Məhkəmə qərarları › İş №1(124)-182/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-182/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-182/2023 31.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1980-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş, Azərbycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümündə qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış təmiz çəkisi 19,968 qram olan, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş külli miqdarda narkotik vasitə heroini əldə edib, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində saxlayaraq daşımış, 07 noyabr 2021-ci ildə saat 00:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 8-ci küçə, döngə 2-də yerləşən yaşadığı 7 nömrəli evin qarşısındakı küçədə piyada hərəkətdə olarkən saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əyindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində saxladığı, həmin 01 ədəd bükümdə 19,968 qram çəkidə, qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, noyabr ayı saat 8-də qapı döyülmüş və yeddi-səkkiz nəfər polis əməkdaşı içəri daxil olmuşdur. Həmin vaxt onun evində usta işləmiş, usta elə qonşuluqda yaşayan adam olmuşdur. Polis əməkdaşları içəri girib ikisinin də əl-qolunu bağlamış, sürüyə-sürüyə avtomobilə əyləşdirmişdirlər. Onu niyə avtomobilə mindirdiklərini soruşaraq qışqırmışdır. Səsinə qonşular çıxmışdır. İkisini də avtomobilə əyləşdirib Xırdalan bazarının yanına kimi aparmış, daha sonra yenidən məhəlləyə qaytarmışdırlar. Onları avtomobildən düşürtmüş və polis əməkdaşları ona bildirmişdirlər ki, əynini dəyişib polis bölməsinə gedəcək, izahatın alındıqdan sonra evə buraxılacaqdır. O da evə gedib paltarlarını dəyişmişdir. Daha sonra polis idarəsinə getmişdirlər. Orada ona təzyiq göstərilmiş, təpikləmişdirlər. Dişi də orda sınmışdır. Polis əməkdaşları nə demişdirlərsə onu da etmişdir. Yəni bu 19 qram narkotik vasitənin onunla heç bir əlaqəsi yoxdur. Orada onu yükləyərək narkotik vasitəni boynuna qoymuşdurlar. Evinə daxil olub axtarış aparmış, lakin heç nə tapmamışdırlar. İstintaqda Pərvanə xanımın iştirakı ilə vermiş olduğu ifadəsini təsdiq edir. İstintaq zamanı vermiş olduğu birinci ifadəni isə təsdiq etməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etməyə başlaması heç iki il deyildir. “Kokos” kimi bilinən narkotik vasitə heroinin tüstüsündən istifadə etmişdir. Axşam saat 7-8 radələri olardı ki, polis əməkdaşları gəlib onu evdən aparmışdırlar. Polis əməkdaşları onu 06 noyabr 2021-ci il tarixdə saxlamışdırlar. Polis əməkdaşları evə gələn zaman evdə ondan başqa usta Niyaz olmuşdur. O, həbs qətimkan tədbiri seçilən zaman, həm də müstəntiq dindirən zaman ona hazırkı ifadəsində göstərdiyi xüsusatları bildirmişdir. Video çəkiliş zamanı o, hazırda qeyd etdiyi xüsusatları söyləməmişdir. Onun cibinə narkotik vasitə qoymuşdurlar. Video çəkiliş zamanı o, cibindəki narkotik vasitəni çıxararaq cibinə qoyduğunun nə olduğunu soruşmuşdur. Bu zaman onu bayıra çıxararaq üzünə şillə vurmuşdurlar. Ona şillə vuran Emil adlı polis əməkdaşı olmuşdur. Emil ona demişdir ki, nə desələr, onu da de. O da onlar nə deyibsə, yazıbsa, onu da imzalamışdır. İstintaq zamanı müdafiəçi Pərvanənin yanında da ifadə vermişdir. Həmin ifadə zamanı hal-hazırda qeyd etdiyi xüsusatları demişdir. Hansı səbəbə polis əməkdaşları ona qarşı belə qanunsuz hərəkətlər etdiklərini bilməmişdir. Anar adlı şəxs qonşusudur, həmin şəxsdən narkotik vasitə almamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılan zaman üzərində “Nokia” markalı mobil telefon olmuşdur. Mobil nömrəsini hazırda xatırlamamışdır. Mobil nömrə vasitəsilə kimləsə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajlaşmamış, yazışmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman övladları evdə olmamışdır. Qızı işdə, oğlu da anasının (yəni nənəsinin) yanında olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə istifadə etsə də, saxlanılan zaman üzərində olmamışdır. Niyazın qardaşı da qonuşuluqda yaşamışdır. Niyazın qardaşı Niyazla onu polis əməkdaşlarının süryə-sürüyə aparmasının şahidi olmuşdur. Onları avtomobilə mindirdikdən sonra Niyazın qardaşı avtomobilin qarşısını saxlamış, onu da vurub keçmişdirlər. Niyazı daha sonra buraxmışdırlar. Ona da demişdirlər ki, izahata qol çəksə onu da buraxacaqlar. Bu dedikləri noyabrın 6-ı saat 7-8 radələrində olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və ilkin ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küçə 8 döngə 2 ev 7 də yaşayır. Əvvəllər Xırdalan şəhərində qadın gözəllik salonunda işləmiş, 2 il olar ki, işsizdir. Təxminən 2 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 06 noyabr 2021-ci ildə saat 19 radələrində onunla eyni məhəllədə yaşayan Anarın narkotik vasitə qəbul etdiyini bildiyi üçün onun yanına gedib, pulu olmadığını bildirib, özü istifadə etmək üçün bir büküm narkotik vasitə heroin verməsini xahiş etmişdir. Anar da onun vəziyyətini başa düşüb ona sellofana bükülmüş vəziyyətdə bir büküm heroin vermiş və həmin heroinin az bir hissəsini özü istifadə etməyi, qalanını da onun deyəcəyi adama verməyini tapşırmışdır. O da razılaşıb sonuncudan həmin bir büküm heroini alıb cibinə qoyub evinə getmişdir. Həmin gecə saat 01 radələrində anasıgildən öz evinə qayıdarkən yaşadığı evin qarşısında piyada gedərkən 2 nəfər mülki geyimdə olan tanımadığı şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olmada şübhəli olduğunu deyib, üzərində şəxsi axtarış aparılması üçün polis idarəsinə getməyi təklif etmişlər. O da etiraz etmədən polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ondan qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə olub-olmaması soruşulmuşdur. O da əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibində saxladığı, bir büküm narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş, həmin bükümü bir neçə saat əvvəl, axşam onunla eyni məhəllədə yaşayan Anar adlı tanışından bir hissəsini özü istifadə etmək, qalanını da sonuncunun deyəcəyi adama vermək üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparıb əynindəki gödəkçəsiin sağ yan cibindən 5 manat puldan və 1 ədəd ağ rəngli “Nokia” markalı mobil telefondan başqa heç nə tapmayıb, təqdim etdiyi bir büküm narkotik vasitəyə baxış keçirmişlər. Sonra həmin narkotik vasitəni kağız zərfə qoyub qablaşdırıb bu barədə protokol tərtib edib ucadan oxunmuş, o və orada olan digər iştirakçılar həmin zərfi və protokolu imzalamış, aşkar edilmiş 5 manat pulu özünə qaytarılmış, 1 ədəd “Nokia” markalı mobil telefonu isə iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında əlavə dindirilmiş, əlavə ifadəsində göstərmişdir ki, 07 noyabr 2021-ci ildə saat 00:30 radələrində Niyazla birlikdə evdə olduğu vaxtı qapının döyüldüyünü eşidib açmış, qapını açanda bir neçə mülki geyimdə olan adamların qapıda olduğunu görmüş, həmin şəxslər özlərini təqdim etmədən ondan icazə almadan evə daxil olub, otaqlara yüngül baxış keçirmişlər. Həmin vaxtı sonuncuların polis əməkdaşı olduqlarını hiss etmiş, sonra onlar Niyazla onu evdən çıxarıb öz maşınlarına mindirmiş, bu vaxt Niyazın qardaşı Ayaz bunu görüb polis əməkdaşlarına etiraz edib, maşının qarşısını kəsmişdir. Lakin polis əməkdaşları buna məhəl qoymayıb maşınlarını sürüb oradan uzaqlaşmışlar. Xırdalan şəhərinin içərisində olduğu vaxtı polis əməkdaşlarına gələn zəngdən sonra onları geri qaytarılmış, Xırdalan şəhəri 120 saylı avtobus marşrutunun axırıncı dayanacağına çatanda maşını saxlayıb Niyazı yerə düşürüb onunla 3-4 dəqiqə nə barədəsə söhbət etdikdən sonra yenidən onun evinin qarşısına getmişlər. Polislər Niyazı evinə buraxmış və əynindəki ev paltarlarını dəyişib onlarla polisə gedib, bir sənədə imza etdikdən sonra geri qayıdacağını demişlər. O da polis əməkdaşlarının sözünə inanıb evə getmiş və üst paltarlarını dəyişib birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra polislər onu oradakı xidməti otaqların birinə aparmış və videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirib həmin otağa vəkil və tanımadığı bir qadın dəvət etmişlər. Həmin vaxtı sonradan videoçəkiliş zamanı onun yanında olan bəsdə boylu, dolu bədənli qarayanız polis əməkdaşı onu otaqdan çölə çıxarıb cibindən bir büküm narkotik maddə çıxarıb ona həmin narkotiki cibinə qoymağı və otaqda videoçəkiliş zamanı çıxarıb özünə məxsus narkotik kimi təqdim etməyi, polislərin də onu küçədə tutduqlarını, həmin narkotiki onunla eyni məhəllədə yaşayan Anar adlı tanışından özü istifadə etmək üçün aldığını deməyi tapşırmışdır. O polis əməkdaşının sözünə etiraz etmiş, bu zaman həmin polis əməkdaşı onun sifətinə iki sillə vurub, onun dediklərini etməyəcəyi halda iki şahid gətirib onun üzünə qoyacağını demiş, o da polis əməkdaşının hədələrindən qorxub, dediklərini edəcəyini bildirmişdir. Bundan sonra otağa qayıtmış, polis əməkdaşları onun üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Həmin vaxtı o, polisin ona verdiyi bir büküm narkotik maddəni cibindən çıxarıb təqdim etmiş və polislərin onu küçədə tutduqlarını, həmçinin narkotiki Anar adlı tanışından aldığını söyləmişdir. Bundan sonra yanındakı tanımadığı qadın onun üzərində şəxsi axtarış aparmış, həmin vaxtı gödəkçənin cibindən 5 manat pul və ağ rəngli “Nokia” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polislər onlara təqdim etdiyi həmin bir bükümə baxış keçirib qablaşdırıb götürmüşlər. Həmin 5 manat pul da onun olmamış, pulu da narkotiki ona verən həmin polis əməkdaşı cibinə qoymuşdur. Polislər onu küçədə tutmamış, onun evinə icazəsiz girib onu oradan polisə gətirmiş, həmin vaxtı da üstündə narkotik maddə olmamışdır. Həmçinin göstərmişdir ki, polis əməkdaşının sillə ilə onu vurması ilə bağlı məhkəmə-tibb ekspertizası müayinəsindən keçməkdən imtina edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Ceyhunə adlı şəxsin narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildi. Daha sonra şəxs Abşeron RPİ-yə gətirildi və orada Ceyhunənin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirildi, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olundu. Ceyhunənin üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə bükümlərinin sayı yadında deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi təxmiən 20-30 qram olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə idi. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Ceyhunənin üzərindən külli miqdarda narkotik vasitə aşkar olundu. Narkotik vasitələrin satışı ilə bağlı mesajlaşmanı, o cümlədən digər sübutları istintaq müəyyən edir, toplayır və qiymətləndirir. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmışdır. Hətta bir nəfər şəxs onlara yaxınlaşıb onu hara apardıqlarını soruşduqda, onlar həmin şəxsə polis əməkdaşları olduqlarını bildirmişdirlər. Ceyhunəni satan yerdə tutmasalar da, üzərinizdə narkotik vasitəylə tutmuşdurlar. Təqsirləndirilən şəxslə ədavət və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Ceyhunənin saxlanılması ilə bağlı əməliyyat tədbirində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1la birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə gecə saat 12-1 radələrində piyada şəkildə hərəkət edən zaman onlar tərəfindən saxlanılmışdır. Daha sonra təqsirləndirilən şəxs Abşeron RPİ-yə gətirilib və onun üzərində müdafiəçinin də iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs sol yan cibindən bir bükümdə narkotik vasitə heroin aşkar edilib. Həmçinin axtarış zamanı Ceyhunənin üzərindən mobil telefon aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, üzərindən aşkar olunmuş narkotik vasitəni “Anar” adlı şəxsdən əldə etdiyini, sonuncudan almış olduğu narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalan hissəsini də “Anar” adlı şəxsin tapşırığı əsasında müxtəlif ünvanlara atmalı olduğunu bildirmişdir. Əvvəllər Ceyhunəni tanımamışdır. Ceyhunəni Abşeron rayonu ərazisində saxlamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsində müstəntiq onu çağırıb dindirmişdir. Müstəntiqə demişdir ki oxuma-yazması yoxdur. Müstəntiqdə ona demişdir ki, danışsın, o da komputerdə yazacaqdır. O, axşam evdə olmuşdur. Gündüz öz işində işləmiş, axşam da gəlib Ceyhunənin evində işləmişdir. Evdə olmuşdurlar. Qapı döyülmüşdür. Ceyhunə qapını açmış, qışqır-bağır səsi gəlmişdir. Qapıya yaxınlaşaraq görmüşdür ki, Ceyhunəni avtomobilə mindirmişdirlər. Sonra altı-yeddi nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuşdur. Polis əməkdaşları evə girmişdirlər. Paltarını dəyişib onlarla hara getmək lazımdırsa gedəcəyini demişdir. Polis əməkdaşları onları döymək istəmişdirlər. Qardaşı da ruhi xəstədir, psixoloji problemləri var. Qardaşı çıxanda, əlində bıçaq olmuş, öz qoluna xəsarət yetirmişdir və indidə əli şikəstdir, sol əli əməliyyat olunmuşdur. Polis əməkdaşları təxminən axşam yeddi-səkkiz-doqquz radələrində gəlmişdirlər. İstintaqdakı ifadəni o, yazmamışdır. Onu Ceyhunə ilə avtomobilə əyləşdirib at heykəlinə kimi aparmışdırlar. Avtomobildə qabaqda əyləşən polis əməkdaşına zəng gəldi ki, komandir deyir məhəlləyə qayıdın. Qardaşı qolunu kəsib, qan dolub ora, evdəkilər də 102-yə məlumat verib. Polis əməkdaşları özlərini və vəsiqələrini təqdim etməmişdirlər. Müstəntiqə yazıboxuya bilmədiyini demişdir. Müstəntiqə vermiş olduğu ifadəni üzündən oxuya bilməmişdir. İfadəni oxuya bilmədiyi üçün mütəxəssis dəvət olunmamışdır. İfadənin axırındakı qeyd hissəni o, öz əlyazması ilə yazmışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, onu bir neçə ay əvvəl, yəni həmin evə kirayədə yaşamağa getdiyi vaxtdan tanıyır. Onunla qonşu kimi münasibəti yaxşı olmuş, Ceyhunə tutulduğu günü onun xahişi ilə evində təmir işləri aparmışdır. Hadisə baş verən tarixdə evdə ikisi olmuş, saat 23 radələrində təmirlə məşğul olduğu vaxtı Ceyhunə bir neçə dəqiqəliyə evdən çölə çıxacağını deyib, ondan evin qapısını arxadan bağlamağı xahiş etmişdir. Ceyhunə qapıdan çıxan kimi tanımadığı 2-3 nəfər mülki geyimli adamlar onu tutmuş, o da həmin şəxslərdən kimlikləri barədə və onu nə üçün tutduqlarını soruşmuş, həmin adamlar heç nə demədən onu da aparıb Ceyhunənin yanına avtomobilə mindirmişlər. Həmin şəxslərdən yenidən kim olduqlarını soruşmuş, sonuncular da ona xidməti vəsiqə göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını deyib, ondan Ceyhunənin evində nə etdiyini soruşmuşlar. O da təmir işləri apardığını demiş və həmin vaxtı Ceyhunə də onun dediklərini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onu maşından düşürüb, Ceyhunənin narkotik maddələrin dövriyyəsində şübhəli olduğunu deyib özləri ilə aparmışlar. Göstərmişdir ki, Ceyhunə tutulduqdan sonra onun narkotik maddə qəbul etdiyini eşitmiş, əvvəllər bu barədə eşitməmişdir. Polis əməkdaşları Ceyhunəni yaşadığı evin qarşısında tutmuşdurlar. Lakin sonra onun narkotik maddələrlə heç bir əlaqəsi olmadığını bilib buraxmış, Ceyhunəni isə aparmışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli Abşeron rayon rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Məmmədov Elşad Cəmiyyət oğlu tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir. 07 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 6/4937 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N7” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs …» və s. sözlər, imzalar olan kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 19,968 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyası İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1571 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 19,968 qram narkotik vasitə olan heroin və bir ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalmış 19,918 qram heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, bir ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 Təmiri Birliyinin 4 nömrəli MTİİTS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 nömrəli MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində narkotik vasitələrin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs və Şahid3 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalmış 19,918 qram heroin məhv edilməli, bir ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 19,918 qram qalıq heroin məhv edilsin, bir ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar