Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-187/2022 01.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi - X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də gözətçi olaraq işləyən, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşma bağlarında fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki o, 03.11.2021-ci il tarixdə, saat 08:30 radələrində Xızı rayonunun “Dağ Yaşma” adlanan ərazisində yerləşən "xxxx" MMC-nin nəzarət buraxılış məntəqəsindən 150 metr məsafədə yerləşən su çəninin yaxınlığında işə gec gəlməsi və növbəni təhvil verilərəkən məntəqənin səliqəsiz olması ilə əlaqədar həmin MMC-də gözətçi işləyən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu nalayiq ifadələr işlətməklə, onu sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş, orada olan iş yoldaşları onları sakitləşdirib aralaşdırdıqdan sonra Zərərçəkmiş şəxs digər gözətçilərlə nəzarət buraxılış məntəqəsinin qarşısında onu döyməsini danışıb gülməsinə qəzəblənərək, qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gələrək, nəzarət buraxılış məntəqəsində yemək yeyərkən istifadə edilən bıçağın olmasını nəzərə alıb Zərərçəkmiş şəxs həmin məntəqəyə daxil olmasını görüb, arxasınca içəri daxil olub, qəsdən adam öldürmək məqsədi ilə ümumi uzunluğu 30,5 sm, tiyəsinin uzunluğu 17 sm, palıdı taxta tutaçağı olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı sağ əlinə götürüb, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 6 bıçaq zərbəsi vuraraq ona sağlanmlığa yüngül zərərvurmaya aid edilən sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 1,7x0,7 sm ölçüdə 01 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthində 1,1x0,5 sm ölçüdə 01 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthində 1,4x0,5 sm ölçüdə 01 ədəd,sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1,7x0,4 sm ölçüdə 01 ədəd, ağır zərərvurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthində orta körpücük xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə 1,8x0,7 sm ölçüdə 01 ədəd daxilə nüfuz edən, eləcə də qanitirmədən ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthində, məmə xətti üzrə İİİ-İV qabırğaarası sahədə 2,5x1,2 sm ölçüdə deşilmiş-kəsilmiş döş qəfəsinin ön səthinin sol yarsının daxilinə nüfuz edərək sol ağciyəri və aortanı zədələyən 01 ədəd xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən əvvəl "xxxx" MMC-də o, mühafizəçi olaraq çalışdığı dövrdə Sərxana işə gec gəldiyi üçün “işə vaxtında gəlmək lazımdır” deyə xəbərdarlıq etmişdir. Sərxan isə ona avtomobilin gec gəldiyi üçün gecikdiyini söyləmiş, bu söhbət bitmiş və bununla bağlı hər hansı bir mübahisə olmamışdır. İkinci dəfə isə, yəni hadisə baş verən gün o, işdə olarkən Sərxan və yanındakılara salam vermək məqsədilə onlara yaxınlaşmış, lakin onların aqressiv olduğunu görmüşdür. Sərxan ona “keçən gün mənə nə deyirdin” deyə soruşduqda o, Sərxana “işə vaxtında gəlmək lazımdır” demiş, Sərxan onun bu sözlərindən sonra nalayiq söyüşlə danışmağa başlamışdır. O, Sərxana iş yoldaşı olduğunu söyləmiş, sonuncu isə onu söyüb şillə vurmuşdur. Onlar üç nəfər olmuş, onlardan biri onu arxadan, digər isə qabaqdan tutub saxlamış, daha sonra Sərxan onun baş nahiyəsinə yumruq vurmuş və bu zaman o, sanki huşunu itirmiş, istər-istəməz keyləşmişdir. Həmin vaxt onu arxadan tutub saxlayan oğlan onu yerə yıxmış, o, onlara həmin yerdə yerləşən su çəninin yanında kamera olduğunu və işdən çıxarılacaqlarını söyləmişdir. Onun bu sözlərindən sonra Sərxan yenidən söyüş söyməyə başlamış, daha sonra Sərxanın yanındakılar onun üzərinə gəlməyə başlamışdır. Daha sonra aralaşdıqdan sonra Sərxan və yanındakılar müəssisənin nəzarət-buraxılış məntəqəsinə getmiş, o, isə hər yeri toz olduğu üçün üstbaşını təmizləmişdir. Mübahisə zamanı telefonunu itirdiyi üçün iş yoldaşı Elsəvərdən telefonunu ona verməsini xahiş etmiş və öz nömrəsinə zəng edərək telefonu tapmaq istəmişdir. Bu zaman Sərxanın ona nəsə etmək fikri olmasa da, əlində telefonu gördükdən sonra nəzarət-buraxılış məntəqəsi tərəfdən ona yaxınlaşmış və kimə zəng etdiyini soruşaraq gülməyə, onu lağa qoyaraq “adamı belə vurarlar” şəklində danışmağa başlamışdır. O, həmin vaxt onların fikrinin təmiz olmadığını, dalaşmaq istədiklərini anlamış və Elsəvərin telefonu ilə özünə deyil, bibisi oğlu Rəşada zəng edib onu vurduqlarını və yanına gəlməsini söyləmiş, Rəşad isə “dalaşma, gəlirəm” demişdir. Daha sonra üzərini dəyişmək, əşyalarını götürmək məqsədilə nəzarət-buraxılış məntəqəsinin qabağında olan otağa girən zaman Sərxan onun üzərimə hücum etmiş və onun ürək problemi olduğu üçün Sərxana gücü çatmamışdır. Sərxan onunla tək dalaşmamış, yanındakılar da ona kömək etmişdir. Daha sonra o, oradakı bıçağı götürərək Sərxanı vurmuşdur, həmin vaxt onun ağlı başında olmamışdır. Bıçağın orada olduğunu bilmiş, lakin əvvəlcədən kimisə öldürmək kimi bir planım olmamışdır. Bıçağı götürməkdə məqsədi Sərxanı qorxudaraq ondan əl çəkməsini təmin etmək olmuş, Sərxanı öldürmək niyyətim olmamışdır. Hadisədən sonra bıçaq əlimdə olmuş, Şükür ona bıçağı qoyub getməyimi söyləmiş, o, da bıçağı qoyaraq getmişdir. Sərxanı vurduqdan sonra oradan getməkdə məqsədi evdəkilərlə sağollaşıb gedib polisə təslim olmaq olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, 03 noyabr 2021-ci il tarixdə, təxminən saat 10 radələrində qardaşı oğlu Mirzəbabayev Orxan ona zəng edərək “Əmi, tez gəl tramatologiyaya” demiş, Orxandan nəsə olub-olmadığını soruşduğunda isə, o, “Sərxan ölüb” demişdir. Hadisədən sonra Sərxanın iş yoldaşları baş verənləri danışmışlar. Təqsirləndirilən şəxs onun oğluna doqquz bıçaq zərbəsini digər şəxslər içəridə olarkən vurmuşdur, bununla bağlı şəkillər onda vardır. Oğlunun meyitini özü yumuş, onun 11 bıçaq zərbəsi var olmuşdur. Oğlu bıçaqlanarkən Şəhriyarın əlindən qurtulmaq üçün ya o divara, ya da ki digər divara tərəf getmiş və axırda onun əlindən çıxmış, lakin Sərxan yerə yıxıldığı zaman köməksiz vəziyyətdə olmasına baxmayaraq Şəhriyar ölümcül bıçaq zərbəsini o anda vurmuş, daha sonra Sərxan ayağa qalxmağa çalışarkən ayağı ilişib yerə yıxıldığı zaman Şəhriyar onun ürəyinə bıçaq zərbəsini endirmişdir. Şəhriyar Sərxanı vurduqdan sonra digər oğlanların arxasınca qaçmış, lakin çata bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, "xxxx" MMC-də fəhlə işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadiüsədən təxminən 2 ay əvvəl tanımışdır. 03.11.2021-ci il tarixdə iş yerində olmuş, lakin hadisə vaxtı başqa işlə məşğul olduğundan, hadisəni görməmişdir. Hadisədən təxminən 15 gün əvvəl yaşadığı evdən mətbəxdə istifadə etdiyi, tutacaq hissəsi palıdı rəngdə, taxtadan olan bıçağı nəzarət buraxılış məntəqəsinə orada kolbasa və meyvə doğranması üçün özü gətirmişdir. Sonradan həmin bıçaq yadından çıxıb orada qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-də gözətçi işləyir. 03 noyabr 2021-ci il tarixdə işdə olarkən növbəni Şəhriyar və Elsevərdən təhvil almışlar. O, Kamil və Sərxan bir növbədə olmuşdur. Təxminən saat 08-09 radələrində təmizlik üstündə mübahisə başlamış, Sərxan Şəhriyara “buranı təmiz eləməlisən” demiş, sonra Sərxan Şəhriyara söyüşlə “belə yoldaşlıq olmaz” söyləmiş, Şəhriyar cavab qaytarandan sonra onlar əlbəyaxa dalaşmağa başlamışlar, onlar isə ayırmışlar. Sözlü mübahisədən sonra birinci Sərxan Şəhriyara əl atmış, Şəhriyarı yumruq ilə vurmuşdur. Onları aralandıqdan sonra Şəhriyar Sərxana “kameralar çəkir, işdən çıxararlar, işdən çıxandan sonra söbət edərik” demişdir. Sonra onlar “NMB”ə getmiş, Sərxanın çöldə bıçaqlanmasını görmüşlər. Şəhriyar çoxlu bıçaq zərbəsi vurmuş və hadisədən sonra oradan qaçıb getmişdir. Şəhriyar Sərxanı bıçaqla vurduqdan sonra onun da üstünə gəlmiş lakin sonra getmişdir. O, zəng edib avtomobil çağırmış, sonra Kamil ilə birlikdə Sərxanı xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "xxxx" MMC-ə gözətçi işləmişdir. 02.11.2021-ci il tarixdə növbəyə gəlmiş və saat 07 radələrində növbəni Şəhriyarla birlikdə təhvil almışlar. Bir neçə növbə əvvəl Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında otağın təmiz olmaması ilə bağlı sözlə mübahisələri olmuş, həmin vaxt onları sakitləşdirmiş və çıxıb evlərinə getmişlər. 03.11.2021-ci il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs öz yoldaşları ilə növbəni təhvil alarkən otaqda yemək tavasının çirkli olması və quyunun suyunun yığılıb qalması səbəbindən çirkli suyun boşaldılmaması ilə əlaqədar aralarında böyük çənin yanında sözlə mübahisə olarkən onları ayırmışdır. Ara sakitləşdikdən sonra hamısı otağa getmişlər ki, kitaba imza edib evlərinə getsin. Sərxan kiçik gözətçi otağından kitabı götürmək üçün otağa girdikdən sonra Şəhriyar onun arxasınca otağa daxil olaraq onu bıçaqlar vurmağa başlamışdır. Özü də onun arxasınca kitaba imza etmək üçün içəri daxil olduqda Şəhriyarın əlində bıçaqla Sərxanın ayaq nahiyəsinə vurduğunu görüb qorxudan arxası üstə geri qayıdarkən yerə yıxılmış və tez ayağa qalxaraq briqadir Şükürü çağırmaq üçün qaçmışdır. Anbarın yaxınlığında olarkən Şəhriyarın ona tərəf gəldiyini görüb anbarın baş hissəsindən qaçaraq fırlanıb getmişdir. Şəhriyarın ona tərəf gəlməsinin səbəbini bilməmişdir. Yenidən hadisə yerinə yaxınlaşarkən orda usta Arif, briqadir Şükür və adını bilmədiyi başqa şəxslərin olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 03.11.2021-ci il tarixdə, saat 08:30 radələrində Şəhriyar onlarla yaşayan bibisi oğlu Rəşadın telefonuna zəng edərək danışdıqdan sonra, ondan nə barədə danışdıqlarını soruşmuş, cavabında demişdir ki, Şəhriyar deyir onu orada döyüblər. Rəşad ona dedi ki, gözləsin şirkətə gəlir. Rəşad ondan əvvəl getmiş özü isə təxminən yarım saat sonra orada yaşayan Tərlan adlı şəxsin Vaz-2109 markalı avtomobili ilə yola çıxmışdır. Şirkətə çatmağa təxminən bir kilometr qalmış Rəşadla kürəkəni Kamilin gəldiyini görmüş, yolda onlarla söhbət zamanı demişlər ki, Şəhriyarla dava etmişlər və Şəhriyar bıçaqla Sərxan adlı şəxsi vurub və onu xəstəxanaya aparıblar. Şəhriyar isə oradan qaçmışdır. Evə qayıdandan bir az sonra Şəhriyar evə gəlmiş və orada olan hadisəni danışaraq bildirmişdir ki, onu söyüb, döyüblər, buna göra də bıçaqla Sərxan adlı şəxsi vurmuşdur. Ondan həmin şəxsin ölüb-ölmədiyini soruşduqda demişdir ki, özü oradan çıxanda yaralı olmuşdur. Ona bıçaq zərbəsini qıçından və ürək nahiyəsindən vurduğunu bildirmişdir. Bundan sonra demişdir ki, «adam vurmusan və şöbəyə getmək lazımdır». Onunla şirkətə gedən avtomobilin sahibi Tərlana zəng vurmuş və gəldikdən sonra Şəhriyarı avtomobillə Sumqayıt şəhər Pİ-nin Z.Tağıyev qəsəbəsində yerləşən bölməsinə aparmış, oradan da Xızı RPŞ-inin əməkdaşları gəlib aparmışlar. Oğlunun törətdiyin əmələ görə barışıq üçün zərərçəkənin yaxınlarına zəng etmiş, amma sonuncular razılığa gəlməmiş, nəsə təklif etməyə belə imkan verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" MMC-də gözətçi işləyir. Sərxan və Şəhriyarla münasibəti normal olmuşdur. 03.11.2021-ci il tarixdə. saat 08:30 radələrində iş yerinə gəldikdə nəzarət buraxılış otağının səliqəsiz olması barədə Şəhriyara bildirmiş, Şəhriyar demişdir ki, «mən vışqada oluram, mənlik deyil», Şəhriyara «biz yoldaşıq öz növbəmizdə təmizliyə riayət etməliyik» sözünü dedikdə, Şəhriyar cavabında demişdir ki, “yoldaşıq bir-birimizi yola verməliyik”. Belə söhbət edəedə nəzarət buraxılış məntəqəsinə tərəf gedərkən Sərxan Şəhriyara üzünü tutaraq «belənçik yoldaşlığa…...»nalayiq söz dedikdə, Şəhriyar da Sərxanı söymüşdür. Sərxan sol əli ilə Şəhriyarın sağ tərəf sifətinə bir dəfə sillə ilə vurmuş, bu vaxt onlar dava etmiş, həmin vaxt onları ayırmışlar. Orada dava təxminən 2-3 dəqiqə davam etmiş, sonra sakitləşmişlər. Sonradan Şəhriyar demişdir ki, “burada kamera var bizi çəkir, hamımızı işdən çıxaracaqlar, işdən çıxandan sonra söhbətimizi edərik”. Bundan sonra Sərxan, Tapdıq və o, nəzarət buraxılış məntəqəsinin qarşısına getmişlər. Orada dayanan vaxt Şəhriyar mobil telefonu ilə kiminləsə danışmış, bu vaxt Sərxan otağa keçib geri qayıtmış, Elsevərlə Şəhriyar da onlara yaxınlaşanda Sərxan Elsevərə kitabları təhvil verməyi demişdir. Bu vaxt Şəhriyar, arxasınca Sərxan və onun arxasınca Elsevər otağa girmişdir. O, isə otağa girmək istədikdə Sərxan Şəhriyara demişdir ki, “kimi istəyirsən çağır gəlsin”. Bu vaxt onların dava etdiyini və bu vəziyyətdə onlar çölə çıxanda Şəhriyarın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt Şəhriyar bıçaqla əvvəlcə Sərxanın qıçının arxa tərəfindən bir dəfə sonra isə çöldə iki dəfə ürək nahiyəsindən vurmuşdur. Sərxan otaqda olarkən uzun olduğundan, əli ilə Şəhriyarın çiynindən tutmuş, Şəhriyarın əlində iri, tutacaq hissəsi palıdı rəngdə olan bıçaq olmuşdur. Bıçaqla Sərxanın qarşı tərəfinə zərbələr vurmuşdur. Yaxınlaşıb aralaşdırmaq istədikdə Şəhriyar bıçaqla onların üstünə tərəf gələrək söyüş söyüb hədələdikdə onlar oradan qaçmış, Tapdıq yol tərəfdən fırlanıb Sərxanın yanına getmiş, bundan sonra o, da ora gələndə dezinfeksiya suyu ilə otağın arasında Sərxanın arxası üstə uzanıqlı vəziyyətdə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, "xxxx" MMC-də çinlingər işləyir. 03.11.2021-ci il tarixdə, saat 08:30 radələrində sexdən kənarda qışqırıq səsi eşidib sexdən çölə çıxıb əraziyə baxdıqda usta Arifin ona “tez gəl uşağı öldürdülər” deməsinə görə hadisə yerinə gəlmiş və Sərxanın dezinfeksiya suyu ilə nəzarət buraxılış məntəqəsi arasında arxası üstə yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Orada heç kim olmamış, Sərxanın üzərində qan gördükdə qorxaraq, həyacanlanaraq qışqırıb köməyə adamlar çağırmışdır. Bu vaxt Şəhriyar əlində bıçaqla onun yanımdan keçərkən, ona «nə etmisən? bıçağı mənə ver» demiş, Şəhriyar isə “məni təhqir ediblər” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 03.11.2021-ci il tarixdə, 08:30 radələrində nəzarət buraxılış məntəqəsinin içərisində qışqırıq səsləri eşidib otağa yaxınlaşmış, təxminən 2-3 metr qalmış birinci Şahid3 otaqdan, arxasınca isə Sərxan sonra isə Şəhriyarın çıxdığını, bu vaxt Sərxan yerə yıxılmış və Şəhriyar ona bıçaq atdığını görmüş, lakin Sərxanın hansı nəhiyəsindən vurduğunu görməmişdir. Bundan sonra Sərxan ayağa qalxaraq nəzarət buraxılış məntəqəsi ilə dezinfeksiya suyunun ara hissəsi ilə gedərkən, özü Şükürü çağırmaq üçün getmiş, həmin vaxt Şükürün gəldiyini görmüşdür. Hadisə zamanı ucadan qışqıranda Şükür səsini eşidib ona görə də həmin yerə gəlirmiş, Sərxana baxdıqdan sonra qardaşına zəng etmişdir ki, gəlib onu xəstəxanaya aparsın. Həmin vaxt uşaqlardan kimsə qışqıraraq bildirmişdir ki, nəbzi vurur. Sonra köməkləşib maşina qoyub və xəstəxanaya göndərmişlər. Təxminən 2 saat sonra eşitmişdir ki, Sərxan ölmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə keçirilmiş 03.11.2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Xızı rayonu Dağ Yaşma deyilən ərazidə yerləşən "xxxx" MMC-nin girişində yerləşən nəzarət buraxılış məntəqəsinin qarşısındadır. Nəzarət buraxılış məntəqəsi dezinfeksiyaedici su örtüyündəçn sağ tərəfdə, üstü yaşıl rəngli dəmirdən olan şiferlə örtülmüş, divarları ağ rənglə rənglənmiş, içərisi 3x2,5 metr ölçüdə olan otaqdan ibarətdir. Həmin otağın qapısı göy rəngli olmaqla dəmirdəndir.Qapıın qarşısında 3 metr məsafədə bir ədəd yan üstə aşmış vəziyyətdə xırdaölçülü dəmirdən olan masa və ondan 01 metr sol tərəfdə sökülmüş halda, şunuru ərimiş qırmızı rəngli elektrik peçi vardır. Otağın qapı hissəsində dayanıb şirkətə baxdıqda sol tərəfə 02 məsafədə və otağın dezinfeksiya suyu ilə arasında olan asvalt örtüyünün üzərində qanabənzər ləkələr vardır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd bıçaq, qanabənzər ləkələrdən isə üç ədəd pambığa hopdurulmuş nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi “Yaşma quşçuluq” MMC-nin həyətinfə quraşdırılmış müşahidə kamerasının yaddaşından çıxarılmış videogörüntü köçürülmüş diskə baxış keçirilmiş, baxış zamanı videogörüntüdə Təqsirləndirilən şəxs nəzarət buraxılış məntəqəsinin qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs əlində olan əşya ilə bir neçə dəfə zərbələr vurması əks etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs meytinin xarici müayinəsinin aparılması barədə olan 03.11.2021-ci il tarixli meyitə baxış protokolundan görünür ki, döş qəfəsinin sol yarısının ön səthində məmə xətti üzrə İİİ-İV qabırcaarası sahədə 2,5x1,2 sm ölçüdə kənarları hamar,yuxarı ucu iti,,aşağı ucu küt yara, ayaqlardan 138 sm yuxarıda,saat siferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə 01 ədəd,döş qəfəsinin sol yarısının ön səthində,orta körpücük xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə 1,8x0,7 sm ölçüdə kənarları hamar,yuxarı ucu iti,aşağı ucu küt olan yara, ayaqlardan 124 sm yuxarıda,saat siferblatının 1 və 7 rəqəmlərini birləşdirən xətt üzrə 01 ədəd,sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 1,7x0,7 sm ölçüdə kənarları hamar,yuxarı ucu iti,aşağı ucu küt olan yara, saat siferblatının 2 və 8 rəqəmlərini birləşdirən xətt üzrə 01 ədəd,sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthində 1,1x0,5 sm ölçüdə kənarları hamar,yuxarı ucu iti,aşağı ucu küt olan yara, saat siferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə 01 ədəd,sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthində 1,4x0,5 sm ölçüdə kənarları hamar,yuxarı ucu iti,aşağı ucu küt olan yara, saat siferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə 01 ədəd,sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1,7x0,4 sm ölçüdə kənarları hamar, ucları iti olan,köndələn və bir qədər çəp istiqamətdə yerləşmiş yara-yaranın ən dərin yeri mərkəzi hissə olmaqla 0,5 sm olan 01 ədəd,bel nahiyəsində 1,1x1 sm və 1,3x1,1 sm ölçülərdə qeyri müəyyən formalı,ətraf zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli 02 ədəd sıyrıqlar,sol bazu nahiyəsinin orta-aşağı 1/3-nin ön səthində 1,2x1,1 sm,1,3x1,2 sm və 1,5x1.2 sm ölçülərdə ovalvari formalı,qırmızımtıl-çəhrayı rəngli 03 ədəd qançırlar xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01.12.2021-ci il tarixli, 06 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 5 ədəd kəsilmiş-deşilmiş və 1 ədəd kəsilmiş yara, 2 ədəd sıyrıq və 3 ədəd qançır aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 2 ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər aşağıdakılardır: döş qəfəsinin sol yarısının ön səthinin məmə xətti üzrə İİİ-İV qabırğaarası sahədə yerləşən deşilmiş kəsilmiş yarası (2,5x1,2 sm ölçüdə). Yara sol İİİ-İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını dəlib-keçir və aortanıın qalxan hissəsini zədələyir.Yara kanalının istiqaməti; öndən-arxaya, bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur.Yara kanalının ümumi uzunluğu təxminən 7-8 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalardır. Döş qəfəsinin sol yarısının ön səthinin Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən deşilmiş kəsilmiş yarası (1,8x0,7 sm ölçüdə). Yara Vİİ-Vİİİ qabırğaarası sahədən qarın boşluğuna nüfuz edərək böyük piyliyi zədələyir. Yara kanalının istiqaməti; öndənarxaya, bir qədər yuxarıdan-aşağıyap və soldan-sağa doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 4-5 sm-dir.Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalardır. Sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,7x0,7 sm ölçüdə).Yaranını yuxarı ucu iti aşağı ucu kütdür. Yara kanalının dərinliyi 3 smdir.istiqaməti arxadan-önə ,bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalardır. Sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (1,1x0,5 sm ölçüdə).Yaranını yuxarı ucu iti aşağı ucu kütdür. Yara kanalının dərinliyi 2 sm-dir.istiqaməti soldan-sağa və bir qədər aşağıdan-yuxarıdır. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalardır. Sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,5 sm ölçüdə). Yaranını yuxarı ucu iti aşağı ucu kütdür. Yara kanalının dərinliyi 1 smdir.istiqaməti soldan-sağa və bir qədər aşağıdan-yuxarıdır. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalardır. Sol bud nahiyəsinin yuxarı 1/3-nin kəsilmiş yarası (1,7x0,6 sm ölçüdə).Küt əşya tərəfindən törənmiş xəsarətlər; bel nahiyəsinin 02 ədəd sıyrığı (1,1x1 və1,3x1,1 sm ölçüdə). Sol bazu nahiyəsinin 03 ədəd qançırı (1,2x1,1sm, 1,3x1,1sm və1,5x1,2 sm ölçüdə). Qeyd edilən xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən bir az əvvəl 03.11.2021-ci il tarixdə əmələ gəlmişdilər. Zərərçəkmiş şəxs meyitindən aşkar edilmiş 5 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin),1 ədəd kəsilmiş yara iti kənarlı əşyanın (alətin) təsirindən,qançırlar və sıyrıqlar isə küt əşyanın təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir,3 ədəd (hər iki bud nahiyəsinin) deşilmiş-kəsilmiş yaralar və 1 ədəd kəsilmiş yara hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Sol bazu nahiyəsinin qançırları və bel nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri və aortanı zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (03.11.2021-ci il saat 10:30-dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü plan yastı tiyə tipli deşicikəsici əşyanın təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar bıçağın tiyəsinin deşici-kəsici təsirindən, kəşilmiş yara isə bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilərdilər. Digər xəsarətlərin, yəni qançır və sıyrıqlarm isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəni hissələrinin (əl, əl barmaqları, dırnaqlar və sair) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 5 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalklamin qrupuna aid olan Amfetamin adlı maddə aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə 213-218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09.11.2021-ci il tarixli, 19 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. (iş vərəqə 206) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş materialların 22.11.2021-ci il tarixli, 6/5048 saylı məhkəmə ekspertizasının «Lifli materialların tədqiqi» rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şəlvarın, 01 ədəd jaketin; Zərərçəkmiş şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd köynəyin, 01 ədəd şalvarın, 01 ədəd idman gödəkçəsinin, 01 ədəd gödəkçənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır.tərkab və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyaları üzərində metal (dəmir) mikrohissəciklərii vardır. Lakin aşkar edilmiş metal mikrohissəciklərinin izləri hər hansı bir predmetin formasını daşımadığına görə bu izlərin hansı dəmir əsaslı metal predmetlərdən.o cümlədən təqdim edilən 01 ədəd bıçaqdan qalmasını demək mümkün deyildir. (iş vərəqə 207-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə tibbbioloji ekspertizasının 10.12.2021-ci il tarixli, 861/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi B(İİİ) /sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən/, Təqsirləndirilən şəxs təqdim edilmiş /sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən/, qan qrupu O/İ/. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus tuman, qolsuz mayka, qısaqol kofta, şalvar və ona keçirilmiş kəmər, uzunqol gödəkçə və papaqlı uzunqol gödəkçə, hadisə yerindən götürülmüş üç ədəd gigiyenik çubuqlu pambıq tampona hopdurulmuş nümunələr və bıçaq tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «B»və «H» antigenləri, Zərərçəkmiş şəxs qolsuz maykası və hadisə yerindən götürülmüş üç ədəd gigiyenik çubuqlu pambıq tampona hopdurulmuş nümunələr üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa /H/(İİİ) qruplu bir şəxsə,o cümlədən Zərərçəkmiş şəxs (əgər qanında müşayiətçi «H»antigeni varsa) məxsus ola bilər. Lakin Göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O (İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqdim edilmiş ŞSalahlının uzunqol sviteri üzərində qan, bıçağın dəstəyi üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. (iş vərəqə 226-234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistiktrasoloji-daktiloskopik ekspertizasının 02.12.2021-ci il tarixli, 3/1851, 3/1868, 3/1869 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı mətbəx bıçaqdır,soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri olmadığından, Təqsirləndirilən şəxs daktloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd gödəkçənin, bir ədəd qısaqol köynəyin, bir ədəd maykanın, bir ədəd şalvarın və bir ədəd tumanın səthində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici predmetin (o cümlədən,təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdən (aşağıdan yuxarıya, sağdan sola doğru) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim edilmiş iki ədəd gödəkçənin, bir ədəd qısaqol köynəyin,bir ədəd maykanın,bir ədədə şalvarın və bir ədəd tumanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs oğluna məxsus bir ədəd sviterin və bir ədəd cins şalvarın səthində zədə yoxdur. (iş vərəqə 219-225) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisiyonkompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14.12.2021-ci il tarixli, 707 saylı rəyi müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilir və əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. ( iş vərəqə 235-238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “İş üzrə maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, cinayətin aləti olan bir ədəd bıçaq, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jaket; Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd idman gödəkçəsi, 01 ədəd gödəkçə, 01 ədəd tuman maddi sübut kimin tanınmış və Xızı rayon prokurorluğunda saxlanılır, hadisənin baş verdiyi yerdə quraşdırılmış müşahidə kamerasının görüntülər olan 01 ədəd diskn cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 245) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş vərəqə 155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bağçılıq cəmiyyətindən verilmiş 16.11.2021-ci il tarixli, 60 saylı arayışda Təqsirləndirilən şəxs Yaşma bağ massivində qeydiyyatda olmadan yaşaması və həmin tarixli xasiyyətnamədə isə fərdi yaşayış evində yaşamaqla, mehriban ailə başçısı, qonşularla rəftarda nəzakətli olmaqla barəsində cəmiyyətə yazılı və ya şifahi müraciətlərin daxil olmaması göstərilmişdir. (iş vərəqə138-139) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş AZ-İV413455 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 ilə aralarında olan 05.11.2021-ci il tarixli nikah şəhadətnamsi əsasında 04.01.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. (iş vərəqə 137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən verilmiş 29.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə 27.09.2021-ci il tarixli əmək müqaviləsi əsasında gözətçi işinə qəbul edilmiş,işlədiyi müddət ərzində davranışları normal olmuşdur. (iş vərəqə 195) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, sonuncunu qorxutmaq məqsədi ilə vurması, habelə hadisə zamanı özündə olmamasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olması həm təqsirləndirilən şəxsə yetirilmiş bıçaq zərbələrinin sayı ilə - məhkəmə ekspertiza rəyi ilə 6 bıçaq zərbəsi müəyyən edilmişdir- eləcə də, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin lokalizasiyası, yəni həm ayaq hissəsinə, həm də ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi ilə tam təsdiq olunur. Habelə, şahid ifadələrindən və təqsirləndirilən şəxsin öz ifadəsindən də görünür ki, zərərçəkmiş şəxsə ilk bıçaq zərbələri ayaq hissəsindən vurulduqdan sonra zərərçəkmiş şəxs hadisə yerindən qaçmaq istəyərkən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ayağının ilişin yıxılmasından istifadə edərək sonuncunun ürək nahiyəsindən bıçaqla vurmuşdur ki, bu da təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsi qəsdən həyatdan mərhum etmə olduğunun bariz göstəricisidir. Təqsirləndirilən şəxsin hadisə zamanı özündə olmadığına dair ifadəsi isə komisiyonkompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14.12.2021-ci il tarixli, 707 saylı rəyi ilə tam təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrünəsi haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2002-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, həmin Pelnum qərarının 3-cu bəndinin ikinci abzasında və 4-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddənrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xızı Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 29-47, 102-104) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xızı rayon prokurorluğunda saxlanılan – Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd idman gödəkçəsi, 01 ədəd tuman zərərçəkmiş şəxsin hüquqi varisi Oktay Mirzəbabayevə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar və 01 ədəd jaket təqsirləndirlən şəxsə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 280,16 (iki yüz səksən manat on altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» 12.12.2022-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xızı rayon prokurorluğunda saxlanılan – Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd idman gödəkçəsi, 01 ədəd tuman zərərçəkmiş şəxsin hüquqi varisi Oktay Mirzəbabayevə qaytarılsın, qəbul etmədikdə həhv edilsin, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar və 01 ədəd jaket təqsirləndirlən şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xızı rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 280,16 (iki yüz səksən manat on altı qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün sürəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-187/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-187/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver