Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-185/2024 24.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 50 manat pul müqabilində külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 2,166 qram çəkidə psixotrop maddə metamfetamin və 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 1,274 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, 30 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 15:25-dən 15:45-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 2,166 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 1,274 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yanvarın ayının 30u səhər-səhər, təxminən saat 9-10-a radələrində polislər evinə basqın edib pəncərələri də sındırmışlar, Xətai müəllim və digərləri orada olmuş, onu polis bölməsinə aparmış və xəsarət yetirmişlər. Orada o boynuna almışdır ki, narkotik vasitə istifadəçisidir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə imza çəkmişdir, başqa heç bir sənədə imza çəkməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bunları təsir altında etmişdir, onu döymüş, boynuna qoymuşlar. 1-2 ildir narkotik vasitə istifadə edir. Ancaq kakos çəkmiş, metamfetamin va digərlərindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, hakim soruşmadığı üçün döyüldüyünü deməmişdir. Onun evində ailəsi, uşaqları, bacısı olmuşdur, o, ev pijamasında olmuşdur. Onu aparanda polislər gətirdiyi boz köynəyi geyinmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, avtomobil qara rəngdə olmuş, nömrəsi yadında qalmasa da, sonunun 957 olduğu yadında qalmışdır. O demişdir ki “yaxında dükanda Qarakişi görmüşdür. Polislər ona demişdir ki, bunları üstünə götürməsən ailəni gətirəcəyik.O ancaq polis bölməsində 234.1-ə qol çəkmiş, başqa heç nəyə qol çəkməmişdir. Pentensiar Müəssisədə hər şeyi qeydiyyata alıblar, düyməli telefonu var imiş. Amma nömrəsi yadında qalmayıb, telefonu da aparmışlar və onun öz paltarlarını axşam getirmiş, oradan da aparmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 10-15 il olar ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən istifadə edir və həmin maddələrin aludəçisidir. 30 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata bir büküm psixotrop maddə olan metamfetamin və 30 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin günü yəni ki, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını sorğu etmişlər. O, üzərində psixotrop maddə və narkotik vasitə olduğunu bildirdiyi üçün onu Abşeron RPl-nin Qobu PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmamasını sorğu etmiş, varsa təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin çıxarıb təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə və narkotik vasitə ilk növbədə tərəzidə çəkilmiş, daha sonra kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolu və zərfi imzalamışlar. Üzərində gəzdirdiyi psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən 50 və 30 manata şəxsi istifadəsi üçün almış və bu səbəbdən üzərində gəzdirmişdir. 30 yanvar 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən 50 və 30 manat pul müqabilində almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Metamfetamini aldığı şəxsin heç bir anket məlumatlarını və telefon nömrəsini bilməmişdir. Həmin şəxsi bir dəfə metamfetamin və heroini ondan alanda bir neçə saniyəlik görmüşdür. Siması və xarici görünüşü yadında qalmadığı üçün görsə tanımacağını bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. (cild 1, iş vərəqə 68-70) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və əməliyyat müvəkkili, polis kapitanı X4 və sahə rəisi, polis mayoru, Şahid3 iştirakı ilə onun tərəfindən 30 yanvar 2023cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman orada Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlara İlqara üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamininə bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı bir büküm metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 02 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda İlqar bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan, kakos adlanan heroin və 01 ədəd bükümdəki ağ rəngli kristal formalı maddə psixotrop maddə olan metamfetamindir. O, həmin psixotrop maddə metamfetamini 50 manata, narkotik vasitə heroini isə 30 manata xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara İlqarın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid3 vermiş olduğu ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha göstərərək təsdiq etmişlər. Şahid4 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 96-99) Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Hadisə günü səhər saatlarında yatarkən səs-küy gəldiyini eşitmişlər, polislər pəncərəni təpiklə sındırıb içəri girmişlər, yoldaşını döymüşlər, yoldaşının başından qan gəlmişdir, evdən onu pijama ilə çıxartmışlar. Bir xəstə əlil uşağı var, ona vurmuş, yoldaşına şər atmışlar, onun günahı olmamışdır. İlqarın üzərində narkotik vasitə olmamışdır, Yoldaşının bədəni gömgöy olmuşdur, onu qucaqlarına götürüb kənara atmışlar. Orada 50 nəfərə yaxın adam olmuşdur, həyətin içi dolu olmuşdur. Pəncərənin sınığı indiyə qədər qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, səhər yatırmış, qışqırıq səsi gəlmişdir, çıxanda görmüşdür ki, 30 nəfərə yaxın mülki geyimdə adam qardaşını yerdə sürüyərək döymüşlər. İlqarın başından qan axmışdır, İlqar demişdir ki, nə günahı var ki, onu aparırlar. Polislərin maşınları ağ, qara olmuş, İlqarın başının üstü gömgöy olmuş, qan da axmışdır. Onun otağından heç nə götürməmişlər. İlqarın narkotik vasitədən istifadə etdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, saat 8-də o, işə gedir ,o, 9-10 radələrində dükanda olmuşdur, dükanda müştəri də olmuşdur. Səs-küy gəlmişdir, İlqarın uşağı xəstədi, fikirləşmişdir ki, yəqin ona nəsə olmuşdur, gedib həyətə girəndə görmüşdür ki, 3 nəfər adam İlqarı yerə əlləri bağlı uzatmışdır, onlardan biri ayağını onun üstünə qoymuş, onları görən kimi çıxartmışdır. Birinci İlqarı, ikinci Kazımı çıxartmışlar. Onları ayrı-ayrı maşınlara mindirmişlər. Bacıları da, uşaqları da orada olmuşdur, 09-10 radələri olmuşdur. Qadınların qışqırığı gəlmiş, başqa heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qardaşının oğlu xəstədir, saat təxminən 8-9un yarısı olmuşdurqardaşıgilin evinin qapısı açılmışdır. Qardaşı İlqarı götürüb aparmışlar. Polislər qayıdıb gəlib onu da aparmışlar. Həmin əməkdaşlar Cenqo, Ramin, Fərid, Üzeyir olmuşlar. Səhər-səhər birinci qardaşını aparmışlar. Həyətdə İlqarı təpikləmişlər. Orada ailələrindən başqa heç kim olmamışdır. İlqarın baş hissəsindən sürümüşlər. Qardaşını maşınla aparmış, onu sonra gəlib götürmüşlər. Bir həyətdə qalırlar, ancaq evləri fərqlidir. Onun da evinə polislər girmişlər, 5-10 dəqiqə keçməmiş onu da eyni bölməyə aparmışlar. Onların evindən bölməyə təxminən bir kilometr yarım məsafə olmuşdur. İlqarın əynində ağ gecə paltarı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetami bükümləri götürülmüşdür. (cild 1, iş vərəqəsi 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 05 aprel 224-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən metamfetamini 50 manat, heroini 30 manat müqabilində almışdır. ( cild 1. iş vərəqə 95) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq məhkəmə kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/580 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245””li dairəsi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik və psixotrop maddə” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,274 qrma qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,166 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. ( cild 1, iş vərəqəsi 31-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli, 1456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlannn birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqəsi 39-43) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 1,224 qram narkotik vasitə heroin və 2,066 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Niyazov X9 Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88 m 2 his, 1,2,6-cı bəndi ilə təqsirli bilinib 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( cild 1, iş vərəqə 87-89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 17 fevral 2023-cü il tarixli, 576 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi ünvanında yaşamış Təqsirləndirilən şəxs ailə tərkibinin 1980-ci ildə anadan olmuş keçmiş həyat yoldaşı X7, 2004-cü ildə anadan olmuş qızı X2 və 2007-ci ildə anadan olmuş oğlu X3 ibarət olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət qiymətləndirilmişdir. (cild 1, iş vərəqə 103-104) İş materiallarına əlavə edilmiş epikrizin surətindən görünür ki, X11 “Diplegik spastik serebral iflic, Simptomatik epilepsiya xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, əlavə şahid qismində dindirilmiş X7, X5, X8 və X6 məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs səhər saat 09 radələrində və evində tutulması ilə bağlı göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, qeyd olunan əlavə şahidlərin təqsirləndirilən şəxslə yaxın qohumluq və qonşuluq münasibətləri vardır, buna görə də onlar həmin məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmasına çalışmışlar. Bu səbəbdən məhkəmə onların verdiyi ifadələri sübut kimi qiymətləndirmir. Məhkəmə həmçinin Bakı İstintaq Təcridxanasına daxil olarkən müayinə zamanı Təqsirləndirilən şəxs sağ almacıq sümüyü nahiyəsində və alında üzəri qərtməkli sıyrıq yaralarının aşkar olunması ilə bağlı qeyd etmək istəyir ki, həmin sıyrıqların məişətdə, gündəlik həyatda yarana bilməsi istisna edilmir. Təqsirləndirilən şəxs bədən səthi üzərində başqa heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində serabral iflicdən əziyyət çəkən uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2023-cü il tarixli qərar ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,224 qram narkotik vasitə heroin və 2,066 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01( bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1,224 qram narkotik vasitə heroin və 2,066 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-185/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-185/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver