Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-186/2024 23.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və külli miqdarda psixotrop maddə hesab olunan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının bank hesabına 150 manat pul göndərdikdən sonra həmin naməlum şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yolun kənarına qoyduğu külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilən ümumi çəkisi 3,831 qram olmaqla 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 1,890 qaram, 1,436 qram narkotik vasitə heroini və küll miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (Siyahı 1) daxil edilən ümumi çəkisi 20,335 qram olmaqla 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,117 qram, 2,460 qram, 1,614 qram, 0,226 qram, 0,389 qram, 1,489 qram, 0,327 qram, 0,378 qram, 0,149 qram, 0,186 qram psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamış və daşımış, 21 iyul 2022-ci il tarixdə X9 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılıb Abşeron RPİ-nin X10 gətirilib orada həmin gün saat 12:20 radələrindən 12:35 radələrinə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən "Kent Silver” markalı siqaret qutusunun içərisindən həmin 0,505 qram, 1,890 qram, 1,436 qram, ümumilikdə 3,831 qram narkotik vasitə heroin, 13,117 qram, 2,460 qaram, 1,614 qram, 0,226 qram, 0,389 qram, 1,489 qram, 0,327 qram, 0,378 qram, 0,149 qram, 0,186 qram, ümumilikdə 20,335 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil həmin Məcəllənin 234.1-1ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirdi. O, narkotikə olan təlabatını ödəmək üçün İran vətəndaşından bir iki dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsi tanımamış və görməmişdir, onunla sosial şəbəkə vasitəsilə danışmışdır. O heç vaxt narkotik vasitə satmamışdır. Sonuncu dəfə hazırki işlə bağlı tutulmamışdan əvvəl həmin İranlı ilə danışıb ondan narkotik almaq istəmişdir və İranlının kartına 150 manat pul göndərmişdir, İranlı da narkotiki Hökməli qəsəbəsində yolun kənarına qoymalı idi. O 21 iyul 2022-ci il tarixdə axşam vaxtı yaşadığı Maştağa qəsəbəsindən Hökməli qəsəbəsinə gəlmişdir ki, İranlının dediyi yerdən narkotiki götürsün. O Hökməliyə gəlib narkotiki qoyulan yerdən götürüb yol kənarı ilə gedərkən polislər onu saxlamışlar. Gecə vaxtı burada nə etdiyini polislər ondan soruşduqda o üzərində narkotik olduğuna görə onlardan aralanmaq istəmişdir, lakin polislər ona fiziki qüvvə tətbiq edib onu polis bölməsinə gətirmişlər. O polislərə üzərində heroin olduğunu bildirsə də, polis bölməsində onun üzərinə fiziki təzyiq nəticəsində metamfetamin də yükləmişlər. Halbuki onda 20 qram metamfetamin olmazdı, miqdarı az olardı. Ancaq heroin onun özünə məxsus idi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, psixotrop maddə hesab olunan metamfetamin audəçisidir. 21 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yolun kənarında dayanmışdır. Bu vaxt polis əməkdaşlarını gördükdə üzərində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə hesab edilən metamfetamin olduğu üçün polislərin əks istiqamətində iti addımlarla hərəkət etməyə başlamışdır. Üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməyini xahiş etdikdə o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ondan harada yaşadığını soruşduqda o, ünvan 2 ünvanında yaşadığını bildirmişdir. Daha sonra ondan Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlməyinin səbəbini soruşmuşlar. O, polis əməkdaşlarının sualına cavab verə bilmədiyi üçün susmuş və tək çıxış yolunu qaçmaqda görmüşdür. Qaçarkən polis əməkdaşlarının ona çatdığını hiss edib əlindəki “Samsung” markalı mobil telefonu var gücü ilə yerə çırparaq sındırmışdır. Polis əməkdaşları onu saxlamış və sakitləşməyini tələb etmişlər. O, sakitləşdikdən sonra polis əməkdaşları ondan bu cür davranmağının səbəbinin nə olduğunu soruşmuşlar. O da polis əməkdaşlarına üzərində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə hesab edilən metamfetamin olduğunu demişdir. Polis əməkdaşları məlumatı dəqiqləşdirmək üçün üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu ona demiş və bunun aidiyyatı əməkdaş tərəfindən həyata keçiriləcəyini izah edib onu Abşeron rayon Polis İdarəsinin X10 dəvət etmişlər. O buna etirazının olmadığını deyib xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin X10 gətirilmişdir. Polis Bölməsində ona hüquqları tam şəkildə izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqlarının müdafiə edilməsi məqsədilə şəxsi vəkilinin olub-olmadığı soruşulmuşdur. O, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Ona vəkillərin siyahısı təqdim edildikdən sonra müvafiq ərizə yazmış və seçdiyi müdafiəçi Polis Bölməsinə dəvət edilmişdir. Polis əməkdaşları tərəfindən vəkili ilə konfidensial görüşün keçirilməsi təmin edildikdən sonra müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməyi xahiş edilmişdir. O, sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə hesab edilən metamfetamin olan “Kent Silver” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin qutunun içərisindən ağ, göy və sarı rəng çatarlarından ibarət sellofan bağlama polis əməkdaşı tərəfindən çıxarılmışdır. Həmin sellofan bağlamanın içərisində olan 10 (on) ədəd şəffaf sellofanda psixotrop maddə metamfetamin və 03 (üç) ədəd şəffaf sellofanda narkotik vasitə heroin polis əməkdaşı tərəfindən masanın üzərinə qoyulmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin torba qablaşdırılmış və bunu imzalarla təsdiq etmişlər. O, psixotrop maddə metamfetamin aludəçisidir, İran İslam Respublikası vətəndaşından narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həm istifadə etmək, həm də satmaq məqsədilə almışdır. O, həmin İran İslam Respublikası vətəndaşından bundan əvvəl iki dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, Polis Bölməsinə aparılan zaman və Polis Bölməsində olarkən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, psixi təzyiq göstərilməmişdir. Üzərinə şəxsi axtarış keçirilmədən öncə onun üzərini heç bir polis əməkdaşı yoxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualı cavablandırarkən bildirdi ki, o həqiqətən telefonu yerə çırpıb sındırmışdır. Həmçinin o polislərlə əvvəl bölməyə getmək istəməmiş, polislər onu zorla döyə döyə polis maşınına mindirmişlər, həmin vaxt o özü də polislərlə dartışmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixində, saat 10:40 radələrində 9689 çağırışlı avtopatrulla Abşeron rayonu, Masazır qəsəbəsində iş yoldaşları Şahid4 və Şahid1 ilə birlikdə xidmətdə olarkən Abşeron rayonu, Hökməli qəsəbəsi, Beton yolu ərazisində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Onlar şəxsiyyətinin sonradan məlum olduğu həmin şəxsə, yəni Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmək istədikdə Novruz arxa-arxaya gedərək uzaqlaşmağa başlamışdır. Onlar dərhal ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Onlar Novruzdan ərazidə baş vermiş cinayət hadisələrində hər hansı iştirakının olub-olmadığını yoxlamaq üçün bir neçə sual soruşduğu vaxt o qaçmağa başlamışdır. Onlar Novruzan qaçdığını görüb onun ardıyca qaçmış və yaxınlaşan zaman sonuncu üzərində olan telefonu yerə vuraraq sındırmağa çalışmışdır. Bundan sonra onlar Novruzu saxlamış və sakitləşməyini tələb etmişlər. Onlar Novruzu sakitləşdirdikdən sonra ondan bu cür davranmağının səbəbinin nə olduğunu soruşduqda Novruz özü onlara üzərində narkotik vasitə olduğunu demişdir. Onlar məlumatı dəqiqləşdirmək üçün Novruza üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmiş və Abşeron rayon Polis İdarəsinin X10 dəvət etmişlər. Novruz əvvəl buna etiraz etmiş, bölməyə getmək istəməmiş, səs küy salıb qışqırmış, tabe olmaq istəməmişdir. Lakin onlar Novruzu zərərsizləşdirib onu xidməti avtomobilə əyləşdirib Abşeron rayon Polis İdarəsinə X10 gətirmişlər. Polis Bölməsində onun hüquqları izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Abşeron RPl-nnin Qobu PB-nə gətirilən zaman Novruzdan üzərində qanunsuz nəsə olması soruşulduqda, Novruz üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Abşeron RPl-nin Qobu PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd “Kent Silver" adlı siqaret qutusu çıxmışdır. Həmin siqaret qutusunu açdıqda içərisindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda isə içərisində 10 ədəd metamfetaminə bənzər kütlə, 03 ədəd isə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə İran vətəndaşından kart hesabına 150 manat ödəniş etməklə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yolun kənarına qoyduğu yerdən götürərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün polis əməkdaşları Novruza yaxınlaşmış üzərində narkotik vasitə və ya psixotrop maddə olub olmadığını soruşduqda isə özü etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı həmin narkotik vasitələri və psixotrop maddələri həm şəxsi istifadəsi, həmdə satış məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmiş, o polis bölməsinə getmək istəməyib qaçmaq istədikdə onu qanunun yol verdiyi qaydada zərərsizləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 və ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 da ifadələrində məhkəmədə dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Abşeron RPİ-nin Təhqiqat Şöbəsində təhqiqatçı vəzifəsində çalışır. xx.xx.2022-cİ il tarixdə növbədə olduğu zaman ƏÇPA-nın 12 PB-nin polis nəfərləri tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr daşıması barədə raport daxil olmuşdur. Həmin raport əsasında onun tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar edilmiş bükümlərə vizual olaraq tərəfindən baxış keçirilmişdir. Həmin vaxt bükümlərdən birinin rəngi nisbətən tünd olduğundan o, düşünmüşdür ki, həmin kütlə narkotik vasitə heroinə bənzəyir. O, həmin vaxt aşkar edilən kütlələrin konkret olaraq narkotik vasitə və ya psixotrop maddə olduğunu deməmiş, sadəcə həmin kütlələrin narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu qeyd etmişdir. Kütlələrdən biri tünd olduğundan səhvliklə onun da heroinə bənzər kütlə olduğunu demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən polis əməkdaşları Şahid4, Şahid3 və Şahid1 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, qeyd edilən polis əməkdaşları bölmə rəisinə müraciət edərək bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində inzibati ərazidə 9689 çağırışlı patrul maşınla xidmət apararkən Hökməli qəsəbəsində bir nəfər şəxsin yolun kənarında dayandığını görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşdıb özlərini təqdim etmək istəyərkən həmin vətəndaş arxa-arxaya qaçmağa çalışmış, onlar dərhal həmin şəxsi yaxalamış və sakitləşməyi tələb etdikdə həmin şəxs əlindəki mobil telefonu yerə vurub sındırmış və üzərində olan bəzi əşyaları polislərlə çəkişə-çəkişə atmağa çalışmışdır. Onlar həmin vətəndaşı sakitləşdirib patrul maşınına əyləşdirib qaçmasının səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polislər onu Qobu polisinə gətirib raportla təhvil vermiş, bölmədə məlum olmuşdur ki, həmin vətəndaş Təqsirləndirilən şəxsdur. Odur ki, raporta dair göstəriş verilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, beton yol adlanan yerdə saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 13 büküm olmaqla 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə, 10 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 13 büküm otmaqla 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə, 10 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi və satış üçün əldə etdiyi ümumilikdə 13 ədəd olmaqla 03 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini, 10 ədəd bükümdə ağ rəngli kristallik formalı psixotrop maddəni onlayın yolla 150 manat müqabilində almış və xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yolun kənarından götürmüşdür. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. Qeyd edilən diskdəki görüntülər məhkəmə iclasında nümayiş etdirilib tərəflərin iştirakı ilə baxılarkən protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri hallar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-6143/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 21 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixə kimi daxil olan və çıxan "xxxx" MMC-yə məxsus nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil saylı mobil nömrəyə 21 iyun 2022-ci il tarixdən 21 İyul 2022-ci il tarixədək ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin anten dairələri barədə məlumatlar göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyul 2022-ci İl tarixli, 6/3965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №245" dairəvi möhür əksləri olan,İsgəndərov ....” soyad və və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 1,890 qram, 1,436 qram, ümumi təmiz çəkisi 3,831 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 10 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 13,117 qram, 2,460 qram, 1,614 qram, 0,226 qram, 0,389 qram, 1,489 qram, 0,327 qram, 0,378 qram, 0,149 qram, 0,186 qram, ümumi təmiz çəkisi 20,335 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 03 ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi təkib komponentlərinə görə eynidirlər. Təqdim olunmuş 10 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilen psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli, 4498 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhə görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 141 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilsin. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqliinkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Nümayişkaranəlik, ünsiyyətçillik, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Törətdiyi əməl zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradə nəzarət iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1630 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib təcridxanaya yerləşdirilərkən onun xəsarətinin olub olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən verilmiş sorğu ilə bağlı Təcridxanadan daxil olaraq cinayət işinin materiallarına əlavə olunub məhkəmədə tədqiq edilmiş ilk tibbi baxış haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki bazu nahiyəsində, sol dirsək nahiyəsində qartmaqlı yara aşkar olunmuşdur. Cinayət işinin materialların materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi - 3,681 qram narkotik vasitə heroin və qalıq çəkisi - 19,835 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından, doğum haqqında şəhadətnamələrin surətindən, 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş arayışdan və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır, uşaqlardan birinin- İsgəndərova Lətafət Novruz qızının sağlamlıq imkanları məhduddur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədəki qismən etirafedici ifadəsi, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitə metamfetaminin ittihamda verilən miqdarda olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən xəsarət almasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasinda dindirilmiş şahidlərin, təqsirləndirilən şəxsin özünün ifadələri və cinayət işindəki sənədlərlə müəyyən olunur ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirmək üçün avtomobilə əyləşdirilib PB-nə aparılarkən o, hadisə yerindən qaçmaq istəmiş və polis əməkdaşları tərəfindən zərərsizləşdirilərkən xırda xəsarətlər almışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib polis maşınına əyləşdirilərkən Təcridxanadan göndərilən tibbi arayışda qeyd edilən xəsarətin və məhkəmə iclasında video görüntüyə baxılarkən təqsirləndirilən şəxsin dirsək nahiyəsində müşahidə edilən sıyrığın alınması mümkündür. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bükümlərinin cox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyinə dair verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 3,681 qram narkotik vasitə heroin və qalıq çəkisi 19,835 qram psixotrop maddə metamfetamin məhv edilməli və iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 3,681 qram narkotik vasitə heroin və 19,835 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-186/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-186/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver