçağı qayınatasının qolundan anası çıxartmışdır. Onlar bıçağın qayınatasının ürəyinə dəydiyini bilməmiş, qayınatası hadisə günü içkili olmuş, həmin gün evə gələrkən qapını o açmış və bu zaman spirtin qoxusunu hiss etmişdir. Qayınatası qayınanasına uzun illər zülm vermiş, onun xəstələnməsinə səbəb olmuşdur. Qayınanası xərçəng xəstəsi olmuş, ağır xəstə olmasına baxmayaraq qayınatası ona zülm vermiş, həmin vəziyyətdə ona kötük daşıtdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Binəqədi rayonunda ailəsi ilə birlikdə kirayə yaşayır, lakin hadisənin baş verdiyi tarixdən bir həftə əvvəl Xaçmaz rayonuna getmişdir. Hadisə günü təxminən saat 12-13 radələrində ailəsi ilə birlikdə evdən çıxmış, bu zaman atası “Məni də yuxarıda düşürərsən” demiş, kəndin başına çatdıqları zaman atası sağollaşaraq avtomobildən düşmüşdür. O, yolda olarkən telefona zəng gəlmiş və atası ilə qardaşının dalaşdığı deyilmişdir. Həmin vaxt bu davanın həmişə baş verən davalardan olduğunu düşünmüş, daha sonra anası ona bir daha zəng etmiş və “atanın qolunda bıçaq var, təcili tibbi yardıma zəng etmişik” demişdir. O, anasından hadisənin necə olduğunu soruşmuş, anası isə, Pərvin yemək yediyi zaman atasının Pərvinə nalayiq sözlər söylədiyini, Pərvinin isə ilk başda ona fikir vermədiyini, atası əlində bıçaqla “Sənin başını kəsərəm, rədd olun evimdən” dediyini bildirmişdir. O, hadisəni öyrəndikdən sonra evə geri qayıtmış, gəldiyi zaman atası artıq morqda olmuş, bıçaq atasının qoluna girmiş, bıçağın banka açmaq üçün olan hissəsi isə onun köynəyinə ilişmişdir. Morqda atasının meyitinə baxdığı zaman bıçağın iki qabırğanın arasından sivrilərək girdiyini görmüdür. Anasının ona dediklərinə görə hadisə günü ilk başda atası qardaşının üzərinə gəlmiş, daha sonra isə divanda oturmuş, qardaşı çörək kəsərkən atası qardaşının qayınanasına qarşı nalayiq ifadələr söyləmiş, qardaşı da ona bu etdikləri ilə bağlı irad tutmuşdur. Daha sonra yenidən atası qardaşının üzərinə gəlmiş və bu hadisə baş vermişdir. Həmin vaxt atası içkili olmuşdur. Özünün atası ilə münasibətinin yaxşı olmadığını, onun heç bir səbəb olmadan evdə mübahisə saldığını, qardaşı Pərvin ailəni daimi olaraq dolandırdığını, iki il onkoloji xəstəlikdən əziyyət çəkən anasının qulluğunda durduğunu bildirmişdir. Ataları spirtli içki alüdəçisi olmuş, onu və qardaşını ağaca bağlayaraq heyva çubuğu ilə döymüş, analarına qarşı da çox pis rəftar etmiş, hətta anası onkoloji xəstə olduğu dövrdə onu ağac kəsməyə məcbur etmiş, bu zaman ağac anasının üzərinə düşmüş və qabırğaları sınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, hadisə günü onlar Xaçmaz rayonundan çıxıb yolda gedərkən telefona zəng gəlmiş və o, zəngə cavab vermiş, qayınanası onkoloji xəstə olduğu üçün ilk əvvəl onun başına nə isə gəldiyini düşünmüşdür. Telefona cavab verdiyi zaman qayınanası ona “Qızım, oğluma ver telefonu” demiş, o isə qayınanasına “Telefonu verə bilmərəm, maşın sürür” deyərək nə baş verdiyini soruşmuş, qayınanası isə baş verənləri danışmışdır. Qayınatası ona və ərinə qarşı da çox pis rəftar göstərmiş, hətta o, onların üzərinə balta ilə hücum etmiş və onu döymüşdür. Belə ki, cehiz mebel gətirdiyi zaman Hacıkərim həmin mebeli evə yerləşdirməyinə icazə verməyərək əlində balta ilə “Ya bu evdən çıxacaqsan, ya da ki başına ikiyə böləcəm, bura sənin üçün Bakı deyil” deməsi olmuşdur. Həmin hadisə ilə bağlı polis orqanlarına şikayət etmiş və araşdırma getmişdir. Lakin məhkəmə iclası vaxtı o qayınatası Hacıkərimi bağışladığı üçün işə xitam verilmişdir. Pərvinin çox yaxşı insan olduğunu, həmişə hər kəsə qarşı çox xoş rəftar etdiyini, qayınatası Hacıkərimin isə evində qaldığı dövrdə onu və anasını da təhqir etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, hadisə günü onlar nahar edərkən Zərərçəkmiş şəxs içəriyə içkili vəziyyətdə girmiş, onunla kürəkəni Təqsirləndirilən şəxs arasında münaqişə olmuş, münaqişəni Hacıkərim başlatmış, o Pərvini hədələyərək “özüm-özümü bıçaqlayıb səni işə salacam” demiş, bıçaq ilk olaraq Hacıkərimin əlində olmuş, lakin daha sonradan nə baş verdiyini görməmişdir. Hacıkərim nahar zamanı mübahisə edərək qızını təhqir etmişdir. Bıçaq Hacıkərimin qolunun qabaq hissəsindən batmış, hadisədən sonra bıçağı Hacıkərimin qolundan o çıxartmış və bıçağı yumuş, lakin bıçağı yumaqda cinayəti gizlətmək məqsədi olmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 1985-ci ildə Xaçmaz rayonu Niyazoba kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 oğul, 1 qız övladları dünyaya gəlmişdir. Oğullarının adı Pərvin və Nəbi, qızının adı isə Sevincdir. Onların hər üçü evlidir. Pərvin Nərgizlə ailə həyatı quraraq onunla bir yerdə yaşamışdır. Nəbi də Aysellə ailə həyatı quraraq Bakı şəhərinə, Sevinc isə Rüfətlə evlənərək Xaçmaz rayonu Suxtakələ kəndinə köçmüşdür. O, 2021-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicə alır. Yataq xəstəsidir və ailə üzvlərinin köməkliyi ilə hərəkət edə bilir. Pərvin çox sakit, mülayim və xoş təbiətli bir insandır. Pərvin bir oğul kimi həmişə onun qulluğunda durmuş, heç bir zaman onun qəlbini qıracaq hərəkət etməmiş və valideynlərinin sözünə qulaq asmışdır. Pərvin istifadəsində olan traktorla kənd ərazisində yerləşən torpaq sahələrini şumlayaraq öz halal qazancı ilə ailəsini dolandırmışdır. Hacıkərim xasiyyətcə çox tərs, heç kimlə yola getməyən, xırda məsələləri böyüdüb mübahisə yaradan biri olmuşdur. O, evlənən vaxtdan Hacıkərimlə heç bir vaxt yola getməmiş, lakin övladlarına görə sonuncudan ayrılmamışdır. Hacıkərim yaxşı ailə başçısı olmamışdır. Hacıkərim daim ailə üzvlərini təhqir etmiş və övladlarını, eləcə də onu döymüşdür. Hacıkərim spirtli içki aludəçisi olmuş və demək olar ki, hər gün araq içmişdir. Hacıkərim sərxoş olduğu vaxtlar daha da qəzəbli olmuş və onlara zülm etmişdir. Hacıkərim onun onkoloji xəstə olmasına baxmayaraq yenə də ondan əl çəkməmiş, üstünə qışqırmış və əsəbləşəndə onu vurmuşdur. Hacıkərim heyvanlara belə rəhmsiz davranmış, malqaraya zülm etmiş və ağacla, yabayla heyvanları vurub xəsarət yetirmişdir. 14 may 2022ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə nahar süfrəsinə əyləşmişdir. Həmin vaxt Nərgizin anası Solmaz da onlara qonaq gəlmişdir. Hacıkərim də harasa gedib spirtli içki qəbul edərək evə gəlmişdir. Nahar vaxtı o, divanda Hacıkərimlə birlikdə oturmuşdur. Stolun başında Pərvin, onunla üzbəüz Nərgiz, sonuncunun yanında isə Solmaz əyləşmişdir. O, gəlinimin köməkliyi ilə süfrə başına gəlib oturmuş və ona çəkilən yeməyin soyuması üçün gözləmişdir. Onun bütün bədəni ağrıdığından süfrə başında başını aşağı salıb oturmuşdur. O, adicə qaşıq, stəkan tuta bilmir. Arada Pərvinin, ya da Nərgizin köməkliyi ilə yemək yemiş, yəni ailə üzvləri onu yedirmişdir. Nahar edən zaman birdən Pərvinlə Hacıkərimin arasında sözlü mübahisə yaranmışdır. Ancaq mübahisənin nə üstündə yarandığını bilməmişdir. O, artıq hər gün Hacıkərimin mübahisə yaratmağına öyrəşmiş və bunu adi qəbul etmişdir. Mübahisə zamanı başını yavaşca yuxarı qaldıranda Pərvinin ayağa durub stolun başından fırlanaraq Hacıkərimə yaxınlaşdığını görmüşdür. Bu zaman Nərgiz də ayağa qalxıb Pərvinə yaxınlaşaraq sonuncunu tutub çölə çıxarmışdır. Hadisə bir neçə saniyə ərzində baş vermişdir. Nərgiz geriyə qayıdanda sonuncunun qışqırıq səslərindən Pərvinin bıçaqla Hacıkərimi vurduğunu bilmişdir. Hadisə necə olduğu özü də bilməmişdr. Çönüb Hacıkərimə baxanda sonuncunun sol qol nahiyəsində bıçağı görmüşdür. Daha sonra Solmaz bıçağı Hacıkərimin bədənindən çıxarmışdır. O, təcili tibbi yardıma məlumat verilməsini ailə üzvlərinə demişdir. Ailə üzvlərinin çağırdığı təcili tibbi yardım briqadası gəlib çatanda artıq Hacıkərim ölmüşdür. Dəfələrlə səbəbsiz yerə Hacıkərim mübahisə yaratmış və Pərvinlə dalaşmışdır. Hacıkərim Pərvini canından bezdirmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır. Həmçinin Hacıkərim və Pərvin onun qapı qonşuları olmuşlar. Təqsirləndirilən şəxs təbiətcə sakit, hər kəslə yaxşı ünsiyyət quran, qazancını ailəsinə xərcləyən, hər kəslə münasibəti yaxşı olan, kəndin xeyr və şərində iştrak edən, abırlı bir insan kimi tanıyır. Yaşadıqları kənddə heç kimin Pərvinlə düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs spirtli içki qəbul edən və narkotik vasitələrdən istifadə edən olmamışdır. Pərvinin mərhum atası Zərərçəkmiş şəxs 20 ilə yaxındır ki, tanımışdır. Hacıkərimlə salam sağolu olsa da, aralarında dostluq münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs tüfeyli həyat tərzi sürən, hər gün evdə ailəsi ilə mübahisə edən, kənddə heç kimin xeyr və şərində iştrak etməyən biri kimi tanımışdır. Hacıkərim spirtli içki aludəçi olmuşdur. Hacıkərim demək olar ki, hər gün spirtli içki qəbul edib kənddə yoldan keçən hər kəsə söz atmış, hər kəslə mübahisə etmişdir. Oğulları Pərvin və Nəbiyə görə kənddə heç kim Hacıkərim ilə mübahisə etməmişdir. Hacıkərim hər gün evdə söz-söhbət salmış, oğlu Pərvin və arvadı Naibə ilə tez-tez mübahisə edərək sonuncuların evdən çıxıb getmələrini istəmişdir. Hacıkərim bir neçə dəfə Naibəni döyüb çölə çıxarmışdır. 14 may 2022-ci il tarixdə saat 17 radələrində kənddə Hacıkərimgilin evinin yanından keçəndə polislərin və qonşuların yığışdığını görmüşdür. O, qonşulardan nə baş verdiyini soruşduqda qonşuları Pərvinin Hacıkərimi bıçaqlayaraq öldürdüyünü ona demişlər. İbtidai istintaq zamanı Şahid7 Şahid6 dedikləri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 14 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri mərhum Zərərçəkmiş şəxs Xaçmaz rayonu Niyazoba kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 may 2022-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər – döş qəfəsinin sol tərəfindən daxilə nüfuz edən ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanxama ilə müşayiət olunmuş bir ədəd kəsilmiş deşilmiş yara, sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yaraları vardır. Göstərilən xəsarətlər həyati olub, kəsici-deşici alətin (ola bilər ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə ürəyin zədələnməsi ilə döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar isə yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən döş qəfəsi xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 1,84 promil qatılıqda etil söirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq vəziyyətinə aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş boşluğuna nüfuz etmiş kəsilmiş deşilmiş yaranın ürəyin sol mədəciyini zədələnməsi nəticəsində daxilə və xaricə kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 421/2022-MTBŞ nömrəli rəyindən görünür ki, məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd trusik, 01 ədəd mayka, 01 tay corab, həmçinin 01 ədəd mələfə, 01 ədəd yastıqüzü (qərarın təsviri hissəsində onlar parça kimi göstərilmişdirlər) və 01 ədəd divan (çarpayı) örtüyü üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «A» antigeni, aqqlyutinin qismində isə bəzi ləkələrdə «beta» aqqlyutinini də alınmışdır. «A» antigeni əsas antigen kimi və «beta» aqqlyutinini hər biri tək halda yalnız A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiklərindən göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsin (şəxslərin) qanı hesabına yaranmasını söyləmək olar. Beləliklə, yuxarıda göstərilən qan ləkələri AB0 sistemi üzrə A(İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində olan ləkələrdə və bıçaq üzərində qan aşkar olunmamışdır. Təqdim edilmiş bir cüt corabın digər tayı üzərində baxış zamanı hər hansı bir qana şübhəli ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-trasoloji, daktiloskopik, soyuq silahların kriminalistik ekspertizasının 17 iyun 2022-ci il tarixli, 3/677; 3/682; 3/683 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçağın səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bıçaq-zavod üsulu ilə hazırlanmış deşici, kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarından H.N.Nemətova məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölüçsü və sayı verilmişdir. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Köynəyin üzərində olan “a,b” zədələrinin yerləşmə yerinə görə öndən arxaya, “c” zədəsi isə soldan sağa doğru istiqamətlənməsi ehtimal olunur. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon-kompleks ambulator məhkəmə-psixitarik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərininin idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 20 iyun 2022-ci il tarixli, 6/2906 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 27 may 2022-ci il tarixli 599 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada hər hansı bir xəstəliklə əlaqədar müalicə almamış, həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 27 may 2022-ci il tarixli 993 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. Xaçmaz RİHB-nın Niyazoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2022-ci il tarixli 255 №-li xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Xaçmaz RİHB-nın Niyazoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2022-ci il tarixli 254 №-li xasiyyətnaməsində Zərərçəkmiş şəxs sakinlər arasında aparılmış şifahi sorğuya əsasən mənfi xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla, yəni anası Şahid1 gözü qarşısında, sonuncuya və zərərçəkmiş şəxsin özünə xüsusi əzab və iztirablar verdiyini dərk etməklə qəsdən öldürməsi öz təsdiqini tapmır və ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Lakin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla bağlı tövsifedici əlamət olmadan qəsdən öldürmüş, yəni zərər çəkmiş şəxsi qəsdən həyatdan məhrum etmiş və bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Xüsusi amansızlıqla adam öldürmə əlamətlərini şərh edən hüquqşünas alimlər belə hesab edirlər ki, əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Göründüyü kimi, baxılan işdə Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən bıçaqla vurub onun ölümünə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirdiyi an sonuncunun arvadı Şahid1 hadisənin baş verdiyi otaqda olması və konkret olaraq hadisənin törədilməsini görməsi inkar olunmur. Lakin Təqsirləndirilən şəxs qəsdinin zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldiyi, zərərçəkmiş şəxsi onun yaxın adamlarının (burada arvadının) yanında onlarahəm zərərçəkmiş şəxsin özünə, həm də arvadına xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməsi təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdinin zərərçəkmiş Zərərçəkmiş şəxs məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldiyi, yəni zərərçəkmiş şəxsi onun arvadının yanında həyatdan məhrum edərkən ona xüsusi əzab verdiyini dərk etməklə öldürməsi, zərərçəkmiş şəxsə onun arvadının gözü qarşısında xəsarət yetirərkən həm zərərçəkənin arvadına, həm də zərərçəkənin özünə bu hala görə iztirab vermək məqsədi güdməsi məhkəmə baxışı zamanı təqsirləndirilə şəxsin özü tərəfindən etiraf edilməməklə onun belə bir niyyətinin olmasını təsdiq edən başqa sübut növü müəyyən edilməmişdir. Ali Məhkəmə Plenumunun qərarından da göründüyü kimi əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni başqa şəxsi qəsdən həyatdan məhrumetmə cinayətini törətməzdən əvvəl, ictimai təhlükəli əməlin icrası mərhələsində və ya əməlini başa çatdırdıqdan sonra xüsusi amansızlıqda ehtiva olunan hər hansı hərəkətə yol verməmiş, Ali Məhkəmə Plenumunun Qərarında da göstərildiyi kimi, xüsusi amansızlığın əlamətlərini özündə əks etdirən nəticələr baş verməmiş, cinayət hadisəsi çox ani zaman kəsiyində baş vermiş, təqsirləndirilən Təqsirləndirilən şəxs heç kimin gözləmədiyi bir vəziyyətdə bir bıçaq zərbəsi ilə zərər çəkmiş şəxsi həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən ibtidai istintaq orqanı tərəfindən cinayətin məqsədi, motivi və törədilmə üsulu, o cümlədən cinayət hadisəsi baş verərkən təqsirləndirilən və zərər çəkmiş şəxsin psixoloji vəziyyətləri və işin faktiki halları düzgün qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini cinayət tərkibinin subyektiv cəhətinə münasibətdə (yəni Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini törətməsi) səhvə yol verilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində- məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə qarşı zorakı hərəkətlərinin, yəni sonuncunun qanunsuz hərəkətlərinin və qeyri-etik davranışlarının təsiri nəticəsində baş vermişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, hadisə baş verməzdən əvvəl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arvadı Şahid2 və onun anası Şahid3 qarşı nalayiq ifadələr işlətmiş, təqsirləndirilən şəxsin buna irad bildirməsi nəticəsində onun özünü də təhqir etmiş, hadisə baş verən günə qədər də həm təqsirləndirilən şəxsin özünü, həm də onun ailə üzvlərini mütəmadi olaraq təhqir edib alçaldıcı münasibətə məruz qoymuş, təqsirləndirilən şəxsin onkoloji xəstəlikdən əziyyət çəkən və hadisədən bir müddət sonra vəfat edən anası Şahid1 yataq xəstəsi olmasına baxmayaraq mütəmadi olaraq onu fiziki və psixi zorakılığa məruz qoyaraq amansız rəftar etmişdir. Məhkəmə baş vermiş cinayət hadisəsinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı ərizə yazaraq, məhkəmə istintaqı zamanı isə ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Cinayət işinin materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan X4 xx.xx.2022-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz rayon məhkəməsinin 16 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 14 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, cinayətin aləti olan 01 ədəd bıçaq məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd divan üzlüyü, 02 ədəd parça (mələfə və yastıqüzü), hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusik, 01 tay corab zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd idman şalvar Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 281 (iki yüz səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385 -ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 14 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, 1 ədəd bıçaq məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd divan üzlüyü, 02 ədəd parça (mələfə və yastıqüzü), hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd trusik, 01 tay corab zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd idman şalvar Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar