Məhkəmə qərarları › İş №1(124)-185/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-185/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-185/2022 24.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxx 1991-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə,

2. xx xxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9E, mənzil 23-də qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə,

3. xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri «20 yanvar» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ümumi təmiz çəkisi 2,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 avqust 2021-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Şərq Bazarı”-nın yaxınlığında həmin bükümlərdən 03 (üç) bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,749 qram, 0,630 qram və 0,478 qram olan ümumi təmiz çəkisi 1,857 qram olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 60 manata satmış, daha sonra həmin gün saat 14:05-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»-nın yanındakı «Röyal» kafenin yaxınlığında Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq həmin polis bölməsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,677 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 27 avqust 2021-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Şərq Bazarı”-nın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 60 manata 3(üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,749 qram, 0,630 qram və 0,478 qram olan, ümumi təmiz çəkisi 1,857 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekinin arxa hissəsində tanışı Təqsirləndirilən şəxs3 həmin narkotik vasitədən 1 (bir) bükümdə, təmiz çəkisi 0,749 qram olan hisssəsini 30 manata satmış və eyni gündə, saat 11:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon əraizinsə yerləşən “9D” saylı binanın yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarının sol arxa cibindən 2 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,630 qram və 0,478 qram olan, ümumi təmiz çəkisi 1,108 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 27 avqust 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekinin arxa hissəsində Təqsirləndirilən şəxs2 adlı tanışından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 0,749 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 27 avqust 2021-ci il tarixdə, saat 11:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən mikrorayonun ərazisində yerləşən “9D” saylı binanın yaxınlığında saxlanılaraq həmin polis bölməsinə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli şortun sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümündə, təmiz çəkisi 0,749 qram olan açıq rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin avqust ayının 26-da saat 22 radələrində tutulmuşdur. Təqsirləndirilən şəxs2 onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini demiş, o da razılaşmışdır. O, Turalın dediyi ünvana gedəndə orada polislər onu tutmuş, sonra polis bölməsinə aparmışlar. O, Turala narkotik vasitəni səhər saatlarında vermişdir. Narkotik vasitəni Bakı şəhərindən qramı 30 manatdan olmaqla 2 qramdan az miqdarda almışdır. Turaldan ona da nakotik vasitə alması üçün 30 manat almış, özü narkotik vasitə almağa gedəndə Tural üçün də götürmüşdür. Özü narkotik vasitə istifadəçisidir. Turala əvvəl də 1- 2 dəfə narkotik vasitə vermişdir. Polislərin təzyiqi altında istintaq zamanı ifadə verdiyindən həmin ifadəsini hazırda təsdiq etmir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirildiyini göstərmişdir. Onun saxlanılmağında səbəb narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satmasında şübhəli olmağı olmuşdur. Saxlanılan zaman onun üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və ya psixatrop maddə olmadığını göstərmişdir. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 14:05 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Şərq Bazarının yanındakı «Röyal» kafesinin yaxınılığında olan zaman 2 (iki) nəfər mülki geyimdə və 1 (bir) nəfər polis formasında olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satmasında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmişlər, o heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə getmişdir. Polis bölməsində video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, həmin sellofan polis əməkdaşı tərəfindən açılan zaman bükümün içərisindən spesifik iyə malik, tünd-qəhvəyi rəngli maddə aşkar olunmuş, sorğu zamanı ondan aşkar olunan tünd-qəhvəyi rəngli maddənin nə olduğu, haradan əldə etdiyi soruşulan zaman o həmin maddənin heroin (kakos) olduğunu, aşkar olunmuş həm həmin maddəni, həm də digər 3 ədəd bükümlərdə olan narkotik vasitə olan heroini (ümumilikdə 4 bükümü) xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 40 manata aldığını, üzərində 1 bükümü saxladığını, digər 3 bükümdə olan narkotik vasitə olan "Kakos”u isə Tural adlı şəxsə xx.xx.2021-ci il tarixdə, səhər saatlarında 60 manata satdığımı bildirmiş, onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə şəffaf rəngli sellofan ilə birlikdə 0,70 qram olduğu müəyyən olunmuş, həmin bükümdə olan narkotik vasitəyə bənzər maddə ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı əvvəllər də Tural adlı şəxsə 1-2 dəfə narktotik vasitə olan “Kakos" satdığını bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitənin bir hissəsini tanıdığı şəxslərə müəyən pul müqabilində satmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımamış, özü narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmuşdur. (Cild 1, iş vərəqləri 63-65; Cild 2, iş vərəqləri 81-83) Məhkəmədə digər Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, tutulduğu tarix yadında deyil. Narkotik vasitəni satmaq məqsədi olmamışdır. Azərdən ona narkotik vasitə tapmasını xahiş etmişdir. Buna görə Azərə 30 manat özü, 30 manat isə Elçindən almaqla cəmi 60 manat pul vermiş və heroin almasını xahiş etmişdir. Ayrılandan sonra axşam saatlarında onları tutmuşlar. Tutularkən üzərində narkotik vasitə olmamışdır. Polislər telefon danışıqlarına baxıb Azərdən narkotik vasitə aldığını müəyyən etmişlər. O, polislərə heç nə deməmişdir. Azərdən narkotik vasitəni səhər saatlarında götürmüş, 10-15 dəqiqə sonra Elçinin yanına gəlib onunla həmin narkotik vasitəni bölüşmüşdür. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi üçün 27 avqust 2021-ci il tarixdə, saat 10 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Azərin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ondan narkotik vasitə heroin istəmiş və Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Şərq Bazarının yaxınlığında görüş təyin etmişlər və həmin ünvanda görüşərək Azərə 60 manat pul verib ondan 3 bükümdə narkotik vasitə heroin almışdır. O həmin narkotik vasitə heroini istifadə etmək məqsədi ilə Azərdən əldə etsə də aldığı narkotik vasitə heroinin 1 bükümünü baha qiymətə satmağı qərara almış və bu məqsədlə də həmin gün saat 10:30 radələrində istifadəsində olan mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ona 30 manata 1 bükümdə narkotik vasitə heroin təklif etmiş, o da onunla razılaşaraq Sumqayıt şəhəri, 9 mikrorayon ərazisində yerləşən Loğman Aptekin arxa hissəsində görüş təyin etmişlər və bir neə dəqiqə sonra həmin yerdə Elçinlə görüşüb ona 1 bükümdə narkotik vasitə heroini 30 manata satmışdır. Sonra Elçindən ayrılıb 30 manat pula yadında qalmayan ərzaq mağazasından evinə ərzaq məhsulları almış, sonra o evindən çıxarıb piyada gedərkən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 9 D saylı binanın yaxınlığında Elçini görüb üzərində olan narkotik vasitə heroini qəbul etməsi barədə onunla söhbət edərkən 2 nəfər mülki geyimdə və 1 nəfər polis formasında olan şəxslər onlar yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsində aparmışlar. O başa düşmüşdür ki, üzərimdə narkotik vasitə heroin olmasından polis əməkdaşlarının məlumatları vardır. Polis idarəsində olan xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərimdə şəxsi axtarış aparılarkən polis əməkdaşı ona təklif etmişdir ki, üzərimdə narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, o da əynindəki qara rəngli cins şalvarının sol arxa cibindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 167-171) Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 27-də Təqsirləndirilən şəxs2la rastalaşanda ona narkotik vasitə tapa bilmədiyini demiş, ondan narkotik vasitəni haradan əldə edə biləcəyini soruşmuşdur. O da narkotik almaq üçün gedib görüşəcəyini demiş, buna görə də, o, pulu Turala vermişdir. Lakin kimlə görüşdüyünü, kimdən nə qədər narkotik aldığını bilməmişdir. Tural narkotiki götürüb gəlmiş, aralarında yarı bölmüşlər, ona düşən narkotikin çəkisini isə bilməmişdir. Sonra polislər onları tutmuş, polis bölməsində narkotik çəkiləndə miqdarını bilmişdir. Ona 1 qram olduğunu demişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkil Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il avqustun 27-də Sumqayıt şəhərində Tural və Elçin adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, məlumat əsasında həmin gün saat 11 radələrində Tural və Elçin Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-ə aparılmışlar. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin heroini 27 avqustda saat 10 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Loğman” aptekinin arxasında Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən 02 ədəd ayrı-ayrı sellofan bükümdə narkotik vasitə heroin akar edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni 27 avqust səhər saat 10 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»nın yaxınlığında Təqsirləndirilən şəxs1 60 manata aldığını demişdir. Daha sonra Azər adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olan məlumat əsasında 27 avqust 2021-ci il tarixdə saat 14 radələrində onu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Şərq Bazarı”nın yanındakı “Röyal” kafesinin yaxınlığında saxlamışlar. Saxladıqdan sonra onu Sumqayıt ŞPİ-nin 3-cü PB-ə aparmışlar. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarışda onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin akar edilərək sənədləşdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni 26 avqust 2021-ci ildə Bakı şəhəri 20 yanvar ərazisində olarkən tanımadığı şəxsdən aldığını, bir hissəsini Təqsirləndirilən şəxs2 verdiyini, qalan hissəsini özündə saxladığını bildirmişdir. Hər üç şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-in sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci il avqustun 27-də Tural və Elçinin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olan məlumat əsasında həmin gün saat 11 radələrində Tural və Elçin Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılmışdır. Saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-ə aparılmışdır. PB-də videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı təmin edilməklə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin akar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitəni 27 avqustda Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Azər barəsində daxil olan məlumat əsasında onu 27 avqust 2021-ci ildə saat 14 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlayıb Sumqayıt ŞPİ-nin 3-cü PB-ə aparmışlar. Xidməti otaqların birində videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin akar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 3-cü PB-in sahə rəisi, polis leytenantı Şahid3 ifadəsindən görünür ki, o, digər Şahid1lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 117-121) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə “Şəxsi axtarışın keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs1 əvvəlcə təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini təqdim edir. (Cild 1, iş vərəqləri 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə “Şəxsi axtarışın keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O, da əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən 02 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini təqdim edir. (Cild 1, iş vərəqləri 131-132) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs3 üzərinə “Şəxsi axtarışın keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O, da əynində olan qara rəngli şalvarın (şortikin) sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini təqdim edir.(Cild 1, iş vərəqləri 214-215) “Şəxsi axtarış keçirilməsi barədə” 27 avqust 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 03 (üç) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 16 sentyabr 2021-ci il tarixli, 19 noyabr 2021-ci il tarixli və 20 noyabr 2021-ci il tarixli protokollarla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 100, Cild 2, iş vərəqləri 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3735 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №127» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 büküm…» yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,677 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqsirləndirilən şəxs1 «Təqsirləndirilən şəxs2» və «Təqsirləndirilən şəxs3» sözləri yazılan zərflərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. (Cild 1, iş vərəqləri 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3736 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №127» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 (iki) büküm….» yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,630 qram və 0,478 qram olmaqla, ümumi təmiz çəkisi 1,108 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 2 (iki) büküm…» «Təqsirləndirilən şəxs1» və «Təqsirləndirilən şəxs3» sözləri yazılan zərflərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. (Cild 1, iş vərəqləri 144-148) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3738 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs3 üzərindən….» s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkiçi 0,749 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Bu heroin kütləsi üzərində «Vət.Təqsirləndirilən şəxs2 üzərindən…» və s.yazılar olan zərfdəki heroin kütləsi və üzərində «Vət.Təqsirləndirilən şəxs1 üzərindən» və s.yazılar olan zərfdəki heroin kütləsi ilə kimyəvi tərkib görə eynilik təşkil edirlər. (Cild 1, iş vərəqləri 226-230) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli, 3266 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya nəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 42-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli, 4181 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2021-ci il tarixli, 5084 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 124-125) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,627 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,028 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,699 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 03 ədəd “DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir.(Cild 2, iş vərəqləri 140-155) Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaması və onlara təzyiq edilməsi ilə bağlı ifadələrində göstərdiyi xüsusatları, öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə törədilmiş cinayətlər az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə törədilmiş cinayət isə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və Təqsirləndirilən şəxs3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrin sanksiyaları həddində cəzalar təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinbə əsasən Təqsirləndirilən şəxs3 himayəsində 3 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs1 isə Sumqayıt şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Sumqayıt şəhər məhkəməsinin 29 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Digər təqsirləndirilən şəxslər barəsində isə 29 avqust 2021-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirləri məhkəmə icraatı zamanı dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 78-79, 124,172-173, 207; Cild 2, iş vərəqləri 6-7) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 2,354 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş materiallarında olan 03 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik, Təqsirləndirilən şəxs2 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik və Təqsirləndirilən şəxs3 109 (yüz doqquz) manat 90 (dixsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası və barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edlməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik, Təqsirləndirilən şəxs2 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik və Təqsirləndirilən şəxs3 109 (yüz doqquz) manat 90 (dixsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 2,354 qram olan narkotik vasitə heroin məhv edilsin, 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar