Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-180/2025 17.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda narkotik vasitə tiryəki əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə “Hüseyn” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində “Hüseyn” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlib, 06 avqust 2024-cü il tarixdə Qobustan rayonu, Qobustan şəhərində "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığındakı qapısı olmayan tikiliyə əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 2760 qram olan narkotik vasitə qurudulmuş marixuananı, həmçinin xeyli miqdarda ümumi təmiz çəkisi 48,349 qram narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 03:10 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolunun 88.5-ci kilometrliyində, Qobustan rayonu, Qobustan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, H.Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra orada həmin tarixdə saat 05:50-dən 06:07dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi 01 ədəd sellofan torbanın içərisindən 03 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 875, 990 və 895 qram olmaqla, ümumilikdə təmiz çəkisi 2760 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 48,349 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, tanımadığı Hüseyn adlı İran İslam Respublikası vətəndaşı onunla əlaqə saxlayıb narkotik vasitələri onun dediyi yerdən götürüb başqa şəxslərə çatdıracağını və bunun qarşılığında da ona pul verəcəyini bildirib. Lakin o, həmin şəxsin təklifi ilə razılaşmayıb, bundan sonra Hüseyn adlı İİR vətəndaşı ona şəxsi istifadəsi üçün narkotik vasitə göndərəcəyini deyib, o da razılaşıb. İİR vətəndaşı ona məkan göndərib və ora ancaq şəxsi istifadəsi üçün marixuana qoyduğunu bildirib, həmin marixunaya görə o, həmin şəxsə 150 manat pul da göndərib. Marixuana qoyulan yerə gedəndə başqa mənzərə ilə qarşılaşıb. İranlı ona danışdıqlarından daha çox çəkidə və fərqli növlərdə narkotik göndərib. O, həmin yerə gedəndə polislər onu gözləyirmiş. Onun həmin kütlədən ancaq marixuanadan xəbəri olub, tiryəki İranlı özü göndərib. O, bu günə qədər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmayıb, İranlının göndərdiyi marixuananı da satış üçün deyil, şəxsi istifadə üçün əldə etmək istəyib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, İranlının göndərdiyi məkana gedəndə başqa növdə və çəkidə narkotik vasitələr olduğunu görüb. Həmin vasitələr olan paketi götürən kimi polis əməkdaşları onu saxlayıblar. İranlı ilə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə bağlı yazışmaları da olmayıb. İranlı ilə razılaşmalarına əsasən İranlı onun üçün 3 qram "kola", 2 qram "patı" və 15 qram marixuana göndərməli idi. Narkotik vasitələri götürməyə qonşusu Şahid5lə birlikdə gedib. Polis əməkdaşları tərəfindən müəyyən təzyiqlərə məruz qalsa da, bu barədə heç kimə məlumat verməyib, şikayət etməyib. 3 il olar ki, narkotik vasitə marixuanadan istifadə edirdi, həmin vasitəni fərqli yerlərdən əldə edirdi. Qobustana getməsinə səbəb o olub ki, İranlı məkan olaraq oranı göndərib, o da şəxsi istifadə üçün nəzərdə tutduğu narkotik vasitəni götürmək üçün Qobustana getməli olub. İranlı ilə yazışmalarında qeyd etdiyi "bir yerdə işləyərik" ifadəsini, yəni bundan sonra şəxsi istifadə üçün narkotik vasitələri İranlıdan alacağı mənasında istifadə edib. İbtidai istintaq zamanı da belə ifadə verib, həmin ifadəsini təsdiq edir. Dostu Şahid5lə birlikdə narkotik vasitə istifadə ediblər, lakin birbirlərinə narkotik vasitə verməyiblər, Comərdin bu işdən xəbəri olmayıb, sadəcə Comərdə onunla birgə getməyi təklif etmişdi. Polis əməkdaşları onu saxlamaq istəyəndə o, qaçmağa çalışmayıb, qaçmaq üçün elə bir imkanı da olmayıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi hissəvi elan olunaraq tədqiq olunmuş, təqsirləndirilən şəxs həmin ifadəsində bildirmişdir ki, yoldan təxminən 30-40 metr məsafədə yerləşən istifadə edilməyən obyektin yanındakı qapısı olmayan tikilinin içərisindən içində narkotik vasitələr olan 01 ədəd qara rəngli sellofan torbanı götürüb avtomobilinə tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirdikdə dərhal oradan qaçmaq istəmişdir. Polis əməkdaşları qolundan və köynəyindən tutaraq onu saxlamışlar. Onların əllərindən çıxıb qaçmaq istədikdə köynəyi cırılmışdır. Köynəyinin cırılması ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Polis əməkdaşları onu saxlayarkən içərisində narkotik vasitə olan 01 ədəd qara rəngli sellofan torba əlində olmuşdur. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu izah etmişlər. Həmin vaxt Adilin hara getdiyini və nə etdiyini bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qobsutan RPŞ-nə Təqsirləndirilən şəxs və Şahid5 Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd edilən məlumat rəhbərliyə məruz edilib müvafiq sənədləşdirmə işləri həyata keçirildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi qərar alınmışdır. 06 avqust 2024-cü il tarixdə Qobustan RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid2 idi. 06 avqust 2024-cü il tarixdə saat 03:10 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o və Şahid3 birlikdə Qobustan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs həmin yerə avtomobili ilə gəldiyini demişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs “Opel Vectra” markalı avtomobilinə yaxınlaşdıqda həmin avtomobildə sərnişin oturacağında əyləşən, adı onlara sonradan məlum olan Şahid5 sürücü oturacağına keçərək oradan uzaqlaşmaq məqsədilə avtomobilin mühərrikini işə salıb avtomobili ***-**** metr hərəkət etdirdikdən sonra qarşısına çıxan qum təpəciyi avtomobilin hərəkətinə maneə yaratdığından Adil avtomobilin qapısını açaraq özünü yerə tullamışdır. Şahid3 yaxınlaşıb onu tutub saxlamışdır. Bundan sonra Adil də Polis Şöbəsinə aparılmışdır. Qobsutan RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik olduğunu, həmin narkotiki İran vətəndaşının Qobustan rayonunda qoyduğu ərazidən götürdüyünü bildirmişdir. Həmin torba açıldıqda içərisindən 03 ədəd sellofan bükülüdə spesifik iyə malik yaşıl rəngli kütlə, həmçinin 01 ədəd sellofan bükülüdə isə bərk halda kristalvari maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs razılığı əsasında Ceyhunun “Opel Vectra” markalı, 99- LE-325 dövlət qeydiyyat nişanlı avtomobilində axtarış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və onlara nümayiş etdirilmişdir. Daha sonra Şahid5in üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid5dən üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid5 saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra onlara qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəmədə dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onlar yaxın küçələrdə yaşadıqlarından bir neçə il əvvəl hazırda xatırlamadığı tanışları vasitəsilə tanış olmuşlar. Həmin vaxtdan etibarən arabir görüşüb birlikdə vaxt keçirmişlər. Beləliklə, aralarındakı münasibət dostluğa çevrilmişdir. Həmin vaxtdan etibarən hətta onlar bir neçə dəfə birlikdə qurudulmuş marixuana da istifadə etmişlər. İstifadə etdikləri narkotik vasitələri yerdən tapıb istifadə etmişlər. Narkotik vasitəni bəzən o, bəzən isə Ceyhun tapıb gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək yanına çağırmışdır. O, Ceyhunun yanına getdikdə onlar görüşiib hal-əhval tutub söhbət etmişlər. Həmin vaxt Ceyhun ona Qobustan rayonuna narkotik vasitə almağa gedəcəyini və alacağı narkotik vasitəni onunla birlikdə istifadə edəcəyini bildirib, onunla birlikdə getməsini təklif etmişdir. O da dostu Ceyhuna yol yoldaşı olmaq məqsədilə onunla birlikdə “Opel Vectra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikilikdə yola düşmüşlər. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsinə çatdıqda Ceyhun avtomobili yolun kənarında saxlayıb avtomobildən düşmüş və harasa getmişdir. Ətraf qaranlıq olduğundan Ceyhunun hara getdiyini görə bilməmişdir. Özü isə yuxusu gəldiyindən avtomobildə mürgüləməyə başlamışdır. Bir qədər sonra səs eşidib yuxudan ayıldıqda bir nəfər mülki geyimli şəxsin avtomobilin ön sağ qapısının pəncərəsini döydüyünü görmüşdür. O, həmin şəxsin polis əməkdaşı olduğunu düşünüb qaçmaq məqsədilə əyləşdiyi ön sağ sərnişin oturacağından sürücü oturacağına keçmiş və avtomobili sürərək oradan uzaqlaşmağa çalışmışdır. Bir qədər getdikdən sonra qəflətən qarşısına çıxan qum təpəciyi avtomobilin hərəkətinə maneə yaratdığından avtomobil ilə hərəkətini davam edə bilməyəcəyini görüb özünü avtomobildən yerə tullamışdır. Bu zaman bədənindən və üzündən xəsarətlər almışdır. Yenidən avtomobilə minmək istəsə də, bir nəfər mülki geyimli şəxs özünü təqdim edərək polis əməkdaşı olduğunu, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdir. O da polis əməkdaşına etiraz etmədən onunla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə almışlar. Daha sonra isə onu təhqiqatçı Şükran Cavadzadənin xidməti iş otağına aparmışlar. Orada olduğu zaman təhqiqatçı Şükran Cavadzadə ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı ona Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. O da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən fərdi qaydada fəaliyyət göstərən vəkil Niyətxan Cəbrayılovu seçmişdir. Daha sonra təhqiqatçı zəng edərək vəkil Niyətxan Cəbrayılovu dəvət etmişdir. Müdafiəçi Niyətxan Cəbrayılov gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçi Niyətxan Cəbrayılovun və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, əynində olan geyimlərin üzəri və cibləri yoxlanılmışdır. Bu zaman onun üzərindən qanunla qadağan olunan heç bir əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon isə araşdırma üçün əhəmiyyət kəsb etdiyi bildirilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış və onlara nümayiş etdirilmişdir. O, həmin videoçəkilişə baxmış və heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, həmçinin bildirmişdir ki, hadisə zamanı o, Təqsirləndirilən şəxs ilə birlikdə Qobustan rayonuna gələn zaman Ceyhunun hansı miqdarda qurudulmuş marixuana əldə edəcəyini dəqiq bilməmişdir. Lakin əvvəllər də Ceyhun ilə birlikdə narkotik vasitənin yalnız qurudulmuş marixuana növündən az miqdarda istifadə etdiklərinə görə belə düşünmüşdür ki, hadisə zamanı Ceyhun Qobustan rayonunda yalnız bir neçə qram, yəni 2-3 qram narkotik vasitə olan qurudulmuş marixuana alacaqdır. Hadisə zamanı Təqsirləndirilən şəxs Qobustan rayonunda əldə edəcəyi narkotik vasitə və ya həmin narkotik vasitənin onunla birlikdə istifadə edəcəyi hissəsinin müqabilində Ceyhuna pul və ya başqa şey verməmiş, yaxud təklif etməmişdir. Hadisə zamanı gəldikləri razılığa əsasən Təqsirləndirilən şəxs Qobustan rayonunda əldə edəcəyi narkotik vasitənin olduğu yerdən götürülməsi və daşınmasında onun heç bir iştirakı olmayacaqdır. O bu məsələdə Ceyhuna hər-hansı köməklik etməyəcəkdir. O, yalnız Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildə hərəkət edərək onunla yol yoldaşı olacaqdır. Hadisə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı “WhatsApp” tətbiqində danışdığı Hüseyn adlı şəxsi tanımamış, əvvəllər Hüseyn adlı şəxsdən narkotik vasitə almamış, Ceyhunun alıb- almaması barədə isə heç bir məlumatı olmamışdır. Bildirmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə Qobustan rayonuna gələcəyindən məlumatı olmamış, əgər bu barədə məlumatı olsa idi, Qobustan rayonuna gəlməz idi. Onun narkotik vasitə qəbul etməsindən heç kimin məlumatı olmamışdır. Hazırda heç bir yerdə narkotik vasitə saxlamır. İfadəsində qeyd etdiyi kimi bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Lakin, bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi verməmişdir. Əvvəllər törətdiyi cinayət əməlinə görə Cəlilabad Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Sonra barəsində həmin maddə ilə istintaq olunan cinayət işinin Qobustan Rayon Polis Şöbəsinə göndərildiyini öyrənmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Qonustan RPŞ-nə Təqsirləndirilən şəxs və Şahid5 Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etmələri və üzərlərində saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid5 Bakı-Şamaxı-Yevlax magistral yolunun 88.5ci kilometrliyindən Qobustan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığında saxlanılaraq Qobustan RPŞ-nə gətirilmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 avqust 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01ədəd “Samsung” markalı mobil telelonu çıxarıb iştirakçılara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisində 03 ədəd sellofan bükülüdə spesifik iyə malik yaşıl kütlə, həmçinin 01 ədəd sellofan bükülüdə bərk halda kristalvari maddə olduğu müəyyən edilərək elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşıl kütlənin marixuana, bərk halda kristalvari maddənin isə tiryək olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etsə də, üzərindən qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 avqust 2024-cü il tarixdə tərtib edilmiş “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-LE-*** dövlət qeydiyyat nişanlı avotomobilə axtarış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və ifadəsində göstərmiş olduğu xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı əyani olaraq bir daha təsdiq etmiş, +**********52 saylı mobil nömrənin istifadəçisi “Hüseyn” adlı şəxs tərəfindən ona göndərilmiş məkan bildiricisi vasitəsilə 06 avqust 2024-cü il tarixdə Qobustan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığındakı tikiliyə gələrək fotoşəkillərlə izah edilmiş yerdən içərisində narkotik vasitələr olan sellofan torbanı götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/3995-7/1294 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 142” möhür əksi, “Şübhəli şəxs/imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi /imza/ Seyidov Tofiq; iştirakçılar: 1. /imza Şahid1; 2. /imza/ Şahid3; 3. /imza/ Şahid4; Təhqiqatçı: /imza/ Ş.Cavadzadə” yazılar olan kisədəki 01 ədəd bükümdə təmiz çəkisi: 48, 349 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 875,0 qr: 990,0 qr: 895,0 qram; ümumi təmiz çəkisi: 2760,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (lcannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına Siyahı (İ) daxildir. Qeyd: tiryəkin təmiz çəkisinin 48.349 qram, tədqiqata sərf olunan miqdarının 0,1 qram, qalıq çəkisinin isə 48,249 qram olması, marixuananın ümumi təmiz çəkisinin 2760,0 qram, tədqiqata sərf olunan miqdarının 0,15 qram (hər obyektdən 0,05 qram), qalıq çəkisinin isə 2759,85 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli, 5972 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2594 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs laqeydlik, emosionallıq, hövsələsizlik, məsuliyyətsizlik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Qobustan rayon məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə Qobustan Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə altında istifadə etdiyi “WhatsApp” ani mesajlaşma xidməti vasitəsinə baxış zamanı “+**********52” saylı mobil nömrənin istifadəçisi ilə aralarında xx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən olunmuşdur: “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Salam qardaşım, axşamın xeyir, nə var nə yox,canın başın, qaqa sənə nömrə atdım ha oların birini aç vacib işim var, bunda setdər zəifdi”. “Yəni qiymətdə də gözləyəcəm anamın canı, təzə gəlib yəni bombadı, bir dənə zəngi aç nolacaq, sən də mənim əlimdən yapış, nə qədər istəyirsən verim balamın canı, əvvəli idi də belə oldu, başımıza belə oyun gəldi, kuryer başımıza oyun gətirdi, kuryer çıxdı getdi. Atam ona belə sual verir deyilənə torpaq bağlayır, torpaq istəyənə daş bağlayır, daş istəyənə torpaq bağlayır, çəkildə ağlı başın da deyil. İndi şükür Allaha bi dənə anbardar tapmışıq. Yəni gündüz-gecə hər zaman vəsait atır” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Hüseyn gör nə deyirəm, durmadan dünəndən, yazırsan səs atırsan. İşləmək istəyirsən nə deyirəm ki, 150 manat atmışdım yadına düşür batdı getdi. 150 manatlıq malımı at gedim götürüm, görüm sözünə bütövsən, hə ondan sonra işləyək. Fakt hal-hazırda mənim 150 manatım səndədir. 150 manatlıq malımı at, ondan sonra hə işləyək” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “heç bir problem deyil, mən kişi kimi yəni əl-ələ verib işləyəcəyik, birdə qaqa o birisi vatsapa yaz, o birisi vatsapın nömrəsini atıram. Bilirsən nəcürdür qaqa 3 birindən qoydururam, 5 dənə qoydururam da, 3 torpaq qoydururam, 2 daş qoydururam. Yəni istənilən cür qoydururam, mənə heç fərq eləmir. Nömrə atıram o birisi vatçapıma yığarsan. Sənə yerbə yer eliyimi mən sənə xəbər eliyərəm. Bu vatsapıma yığ bax bu vatsapıma yığ. Telefon qalır evdə çox vaxt o birisi vatsapda oluram ona görə. Neylədin o nömrəyə yaz da qaqa, o nömrəyə yaz” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “o 5717-ni yazdım onda vatsap yoxdu” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa indi yer qeyd eləsəm nə iş görə bilərsən? gedə bilərsən? maşının var? Mənə xəbər elə indi desən bağladım. Ora nəkqədə yolun var” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Bağla, bağla indi gedirəm, maşınlanam indi çıxıram, amma tez olsun, bağlatdır indi çıxıram” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Ora nəkqədər yolun var?” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Yarım saat 40 dəqiqə” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Ataynan qoy danışım görüm nə deyir. Çıxacaq çölə, hələ içəri təzə gəlib, deyir yarım saat 40 dəqiqəyə çıxacaq çölə, hələ çəkəcək də, hələ bizdə saat 12-dir. Saat 2-yə çəkəcək. Əgər işin olmasa deyim bağlasın” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “De bağlasın” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa atamnan danışdım. Sən canı atanı pis vəziyyətdə qoyma. Mən də istəyirəm al-ver edək. Danışdım dedi adamına denən çıxsın. 3 birindən dedim, 2 birindən, dedi rahat olsaydı yarım saata atıram, sən də dedin yarım saatlıq yolum var. Sən çatdın ora mənə denən sənə konumnan şəkil atım. Sən çıx, çatanda ora mənə xəbər elə, heç bir problem deyil balamıncanı. Qaqa indi yolda konumnan şəkil atacaq mənə bildin nə deyirəm” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Elə yaşı demisən 3 torpaq, 2 daş elə, daşındakı urmiyadıda, urmiya olsun. Denən 3 dənə torpaq, 2 dənə daş qoysun, mən çıxıram evdən” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Ay qaqa mən sənə mal verirəm ey urmiyadır. Elənçinə nə qədər vermişik bildin. Götürəcəksən görəcəksən nə maldır. Deyəcəksən ki, bü günnən bu mah ver. Sənə xarab mal vermirəm ki, ogün gördün belə elə başımıza oyun gəldi. Allah onun balasını öldürsün bizi çox pis vəziyyətə qoydu bildin də nə deyirəm. İndi Allaha çox şükür bir dənə kuryeı* tapmışam haçan deyir çıxır çölə. O da pul alır da qaqa yük dartır axı. Sən çıx ora az qalanda 10-15 dəqiqə qalanda, mən də üstündə olum da, tez yerbəyer eliyim. Çıxdın qaqa nə qədər çəkər ora çatmağın. Mən də gedirəm atamın yanma, gedim oturum onun yanında, nəkqədər çəkər. Qəşəy demişəm də, 3 dənə torpaq, 2 dənə daş. Yəni balanın canı haqqı olaydı yaxına bağladardım, pul əskiyim oldu, mən də sənə ağız açammadım, qaqa pul vur da, götürüb bir şeyi ki, satassan da heç bir problem yoxdu. Öz maşınınla gedirsən ya taksiylə, elə atamnan indi danışdım deyir kuryer hazırlaşıb çıxır çölə, elə sən ora çatınca atacaq, demişəm nömrəni ver adam taksiynən gəlir, işə gecikir. Sən çıx da qaqa” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Sən ona denən ki, mən uzağı 20 dəqiqəyə Qobustandayam sən ona denən ki, mən oradayam” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa gül nə cür yerbəyer eliyə bilərsən, gül qara onlardan sata bilərsən, olardan da səhər verirəm sənə, bu gün bunları yerbəyer elə səhər də onları” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Çıxmışam evdən Hüseyn day axırıncı şansdı verirəm sənə bu dəfə də nəsə düz getməsə işdər ondan sonra daha bilmirəm də” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa yox ey elə fikirləşmə, Allah eləməsin gör indi qardaşın sənə nə xidmət eliyəcək” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Ayə niyə satmıram, elə gülü mən satıram da burda, xarabada, gül də satmaq olar hər şey satmaq olar amma yenə deyirəm özünü doğrult hələ” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Neynək, bunu yerbəyer elə, sənə bir probluq gül bağlatdırım? Bağladım gül? Bağladım bax nəcürdü gül” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Neynək bağlat, prob üçün biraz bağlat gör necə şeydi” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “dedim bağlıya, gülü də dedim, daşı da dedim. Qaqa çatanda mənə denən ha, mən oraynan danışım söhbət eliyim deyim tez bazar eləsin, içəri girmə ha bildin nə deyirəm. Sənə elə konum ataram onnan gedərsən” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Hüseyn mən 3-5 dəqiqəyə Qobustana çatıram, ama hələ nə konum var, nə də şəkil” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Deyir qoy xəlvəti yer olsun atım deyirəm. Mən də ona dedim ki xəlvəti yerə qoy. Sakit yerə qoy tapşırmışam yaxşı yerə qoyacaq” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Hüseyn mən burdayam Qobustanda” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Atır, atır. Ora nəkqədər yolun var. Gör o konuma nəkqədər yolun var.Şəkil də harda olsa iki dəqiqəyə atır. Uzaxdı qaqa yəni gör neçə dəyqə göstərir. Mən də ataynan danışım deyim az qalıb şəkil atım” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Qaqa bizdə 2 dənə Qobustan var. Bu başqa Qobustana atıb ey, mən də gəlmişəm bu birisi Qobustana, bizdə ən məşhur Qobustan o birisidir. Mən də bayaqdan o biri Qobustana gedirəm, desin ki bu Şamaxı tərəfdə olan Qobustandı da, mən indi yolumu dəyişib qayıdıram geri” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Mən bilmirəm ki, qaqa bəs bunu ma denən, neynək günah məndədir. Salamatçılıqnan götür. Çat ora indi şəkili də atıram” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Heç nə Hüseyn indi mən qayıdıram o biri Qobustana, 40 dəqiqə, yarım saatlıq yolum var” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Neylədin qaqa, nə iş gördün, az qalıb ya çox qalıb, şəkil gəlib ha” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Hardasa bir 20-25 dəqiqə” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Neynəlc, Neynək. Qaqa, nə qədər qalıb, az qalıb ya çox qalıb” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Elə mən sənə deyəcəkdim ki, mənim 5-10 dəqiqəlik yolum qalıb. Şəkildən nə xəbər” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Gəlib ey gəlib, Bayaq gəlmişdir. Burda içəri sola baxsın elə ordadır xeyirli olsun qardaşım” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Sən özün gör bu şəkildən nə başa düşdün. O işarə haranı göstərir. Dəqiq bir şəkil versin də, gedib orda 3 saat gecənin bu vaxtı işıq yandırıb fırlanmayaq, nəyin içindədir, tam dəqiq hər şeyi xırdalığı ilə desin” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa yazı yazıb bax, yazıynan gedib görəcək, qoy bir dənə də yazı alım atım, deyir maşını elə orda saxlasa, gedib götürüb rahat çıxacaq. Sənə təzə yazı alım atım. Sənin o konum səni aparır ora, indi mən ona yazı atdım, dedim mənə təmiz yazı at, o indi ha eliyə biraz çəkəcək özün bilirsən, deyir düşsün su anbarıdı helə belə nədi bilmirəm ki, dedi elə maşını orda saxlasın yol qırağıdı, götürüb gedə bilər, mənə zəng eləmişdi. Götürəndə mənə də deyərsən götürdüm. Ona da atım şəkil” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Gör nə deyirəm bax məni uje əsəbiləşdirirsən ha sən yenə, ə bu nə oyundu yenə, nətər yəni, nə danışır ey o, nə su anbarı nəyi gedib soruşacam şəkli bəyəm çəkəndən sonra birdə başqa şeyə baxır o, ə bir dəqiq söz desin görək nə deyir, görək ağıla batır, yoxsa ordan da oyana gedəcəyik” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa deyir orda yazıb da konumu vursa orda elə iki dənə şəkli görəcək, yolun qırağındadır, demişəm də yazı atsın indi qoy görək yazı gəlməyib, demişik də anbara demişik qoy görək nə deyir. Sən indi orda dəyilsən” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Məni burda postda qayı saxlamışdı, cərimə yazmaq istəyirdilər. İndi aralanmışam, bunlar da qanımı qaraltdı. Gəlirəm 5-3 dəqiqəyə çatıram. Amma dəqiq bir vaxt desin ki, mən orda çox vaxt itirmiyim” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Gözdə dənə gözdə özünü, bə niyə cərimə zad yeyirsən. Həmişə gedən də ehtiyyatdan get, qaqa danışdım ey dedi salamatçılıqnan götürsün sakitçilik yerdi, götiisün getsin, belə atamnan dedim dedi salamatçılıqnan götürsün getsin” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “Hə Hüseyn nə idi. İnternet burda yaxşı tutmur. Şamaxıya gedən yoldu burda internet yaxşı tutmur, keçib getmişik, indi geri qayıdıram” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Qaqa onu pis yerə qoyub dana, pis yerə qoymaq olar müstəqil gedib onu tapsınlar. Allahına qurban. Yenə sağol ki, getmisən, ta onu götür çıx get dana” bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə səsli mesaj göndərərək “10 kilometr göstərir, bir şey qalmayıb. İndi keçmişəm qayıdıram” bildirmişdir. “+**********52” saylı mobil nömrənin istifadəçisi səsli mesaj göndərərək “Neylədin qaqa nə iş gördün? Götürdün? Götürdünsə mənə yazarsan, gözdüyürəm səni biraz tez götür, mən də yatıram yuxum gəlir, mənə yazarsan. Biraz tez ol, 1 saat yarımdı atmışam onu yerbəyer eliyə bilmədin. Üst konumu vuracaydın gedəcəydin üstünə. Konum daha neyləsin başa salır da konum. Bu telefona niyə cavab vermirsən. Mah götürəndən sonra niyə belə eliyirsən. Bəs mən sənlə danışdım da 3 girəm torpaq, 2 girəm daş, 50 girəm də ot verəcəydim sənə. Qaqa orda 3 kilo nəyşə var, 50 qram tiryək var, onu götürüb Bakıda onlayn eliyəssən, 500 manat pul verəcəm, 5 dənə daş, torpaq verəcəm, 50 dənə gül verəcəm. Tez ol telefonu götür mənə zəng elə, mah götürəndən sonra telefona cavab vermirsən, bundan qabaq cavaba cavab verirdin indi noldu. Qaqa orda 3 kilo gül var, 50 qram tiryək var. Onu götür apar Əhmədlidə onlan elə sənə 500 manat pul verəcəm, 5 dənə daş, torpaq verəcəm, 50 qram da gül verəcəm, tez ol, bayaqdan cavab verirdin, adam belə iş görməz, tez ol evə çatdın mənə cavab ver. Qaqa tez ol adam vəsaiti götürüb belə eləməz ki, səslərin qalır hamsı məndə. Qaqa sən baxırsan mənə cavab vermirsən. Qaqa onu apar Əhmədliyə ona bir ünvan elə, öz payını götür, 50 qram gülünü götür, daş, torpaq götür, 50 qram qara var onu tez ünvan elə. Qaqa mənim əsəbimnən oynama o telefonuna cavab ver” bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs dialoqda danışan baxış keçirilən telefondakı “WhatsApp” tətbiqinin istifadəçisinin özü olduğunu, qarşı tərəfin isə üzərindən aşkar olunan narkotik vasitəni ona satmış İran İslam Respublikası vətəndaşı Hüseyn olduğunu bildirmişdir. Dialoqun sonrakı gedişində Təqsirləndirilən şəxs Hüseyn adlı şəxs ilə sövdələşərək 3 “torpaq” və 2 “urmiya daşı” sifariş edib onların “bağlanmasını” xahiş etmişdir. Həmçinin, sifariş etdiyi malın yerləşdiyi yerə dair məlumatların “WhatsApp” tətbiqi vasitəsi ilə ona göndərilməsi ilə bağlı söhbət aparmış, nəticədə “məkan”ın elektron xəritədə yeri və fotoşəkilləri ona göndərilmişdir. Bu zaman Təqsirləndirilən şəxs danışıqlarda “torpaq və daş” dedikdə narkotik vasitələrin 2 ayrı növünün nəzərdə tutulduğunu, “bağlanması” dedikdə isə həmin narkotik vasitələrin çəkilib, ayrı-ayrı bükümlərə yığılaraq ağzının bağlanılmasının nəzərdə tutulduğunu bildirmişdir. Mobil telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqinin “Söhbətlər” bölümündəki digər şəxslərlə aparılmış söhbətlər nəzərdən keçirildikdə araşdırma üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs digər söhbətlərin qohum və tanışları ilə olan söhbətlər olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 2760 qram narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 48,349 qram narkotik vasitə tiryək onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədilə əldə etməsi müəyyən edilsə də, həmin narkotik vasitələri satan şəxsin şəxsiyyətini, narkotik vasitələrin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs başqa digər şəxslərdən hansısa bir tarixdə narkotik vasitə alıb-almaması, kimlərə isə satması müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 2760 qram narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 48,349 qram narkotik vasitə tiryəki Qobustan rayonu, Qobustan şəhərində "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığındakı qapısı olmayan tikiliyə qoyan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 2760 qram qurudulmuş marixuananı və təmiz çəkisi 48,349 qram narkotik vasitə tiryəkin əldə edilməsində Şahid5 iştirakını, həmçinin Şahid5in istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması və adının “Hüseyn” olması ehtimal edilən şəxs və istintaqa məlum olmayan Qobustan rayonu, Qobustan şəhərində "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığındakı qapısı olmayan tikiliyə narkotik vasitələri qoyan şəxslə əlaqəsinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs başqa cinayətin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. +**********52 və **********7 saylı mobil telefon nömrələrinin kimə məxsus olmasını, həmin nömrələrin istifadəçisinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 2760 qram narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 48,349 qram narkotik vasitə tiryəkin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi faktını sübut edən hər hansı məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 31 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş qərarla ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq narkotik vasitə əldə etdiyi İran İslam Respublikasının vətəndaşı və adının Hüseyn olması ehtimal edilən şəxsin və istintaqa məlum olmayan digər şəxslərin şəxsiyyətinin, eləcə də narkotik vasitənin əldə olunduğu mənbəyinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 31 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş qərarla ********* nömrəli cinayət işi üzrə Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət təqibi üzrə icraata xitam verilmiş, Şahid5in Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 90 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-9624 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 29 avqust 2024-cü il tarixli, 10576 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 48,249 qram olan narkotik vasitə olan tiryək, 2759,85 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Qobustan RPŞ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü, xx.xx.2004-cü il təvəllüdlü, xx.xx.2008-ci təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü uşaqları vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin satışı ilə məşğul olmamasına dair bildirdiklərinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ümumilikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin fərqli növlərdə və miqdarının şəxsi istehlak miqdarından çox olması, narkotik vasitələrin ayrı-ayrı bağlamalarda olması, bundan əlavə onun özünün də bildirdiyi kimi İİR vətəndaşı ilə əlaqə saxlaması, iş materiallarına əlavə edilmiş SMS mətnləri məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, o, qeyd edilən maddələri məhz satış məqsədilə əldə etmiş, üzərində saxlamaqla daşımışdır. Bundan əlavə təqsirləndirilən şəxsin ifadəsində İİR vətəndaşının həqiqətən ona narkotik vasitələrin satışı ilə bağlı təklif etdiyini bildirməsi, bundan əlavə onların yazışmalarının məzmunu və iş materiallarında olan digər mötəbər sübutlar təsdiq edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qabaqcadan əlbir olan (İİR vətəndaşı ilə) bir qrup şəxs halında törətmişdir, lakin təqsirləndirilən şəxs bu halın onun vəizyyətini ağırlaşdıracağını bildiyindən sonradan guya İİR vətəndaşının təklifi ilə razılaşmadığını, yalnız şəxsi istifadə üçün İİR vətəndaşından narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmçinin onun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı qeyd etdikləri hazırkı cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin satışı ilə məşğul olmamasına dair qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, videogörüntülər, SMS mətnlər və yuxarıda sadalanan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-nin 59.2-ci madəsinə əsasən himayəsində yetkinlik yaşına çatmamış uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmiş, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Qobustan Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmış, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qobustan RPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 48,249 qram olan narkotik vasitə olan tiryək, 2759,85 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilməli, üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 02 ədəd diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Qobustan Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 48,249 qram narkotik vasitə tiryək və 2759,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Qobustan Rayon Polis Şöbəsində saxlanılan ***-***-**-** saylı mobil telefon nömrəsi olan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-180/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-180/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver