Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-187/2025 06.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X10, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Qadir” adlı İran İslam Respublikası vətəndaşından xx.xx.2024cü il tarixdə saat 23 radələrində satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə 2,263 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd şəffaf sellofan bükümdə 0,411 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd qırmızı şəffaf selofanın içərisində 420,0 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 02 ədəd konvolyutda, 20 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həblərini, o cümlədən 2 ədəd üzərlərində heroin və metamfetamin izləri olan elektron tərəziləri götürüb Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi yaşayış evinə daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirilərək orada həmin gün saat 17:05-dən 17:32-yə kimi üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə 2,263 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf sellofan bükümdə 0,411 qram çəkidə narkotik vasitə heroin, həmçinin üzərində olan bir ədəd qara rəngli üzərində “FASHİON İnstinct” sözləri yazılmış idman çantasının içərisindən 420,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 02 ədəd konvolyutda, 20 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həbləri, o cümlədən 2 ədəd üzərlərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evdə qapının ağzında olan zaman polis əməkdaşları onu tutmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yarım qram heroin və təxminən altı-yeddi qram miqdarda marixuana olmuş, həmin narkotik vasitələri yalnız istifadə etmək məqsədilə üzərində daşımışdır. O, heç yazıldığı kimi çöldə deyil, evində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə digər narkotik vasitələri də üzərinə götürməyəcəyi halda ailəsinin də bölməyə gətiriləcəyi ona deyilmişdir. Ona polis əməkdaşları tərəfindən CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi bildirilmiş, lakin tutulduqdan bir həftə sonra CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğunu öyrənmişdir. O, özünü öldürmək istəmiş, amma müstəntiq hər şeyin onun əlində olduğunu, ittiham olunduğu maddəni dəyişə biləcəyini və özünü öldürməməsini söyləmişdir. +**********62 saylı mobil nömrənin sahibi Qadir olmamış, Qadir adlı İran İslam Respublikası vətəndaşını ümumiyyətlə tanımamış, narkotik vasitəni yalnız tanışlarının vasitəsilə əldə etmiş, sonuncu dəfə isə narkotik vasitəni +**********62 saylı mobil nömrənin sahibindən əldə etmişdir. O, ona edilmiş psixi təzyiqlərin təsiri nəticəsində ibtidai istintaqda olan ifadəsini vermişdir və ibtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, qardaşı şəhid olandan sonra marixuana və heroindən istifadə etməyə başlamışdır. O, fəhlə işləyirmiş və ayda ***-**** manat arası pul qazanırmış. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı fiziki və psixi təsir göstərilmiş, ailəsi polis bölməsinə gətirilmişdir. Onu saxlayan polis əməkdaşları ilə arasında heç bir düşmənçilik və ədavəti olmamış, onları əvvəldən tanımamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman narkotik vasitələrin onun boynuna qoyulduğunu bildirmişdir. O, narkotik vasitələrdən istifadə etmiş, amma satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadə edir və öz istifadə üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. Təsadüfən “İnstagram” sosial şəbəkəsində özünü “Qadir” ləqəbi ilə təqdim edən, İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, söhbət zamanı həmin şəxs öz anket məlumatları haqqında heç bir məlumat verməmişdir. Söhbət əsnasında o, narkotik vasitə istifadəçisi olmağını bildiyini deyib, onunla əlbir fəaliyətdə olmağı, Whatsapp mesajlaşma proqramı vasitəsi ilə ona göndərəcəyi ünvandan içərisində narkotik vasitə olan bağlamanı götürüb onun bildirəcəyi digər ünvana aparmağı təklif edib qarşılığında isə 600 manat pul verəcəyini bildirdikdə həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs xx.xx.2024-cü il tarixdə istifadə etdiyi +98 919 *** **** saylı mobil telefon nömrəsindən Whatsapp tətbiqi ilə onun istifadə etdiyi 055- ***-**-** saylı mobil telefon nömrəsinə, məkan paylaşımı göndərərək çantanı gedib götürməyi və özündə saxlamağı və o, dedikdən sonra bildirəcəyi yerə təhvil verməyi, bundan sonra kart hesabına 600 manat pul göndərəciyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qadir adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşının göndərdiyi məkana əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Təzə yol” adlandırılan ərazidəki dairəvi yolun kənarında idman çantasım götürüb yaşadğı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi yeni məhəllədə yerləşən evinə getmişdir. Həmin çantada olan narkotik vasitə, psixotrop maddə və metadon həblərini, həmçinin 2 konvalyutda olan metadon həblərini həmin qara rəngli çantanın içərisində yaşadığı evdə və özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən yaşadığı evin yaxınlığındakı küçə ilə hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmışdır. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını deyərək ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına dedikdə onlar tərəfindən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət edildiyi üçün etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra onunla arasında konfıdensial görüş polis əməkdaşları tərəfindən təmin edilmiş və sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı etrazım bildirməmişdir. Öncə hüquq və vəzifələri elan olunmuş sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub- olmamağı soruşulmuşdur. Həmin vaxt əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı şəffaf rəngli sellofanın içərisindən 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroini, 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmçinin, həmin vaxt bir ədəd qara rəngli üzərində “FASHİON İnstinct” sözləri yazılmış və ağ rəngli cibi olan idman çantanı baxışa təqdim etmiş, baxış zamanı çantanın içərisindən 1 ədəd qırmızı şəffaf selofanın içərisində olan, üzərinə üst-üstə ağ, sarı və qırmızı rəngli selofan torbalar keçirilmiş narkotik vasitə olan qurudulmuş marixuana, hər birində 10 ədəd olmaqla ümumilikdə 2 konvalyutda 20 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi aşkar edilmişdir.Üzərində aşkar olunan maddə və kütlələr, həmçinin 2 ədəd elektron tərəzi və bir ədəd özünə məxsus olan mobil telefon kağız zərflərdə qablaşdırılaraq üzəri möhürlə möhürlənib, zərflərin üzərini isə özü və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını “Qadir” ləqəbi ilə təqdim edən şəxsin onun telefonuna göndərdiyi ünvan (konum) əsasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Təzə yol” adlandırılan ərazidəki dairəvi yolun kənarından götürüb özündə saxladığını demiişdir. Daha sonra polislər protokol tərtib etmiş və bütün iştirakçılar kimi həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir (cild 01, iş vər. 78-81). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, vəkilin gözləri qarşısında polis əməkdaşları tərəfindən döyülmüşdür. Onun üzərindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Həmin telefonda narkotik vasitə almasına dair səs yazıları, fotoşəkillər, SMSlər və.s olub-olmadığını xatırlamır. İbtidai istintaq zamanı təzyiq altında ifadə vediyi üçün həmin ifadəni təsdiq etmir. Ailə üzvlərini bölməyə gətirdikləri üçün məcbur qalaraq narkotik vasitələri boynuna almışdır. Ona psixi təsirlər olmuşdur. Üzərində xəsarət izləri qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyul 2024-cü ildə tarixdə ona Saray qəsəbəsində Vüsal adlı şəxsin narkotik vasitələrin qəbulu, üzərində daşıması və satması ilə bağlı məlumat daxil olmuş, həmin məlumatı realizə etmək üçün əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və əməliyyat qrupu yaradılaraq Vüsal adlı şəxsin yaşadığı ünvana gedilmişdir. Həmin tarixdə saat 16:00 radələrində Saray qəsəbəsində Vüsalın yaşadığı evin yaxınlığında Vüsala yaxınlaşıb özlərini təqdim etmişlər və onu Saray Polis bölməsinə dəvət etmişlər. Onun üzərində şəxsi axtarış keçirilən zaman iri bükümdə marixuana, cibindən heroin, bundan əlavə həblər və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi, üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı ona daxil olmuşdur. Vüsal evin yaxınlığında saxlanılan zaman onun həyat yoldaşı səs-küy salaraq Vüsalın hara aparıldığını soruşmuş, onlar isə polis əməkdaşları olduqlarını, həyat yoldaşını bölməyə aparacaqlarını qeyd etdikdə, o da könüllü olaraq polis bölməsinə gəlmək istədiyini onlara bildirmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Həmin xanım polis bölməsinə gətirildikdən sonra orada məcburən saxlanılmamış, ona heç bir təzyiq göstərilməmiş, müəyyən müddət sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Əvvəllər onlarda Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı olmamışdır. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. “Qədir” adlı şəxs barəsində hər hansı istintaq hərəkətlərinin aparılmasından xəbərsizdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında vasitəçi olduğunu və 600 manaq müqabilində narkotik vasitələri deyilən ünvanlara qoyacağını bildirmişdir. Səhv etmirsə, şəxsin çantasından iki ədəd tərəzi də aşkar olunmuşdur. Əməliyyat məlumatı narkotik vasitələrin satşı ilə bağlı olmuşdur. Raport tələsik yazıldığı üçün satışa dair qeyd olmamışdır. Təqsirləndirilən şəxsin həyat yoldaşının da polis idarəsinə gətirilməsi ilə bağlı əlavə raport yazılmışdır. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs saat 4-5 radələrində saxlanılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri üzərində daşımaqda şübhəli olduğu üçün Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər 04) Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin üzərində “FASHİON İnstinct” sözləri yazılmış ağ və qara rəngli cibləri olan idman sumkasının içərisindən 1 ədəd göy rəngli tərəzi, 1 ədəd üzərində PCS,TARE,OF/Off,UNİTS,LİGHT sözləri yazılmış tərəzi, 2 ədəd hər birinin içərisində 10 ədəd olmaqla “Methadone” sözləri yazılmış həblər, sarı, ağ və qırmızı selofana bükülmüş içərisində marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-33). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 420,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır (cild 01, iş vər. 44-48). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2024cü il tarixli, 3-16-16/2-6/3857 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi 2 ədəd büküm; l.”İmza” Təqsirləndirilən şəxs; 2.’’imza” Şahid1; 3.”İmza” Nəbiyev İ.;, 4 “imza” Abdullayev N; Qablaşdırdı “İmza” E.Məmmədov yazıları qeyd edilmiş zərfdəki 02 (iki) ədəd bükümdən: 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,411 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi -2,263 qram olan ag kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “02 ədəd tabletka 40 ədəd Metodon 40 həbləri Təqsirləndirilən şəxs çantasından götürülmüş ; l.”imza” Təqsirləndirilən şəxs; 2.’’imza” Şahid1; 3.”imza” Nəbiyev İ.; 4.”ima” Abdullayev N.;Qablaşdırıldı “imza” E.Məmmədov yazıları qeyd edilmiş zərfdəki 02 (iki) ədəd konvalyutda: Ümumilikdə 20 (iyirmi) ədəd olmaqla açıq qəhvəyi rəngi “F/M 40” göstəricdi dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkibində metodon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir (üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 (bir) ədəd həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs çantasından götürülmüş 2 ədəd elektron tərəzi; l.”imza” Baxşəliyev V;2.”imza” Şahid1; 3.”imza Nəbiyev İ.; 4”imza” Abdullayev N.;Qablaşdırıldı “imza” E.Məmmədov” yazıları qeyd edilmiş zərfdəki: 02 (iki) ədəd elektron tərəzi üzərində narkotik vasitə -heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır.İz şəklində olduğu üçün heroinin və metamfetasminin çəkilərini və bükümlərdəki heroin və metamfetamin ilə eyni kimyəvi tərkibli olubolmamasını müəyyənetmək mükün deyildir (cild 01,iş vər.49-54). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 avqust 2024cü il tarixli 1714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər.101). Cinayət işinin materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 230/12414 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddələr olan heroini, psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan qurudulmuş marixuananı, Metodon 40 həblərini əldə etdiyi mənbəni müəyyən etmək, narkotik vasitələri, psixotrop madələri, habelə Respubilka ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil edilmiş metodonu ona satmış şəxsi müəyyən etmək məqsədi ilə bir sıra əməliyyataxtarış təbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir (cild 01, iş vər.157). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 26 avqust 2024-cü il tarixli 5863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01,iş vər.168-169). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik eskpertizasının 19 avqust 2024-cü il tarixli 2419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliydən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01,iş vər.171-173). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girib fəaliyət göstərmiş Qadir adlı şəxsi müəyyən etmək məqsədi ilə cinayət işinin materiallarından həmin şəxsin barəsində CM-in 234.4-1 və 234.4.3 ci maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 01,iş vər.193-204). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonu Kövüzbulaq kəndində anadan olmuş, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllə nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllə ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlama, daşıma və gəzdirməsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, həmçinin üzərində “FASHİON İnstinct” sözləri yazılmış ağ və qara rəngli cibləri olan idman sumkasının içərisindən 1 ədəd göy rəngli tərəzi, 1 ədəd üzərində PCS,TARE,OF/Off,UNİTS,LİGHT sözləri yazılmış tərəzi, 2 ədəd hər birinin içərisində 10 ədəd olmaqla “Methadone” sözləri yazılmış həblər, sarı, ağ və qırmızı selofana bükülmüş içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Götürülmüş maddələr məhkəməbioloji və məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə, psixotrop maddə, metedon həbləri və 02 ədəd elektron tərəzi aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə isə işin həmin hallarına əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edildiyi mənbəni, o cümlədən “Qadir” adlı İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Qadir” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs “Qadir” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə “Qadir” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən – ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən yarım qram heroin və təxminən altı-yeddi qram miqdarda marixuana aşkar olunması, digər narkotik vasitələrin və tərəzinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə yalnız əməlindən peşman olduğunu bildirmiş və barəsində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız ibtidai istintaq tamamlanarkən (o da iş materialları ilə tanış olarkən özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş, lakin başqa heç bir halı qeyd etməmişdir) və daha sonra məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Eyni zamanda, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü, fiziki təsirə məruz qaldığını bildirsə də, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanıldıqdan qısa müddət sonra ekspertizadan keçirilmiş, lakin onun bədənində döyülməyə xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatdadır. Yaşayış Yeri üzrə müsbət səciyələndirilir. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü biri azyaşlı uşağı var (cild 01, iş vər. 148-150, 155). İş materiallarına əlavə edilmiş “X8”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla zədələnmələr səbəbindən ölmüşdür (cild 01, iş vər. 154). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür (cild 01, iş vər. 151-152). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə, qardaşının şəhid olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin çəkisini, daha əvvəl də eyni cinsli cinayətin törədilməsinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, lakin bundan nəticə çıxarmayaraq, bu dəfə daha ağır cinayət əməlini törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 24, 95-100). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 419,95 qram narkotik vasitə qurudulmuş marixuana, 0,361 qram narkotik vasitə heroin, 2,213 qram psixotrop maddə metamfetamin, 18 ədəd metodon həbləri, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalı və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 161 AZN (yaz altmış bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 419,95 qram narkotik vasitə qurudulmuş marixuana, 0,361 qram narkotik vasitə heroin, 2,213 qram psixotrop maddə metamfetamin, 18 ədəd metodon həbləri, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın və iş üzrə maddi sübut qismində tanınmayan 01 ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 161 AZN (yaz altmış bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-187/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-187/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver