Məhkəmə qərarları › İş №1(124)-183/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-183/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-183/2023 02.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Fazil adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ona öz istifadəsi üçün veriləcək müəyyən miqdarda narkotik vasitə və hesabına köçürüləcək pul müqabilində tapşıracağı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Fazil adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qoyduğu şəffaf sellofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan, ümümi çəkisi 1255 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan 296,818 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı ünvan 1-yə daşıyıb, həmin psixotrop maddə metamfetamindən 6,818 qram çəkidə bölüb bir ədəd sellofan bükümdə üzərində, bir ədəd bükümdə 1255 qram çəkidə narkotik vasitə heroini və bir ədəd bükümdə 290 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı həmin mənzildə saxlamış, 07 aprel 2022-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 6,818 qram çəkidə ağ rəngli kristallik psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-yə baxış keçirilən zaman evin qonaq otağında qızılı rəngli pərdənin arxasında 1 ədəd sellofan torbanın içərisində 1 ədəd sellofan bükümdə çəkisi 1255 qram olan narkotik vasitə heroini, 1 ədəd sellofan bükümdə çəkisi 290 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd üzərində “Manlloro” yazısı, həmçinin üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşdur. Həmin şəxs ona birlikdə işləməyi təklif etmiş və o da onunla razılaşmışdır. İran İslam Respublikasının vətəndaşı ona Lökbatan qəsəbəsinə qoyulan narkotik vasitəni götürməyini bildirmişdir. O isə ora getdikdən sonra həmin şəxsi aldadıb və onun zənglərinə cavab verməmişdir. O, həmin ərazidən 800 qram heroin və 50 qram da metamfetamin götürmüşdür. O, Gəncə prospektində olarkən saxlanılmış və bu zaman üzərində 06 qram narkotik vasitə olmuşdur. O, ümumiyyətlə metamfetamindən istifadə etmişdir. Götürdüyü heroin isə eyni vəziyyətdə qalmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tanış olduğu İran İslam Respublikasının vətəndaşının adı Fazil olmuşdur. O, həmin şəxslə “İnstagram”da tanış olmuşdur. İran İslam Respublikasının vətəndaşı “Mən sənə mal göndərəcəm, sən də dediyim ünvanlara onları qoyarsan” demiş və o da onunla razılaşmışdır. İran İslam Respublikasının vətəndaşı qoyduğu narkotik vasitənin bir qramına görə ona 10 manat verəcəyini söyləmişdir. O, heç bir yerə narkotik vasitə qoymamışdır. O, götürdüyü heroindən istifadə etməmiş, götürdüyü şəkildə onu saxlamışdır, metamfetamindən isə istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onun narkotik vasitədən gəlir əldə etmək niyyəti olmamışdır. O, bir il idi ki narkotik vaitədən istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, ancaq metamfetamindən istifadə etmiş, heroindən istifadə etməmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələri qoyulduğu yerdən götürdükdən təxminən 24- 25 gün sonra saxlanılmışdır. İş materiallarında olan dəftər, həmçinin dəftərdəki xətt ona məxsus olmamışdır. O, bir həftəyə 3-4 qram metamfetamin almışdır. O, metamfetamini hissə-hissə almış, çünki birdəfəlik almaq üçün pulu olmamışdır. Nə qədər çəkidə narkotik vasitənin külli miqdar hesab edildiyini bilməmişdir. Heroini saxlamaqda məqsədi o olmuşdur ki, əgər ehtiyac olarsa metamfetamini həmin heroin ilə dəyişdirsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs onlar tərəfindən Xətai rayonu, Gəncə prospekti ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır və nəticədə sonuncunun üzərindən nakotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadə verən zaman ifadəsində müəyyən miqdarda narkotik vasitəni Xırdalan şəhəri, Abşeron rayonunda yerləşən mənzilində saxladığını bildirmişdir. Bundan sonra onlar müdafiəçinin də iştirakı ilə video çəkiliş vasitəsilə həmin ünvanda yerləşən mənzilə baxış keçirmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitə aşkar olunaraq onlar tərəfindən götürülmüşdür. Narkotik vasitə Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldığını, onun tapşırığı əsasında müəyyən ünvanlara narkotik vasitə qoyduğunu söyləmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman 2022-ci il aprel ayında saxlanımışdır. Saat haradasa təxminən 6-7 radələri olmuşdur. Əməliyyat qrupunda onunla yanaşı Şahid2 da iştirak etmişdir. Təqsirləndirilən şəxs zahiri əlamətləri əməliyyat məlumatına uyğun gəldiyi üçün ona yaxınlaşıb özlərini təqdim edərək onu polis idarəsinə dəvət etmişdirlər. Saxlanılan zaman təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmiş, o cümlədən Təqsirləndirilən şəxs da onlara heç bir müqavimət göstərməmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Elvinin üzərindən metamfetamin aşkar olunmuşdur. Metamfetaminin çəkisi təxminnə 7-8 qram olmuşdur. Metamfetamin Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar olunmuşdur. Video çəkiliş zamanı X7 yaşadığı ünvandan narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, təhqiqatçı, müdafiəçi və onun iştirak etdiyi əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzilə baxış keçirilmişdir. Ünvana baxış zamanı Təqsirləndirilən şəxs sellofan torbada narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təxminən 01 kq (kiloqram) 300 q (qram) narkotik vasitə heroin, 240 ya da 260 qram metamfetamin olmuşdur. Mənzildən bloknot da aşkar olunmuşdur ki, bloknotda narkotik vasitələrin çəkisi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, idarədə olan zaman, o cümlədən mənzilində olan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Əməliyyat tədbiri 2022-ci ilin aprel ayında keçirilmişdir. Əməliyyat tədbiri keçirilən zaman axşam tərəfi idi. İdarədə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində metamfetamin, yaşadığı mənzildən isə heroin və metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu əraizisində piyada şəkildə hərəkətdə olan zaman saxlanılmışdır. Daha sonra dəvətləri əsasında onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə isintaq hərəkəti zamanı üzərindən narktoik vasitə aşkar olunmuşdur. Bunula yanaşı Təqsirləndirilən şəxs idarədə olan zaman yaşadığı ünvanda da narkotik vasitə olduğunu söyləmişdir. Elvin Məmədovun yaşadığı mənzilə keçirilən baxış zamanı yaşadığı mənzildən də narkotik vasitə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs könüllü olaraq narktoik vasitəni 2-3 ay əvvəl İran İslam Respublikası vətəndaşı “Fazil” adlı şəxsdən aldığını, sonuncunun tapşırığı əsasında müxtəlif ünvanlara narktoik vasitə atdığını, qarşılığında özünün də ”Fazil” adlı şəxsdən narkotik vasitə və pul vəsaiti aldığını demişdir. Əməliyyat qrupunun rəhbəti Şahid1 olduğundan tədbirinin incəliklərindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra onu polis idarəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs idarədə olan zaman səmimi etiraf edərək evində narkotik vasitə olduğunu demişdir. Evinə keçirilmiş baxış zamanı yaşadığı mənzildən də narkotik vasitə aşkar olunmuşdur. Evdə olan zaman da səmimi etiraf edərək narkotik vasitəni 2-3 ay əvvəl X6 vətəndaşı “Fazil” adlı şəxsən aldığını, sonuncunun tapşırığı əsasında müxtəlif ünvanlara narktoik vasİtə atdığını, qarşılığında özünün də ”Fazil” adlı şəxsdən narkotik vasitə və pul vəsaiti aldığını demişdir. Narkoitik vasitənin çatdırılmasında kuryerlik etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Elvin ilə üç ildir ki qeyri-rəsmi nikahdadır. O, Elvinin polis əməkdaşları ilə gəlməsindən 2 saat əvvəl evə çatmışdır.O, təxminən saat 14-15 radələrində rayondan evə gəlmişdir. Polis əməkdaşları gəldiyi zaman o, evdə olmuşdur. Elvin üç nəfər polis əməkdaşı ilə birlikdə evə gəlmişdir. Polis əməkdaşları evə gəldikləri zaman mülki geyimdə olmuşdurlar. Polis əməkdaşları içəri girdiklərində ona “Qorxma, sakit dayan” demişdir. Polislər ondan evdə narkotik vasitənin olmasından xəbəri olub-olmadığını soruşmuş, o, isə rayondan evə yeni gəldiyini bildirmişdir. Elvin polis əməkdaşları ilə birlikdə evə gəldiyi zaman təxminən saat 16 radələri olmuşdur. Evə gəldiyi vaxt Elvinlə telefonla danışmış, o, avtomobilinin xarab olduğunu, təmir etdirdiyini bildirmişdir. Polis əməkdaşlarının evə baxış keçirməsi təxminən bir saat yarım çəkmişdir. Daha sonra polis əməkdaşları Elvin ilə birlikdə evdən çıxmış, lakin ardınca bir daha evə gəlmişdirlər. Polis əməkdaşları ikinci dəfə evə gəldiklərində video-çəkiliş aparılmışdır. Onlar getdikdən təxminən iki saat sonra ikinci dəfə evə gəlmişdirlər. O, narkotik vasitə istifadə etməmişdir. Evdən iki növ narkotik vasitə, həmçinin tərəzi aşkar edilmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 3-4 ildir Təqsirləndirilən şəxs ilə birlikdə qeyri-rəsmi ərarvad münasibətlərində yaşayır. Təxminən 2 aydır Elvinlə birlikdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5, mənzil 12-də kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Elvin yanında üç nəfər şəxslə yaşadıqları evə gəlmiş və həmin şəxslərdən iki nəfəri özünü polis əməkdaşı kimi, digər bir nəfər isə vəkil kimi təqdim etmişlər. Polis əməkdaşları mənzilə baxış keçirmək istədiklərini bildirmişlər və buna görə onun razı olubolmamağını soruşmuşlar. O, da baxış keçirilməsi üçün heç bir etirazı olmadığını bildirmiş və razı olmağı barədə ərizə yazmışdır. Baxış video çəkilişlə aparılmış və baxış zamanı polis əməkdaşı Elvinə evdə saxladığını bildirdiyi narkotik tərkibli maddələri və bank kartını təqdim etməsini təklif etmişdir. Elvin də mənzilin qonaq otağında televizorun üstündən 1 ədəd bank kartını və bundan sonra Elvin həmin otaqda qızılı rəngli pərdənin altında olan 1 ədəd ağ rəngli sellofanı polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik olduğunu bildirmişdir. Polis əməkdaşları sellofana baxış keçirmişlər və oradan iki ədəd sellofan büküm və bir ədəd elektron tərəzi götürmüşlər. Götürülmüş bükümlər və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Elvin polis əməkdaşları ilə evdən çıxıb getmişdir. O, yaşadığı mənzildə Elvinin narkotik maddə saxlaması və onun narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, xx xxxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 07 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülü psixotrop maddə metamfetamini çıxardaraq təqdim edir. Həmin psixotrop maddəni 4 ay öncə sosial şəbəkədə tanış olduğu, Fazil adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, hazırda yaşadığı evdə də narkotik maddə saxladığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2022-ci il tarixli ərizələrdən görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cinayət işinin materiallarında olan 07 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə” protokolu və və həmin protokola əlavə edilmiş video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə baxış keçirilən zaman mənzildən 1 (bir) ədəd bağlamada 1255 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə 290 qram çəkidə psixotrop maddə metafetamin və bir ədəd üzərində “Manlloro” yazısı olan ağ-qırmızı rəngli elektron tərəzi və bir ədəd qara rəngli dəftərçə (bloknot) aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonun kontaktında olan +**********14 saylı nömrənin X8 vətəndaşı Fazil adlı şəxsə məxsus olduğunu və həmin nömrənin “Whatsapp” ilə Fazillə əlaqə saxlayıb narkotik maddə və psixotrop maddə əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında saxlanılan qara rəngli dəftərçənin məhkəmə istintaqı zamanı tədqiq edilməsi nəticəsində həmin dəftərçədə nakotik vasitələrin və psixotrop maddələrin satışını ehtiva edən yazıların əks olunduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1941 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,818 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1255 qram (1 kq 255 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 290 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd üzərində “Monlloro” yazısı olan ağ-qırmızı rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 296,818 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-biloji ekspertiza üzrə 17 fevral 2022-ci il tarixli, 7/79 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 346,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana bir ədəd paketdə olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Nakomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1521 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs epiepsiya, yüngül dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi formasında psixi xəstəlik aşkar edilir. Təqsirləndirilən şəxs ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəlaiyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edildiyi halda anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra ümumi təmiz çəkisi 1254,8 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 296,618 qram psixotrop maddə metamfetamin, bir ədəd üzərində «Manlloro» yazısı olan ağ-qırmızı rəngli elektron tərəzi, “Samsung Galaxy J3” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmişdir, həmçinin iki ədəd DVD disk və bir ədəd dəftərçə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X2 şəhəri, 28-ci məhəllə, ev 11, mənzil 48-də qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində 1 saylı MTİİTS-yə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X3 xx.xx.2012-ci il, X4 xx.xx.2010-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron rayon polis idarəsinin saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 1254,8 qram qalıq narkotik vasitə heroin, 296,618 qram qalıq psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd DVD disk və 01 ədəd dəftərçənin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin saxlancı anbarına təhvil verilmiş 1254,8 qram qalıq narkotik vasitə heroin, 296,618 qram qalıq psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 03 ədəd DVD disk və 01 ədəd dəftərçənin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar